Azərbaycanı Heydər Əliyev

yolu ilə yüksəlişə aparan lider

 

Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən 13 ildə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu.

 

Ümummilli lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri  dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi  İlham Əliyev gəlirdi.

Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Artıq hamı etiraf etməyə məcbur idi ki, həmin illərdə İlham Əliyevin siyasi nüfuzu onun potensial rəqiblərinin – xalq hərəkatının romantik dalğaları üzərində peyda olan “meydan qəhrəmanları” nın illüziyalı, primitiv obrazlarını yaddaşlarda bir küncə sıxışdırmışdı. Nəzərə aldıqda ki, potensial rəqiblərin vaxtilə göstərdikləri fəaliyyət artıq tarixə çevrilmişdi, yeni tipli siyasi xadim İlham Əliyev isə hər gün yeni bir uğura imza atırdı, onda “tarix” ilə “müasirlik” arasındakı fərq, şübhəsiz, daha aydın görünürdü.

Azərbaycan dövlətçiliyi həmin dövrdə qarşısıalınmaz bir sürətlə inkişaf edirdi. Artıq dünya da bu və ya digər dərəcədə etiraf etməyə məcbur olurdu ki, Yer üzündə, gerçəkdən, Azərbaycan adlı bir dövlət var. Bu dövlətin mövcudluğu daimiləşdikcə onun yeritdiyi siyasətlə hesablaşırdılar. Bu həm də tarixdə nadir hallarda təzahür edən Xalq – Lider tandeminin gerçəyə çevrilməsinin qarşısıalınmaz bir gücə çevrilməsinin göstəricisi idi. Məsələ bunda idi ki,  ümummilli lider Heydər Əliyevin timsalında rəhbərin öz xalqının arzu-ideallarına sadiqliyinə inanan xalq romantik ideallarını belə gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı.

Bu, xalqın tarixi arzu-istəklərindən yoğrulmuş liderin--xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

 Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, yaxşı təhsil almış, xarici dillərdə sərbəst danışmağı və müxtəlif, xüsusən beynəlxalq mədəniyyət tipologiyaları ilə təmasa girməyi dərindən mənimsəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Bu baxımdan onu “rəqibləri” ilə müqayisə etmək çətindir. Həmin dövrdə Azərbaycanda hakimiyyətə can atan qüvvələrin böyük bir hissəsi, əvvəllər tez- tez deyildiyi kimi, adi bir namizədlik dissertasiyası müdafiə edə bilməmiş aspirantlar, yaxud dissertantlar idilər. Onların nə zamansa sistemli, ardıcıl bir iş görə biləcəklərinə inanmaq mümkün deyildi.

Tarixçilərdən fərqli olaraq, xalq həmişə geriyə yox – irəliyə baxır. Xalqın irəlidə – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez- tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı.

İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu baş nazir kimi qəbul etdi. Əslində, bu qədəmi sayalı başlanğıc Heydər Əliyev siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi əxlaqın -- mədəniyyətin gəlişi idi. Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.

Belə bir tarixi şəraitdə  ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini - yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi.

Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə dərindən inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin daşıyıcısı (və davamçısı!) kimi qəbul edir; nəhayət, gələcəkdə milli dövlət quruculuğu qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində onun siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi naməlum taleyin oyunları ilə üz-üzə qalmağa qoymadı.

Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm bir özüldür. O, milli- mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır.

Prezident İlham Əliyevi müasir insanların, ziyalıların, gənc nəslin fəal surətdə dəstəkləməsi, ona böyük ümidlər bəsləməsi nəticə etibarilə, göz qabağındakı praktik işlərin inikası və perspektivə güclü inamdan irəli gəlir. Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır.

İlham Əliyevin siyasi portretini onun söhbət açacağımız fərdi obrazının əlamətdar ştirixləri tamamlayır. Və özəllik ondadır ki, həmin cizgilərin genetik qaynaqları Azərbaycan xalqının özünüdərkində əvəzsiz rolu olmuş bir dahinin ömürlüyündən irəli gələrək formalaşmışdır. Prezident İlham Əliyev bilir ki, insanları sevmək, onlara xeyirxahlıq, mənəvi-ruhi, hüquqi, sosial baxımdan problemlərinin həllində doğmalıq göstərmək, dayaq durmaq- layiqli rəhbər olmaqdır.

Yeni şəraitdə Azərbaycanı modern inkişaf yolu ilə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxartmağı qarşısına baş məqsəd kimi qoyan Prezident İlham Əliyev ötən dövrdə qəbul etdiyi siyasi ənənəyə sadiq qalmaqla yanaşı, novator düşüncəni də gerçəkliyə uyğunlaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin-- tarixən, özünüdərk və təkamül məfkurəsi kimi formalaşmış azərbaycançılıq baxışlarını dövlət ideologiyası səviyyəsinə qaldırmış ulu sələfinin ideya- nəzəri irsini müstəqil dövlətin rəhbəri kimi İlham Əliyev yeni məzmun və çalarlarla zənginləşdirir. Azərbaycançılıq ideologiyasının təkamülündə  İlham Əliyev mərhələsi onun siyasi varisliyi qəbul etdiyi  vaxtdan başlayır, bizim günlərdə həm  inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək və təkmilləşərək davam etməkdədir.

Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə – İlham Əliyev mərhələsində  azərbaycançılıq ideologiyasının  təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi həmin ideologiyanın tarixinə (bu tarixin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə) elmi, ictimai- siyasi və mədəni marağın  indiyə qədər görünməmiş bir şəkildə  artmasıdır. Bu gün ölkədəki iqtisadi,   ictimai- siyasi və intellektual- mədəni şərait imkan  verir ki, azərbaycançılıq ideologiyasının  keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa o cür araşdırılıb öyrənilsin.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham  Əliyev mərhələsinin ikinci mühüm əlaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla,  intellektual- analitik həssaslıqla  yanaşılmasıdır. Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir.  heç də təsadüfi deyil ki, bugünkü siyasi  leksikonda “əliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu və  mahiyyətini ifadə edir.

Üçüncü mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq  və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata  keçirilməsidir.

Xalqın yeni lideri İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının  öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir.  Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz  sahibidir.

İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü  Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Prezident İlham Əliyevin müsəlman  xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək  tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Eyni zamanda bugünkü Azərbaycan  xalqı dünyaya açıq, müasir xarici aləmin iqtisadi, sosial- siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal  idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün  Azərbaycanda klassik formulunda və tipologiyasında tətbiq edilməklə qalmayıb mərhələnin və dövrün tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli siyasətin nəticəsidir.

Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında  hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərindən dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif – biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan)ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

Azərbaycan xalqı və dövlətçiliyi tərəfindən azərbaycançılıq  ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif və qaynar ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu  proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan  xalqının milli ideologiyasının nəinki  danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində fəlsəfəsində və ya metafizikasında üç tamamilə  humanist və insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, “müdaxiləsiz” yaratdığı dəyər komponenti ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.

Bu ideologiyada öz əksini  tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə  nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm  var.  Azərbaycan xalqı da dünyanın  bütün digər xalqları kimi, müəyyən  bir etnik mənşəyə, müəyyən  bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi,  müasir dünyanın üzvi tərkib  hissəsidir.

Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli- mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun  müsbət nəticələrini görməmək mümkün deyil. Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin  bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının  vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz, hətta min illərlə necə məskun olmuşdursa bu gün də məskundur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan  dövlətçiliyi tərəfindən uğurla davam  etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir.

Azərbaycan xalqının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə guya kölgədə qalması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə və onun uğurlu nəticələrinə, fikrimizcə, altıncı əlamət kimi baxmaq olar. Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir.  Və milli qürur yalnız sözdə deyil, həm də  işdə, əməldədir.

Ölkədə abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik  texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş  beynəlxalq uğurlar Azərbaycan  insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun  katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb  onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Və  bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının  tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yeddinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə,  Azərbaycan-- Dünya dialoqunun zəngin təcrübəsinin  qazanılmasıdır. Bu isə ilk növbədə, o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan  və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur.

Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir.

Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli  özünüifadə (və özünütəsdiq)  metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi və intellektual səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmamışdır.

Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyunkturluluğu ilə  tanınan dünyanın “haqq- hesab”ından kənarda qalıb təcrid olunmaması, çox güman ki, doqquzuncu əlamətdir. Və bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara  yiyələnmiş, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət, hətta əks- hücum “immunitetlər”i qazanmışdır.

Nəhayət,  Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu  əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyunktur müdaxilə yoxdur.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir.

Prezident İlham Əliyev indiki və gələcək dövr üçün dövlətin və vətəndaşların vəzifələrindən danışarkən soydaşlarımızın doğma vətənləri ilə hər cür faydalı əlaqələrində hüquqi, mədəni, mənəvi əsasların möhkəmləndirilməsini zəruri istiqamət kimi vurğulayır. Prezident dövlətimizin inkişafı müqabilində maddi-mənəvi imkanlardan istifadə edərək dünya azərbaycanlılarının normal səviyyədə bəhrələnməsinə imkan yaratmağı, onların milli və vətəndaş hüquqlarının qorunması yolunda səyləri gücləndirməyi çağdaş dövr üçün vacib amillərdən sayır.

Mən böyük məmnuniyyətlə türk dünyasının İlham Əliyevindən və İlham Əliyevin türk dünyasından da bəhs etmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dəfələrlə türk respublikalarına – Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Türkiyəyə səfərlərə gedən, Türküstanla (Orta Asiyanın türk dövlətləri ilə) əlaqələrdəki soyuqluğu aradan qaldıran, türk dövlətlərinin və xalqlarının birliyi üçün müasir mübarizə texnologiyaları nümayiş etdirən və yeni təcrübə verən İlham Əliyev artıq Azərbaycanın – Bakının sovet dövründə unutdurulmuş türk dünyasının mərkəzi şöhrətini özünə qaytarıb. Azərbaycan rəhbəri İlham Əliyev bu gün Qafqaz regionunun şəriksiz lideri sayılır, onun razılığı olmadan bu bölgədə heç bir ciddi layihəyə və addıma start verilə bilməz.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial- siyasi, mənəvi- mədəni əhval- ruhiyyə güclənmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə enib. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 1,5 milyondan çox yeni iş yeri açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 13 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi. Ötən 13 ildə bir tərəfdən, mövcud ənənələr müdafiə olundu, digər tərəfdən isə dövlət idarəçiliyinə zəruri novatorluq gətirildi.

 

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü

 

Xalq qəzeti.- 2016.- 24 dekabr.- S.3.