2019-cu ildə Azərbaycan
Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun
keçirilməsi ilə bağlı tədbirlər planı
haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı
¹ 517 Bakı şəhəri, 16 dekabr
2016-cı il
“2019-cu
ildə Azərbaycan Respublikasında əhalinin
siyahıyaalınmasının keçirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr
tarixli 1040 nömrəli Fərmanının 3-cü hissəsinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. 2019-cu ildə Azərbaycan
Respublikasında əhalinin siyahıyaalınmasına
hazırlıq və onun keçirilməsi ilə
bağlı mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının, idarə, müəssisə və təşkilatların
fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi
ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə
Mərkəzi Komissiya yaradılsın.
2. Əhalinin
Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi
Komissiyanın tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasında əhalinin
siyahıyaalınması 2019-cu
il 1 oktyabr tarixli saat 00.00 vəziyyətinə, sorğu yolu ilə
aparılsın.
4. Əhalinin
siyahıyaalınmasına hazırlıq vəziyyətinin
qiymətləndirilməsi məqsədi ilə 2018-ci il 1-10 oktyabr tarixlərində Qəbələ
rayonunda əhalinin sınaq siyahıyaalınması
keçirilsin.
5. Nəzərə alınsın ki, əhalinin
siyahıyaalınmasına hazırlıq və onun
keçirilməsinə yerli icra hakimiyyəti orqanları və
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
məsuliyyət daşıyırlar.
6. Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin hesablamaları əsasında əhalinin
siyahıyaalınması ilə bağlı hazırlıq
işlərinin görülməsi və onun keçirilməsi,
yekunlarının işlənilməsi, nəticələrinin
dərc edilərək yayılması, siyahıyaalmaya cəlb
ediləcək şəxslərin əmək və xidmət
haqlarının ödənilməsi və digər təşkilati
məsələlərin həllini təmin etmək məqsədi
ilə 2018-2022-ci illərin dövlət büdcəsində hər
il müvafiq məbləğdə vəsait nəzərdə
tutulsun.
7. Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinə əhalinin
siyahıyaalınması ilə bağlı hazırlıq
işlərinin görülməsi və onun keçirilməsini,
yekunlarının işlənilməsini, nəticələrinin
dərc edilərək yayılmasını təmin etmək məqsədi
ilə siyahıyaalma qrupunun
yaradılmasına icazə verilsin və onun fəaliyyəti
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
2017-2022-ci illər üzrə hər il üçün
razılaşdırılmış işçilərin say həddi
və əməkhaqqı fondu daxilində müddətli əmək
müqaviləsi ilə işçilər cəlb olunmaqla təmin
edilsin.
8. Siyahıyaalma qrupu
aşağıdakı işçilərdən təşkil
edilir:
8.1. siyahıyaalma
qrupunun rəhbəri;
8.2. siyahıyaalma
qrupu rəhbərinin müavini;
8.3. siyahıyaalma
qrupu rəhbərinin şəhər, rayon və şəhər
rayonları üzrə nümayəndələri
(bir il müddətinə);
8.4. baş
iqtisadçılar;
8.5. aparıcı
iqtisadçılar;
8.6. iqtisadçılar;
8.7. siyahıyaalma
məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi
üzrə kompüter operatorları (hər 1 milyon əhali
üçün 25 nəfər
hesabı ilə bir il müddətinə).
9. Əhalinin
siyahıyaalınması, o cümlədən sınaq
siyahıyaalınmasının
başlanılmasına 1 (bir) ay qalmış şəhər,
qəsəbə və kəndlərdə orta hesabla 14 min nəfər
əhalini əhatə edən siyahıyaalma məntəqələri
yaradılsın.
10. Siyahıyaalma məntəqələri
aşağıdakı işçilərdən təşkil
olunur:
10.1. siyahıyaalma
məntəqəsinin müdiri (60 təqvim günü
müddətinə);
10.2. siyahıyaalma
məntəqəsi müdirinin müavini (60 təqvim
günü müddətinə);
10.3. təlimatçı-nəzarətçilər
(orta hesabla 5 sayıcıya bir təlimatçı-nəzarətçi
hesabı ilə 30 təqvim günü müddətinə);
10.4. sayıcılar (orta hesabla hər
300 nəfər əhaliyə bir əsas və 14 min nəfər
əhaliyə bir ehtiyat sayıcı hesabı ilə 26 təqvim
günü müddətinə).
