Şəmkirdə daha
bir
müəssisə yaradılır
Keramika, xüsusilə dulusçuluq
ən qədim sənət növlərindən biridir. Azərbaycanda bu sənətin
fədakar daşıyıcıları bu
gün də fəaliyyət göstərirlər.
Lakin elm və
texnikanın inkişafı, keramika sahəsində
yeni texnoloji nailiyyətlərin
əldə olunması bu sənətin daha ciddi əsaslarla
inkişafını zəruri edir.
Qədim Şəmkir qalasında aparılan arxeoloji qazıntılar göstərir ki, Şəmkirdə vaxtilə dulusçuluqla məşğul olunmuş, çox gözəl qablar hazırlanmışdır.Bu tarixi ənənəni yaşatmaq üçün yaxın zamanda Şəmkir rayonunda da belə bir müəssisənin yaradılması planlaşdırılır. Çünki Azərbaycanda keramik məmulatlara marağın artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılmasını diktə edir.
Şəmkirdə bu ideyanın gerçəkləşdirilməsi ilə əlaqədar gərgin çalışmalar və araşdırmalar aparılıb, respublikamızın xammal bazası öyrənilib, texniki-təşkilati işlər həyata keçirilib. Bununla bağlı Türkiyənin tanınmış “Refsan” şirkətinin nümayəndələri Şəmkirdə olublar. Şirkətin rəhbəri Gökan Arslanı və Xarici Əlaqələr Departamentinin müdiri Uğur Polatı rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qəbul edib. Görüş zamanı qonaqlar Şəmkirdə yaradılacaq keramika və gil qablar fabrikinin ilkin layihəsi haqqında məlumat veriblər.
Alimpaşa Məmmədov isə bildirib ki, son dövrlərdə respublikamızda dövlət başçısı İlham Əliyevin göstərişi ilə sahibkarlığın inkişafı üçün olduqca ciddi addımlar atılır, kiçik və orta sahibkarlığın sürətli inkişafı üçün qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul edilir.
Qeyd edək ki, son illər Şəmkir tanınmaz dərəcədə dəyişib. Rayon icra hakimiyyəti ən maraqlı və dəyərli təşəbbüslərin bir növ mərkəzinə çevrilib. Özü də bu ideyaların heç biri kağız üzərində qalmır, həyata keçirilir. Elə rayondakı bələdiyyələrin nəzdində MMC-lərin yaradılması, yeni iş yerlərinin açılması buna əyani sübutdur. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qabaqcıl, dəyərli nə varsa müdafiə edir və bu işlərin həyata keçirilməsi üçün konkret kömək göstərir.
Hamlet Qasımov
Xalq qəzeti.- 2016.- 17
dekabr.- S.7.