Dəyişikliklər həm sahibkarların, həm də

vergi orqanlarının maraqlarına xidmət edəcək

 

Dünya maliyyə və kapital bazarlarında hökm sürən mürəkkəb iqtisadi şəraitdə Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir və bu, özünü vergi sistemində də aydın göstərir. Azərbaycan Respublikasının vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov müsahibəsində vergi sistemindəki yeniliklər barədə söhbət açıb.

 

– Ölkəmizin vergi sistemində aparılan islahatların əsas istiqamətlərini necə səciyyələndirmək mümkündür?

Son dövrlər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin azalması, dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik, mürəkkəb xarici iqtisadi mühit ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursu qətiyyətlə davam etdirməsi sayəsində, eləcə də ölkədə strukturinstitusional islahatların sürətləndirilməsi, fəal fiskal siyasətin həyata keçirilməsi, əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması və sənayenin artım sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilib.

Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, postneft iqtisadi inkişaf modelinin dəstəklənməsinə yönəlmiş yeni strateji hədəflər və prioritetlər öz əksini tapıb.

Bu hədəflərə çatmaqyeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək üçün vergi orqanları da bütün səylərini səfərbər ediblər. Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyininvergi inzibatçılığının təkmilləşdirilməsi, vergi potensialının düzgün müəyyənləşdirilməsi və yeni vergi mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” kimi innovativ alətlərin uğurla tətbiqinə başlanılıb, iri vergiödəyicilərində elektron auditin tətbiq dairəsi genişləndirilib.

Ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi, iqtisadiyyatın rəqabətə davamlığının artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə 2016-cı ilin birinci yarısında vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev tərəfindən bu il avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncam imzalanıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə nazirliyin kollegiyasının qərarı ilə bəyannamələrin kameral vergi yoxlamalarının, səyyar vergi yoxlamalarının və elektron auditin keçirilməsi və s. ilə bağlı qaydalar sərəncamdan irəli gələn müasir tələblər nəzərə alınmaqla yenilənib və təsdiq edilib. Bu qaydaların hazırlanmasında əsas məqsəd vergi yoxlamalarının aparılması qaydalarının təkmilləşdirilməsi, vergiödəyicilərinin hüquqlarının qorunmasına yönəldilmiş daha şəffaf vergi sisteminin qurulması, mütərəqqi informasiya texnologiyalarının tətbiqi yolu ilə onun səmərəliliyinin yüksəldilməsidir.

Vergi Məcəlləsinə əsas dəyişikliklər nədən ibarətdir?

– Hər şeydən əvvəl deyim ki, vergi orqanları dövlətin vergi siyasətini həyata keçirən qurumdur və əlbəttə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına məsul orqan olaraq vergi gəlirlərinin artırılmasında maraqlı tərəfdir. Lakin ölkəmizdə həyata keçirilən vergi siyasətinin ən vacib elementlərindən biri əlverişli biznes mühitinin yaradılması, biznesin iqtisadi inkişafa yönümlü olması, dövlətin iqtisadi maraqları ilə yanaşı, sahibkarların və vətəndaşların maraqlarına cavab verməsidir.

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçikorta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Dəyişikliklər zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlanıb.

Qanunvericiliyə dəyişikliklər Milli Məclisin komitələrində çox ciddi müzakirələrdən keçib və millət vəkilləri tərəfindən də müsbət qarşılanıb.

Bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv olunub. Dəyişiklikləri qruplaşdırsaq, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.

Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib.

Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.

Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 7 ilə qədər - 2023-cü ilin fevral ayınadək uzadılıb.

Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də qısaldılıb.

Bu azadolmalar və dəyişikliklər vergiödəyicilərinin vergi yükünün azaldılmasına, dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək və nəticələr son istehlakçıya yönəldiyindən sosial əhəmiyyət daşıyacaq.

– Vergiödəyiciləri tərəfindən aparılan əməliyyatların uçotunun şəffaflaşdırılması ilə bağlı qanunvericilikdə nə kimi dəyişikliklər edilib?

– Ölkəmizdə mal, və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi bəzən bir sıra problemlərə və nəticə etibarilə vergidən yayınma hallarına şərait yaradır.

Bunun qarşısını almaq məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib və sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması tələb ediləcək.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, bütün digər vergiödəyiciləri isə 2018-ci il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Məcəllədəki dəyişikliklərin bir qismi də vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlıdır...

Prezident İlham Əliyev öz ­çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə də vergiödəyicilərinin hüquqlarının qorunması və genişləndirilməsi başlıca prinsiplərdəndir.

Bəzi hallarda sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergiödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir. Bu məqsədlə vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydasının (“Advance tax ruling”) müəyyən edilməsi nəzərdə tutulur. Bu sistem inkişaf etmiş ölkələrdə istər fərdi sahibkarlar, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən səmərəli alətlərdəndir. Bu zaman vergiödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunuvericilikdə nəzərdə tutulmuş qaydada həmin sahibkarlıq subyektinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər. Bu isə sahibkarı maliyyə itkilərindən sığortalayır, risklərini minimallaşdırır, dövriyyə vəsaitindən səmərəli istifadə etməyə və biznesi planlaşdırmağa imkan verir.

 

Söhbəti yazdı:

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 28 dekabr.- S.11.