Qax rayonunda ənənəvi
sahələrin, həmçinin turizmin
inkişafı üçün geniş potensial var
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə fevralın 4-də Qaxda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə yerli icra strukturlarının, bələdiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, iş adamları və sahibkarlar iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq görüşün regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar, qarşıya qoyulan vəzifələr barədə rayon ictimaiyyətini daha yaxından məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2015-ci ildə rayonda tikinti-quruculuq işləri davam etdirilib, yaşayış məntəqələrinin qazlaşdırılması, infrastruktur layihələrinin icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Görüşdə çıxış edən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə deyib ki, 2008-ci ildən davam edən qlobal iqtisadi böhran, dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması Azərbaycana da təsirsiz ötüşməyib. Buna baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkəmizdə ictimai-siyasi, eləcə də makroiqtisadi sabitlik qorunub saxlanılır. Bunun başlıca səbəbi iqtidarla xalqın birliyidir.
Qeyd olunub ki, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını təmin edib, qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib. Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, ötən il Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə gəlirlər 8,4 faiz artıb. “Kənd təsərrüfatı ili”ndə aqrar sahədə 6,6 faizlik artıma nail olunub.
Vurğulanıb ki, Azərbaycanın davamlı inkişafının təmin olunmasında iqtisadiyyatın şaxələndirilməsinin, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının müstəsna əhəmiyyəti var. Bu proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, investisiya mühitinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyevin son günlərdə imzaladığı sərəncamlarla maaşların, pensiya və müavinətlərin artırılması insanlara dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsidir.
Görüşdə rayon iqtisadiyyatının inkişafında prioritet istiqamətlər barədə geniş fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, rayonda ənənəvi sahələrin, həmçinin turizmin inkişafı üçün geniş potensial var. İxracyönümlü məhsul istehsalına nail olunması, heyvandarlıqda kiçik ailə təsərrüfatlarının yaradılması, taxılçılığın, tütünçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin, arıçılığın, həmçinin turizmin inkişaf etdirilməsi gələcəkdə yerli gəlirlərin daha da artmasını təmin edə bilər.
Sahibkarlar Zabit Əhmədov, Hüseyn Tarverdiyev, Raul Babacanaşvili, həmçinin ziyalılar çıxış edərək regionların sosial-iqtisadi inkişafına, iş adamlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
AZƏRTAC
Xalq qəzeti. - 2016.- 5 fevral.- S.3.