Azərbaycanın xarici siyasəti haqq-ədalət,
beynəlxalq hüquq əsasında
formalaşır
Prezident İlham Əliyevin Birləşmiş
Ərəb Əmirliklərinə və Londona rəsmi
səfərləri zamanı
ölkəmizin etibarlı tərəfdaş olması
xüsusi vurğulanır
Biz Suriya
qaçqınlarının halına çox
acıyırıq. Müstəqillik illərində –
1990-cı illərin əvvəlində qonşu Ermənistan
Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan
özü humanitar fəlakət və böhrandan əziyyət
çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz
qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşdü.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
London, 4 fevral,
2016-cı il
Müstəqil Azərbaycan dövlətinin
xarici siyasət konsepsiyası dövlətlərarası
münasibətlərdə qarşılıqlı hörmət
və ehtirama, bərabərhüquqlu əməkdaşlığa,
beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət
olunmasına əsaslanır.
Prezidentin
fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və
Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumla
geniş tərkibdə keçirilən görüşdə
bu məqamlar xüsusilə
vurğulanmışdır.
Hökumətlərarası Birgə İqtisadi
Komissiyanın fəaliyyətinə toxunan dövlətimizin
başçısı bu komissiyanın
qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığımızın
daha da genişləndirilməsi, o cümlədən investisiya
qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən
razılığını ifadə etmiş, turizm sahəsində
də əməkdaşlığın genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu
vurğulamışdır. Dövlət
başçımız turizmin
inkişafını Azərbaycanın prioritet sahəsi kimi səciyyələndirmiş,
ölkəmizin regionlarında yüksək standartlara cavab verən
aeroportların, turizm infrastrukturunun yaranmasının Azərbaycana
turist axınının genişlənməsinə əlverişli
şərait yaratdığını bildirmişdir.
Geniş
tərkibdə görüş başa çatdıqdan sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd
bin Raşid Əl Məktumun iştirakı ilə “Azərbaycan
Respublikası Hökuməti ilə Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı
üzrə institusional əməkdaşlığa dair
Saziş”i və “Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi
üzrə Baş Departamenti arasında informasiya və
kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
Ümumiyyətlə, ölkəmizin xarici siyasətində Qərb
ölkələri ilə əməkdaşlığa nə qədər
önəm verilirsə, Şərq ölkələri,
xüsusən, İslam dünyası
ilə əməkdaşlıq və tərəfdaşlıq
da bir o qədər üstün tutulur.
İndi
isə, dövlət başçımızın fevralın
ilk günlərində reallaşdırdığı
başqa bir səfər barədə. Xatırladaq ki, Prezidentin
ikinci səfəri Qərbə
olsa da, orada da Şərqlə, daha doğrusu Suriya ilə
bağlı məsələlər müzakirə
edilmişdi. Məlum olduğu kimi,
BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Devid Kemeronun, Almaniya
Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç
Krallığının Baş naziri Erna Solberqin və
Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir
əs-Sabahın dəvəti ilə Londona gedən Azərbaycan
Prezidenti orada Böyük Britaniya, Almaniya, Küveyt,
Norveç və Birləşmiş Millətlər Təşkilatının
birgə təşkilatçılığı ilə
keçirilən konfransda iştirak və
çıxış etmişdir. Tədbirdə Suriyaya təcili
və uzunmüddətli yardımın təmin edilməsi,
regionda humanitar və təhsil layihələrinin
reallaşdırılması, böhrandan əziyyət çəkən
qaçqınların sosial problemlərinin həll
olunması, onları qəbul edən ölkələrə dəstək
göstərilməsi məsələləri müzakirə
edilirdi.
Konfrans
çərçivəsində keçirilən “Təhsil”
mövzusundakı sessiyada
çıxış edən Azərbaycan Prezidenti 1990-cı illərin əvvəllərində
qonşu Ermənistan dövlətinin hərbi təcavüzü
və torpaqlarımızın 20 faizinin işğalı nəticəsində
bir milyondan artıq qaçqın və
köçkünün problemləri ilə üz-üzə
qalan gənc və kasıb müstəqil dövlətimizin
yaşadığı məşəqqətli günləri
yada salmışdır. Ancaq xalqımızın mərdanəliyi,
yeridilən siyasətin müdrikliyi və siyasi rəhbərliyin
qətiyyəti nəticəsində biz o günləri geridə
qoya bilmişik: “Bu gün Azərbaycan özü donor ölkədir.
