Elmi intibahı təmin edən
böyük dövlət xadimi
Tarixən gələcək
inkişafı önə çəkən ideyalar
ətrafında sıx birləşən xalqlar
qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş, uğurlu
nəticələr əldə etmişlər. Təcrübə
göstərir ki, hər hansı mütərəqqi
ideyanın irəli sürülməsi özlüyündə
hələ onun tam uğuruna təminat vermir:
gələcəklə bağlı istənilən ideya o vaxt
həyati və cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması
mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu isə, ilk növbədə,
dövlətə rəhbərlik edən liderin
şəxsi idarəçilik keyfiyyətlərindən, gələcəklə
bağlı doğru qərarlar qəbul
etmək məharətindən asılıdır.
Hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini hiss edən qətiyyətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Məhz bu cür liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürütməyə, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarını toparlayır, vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edirlər. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 13 ildə bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bir sıra dünya ölkələrini iflic edən qlobal maliyyə böhranı şəraitində həyata keçirilən islahatlar bu məqsədin reallaşdırılmasına hesablanmışdır.
Ölkə başçısı Azərbaycanı enerji resurslarından asılı olmayan müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində inamlı addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, “dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.
İqtisadi və ictimai həyatın bütün sahələrini əhatə edən bu sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Konsepsiya 2025-ci ilədək Azərbaycanda neftdən asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılmasını əsas hədəflərdən biri kimi önə çəkir. Qlobal böhran şəraitində reallaşdırılan inkişaf strategiyası özündə, həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir.
Dünya bazarında neftin qiymətlərinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi, ilk növbədə, elmin, təhsilin, o cümlədən ali təhsilin inkişaf səviyyəsi ilə şərtlənir. 2016-cı ildə qlobal böhranın mənfi təsirlərinin azaldılması məqsədilə imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı İlham Əliyev yaxın və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiya yönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. Bu da təsadüfi deyildir – qloballaşan dünyada elmi-intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla, dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin, təhsilin, nanotexnologiyaların səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.
Dövlət başçısı haqlı olaraq bu fikirdədir ki, ölkənin innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının reallaşdırılmasına, ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın yaradılmasını şərtləndirir. Müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıca məqsəd bu sərvətləri cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsinin təmin edilməsi olmalıdır. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Dünya Bankının apardığı tədqiqatın nəticələrinə əsasən, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar yalnız 2 faiz təşkil edir.
2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı elm sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir sıra problemlərin həlli zərurətini aktuallaşdırmış, bu sahəyə ayrılan dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. Son illərdə elmin maliyyə ilə bağlı problemlərini həll etmək, cəmiyyətin intellektual inkişafına xidmət edən qlobal layihələri maliyyələşdirmək, tədqiqatların maddi-texniki bazasını formalaşdırmaq imkanları da kifayət qədər genişlənmişdir.
Dövlət başçısı İlham Əliyevin elmin inkişafına necə böyük önəm verdiyini son illər dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin artım dinamikası da bir daha təsdiqləyir. Elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 135 milyon manata yüksəlmişdir. Ümumiyyətlə, AMEA sistemində çalışanların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ötən 13 ildə cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” sərəncamında da ölkədə insan kapitalının formalaşdırılması vacibliyi qeyd olunur: “Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılmışdır. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilmiş, yeni universitetlər açılmış, təhsildə özəl sektor formalaşmışdır”.
Ümumiyyətlə, müəyyən problemlərə, çətinliklərə, əsaslı və əsassız tənqidi yanaşmalara baxmayaraq, son 13 ildə Azərbaycan elminin böyük inkişaf və tərəqqi yolu keçdiyi danılmaz reallıqdır. Prezident İlham Əliyevin hələ 31 yanvar 2008-ci il tarixli “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı bu baxımdan əhəmiyyətli olmuşdur. Sərəncama əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” hazırlanmış və həmin proqram təsdiqlənmişdir.
Dövlət başçısının 10 fevral 2010-cu il tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanında isə haqlı olaraq göstərilirdi ki, yeni dünya reallıqları respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoymuşdur. Fərman əsasında, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılmış, normativ sənədlər hazırlanmışdır. Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun 2010-cu il tarixli qərarına əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmişdir.
Prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanı əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, habelə 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 11 iyun 2011-ci il tarixli “2011-2013-cü illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncamlar qarşıdakı illərdə humanitar elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.
Elmin inkişafını nəzərdə tutan Milli Strategiya əsasında son illərdə Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; iqtisadi inkişafda elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmini; fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır.
Müasir dünyanın yeni təhsil ənənələrinin mənimsənilməsi, habelə yüksək ixtisaslı kadr hazırlığı baxımından Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı da mühüm əhəmiyyətə malik olmuşdur. Sərəncam əsasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanaraq, Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Proqram əsasında 2007-2013-cü illərdə 3000 nəfər xarici ölkələrdə ali təhsil almaq hüququ qazanmışdır. Həmin dövrdə 1809 nəfər ali təhsilini davam etdirmiş, 590 nəfər məzun olmuşdur. Məzunların 65 faizi özəl, 35 faizi isə dövlət sektorunda çalışır. Azərbaycan gəncləri əsasən Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə, Çin, Malayziya və digər ölkələrdə təhsil alırlar.
Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamı da məhz bu məqsədə xidmət etmişdir. Sərəncam respublikada elmi–tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşımışdır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur. Artıq AMEA-da müvafiq Müsabiqə Komissiyası tərəfindən xarici ölkələrdə (Almaniya, Fransa, Belçika, Avstriya, İspaniya və s.) doktoranturada təhsil almaq üçün göndəriləcək 10 namizəd müəyyənləşdirilmişdir. Onlar elmin ayrı-ayrı sahələrində prioritet istiqamətlər üzrə təhsillərini davam etdirəcəklər.
Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkmişdir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədilə əsaslandırılır.
Şübhəsiz, cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda, elmi tədqiqatların insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin effektiv vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısına ciddi vəzifələr qoyur.
AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son illər Mərkəzi Elmi Kitabxana, “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi üçün yeni inzibati binalar inşa edilmiş, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, AMEA Rəyasət Heyətinin binasında, habelə akademiyanın əsas binasında təmir işləri başa çatdırılmışdır.
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi də gənc nəslin elmə olan marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
2014-cü il dekabrın 19-da keçirilmiş Azərbaycan alimlərinin I qurultayı da elmin gələcək inkişaf istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarını təmsil edən 550-yə yaxın alim və mütəxəssisin iştirak etdiyi qurultayda Azərbaycan elminin problemləri, onların həlli yolları və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunmuşdur. İnternet üzərindən canlı yayımlanan və interaktiv qaydada təşkil olunmuş sözügedən qurultayda xarici ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alim iştirak etmişdir.
Ötən illərdən bəri AMEA sistemində həyata keçirilən islahatlar son 3 ildə daha geniş vüsət almış, bu məqsədlə konkret fəaliyyət konsepsiyası hazırlanmışdır. AMEA-da aparılan struktur islahatlarında məqsəd bu elm məbədinin fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiya və elmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların hədəflərindəndir. Bu məqsədlə AMEA Rəyasət Heyətində müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni akademik bölmə və şöbələr yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. İdarəetmədə çevikliyin və aparılan islahatların səmərəsinin artırılması, elmi müəssisələr üçün aktual məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının tapılması məqsədilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. AMEA-da magistratura pilləsinin açılması ilə yanaşı, hazırda doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində tədbirlər də davam etdirilir.
Mühüm islahatlardan biri də AMEA-nın nəzdində elmin aidiyyəti istiqamətləri üzrə Elm Tarixi, Molekulyar Biologiya və Biotexnologiyalar, eləcə də Qafqazşünaslıq institutlarının yaradılmasıdır.
Bütün bunlara nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin nurlu gələcəyinə yol açmağa çalışır. Ölkənin elm adamları Azərbaycanın iqtisadi potensialı artdıqca, elmi sahəyə qoyulan sərmayələrin də ildən-ilə artacağına böyük ümidlər bəsləyir, eyni zamanda, ölkədə həyata keçirilən effektiv islahatlar kursuna hərtərəfli dəstək verirlər.
İlham MƏMMƏDZADƏ,
AMEA-nın Fəlsəfə
İnstitutunun direktoru,
fəlsəfə
elmləri doktoru, professor
Xalq qəzeti.- 2016.- 24 dekabr.- S.5.