Prokurorluq orqanları vətəndaşların
hüquq və
azadlıqlarının qorunması
sahəsində zəruri
tədbirlər həyata keçirib
Fevralın 5-də Azərbaycan
Respublikasının Baş Prokurorluğunda mərkəzi
aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar
Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və
Bakı Şəhər prokurorluqlarının rəhbər
heyətinin, rayon (şəhər) və ərazi hərbi
prokurorlarının iştirakı ilə prokurorluq
orqanları tərəfindən 2015-ci ildə
görülmüş işlərin vəziyyəti və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş geniş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, kollegiya iclasında giriş nitqi ilə çıxış edən baş prokuror Zakir Qaralov 2015-ci ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunduğunu, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlərin yeni müstəviyə qaldırıldığını diqqətə çatdırıb. Bildirib ki, 2015-ci ildə ölkədə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi artaraq 5703 manata çatıb, 84 mini daimi olmaqla 100 mindən çox yeni iş yeri yaradılıb. Həmçinin əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinin 2015-ci il dekabrın 1-nə 7,1 milyard manat təşkil etməsi, 2014-cü illə müqayisədə əhalinin gəlirlərinin nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatması xüsusi vurğulanıb. Təsadüfi deyil ki, Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri sırasında 40-cı yerdə qərarlaşıb.
Xüsusi vurğulanıb ki, Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq etməsi, bir müddət əvvəl ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi, Bakıda cari ildə keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və 2017-ci ildə daha bir möhtəşəm tədbir - İslam Həmrəylik Oyunları respublikamızda reallaşdırılan xarici siyasətin dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilməsinin bariz nümunəsi və müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəmərlərinin istifadəyə verilməsi, dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması ölkəmizin enerji strategiyasının uğurla həyata keçirilməsi ilə yanaşı, Azərbaycanın regionda geostrateji mövqeyini də gücləndirməkdədir.
Ötən ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin - Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin nəticələrinin xalqla dövlətin vəhdətinin, birliyinin əyani təsdiqi və bariz nümunəsi olduğunu diqqətə çatdıran baş prokuror demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun keçirilmiş parlament seçkilərində xalqımızın yekdilliklə ölkədə mövcud əmin-amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini bildirib. Xüsusi vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb.
Hesabat məruzəsində qeyd edilib ki, 2015-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu olub. Daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, dövlətimizin başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla mənfi təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.
Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə prokurorluq orqanlarının 25 əməkdaşının “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları kimi yüksək dövlət mükafatları ilə təltif edildiyi və 4 əməkdaşa ali xüsusi rütbələrin verildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ildə qeydə alınmış 203 qəsdən adam öldürmə cinayətlərindən 194 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 71 hadisənin “isti izlər”lə açılması təmin olunub. Həmin cinayətlərin açılması 95,5 faiz təşkil edib. 2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə, açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin və rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının aidiyyəti hüquq- mühafizə orqanlarının əməliyyat qurumları ilə birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat dövründə ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin açılması təmin olunub. Habelə itkin düşmüş şəxslər kimi axtarışda olan bir neçə nəfərin qəsdən öldürüldükləri müəyyən edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanları tərəfindən Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran baş prokuror bildirib ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olub. Belə ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.
Qeyd olunub ki, ötən il cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılıb. Bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib. Belə ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bu kateqoriyadan olan, eləcə də qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları sahəsində ciddi uğurlar qazanılıb.
Hüquqi qeydiyyatı olmayan “Müsəlman Birliyi” adlı qurumun üzvləri - Taleh Bağırov və qeyrilərinin barəsində Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində T.Bağırov və onun mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz qurumun paytaxtla yanaşı, bölgələrdə də təşkilatlanması və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilib. Mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda isə 11 fəal silahlı üzvü aşkar olunaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və s. əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılıb. “Günəşli” neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilib.
Xüsusi vurğulanıb ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı ötən il oktyabrın 17-də Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə 22 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İstintaqdan yayınan bir şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib. Həmin iş üzrə 130 epizod araşdırılaraq cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.
Kollegiya iclasında yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, istehlak məhsullarının qiymətlərinə ciddi şəkildə nəzarət etmək, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiyaya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.
Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq olunmaqla yol verilmiş qanunsuz hallara qarşı ən sərt mübarizə tədbirləri davam etdirilir. Həmin dövrdən etibarən süni qiymət artımı ilə əlaqədar Baş İdarə tərəfindən 12 cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Baş prokuror Zakir Qaralov ölkəmizdə sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin formalaşması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı tərəfindən imzalanmış sənədin qəbulunda məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.
Bildirilib ki, həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411 fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalıb. Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının hər birində 1, Baş Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının xidmət etdiyi ərazidə 6, Sabunçu rayonu ərazisində isə qeydə alınmış 2 hadisə bağlı qalıb.
Qeyd edilib ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq, prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin olunub. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf edilməsi, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilib. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılaraq, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılmasının təmin olunması tələb edilib.
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq, baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.
Bildirilib ki, hesabat ilində prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasına ölkəmizin nümayəndəsinin sədrliyi ilə əlaqədar həmin qurumla əlaqələr daha da genişlənib. Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunub və üzvlərin sayı 65-ə çatıb. Həmçinin qarşılıqlı əməkdaşlığa müsbət təsir göstərəcək “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında əməkdaşlıq haqqında” Sazişlər imzalanıb.
Kollegiya iclasında prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” informasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2015-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb olunub.
Qeyd olunub ki, hesabat ilində görülmüş müsbət işlərlə yanaşı, Baş Prokurorluğa vətəndaşlardan qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması və təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması barədə xeyli sayda şikayətlər daxil olub. Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli istifadə olunmaması, müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələri ilə nəticələnib. Bir sıra hallarda yalnız Baş Prokurorluğun müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol verilmiş nöqsanlar aradan qaldırılaraq müraciətlərdə göstərilən vəsatətlər təmin edilib.
İclasda prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2015-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilmələri üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. 2014-cü illə müqayisədə bağlı qalan qəsdən adamöldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 9 belə cinayətin, o cümlədən Bakının Yasamal və Qaradağ, eləcə də Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Beyləqan, Quba və Şəmkir rayonlarının hər birində bir fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.
Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.
Bildirilib ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 656 gənc hüquqşünasın sayının prokurorluğun kadr tərkibinin 58 faizini təşkil etməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Kollegiya iclasında çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov, baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini Namiq Əsgərov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digərləri ötən il cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.
Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının kollektivi adından Prezident İlham Əliyevi əmin edib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi qüvvələrini səfərbərliyə alaraq, digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini bundan sonra da təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.
Xalq qəzeti.- 2016.- 6 fevral.- S.3.