Yeni ilə gülə-gülə
Televiziyanın
Yeni il təbriki
“Əziz, hörmətli, izzətli tamaşaçılar! Yeni ilin başlanğıcında Əhmədlidə yaşayan Xədicə xanımın yetmiş yaşı tamam olur. Onu doxsan yaşlı anası Gülxanım xala, oğlanları Arif, Maarif, Telman, Elman, qızları Gülya xanım, Zülya xanım, Xalidə xanım, Zabitə xanım, oğul nəvələri Nadir, Şair, Zahir, Qahir, qız nəvələri üç yaşlı Gülnaz, dörd yaşlı Zərrintac, beş yaşlı Nazənin, qohumları Mirdaməd, Kəblə Fatma, Hacı Qulam, Məmmədqulam, Məmmədqulu, yaxın tanışı, uşaqlıq dostu Molla Qulamhüseyn, onun arvadı Kəblə Zeynəb, bacıları Lalə xanım, Asya xanım, Şövkət xanım, qonşuları Tağı, Tağının arvadı Şəfiqə, qızları Gülarə, Çimnaz, Çimnazın kişi dostu Yılmaz, keçmiş iş yoldaşları, rəhmətlik Sonaxanımın qızı Nənəxanım, rəhmətlik Rəfiqənin qızı Gülxanım, rəhmətlik Hacı Qasımın oğlu molla Ələsgər, Kislovodsk, Pyatiqorsk, Yessentuki, Soçi, Yalta, Nalçik şəhərlərində yaşayan kurort yoldaşları, dostları, bir sözlə, bütün xalq ürəkdən təbrik edir.
İndi qohum-qonşuları Xədicə xanımın yetmiş yaşını təntənə ilə qeyd edirlər. Xədicə xanımın gələcəyi parlaqdır. Ona cansağlığı, həyatda xoşbəxtlik, uzun ömür, yenə də uzun ömür, bir daha uzun ömür arzulayırıq!
Sıramızda olan gözəl müğənninin ifasında “Ana” mahnısına qulaq asın. Bu mahnı müğənninin yetmiş yaşlı Xədicə xanıma təbrikidir. Həmişə təbriklər içərisində, gül-çiçəklərlə əhatə olunasınız, Xədicə xanım! O gün olsun, yüz yaşınızda da belə cavan, belə gözəl görünəsiniz! “Ana” mahnısı... Bizdən ayrılmayın... Bizimlə qalın”...
Tutuquşunun cavabı
Direktor müavini hər gün evə qanıqara gəlir, o ki var, direktorun arxasınca danışırdı:
– Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın biridir. Daha canımı boğazıma yığıb...
Heç demə, evdə saxladığı tutuquşu da onun sözlərini əzbərləyirmiş. Bir gün direktor ona qonaq gəlməli olur. Onu görən tutuquşu dillənir:
– Belə də direktor olar, süründürməçi, qabiliyyətsiz, savadsız, qohumbaz...
Ev sahibi rüsvay olacağını görüb tutuquşunu basır soyuducuya ki, səsi kəsilsin. Yarım saatdan sonra tutuquşunu ağappaq görkəmdə buzun içərisindən çıxarır. Tutuquşu soyuqdan əsə-əsə dillənir:
– Direktorumuz əla rəhbərdir. Həmişə süründürməçiliyə, qabiliyyətsizliyə, savadsızlığa, qohumbazlığa qarşı mübarizə aparır...
Ev sahibi heyrətlənir. Qonaqlar gedəndən sonra tutuquşudan soruşur:
– Necə oldu ki, belə gözəl sözlər danışdın?
Tutuquşu əsə-əsə dillənir:
– Səni də mənim günümə salsaydılar, elə danışardın...
Molla
Qasımın yuxusu
Bir gün rayon məscidində mollalıq edən Qasım kişi bərk yatmışdı. Yuxuda gördü ki, cənnətlə cəhənnəmin qapılarının tən ortasındadır. Cəhənnəm tərəfdən işıldayan od kişinin sağ tərəfini yandırır. Sol səmtindən isə cənnətin bahar təravətli xoş havası duyulur. Qasım diqqətlə ətrafına baxanda gözlərinə inanmadı. Burada mizan-tərəzi qurulmuşdu. İnkir-minkirlər əllərində toppuz dayanmışdılar onun başının üstündə. Qasım bir istədi sivişib xəlvətcə cənnətin qapısından soxulsun içəri, mümkün olmadı. İnkir-minkirin güclü əli onun boynunun ardından yapışıb itələdi kənara. Bu vaxt qeybdən bir səda gəldi:
– Sənin yerin cəhənnəmdir, kişi!
