Heykəltəraş, döyüşçü,
igid…
Şəhid heykəltəraş
Samir Kaçayevin həyat
və yaradıcılığı “Xalq əmanəti”ndə
“Xalq Bank”ın “Xalq əmanəti”
mədəniyyət layihəsi bu ilin aprel ayında erməni
silahlı birləşmələrinin cəbhə xəttində
törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına
şəhid olmuş Samir
Kaçayevin həyat və
yaradıcılığına müraciət edib.
Layihənin sayca on dördüncü nəşri – “Heykəltəraşlıq”
bədii albomu gənc sənətkarın
qısa, lakin olduqca dolğun ömür və
yaradıcılıq yolunu
işıqlandırır.
Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub. Kiçik yaşlarından sənətə marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olaraq hərbi xidmətə yollanıb. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
S.Kaçayev yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub: yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, Vətənə sevgisi ilə həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.
“Xalq Bank”ın əsas binasında şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərinin sərgisi açılıb. Açılış mərasimində onun həyat və yaradıcılığına həsr olunmuş albomun da təqdimat mərasimi keçirilib.
Mərasimi Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq qeyd etdi ki, taleyin Samirə bəxş etdiyi son dərəcə qısa zaman kəsiyində o, istedadını yetərincə göstərə bilib və özündən sonra böyük heykəltəraş kimi yetişə biləcəyini isbatlayan nümunələr qoyub. Samirin bürünc, tunc və qranitdən tökdüyü “Balerina” , “Tərəzi”, “Ogüst Roden”, “Qadın fiquru” və başqa əsərlərində onun qeyri-adi təxəyyülü, ecakar ruhu, əllərinin plastikası əks olunub.
R.Hüseynov Azərbaycan, rus və ingilis dillərində böyük zövqlə, nəfis şəkildə nəşr olunan “Samir Kaçayev” albomunun mütləq Avropanın siyasi və mədəni elitasına təqdim edəcəyini bildirdi. Qoy hamı bilsin ki, erməni qəsbkarları təkcə Azərbaycan torpaqlarına təcavüz etməyiblər. Onlar Qarabağda yeni-yeni təxribatlar törətməklə Samir kimi çox istedadlı gənclərimizin həyatlarına amansızcasına son qoyurlar.
ADRA-nın rektoru, Xalq artisti, akademik
Ömər Eldarov Samir
Kaçayev kimi
istedadlı gənc heykəltəraşın həlak
olmasından son dərəcə kədərləndiyini
bildirdi. Akademik dedi ki, Samirin diplom işi olan “Ogüst Roden” heykəli
xüsusi qeyd olunmalıdır. Gənc heykəltəraşın
parlaq istedadını əks etdirən bu əsər
hazırda ADRA-nın həyətində saxlanılır.
Ömər müəllimin fikrincə, Samirin məhz bu
mövzunu seçməsi onun dünya incəsənət
tarixinə, heykəltəraşlıq sənətinin
keçmişinə dərin maraq duyduğunu, geniş
dünyagörüşə sahib olduğunu göstərir.
Samirin sevimli müəllimi,
professor, Əməkdar incəsənət
xadimi Akif Əsgərov isə dedi: “Mən, bir pedaqoq kimi,
tələbələrimə daim aşılamağa çalışmışam ki,
yaratdıqları obrazların
daxili aləminə maksimum dərəcədə
nüfuz etməyə
çalışsınlar. Samir bütün tövsiyələrimi
ilk kəlmədən tutur,
tapşırıqları dəqiq
yerinə yetririrdi.
İşlərində canlı, həyati
surətlər yaratmağa
çalışırdı. O, ən sevimli tələbəm kimi ürəyimdə əbədi
yuva qurub.
Tədbirdə Müdafiə Nazirliyinin
məsul əməkdaşı,
Samirin tələbə
yoldaşları və
başqaları çıxış
edərək onun çox intizamlı əsgər qorxmaz döyüşçü, etibarlı
dost olduğunu söylədilər
və bu ağır itki ilə heç cür barışa bilmədiklərini dilə
gətirdiər.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq Bankı” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.
Sonda bildirək ki, Samirin həyat və yaradıcılığına həsr olunan sərgi yanvar ayının sonunadək “Xalq Bank”ın əsas binasında nümayiş etdiriləcək. Sərgi fevral ayından Şamaxı rayonunda, “Xalq Bank”ın “Şamaxı” filialında davam edəcək. Giriş pulsuzdur.
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2016.- 18
dekabr.- S.8.