MASALLI — tarixlə müasirliyin
qovuşduğu diyar
Masallı rayonu Bakı - Astara
yolunun 232-ci kilometrliyində – Lənkəran
ovalığında yerləşir. Buranın iqlimi yayda
mülayim-isti və quraq,
qışda isə mülayim və
yağıntılı keçir.Yayda bəzi dövrlərdə
temperatur 40 dərəcəyədək isti, qışda ən
soyuq hava mənfi 10 dərəcəyədək olur.
Rayon Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və
Neftçala rayonları ilə həmsərhəddir. Şərqdən
Xəzər dənizi, Qərbdən Talış sıra
dağları ilə əhatə olunmuşdur.
Masallı
rayon olaraq 8 avqust 1930-cu ildə təşkil edilmişdir.
Hazırda rayonun tərkibinə107 kənd, bir qəsəbə
və bir şəhər daxildir. Əhalisi 183,5 min nəfərdir.
Masallıda tarixən əkinçilik,
çayçılıq, tərəvəzçilik, qismən
də maldarlıqla məşğul olublar. Mənbə və
ədəbiyyatda Masallının ipək təsərrüfatı,
ucsuz-bucaqsız tut bağları haqqında da məlumatlar
vardır.
“Masallı”
toponimi haqqında
Masallının yaşayış məntəqəsi kimi yaranma tarixi XI - XII əsrlərə aid edilsə də, onun adına ilk dəfə XIX əsr mənbələrində rast gəlinir. “Masallı” toponiminin mənşəyi haqqında bir neçə mülahizə mövcuddur. Bir sıra müəlliflər onu guya, buranın camaatı söhbət əsnasında çoxlu məsəl çəkərək danışdığına görə “məsəlli yer” kimi izah edirlər. Bəzi müəlliflər isə hətta bu toponimi İraqdakı “Mosul” şəhərinin adı ilə bağlayırlar (Masallı - Mosullu. Yəni Mosuldan köçüb gələnlərin yeri). Bundan başqa, sözügedən toponimi nəvaxtsa burada yaşamış Masal bəy adlı birinin adına bağlayanlar da var.
Biz isə bu mülahizələrin heç birinin üzərinə kölgə salmadan demək istəyirik ki, toponimləri izah edərkən təkcə sözün “şəklini”, başqa toponimlərlə zahiri oxşarlıqlarını nəzərə almaq azdır. Toponimləri açarkən, ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat fəaliyyətinin formaları, tarixi-siyasi proseslərin xarakteri, müxtəlif dövrlərdə baş vermiş miqrasiyalar və digər məsələlər də araşdırılmalıdır. Bu baxımdan “Masallı” toponiminin də daha dərin elmi tədqiqata ehtiyacı var və fikrimizcə, aşağıdakı deyəcəklərimiz bu məsələlərə müəyyən qədər işıq sala bilər.
Böyük Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani - İrəm” (1841), Mirzə Səyidəli Kazımbəyoğlunun “Cəvahirnameyi Lənkəran” (1869), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1883) əsərlərində, həmçinin, bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Azərbaycanın digər şəhər və bölgələri ilə bərabər, Masallı haqqında da qiymətli məlumatlar əksini tapmışdır. Məsələn, “Cəvahirnameyi-Lənkəran” əsərinin bir neçə yerində bir zamanlar Talış xanlığının Dəştvənd mahalına (Çar hakimiyyəti dönəmində Lənkəran qəzasına), hazırda isə Masallı rayonunun tərkibinə daxil olan bir neçə yaşayış məntəqəsinin (Ərkivan, Siqdəşt, Çaxırlı və s.), o cümlədən, “Masallı” adlı kəndin adı çəkilir. Əsərdə, həmçinin, hazırda İranın Gilan vilayətinə daxil olan “Masal” bölgəsi haqqında da məlumat verilir. Bu barədə “Cəvahirnameyi-Lənkəran”dan oxuyuruq: “...Masal” İranda Talış şəhristanının Masal-Şandermen rayonlarından biridir. Masal rayonu şimaldan Şadermen, cənubdan Fümənin Taniyan bölüyü, şərqdən Kəsgər, qərbdən Xalxal ilə Talış arasındakı silsilə dağlarla hüdudlanır. Bu rayonun şərqi çöllük, qərb hissəsi isə dağlıqdır”.
“Əxbərnamə” müəllifi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu isə Ərkivan və Dəştvənd mahallarını ayrı-ayrı mahallar kimi təqdim edir və göstərir ki, Dəştvənd şimaldan və şimal-qərbdən Şirvan vilayəti, Şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və Dirığ mahalları (hazırda Lerik rayonu ərazisinə daxildir), Qərbdən Səbidəşt mahalı (hazırda Yardımlı rayonu ərazisinə daxildir) və İranla həmsərhəddir.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində tarixi Azərbaycan ərazilərində baş verən siyasi prosesləri, xanlıqlar arasındakı gərgin münasibətləri, həmçinin, fasilələrlə davam edən rus-İran müharibələrini nəzərə alsaq, “Cəvahirnameyi-Lənkəran” müəllifinin adını çəkdiyi Masallı kəndinin Gilan vilayətindəki Masal bölgəsindən köçüb gəlmiş əhali tərəfindən salındığını güman etmək olar.
Bundan başqa, hesab edirik ki, “Masallı” toponimini izah edərkən “Musalı” və Cənubi Azərbaycanda mövcud olan “Əsalem” (və ya “Asalem”. İran Talışında bölgə) kimi coğrafi adlara da diqqət yetirmək faydalı olar.
Tarix nə deyir?