Qasım yazıq görkəm alıb başladı yalvarmağa:
– Mən nə günah sahibiyəm, xudaya?!
– Özünü bilməməzliyə vurma, Qasım! De görüm, rayon əhli Paşa Mirzəyevin arvadının ölü namazını niyə qılmamısan?
Qasım barmağını dişlədi. Bir istədi bəhanə gətirsin, gördü yox, bu həna o hənadan deyil. Əgər yalan danışsa, inkir-minkirlərin toppuzu təpəsindən od çıxaracaq. Fikirləşdi ki, düz danışsa, bəlkə ona rəhm edərlər. Yazıq-yazıq cavab verdi:
– Pulu az idi, yarəb!
– Sən ölü namazını neçə manata qılardın ki?
– 50--60
manata.
– Birdən
ölü sahibinin o qədər pulu olmasa?
– …
– Sən
hərdən rayonlara “qastrol” səfərinə
çıxırdın, yaslara gedirdin, dua oxuyurdun, kəbin kəsirdin,
hətta cadu eləyirdin, eləmi?
– Bəli,
Xudavəndi-aləm!
Bütün
bu əməllərinə görə səni cəhənnəmdən
başqa heç yerə göndərmək olmaz. Ancaq qorxma, səni
cəhənnəmə tək göndərməyəcəyəm,
çevril arxaya bax!
Qasım
geri dönəndə heyrətindən gözləri bərələ
qaldı. Həmyerliləri Molla Manaf, Molla Məmmədtağı,
yüz cür fırıldaqdan çıxan Molla Hacı, məhərrəmlik
günü pirlərin ətrafında lövbər salan Molla
Möhsün çiyin-çiyinə dayanıb tir-tir əsirdilər.
Elə bu
vaxt inkir-minkirlərin biri soruşdu:
–
Kişi, daha olan-olub, keçən-keçib. Özün
boynuna al görək, o dünyada daha nə hoqqalardan
çıxmısan?
Qasım
dili-dodağı əsə-əsə açdı
sandığı, tökdü
pambığı.Barmaqlarını qatlaya-qatlaya işlətdiyi
fırıldaqları saymağa başladı.Üstəlik,
bildirdi ki, kənd əhli Cənnətəlinin rəhmətlik
arvadının ölü namazını qılmaq
üçün yüzcə manat istəyib. Əlavə 40
manat da yasin pulu tələb edib. Elə ki ölü sahibi bu məbləği
verməkdən boyun qaçırıb, başlayıb onu
qorxutmağa, üzünü camaata tutub deyib:
–
Sırağa gecə yuxuda Allah-təala bu mərhumun ruhuna
yasin oxumağı mənə tapşırıb, belə
olmasa rəhmətliyin axirət dünyası əzablı
keçər...
Qasım
gördü ki, iş bununla qurtarmadı, inkir-minkirlər
fırıldaqçı mollalar Manafı, Məmmədtağını,
Hacını, Mirmöhsünü də sorğu-suala çəkdilər.
Elə ki, sorğu-sual başa çatdı, mizan-tərəzi
götürüldü, inkir-minkirlər sıra ilə düzülmüş
fırıldaqçı mollaları arxadan necə itələdilərsə,
cəhənnəmə birinci Qasım vasil oldu.
Az qala,
kişinin ürəyi partlayacaqdı. Yaxşı ki,
asqırıb yuxudan ayıldı...
Nə ad verək?
Vallahi,
qalmışam mat-məəttəl.Gecə-gündüz fikirləşirəm
ki, bu müğənnilər niyə, nə üçün,
nə səbəbə özlərini bu kökə
salırlar?
Əvvəla,
bunların qiyafələrini, yəni geyimlərini görəndə
adam çaş-baş qalır. Heç demə, oxuyanlar
üçün əsas məsələ elə bu imiş.Gərək
elə geyinsinlər ki, nəzəri cəlb etsinlər.Şəhərdə
bir kimsədə həmin geyimdən olmasın. Qızıl,
brilyant üzüklər, cürbəcür sifət
boyaları da öz yerində .