Biz, Suriya qaçqınları da daxil olmaqla maliyyə
yardımını təmin edirik. 1994-cü ildə Azərbaycan
ilə Ermənistan arasında atəşkəs rejimi müəyyən
edilmişdir. Əfsuslar ki, o vaxtdan bəri
danışıqlar masası ətrafında bu münaqişənin
həlli ilə bağlı ciddi irəliləyişə nail
olunmamışdır. BMT-nin Təhlükəsizlik
Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən dərhal və
qeyd-şərtsiz çıxmasını tələb edən
dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən
artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə
məhəl qoyulmur”.
“1994-cü
ildə atəşkəs razılığının əldə
olunması bizə inkişaf etmək imkanını verdi” - deyən
dövlət
başçımız Londondakı
çıxışında Suriyada da ilk növbədə
sülhə nail olmağın vacibliyini dilə gətirir: “
Suriya
böhranı üzrə siyasi həllin mümkün qədər
tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli
məsələdir. Əminəm ki, bu gün
apardığımız müzakirələr həmin siyasi həllin
tapılmasında öz vacib rolunu oynayacaqdır... Əlbəttə
ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək
olmaqda davam edəcəyik. Biz Suriya qaçqınlarını
qəbul etmək üçün üzərinə belə
böyük bir yükü götürən ölkələrə
minnətdarıq. Bir daha qeyd etmək istəyirəm, biz buraya
sülhü və bu cür dəyərləri təşviq
etmək üçün gəlmişik.”
Ümumilikdə
götürdükdə isə, Azərbaycan beynəlxalq aləmdə
baş verən istənilən hadisəyə münasibətdə
xarici siyasətimizin əsas kursuna - haqq və ədalətin bərpa edilməsi
prinsiplərinə sədaqət nümayiş etdirir. Bu
gün beynəlxalq aləmdə gedən gərgin
ictimai-siyasi, sosial-iqtisadi proseslər fonunda fəsadlarının nə zaman aradan qalxacağı məlum olmayan iqtisadi və
maliyyə böhranları da yaşanır. Ona görə
də əksər ölkələr öz xarici siyasətinə
yenidən baxmalı olur və bəzi məsələlərdə
korrektələrə ehtiyac yaranır. Azərbaycanın xarici
siyasəti isə mükəmməl bir uzaqgörənliklə
işlənib hazırlandığına görə heç bir yenidən
baxılmağa və ya korrektəyə ehtiyac duyulmur. Amma
xarici siyasətimizin mükəmməlliyi bir də ondadır
ki, Azərbaycan beynəlxalq aləmdə gedən istənilən
mənfi proseslərdən ciddi şəkildə narahat olur.
Çünki Heydər Əliyev siyasi münasibətlərində
heç zaman dəyişilməyən məqamlardan biri də
beynəlxalq aləmdəki dostlarımızın və tərəfdaşlarımızın
problemlərinə şərik olmaq, həmin problemin həllində
iştirak etməkdir. Odur ki, ulu öndərin siyasi kursunun ən mühüm tərkib
hissələrindən olan xarici siyasətimiz beynəlxalq aləmdə
baş verən bütün proseslər fonunda özünəməxsus
uğurlarını qazanmaqdadır.
Bu il yanvarın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında səsləndirilən fikirlər də
bu məntiqi təsdiqləyirdi.
Dövlətimizin
başçısı iclasdakı
giriş nitqində beynəlxalq aləmdəki siyasi mənzərəni
müfəssəl şəkildə xarakterizə etdi: “2015-ci
ildə dünyada iqtisadi böhran daha da dərinləşdi.
Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və
hərbi böhran müşahidə olunur. Əfsuslar ki,
mövcud olan münaqişələr 2015-ci ildə öz həllini
tapmadı. Əksinə, dünyada və xüsusilə bizim
regionumuzda yeni təhlükə ocaqları
yaranmışdır. Əlbəttə ki, bu hadisələr
regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir.
Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada
münaqişələr, qanlı toqquşmalar, müharibələr
davam edir. Əlbəttə, bu, bizi ciddi narahat edir.
Çünki biz də bu regionda yaşayırıq və
regionda baş verən hadisələr istər-istəməz
bizə də öz təsirini göstərir. Xarici müdaxilə
nəticəsində Yaxın Şərqdən artıq
qaçqın, köçkün vəziyyətinə
düşmüş yüz minlərlə insan Avropaya pənah
gətirir. Yüz minlərlə insan həlak olmuşdur.
Milyonlarla insan qaçqın, köçkün vəziyyətində
yaşayır”.
Dövlət
başçımız bütün bunları sadalamaqla
yanaşı xüsusi olaraq vurğulayır ki, bu gün
münaqişə şəraitində olan ölkələrin
əksəriyyəti bizim dostumuz, qardaşımız, strateji
tərəfdaşımız və ya müttəfiqimizdir. Ona
görə də biz bu münaqişələrin tezliklə aradan
qaldırılmasını arzulayır və bu məqsədlə öz töhfəmizi
verməyə çalışırıq: “Keçən il Türkiyə-Rusiya
münasibətləri gərginləşdi. Təbiidir ki, bu,
bizi çox narahat edir. Çünki hər iki ölkə
bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim
üçün, əminəm ki, Türkiyə və Rusiya
üçün bu, arzuolunan vəziyyət deyil. Bununla bərabər,
bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı
münasibətləri həddindən artıq gərginləşdi
və diplomatik əlaqələr kəsildi. İran və Səudiyyə
Ərəbistanı bizim üçün yaxın və dost
ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət
birləşdirir, bir çox layihələr birgə icra
edilir. Səudiyyə Ərəbistanı bizim
üçün çox önəmli tərəfdaşdır.
Yaxşı bilirsiniz ki, keçən il mənim Səudiyyə
Ərəbistanına rəsmi səfərim yüksək səviyyədə
keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə,
Azərbaycan xalqına çox böyük qonaqpərvərlik
göstərilmişdir. Müqəddəs Kəbənin
qapıları üzümüzə
açılmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində həmişə birmənalı
şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir,
nəinki dəstəkləyir, hətta bu münaqişəyə
və işğala görə Ermənistan ilə heç bir
əlaqə saxlamır, diplomatik əlaqələr
saxlamır. Yəni, İran-Səudiyyə Ərəbistanı
münasibətlərində yaranmış gərginlik, əlbəttə
ki, bizi narahat edir. Çünki hər iki ölkə ilə
bizim yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət
istər-istəməz müsəlman aləmində baş verən
hadisələrə təsir göstərir”.
Yeri gəlmişkən, xüsusilə
vurğulanmalı məqamlardan biri də odur ki, Azərbaycanın
xarici siyasətində Şərqlə Qərb də tarazlaşdırılmış
şəkildə götürülür, Avropa
sivilizasiyası ilə İslam dünyası da. Yəni, biz hər
iki mədəniyyətin qovuşuğunda olduğumuza görə
bu tarixi-coğrafi şansı
siyasi-mədəni reallıqlarımızla bir daha
doğrultmağı bacarırıq. Prezident bu məsələni
daha açıq şəkildə yada salır: “Biz həmişə
çalışmışıq və öz səylərimizi
göstərmişik ki, müsəlman aləmi daha da sıx
birləşsin. Bu gün də çalışırıq və
Azərbaycanda keçirilən müxtəlif tədbirlər,
o cümlədən gələn il keçiriləcək
İslam Həmrəylik Oyunları bu məqsədi
güdür ki, müsəlman aləmində əlaqələr
daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq
üçün daha yaxşı zəmin yaradılsın”.