11. Siyahıyaalma məntəqələrinin
işçilərlə komplektləşdirilməsi rayon
(şəhər) məşğulluq orqanlarında
işaxtaran kimi qeydiyyata alınmış vətəndaşları,
iş yerlərində əməkhaqları saxlanılmaqla
yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin,
idarə, müəssisə və təşkilatların
işçilərini, müəllim və tələbələri,
uçot sahəsində səriştəsi olan digər şəxsləri
mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə
həyata keçirilsin.
12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
12.1. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla Siyahıyaalma qrupunun işçilərinin
aylıq vəzifə maaşlarının və
siyahıyaalma məntəqələri işçilərinin
xidmət haqlarının məbləğlərini müvafiq
işçilərin vəzifə maaşları məbləğlərinə
uyğunlaşdıraraq 1 (bir) ay müddətində təsdiq
etsin;
12.2. əhalinin
siyahıyaalınması, o cümlədən sınaq
siyahıyaalınması ilə bağlı hazırlıq
işlərinin görülməsi və onların
keçirilməsini, yekunlarının işlənilməsini,
nəticələrinin dərc edilərək
yayılmasını təmin etmək məqsədi ilə
2018-2022-ci illər üzrə hər növbəti il
üçün maliyyə vəsaitinə olan tələbatı
müəyyənləşdirib müvafiq büdcə layihəsini
hər il iyul ayının 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
12.3. 2019-cu ildə Azərbaycan
Respublikasında əhalinin siyahıyaalınmasının
hazırlanıb keçirilməsi üzrə təqvim
planını 2017-ci il fevral ayının 1-dək təsdiq etsin;
12.4. Azərbaycan Respublikasının
müvafiq dövlət orqanları və elm təşkilatlarının
iştirakı ilə əhalinin
siyahıyaalınmasının keçirilməsi üzrə
siyahıyaalma və sorğu vərəqələrinin layihəsini
2017-ci ilin sonunadək hazırlayıb təsdiq etsin,
siyahıyaalma məlumatlarının elektron məlumat sisteminə
daxil edilməsi, işlənilməsi və yekunlarının əldə
edilməsi məqsədi ilə proqram təminatlarının
hazırlanmasını təmin etsin;
12.5. 2019-cu ildə Azərbaycan
Respublikasında əhalinin siyahıyaalınmasının
keçirilməsi qaydalarını 2018-ci il
may ayının 1-dək hazırlayıb təsdiq etsin;
12.6. 2018-ci ilin sonunadək əhalinin
siyahıyaalınması ilə bağlı şəhər,
rayon və şəhər rayonları üzrə təşkilati
planların tərtib olunmasını təmin etsin;
12.7. əhalinin
siyahıyaalınması, o cümlədən sınaq
siyahıyaalınmasının başlanılmasına azı
6 (altı) ay qalmış onların keçirilməsi
üçün zəruri olan metodoloji və digər
materialların, siyahıyaalma və sorğu vərəqələrinin,
habelə əhalinin məlumatlandırılması
üçün əyani vəsaitlərin çap edilməsini,
reklam çarxlarının hazırlanmasını təmin
etsin;
12.8. əhalinin
siyahıyaalınmasının əhəmiyyəti, onun
mütəşəkkil keçirilməsində vətəndaşların
rolu, köməyi və digər məsələlər
haqqında respublikanın kütləvi informasiya vasitələrində
xüsusi maarifləndirici materialların
işıqlandırılması üçün müvafiq tədbirlər
görsün;
12.9. siyahıyaalma
məntəqələrinin işinə cəlb ediləcək
şəxslərin 2019-cu ilin avqust-sentyabr aylarında
seçilib təlimatlandırılmasını təmin etsin;
12.10. əhalinin
siyahıyaalınmasına hazırlıq və onun
keçirilməsi ilə əlaqədar qarşıya
çıxan və bu qərarla tənzimlənməyən məsələlərə
dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
tələb olunduqda təkliflərini təqdim etsin.
13. Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının şəhər, rayon, şəhər
rayonlarının icra hakimiyyətləri:
13.1. siyahıyaalma
ilə əlaqədar hazırlıq və onun keçirilməsi
üzrə nəzərdə tutulmuş tədbirlərin
vaxtında və mütəşəkkil yerinə yetirilməsini,
qarşıya çıxan çətinliklərin operativ surətdə
aradan qaldırılmasını təmin etmək məqsədi
ilə 2016-cı ilin sonunadək Naxçıvan Muxtar
Respublikası Baş nazirinin müavininin, şəhər,
rayon və şəhər rayonlarının icra hakimiyyəti
başçıları müavinlərinin sədrliyi ilə əhalinin
siyahıyaalınmasına yardım komissiyaları
yaratsınlar;
13.2. 2018-ci il oktyabr ayının 1-dək
yaşayış məntəqələrinin adlarının və
inzibati sərhədlərinin dəqiqləşdirilməsini,
küçələrin adlarının, məhəllələrin,
evlərin və mənzillərin nömrələrinin qaydaya
salınmasını, şəhər,
qəsəbə, kənd və sahə inzibati ərazi dairələri
üzrə təsərrüfatbaşına uçot sənədləri
əsasında Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin təsdiq etdiyi formalar üzrə məlumatların
yerli statistika orqanlarına təhvil verilməsini təmin
etsinlər, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin sonunadək
inzibati ərazi bölgülərinin və yaşayış
məntəqələrinin adlarının və onlardakı
ünvanların dəyişdirilməsi
barədə təklif verilməsini dayandırsınlar;
13.3. 2019-cu il
avqust ayının 1-dək əhalinin
siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi
və siyahıyaalma materiallarının qəbul edilib
saxlanmasını təmin etmək üçün
siyahıyaalma məntəqələrini telefon rabitəsi və
digər zəruri avadanlıqla təchiz olunmuş sahələrlə
təmin etsinlər.
14. Qəbələ Rayon
İcra Hakimiyyəti əhalinin sınaq
siyahıyaalınmasının keçirilməsini təmin
etmək məqsədi ilə bu qərarın 13.2-ci və
13.3-cü bəndlərində göstərilmiş
hazırlıq işlərinin Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən
təsdiq edilmiş təqvim planında nəzərdə
tutulmuş müddətdə yerinə yetirilməsini təmin
etsin.
15. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən
müəyyən edilmiş qaydada və təyin olunmuş
müddətdə tabeliklərindəki rejimli obyektlərdə
olan şəxslərin siyahıyaalınmasını və
siyahıyaalma materiallarının Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinə təqdim
olunmasını təmin etsinlər.
16. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi tərəfindən müəyyən
edilmiş qaydada və təyin olunmuş müddətdə
işləmək, təhsil almaq və digər məqsədlərlə
xarici ölkələrdə yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəlikləri və konsulluqları vasitəsilə
siyahıyaalınmasını və siyahıyaalma
materiallarının Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsinə təqdim olunmasını təmin
etsin.
17. Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir
Yolları” və "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi" qapalı səhmdar cəmiyyətləri,
şəhər, rayon və şəhər rayonlarının
icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi tərəfindən müəyyən
edilmiş qaydada və təyin olunmuş müddətdə
mehmanxanalarda, qatarlarda, gəmilərdə, hava və dəniz
limanlarında, vağzallarda və stansiyalarda hərəkətdə
olan əhalinin siyahıyaalınmasının aparılması
üçün zəruri tədbirlərin görülməsini
təmin etsinlər.
18. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan tələbatın
ödənilməsi məqsədi ilə rayon (şəhər)
məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyata
alınmış uçot sahəsində səriştəsi
olan vətəndaşların əhalinin
siyahıyaalınmasının keçirilməsinə cəlb
edilməsində Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsinə köməklik göstərsin.
19. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
öz xərcləri çərçivəsində şəhər,
rayon və şəhər rayonlarının
yaşayış məntəqələrinin 1:5000
miqyasında (ərazisi 10 kv.km-ə qədər olan
yaşayış məntəqələrinin 1:2000
miqyasında) sxematik planlarını və rayonların 1:100000
miqyasında (əhalinin sıx yaşadığı ərazilərdə
1:50000 miqyasında) sxematik xəritələrini
hazırlayıb kağız və elektron formada 2018-ci il
sentyabr ayının 1-dək (Qəbələ rayonu üzrə
2017-ci il sentyabr ayının 1-dək) Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinə təqdim etsin.
20. “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan
Respublikasında əhalinin siyahıyaalınmasına
hazırlıq və onun keçirilməsi ilə
bağlı radio və televiziyada müntəzəm olaraq
xüsusi verilişlər təşkil etsin və bununla
bağlı həyata keçirilən tədbirlərin
geniş işıqlandırılmasını təmin etsin.
21. Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi Azərbaycan Respublikasında əhalinin
siyahıyaalınması dövründə telekommunikasiya
şəbəkələrinin işinin
dayanıqlılığını təmin etmək
üçün zəruri tədbirlər görsün.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2016.- 20 dekabr.- S. 2.