Hələ
bu harasıdır? Birdən oturub fikirləşirəm ki,
bunların sahibi-zadı yoxdur bəyəm, çılpaq
çıxırlar camaatın qabağına? Baxırsan,
gözəl-göyçək xanımlardır, amma bədənlərinin
bir-iki yerindən başqa hər yerləri
açıq-aydın görünür. Hamı qalır
baxa-baxa, heç kim bilmir bu “müğənnilər” nə
oxuyur, necə oxuyur? Oralarını-buralarını əyə-əyə
oynamaları da öz yerində.
Hələ
çəkildikləri “klipləri” demirəm.Bir də
görürsən, biri soyunub girir dənizə. Biri bədəninə
yağ sürtüb arxası üstə yıxılır
qumun üstünə, par-par parıldayır. Biri vannada
uzanır, sabun köpüyünün içində. Biri
yalandan göz yaşı axıdır.Biri qayanın
başına çıxır.Biri döşəyə sərələnir.
Biri yatır... Səs-küy, gurultu... Aləm
qarışıb bir-birinə. Öz
mahnılarımızı oxuya bilmirlər, amma başqa millətlərin
mahnılarını oxuyurlar...
Özü
də hər gün televiziyalarda görünməsələr
ürəkləri partlayar.Axırda da nə desələr
yaxşıdır: “Xalqa xidmət etmişik, bizə fəxri
ad verin”.
Sizə nə
ad verilsin, ay xanımlar? Bizi el içində
biabır-rüsvay elədiyiniz bəs deyil, hələ fəxri
ad da istəyirsiniz? Xaricdə böyük-böyük
müğənnilərə ad-filan verirlər? Onlara baxıb
cürbəcür hoqqalardan çıxırsınız! Niyə
onlara oxşamağa çalışırsınız?
Elimizin-obamızın adət-ənənələri var,
axı!
Onlara yazığım gəlir
O gün
televiziyaya baxıram, görürəm, türmədə bir
adamyeyəndən müsahibə alırlar. Adamyeyənin
söylədiklərini son dərəcə heyrətlə və
diqqətlə dinləyirəm.Adamyeyən deyirdi ki, türməyə
düşənə kimi yeddi-səkkiz qızı aparıb meşədə
kəsib, həm ətlərini yeyib, həm də ət
maşınından keçirib, şəhərin mərkəzində
qutab bişirib, satıb camaata.Ürəyim ağzıma gəldi.
Fikirləşdim ki, küçədə-zadda neçə dəfə
qutab alıb yemişəm, bəlkə... Nə isə.Üç-dörd
gün özümə gələ bilmədim.
Sonra başladım adamyeyənin söhbətlərini “təhlil” etməyə. Öz-özümə sual verdim ki, bu “kişi” niyə ancaq qızları yeyir? Adamyeyəndir, qoy kişiləri də yesin də... Özüm öz sualıma cavab axtarırdım ki, həmin televiziya proqramında adamyeyən haqqında rəy söyləyən birinin dediklərini xatırladım. O, deyirdi: “Bu qızlar ki, küçələrə belə yarıçılpaq çıxırlar, hələ çox şeylər eşidəcəyik. Bilirsiniz, qızları yarıçılpaq görəndə kişilərin qəlbindən cürbəcür fikirlər keçir”... Az qaldı o desin ki, adam belə qızları yemək istəyir.
İndi, harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Düşünürəm ki, günlərin birində adamyeyənlərdən biri həmin qızı yeyəcək...
Bizim məhəllədə bir qız var, gündə bir dəblə geyinir. Dəb də dəb ola... Həmin televiziya proqramında deyildiyi kimi, çılpaq gəzsə ondan yaxşıdır. Elə dar şalvar geyinir ki, ayıb olmasın, bütün əzaları görünür. Verilişdən sonra iş yoldaşları qıza tez-tez deyirlər: “Bax, səni yeyib-eləsələr, bizlik deyil ha”...
Deyəsən, veriliş mənə yaman təsir edib, xəstə kimi olmuşam.Çünki harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Elə bilirəm, dilim-ağzım qurusun, onu yeyəcəklər...
Xeyrəddin QOCA
Xalq qəzeti.- 2016.- 31 dekabr.- S.6.