İndi
isə, balansın o biri tərəfinə diqqət yetirək:
“2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə
baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları
keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək
səviyyədə keçirə bilmişdir. Baxmayaraq ki,
Oyunların keçirilməsi üçün cəmi 2 il
yarım vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya
Oyunları səviyyəsində keçirdik. Bütün Avropaya və dünyaya
müstəqil ölkəmizin imkanlarını,
xalqımızın qonaqpərvərliyini, gözəl
Bakı şəhərimizi göstərdik. Azərbaycan
reallıqlarını 6 min idmançı, minlərlə
qonaq öz gözləri ilə görə bilmişlər. Bu
reallıqlar bizim nüfuzumuzu daha da artırır və gələcəkdə
Azərbaycana qoyulacaq investisiyaların həcmini, Azərbaycana
gələcək turistlərin sayını artıracaq. Yəni,
Avropa Oyunları sadəcə olaraq, dünyaya bizim təqdimatımız
deyildi. Onun çox böyük praktiki nəticələri
olacaqdır. Biz müasir idman, xidmət və nəqliyyat
infrastrukturu yaratmışıq. Yəni, bütün bunlar Azərbaycan
xalqının sərvətidir və bu Oyunlar, əlbəttə
ki, müstəqil ölkəmizin qüdrətini göstərmişdir”.
Qeyd edək
ki, xarici siyasətdə bizim yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin
uzanmasıdır. Həmin məsələ barəsində də
ən dəqiq fikirləri məhz dövlət
başçımızın dilindən eşitdik:
“Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı heç bir irəliləyiş
olmamışdır... Bunun da səbəbi ondan ibarətdir ki,
Ermənistan sülh istəmir. Status-kvonu nə qədər
çox mümkündürsə saxlamaq istəyir,
işğal olunmuş torpaqlardan çəkilmək istəmir
və danışıqları, sadəcə olaraq, bir proses
kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və
danışıqları sonsuz bir proses kimi gələcəkdə
də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir.
Biz münaqişənin həllini istəyirik. Vasitəçilər
də, Minsk qrupunun həmsədrləri də dəfələrlə
bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər.
Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar
olsun ki, işğalçıya bu istiqamətdə heç
bir ciddi təzyiq göstərilmir. Burada, əlbəttə ki,
işğalçı ilə işğala məruz qalan
ölkə arasında fərq qoyulmalıdır. Bizim
torpaqlarımız işğal altındadır və bu
işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr
ölkələrinin dövlət başçıları bir
neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir.
Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun
dəyişdirilməsi üçün heç bir konkret
addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir
ki, işğala son qoyulacaq”.
Dövlət
başçımız qətiyyətlə bəyan edir
ki, Azərbaycan öz
mövqeyini bundan sonra da müdafiə edəcək.
Çünki bizim mövqe beynəlxalq hüquq norma və
prinsiplərinə əsaslanır: “ BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni
işğalçı qüvvələri torpaqlarımızdan
dərhal və qeyd-şərtsiz çıxarılsın.
Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna
oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik
Şurası heç bir qətnamə qəbul etməmişdir.
Ancaq işğala məruz qalan postsovet məkanının digər
ölkələri, onların vəziyyəti ilə
bağlı bəzi hallarda ərazi bütövlüyü
haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi
bütövlüyümüz də eyni əhəmiyyət
daşıyır. Heç bir başqa ölkənin ərazi
bütövlüyündən aşağı əhəmiyyət
daşımır və bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir. Azərbaycan
bu istiqamətdə öz siyasətini aparacaq. Əlbəttə
ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bütün
üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir
və olmalıdır. Biz bu məsələni bütün
beynəlxalq tribunalarda qaldırırıq və
qaldıracağıq, diplomatik və siyasi səylərimizi
artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə
bütün layihələrdən kənarda
saxlayacağıq, öz hərbi gücümüzü
artıracağıq.”
Azərbaycan dövlətinin 2015-ci ildəki xarici siyasəti barədə qələmə aldığımız sətirləri 2016-cı ildə reallaşdırılacaq diplomatik fəaliyyətimiz barədə deyilmiş fikirlərlə tamamlamaq istəyirik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair hazırladığı mətbuat buraxılışında deyilir: “Bu il Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaq. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi, mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcək”.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.- 6 fevral.- S.1.