“Multikultural dəyərlər və

dadlar” adlı tədbir keçirilib

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Multikurturalizm ili”nin başa çatması və universitetin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə “Multikurtural dəyərlər və dadlar”adlı tədbir keçirilib.

 

Multikulturalizm dəyərlərinin təbliği məqsədiilə təşkil olunan tədbirdə ATMU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi səbəbsiz deyil. Qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməklə yanaşı, dinlərarası və sivilizasiyalar­arası münasibətlərin formalaşması müstəvisində özünün nümunəvi modeli ilə tanınır: “Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma olmadığı tarixi faktdır və bu gün də dövlət siyasətimizin tərkib hissəsi kimi uğurla davam etdirilir. Biz xalq olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik. Bugünkü tədbirimiz mədəniyyətlərin mehribancasına qaynayıb-qarışdığı multikultural mühitin göstəricisidir desək, səhv etmərik. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı istiqamətində atdığı addımlar davamlı xarakter daşıyır”.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə kollektivi təbrik edərək ölkəmizin turizm sənayesinin inkişafında onların da öz imzalarının olduğunu bildirib. Ölkəmizdə turizm təhsilinin daha da inkişaf etdirilməsi üçün atılan addımlardan söhbət açan nazir bu istiqamətdə görülən işlərin önəmini vurğulayıb: “Təhsil müəssisələrimizin əsas işi yüksəkixtisaslı və vətənpərvər kadrların yetişdirilməsidir. Hər sahədə olduğu kimi, turizm sənayesinin inkişafında da bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsi böyük əhəmiyyət daşıyır. Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbi ölkəmizin turizm sənayesinin kadrlarla təminatında çox vacib rol oynayır. Turizm sahəsində bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunur”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə turizmin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğısından söz açıb. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, bölgələrdə turizm peşə təhsili müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Yaxın zamanlarda Qusar rayonunda turizm peşə məktəbinin fəaliyyətə başlayacağını, eyni zamanda, Masallı və İsmayıllı rayonlarında da turizm peşə məktəblərinin açılmasının planlaşdırıldığını bildirib. Nazir ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətindən də danışıb.

Tədbirdə çıxış edən Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra Bakı Turizm Peşə Məktəbinin bir neçə əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm və Menecment Universitetinin fəxri fərmanı təqdim olunub.

Tədbir zamanı tələbələr tərəfindən hazırlanan dünya xalqlarının milli yeməkləri, suvenirlər, parça və kağız üzərində əl işləri sərgilənib, müxtəlif dillərdə mahnılar səslənib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin səlahiyyətli nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatlar, xarici ölkə mədəniyyət mərkəzlərinin rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2016.- 18 dekabr.- S.7.