Masallının tarixi qədimdir. Burada aparılan arxeloji
qazıntıların nəticələri ərazidə
insanların 15-20 min il əvvəldən
yaşamağa başladığını təsdiq edir. Məsələn, Ərkivan ərazisində ibtidai
icma dövrünə aid zəngin maddi mədəniyyət
nümunələri aşkar edilmişdir. Xüsusilə
ərazisinin Viləş çayı terraslarından
tapılmış əmək alətlərinin texniki və
tipoloji xüsusiyyətlərinə əsasən onların
üst paleolit dövrünə aid olduğunu söyləmək
olar.
XIX əsrin
axırlarında Morqan qardaşları da Lənkəran və
Masallı rayonları ərazisində arxeoloji qazıntı
işləri aparmış, müxtəlif abidələrdən aşkar
etdikləri zəngin dəfinələri və başqa maddi mədəniyyət
nümunələrini özləri ilə Fransaya
aparmışlar. Onlar hazırda Fransanın
Sen-Jermen muzeyində saxlanılır.
Bundan
başqa, ötən əsrin 70-80-ci, 2004-2007-ci illərdə
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
tərəfindən Masallı ərazisində Eneolit və
Tunc dövrlərinə aid “Qala təpə”, “Balaca təpə”,
“Nadir təpə”, “Qaratikan təpə”, “Yekə təpə”
kurqanlarında, o cümlədən, orta əsrlərə aid
qəbiristanlıqlarda arxeoloji qazıntı işləri
aparılmışdır. Ərkivan qalası
adlanan ərazidə tapılan antik və orta əsrlərə
aid saxsı qab nümunələrinə əsasən
qalanın V-VI əsrlərdə inşa edildiyini söyləmək
olar. Qalanın yaxınlığında qədim
şəhər yerinin xarabalıqları da aşkar
edilmişdir.
Masallı ərazisindəki qədim qalalardan biri də
Çaxırlı kəndi ərazisindədir. Bu qala haqqında nisbətən
ətraflı məlumata XIX əsr müəllifi Səyid
Əli Kazımbəyoğlunun “Cəvahirnameyi Lənkəran”
əsərində (1869-cu il) rast gəlinir.
Səyid Əli Kazımbəyoğlu “Cəvahirnameyi-Lənkəran”
əsərində Dəştvənd mahalı adlanan
Masallı bölgəsinin əhalisi və təsərrüfatı
haqqında da geniş məlumat verir. Əsərdən oxuyuruq: “...Dəştvənd
mahalı ki, bəzi hallarda ona Ərkivan da deyirlər,
xalqı şiə məzhəbli, qəyyur, vuruşan və
döyüşdə qorxmazdır. Adlı-sanlı
süvarilər o diyarda çoxdur. Burada
düyü, buğda və digər taxıl növləri, eləcə
də, küncüd, lobya, pambıq, noxud, qarğıdalı,
çay, yemiş, qarpız və qeyriləri boldur. Viləş çayı buradan axır, bütün
tarlalar suvarılır və bu çayın hesabına
çoxlu dəyirmanlar işləyir. Buranın
aşağı hissəsi Xəzər dənizinin sahilində
yerləşən Qızılağac, Qadirlu, Yeddi Oymaq və
digər kəndlərdir. Torpağın
gücü o dərəcədədir ki, qış fəslində
tarlalarda yük heyvanları otlasa, yaz mövsümü
üçün bərpa olunmaz və məhsul zay olar. Ərazinin geniş olması inək, camış,
qoyun və at saxlamağa imkan yaradır. Lakin
Rusiyanın ayrı-ayrı yerlərindən bura
köçmüş malakan, subbotnik və yəhudilərin
hücumları nəticəsində yerli əhalinin güzəranı
pozulmuş, həyatları ağır vəziyyətə
düşmüşdür. Torpaq sahələri
dolanmaq üçün kifayət deyil. Bu
yerlərdə yaz fəslində süd verən mal-qaranın
gündə üç dəfə sağılması çəmənliklərin,
otlaqların nə dərəcədə qüvvətli
olduğundan xəbər verir. Dağlıq
yerlərin adətinə görə, heyvanı gündə
iki dəfə, yəni səhər və axşam vaxtı
sağarlar. Lakin buradakı mal-qaranın
günorta zamanı da döşləri südlə
dolduğundan, onlar çöldə tab gətirməyib, yiyəsinin
evinə qaçar, sahibləri onları həyacan içində
yenidən sağıb, yenidən çölə qaytararlar.
İpəkçilik də burada yaxşı məhsul
verir. Amma tut bağlarını salan azdır,
çünki onlardan alınan mənfəət mal-qaranın
verdiyi faydadan aşağıdır. Burada
boyaq bitkisi (marena) da yaxşı olur. Bir
rus məmuru onun üçün bir əkin sahəsi
ayırmış və məhsul almışdır. Onun əkdiyi bitki Dərbənd növündəndir.
Amma bu diyarın əhalisi ərazinin və
qüvvənin azlığından bu bitkinin yetişdirilməsində
maraqlı deyil. Sadəcə olaraq, yabanı halda
murdabların qıraqlarında bitməsi onun yaxşı məhsul
verəcəyinə bir işarədir...".
Təbiət möcüzələri
muzeyi
Bəli, Masallını obrazlı şəkildə bu
cür də adlandırmaq olar. Qalın meşələr,
zümrüd bulaqlar, həzin laylay çalan şəlalələr,
ucsuz-bucaqsız əkin-biçin sahələri, bağlar-bağçalar,
abad yollar, rayon mərkəzindən az fərqlənən
kəndlər və s. sadəcə göz oxşayır. Lakin Masallıdan danışanda, Masallının
adı çəkiləndə ilk növbədə İstisu
yada düşür. Təkcə
Masallını deyil, bütün Azərbaycanı şöhrətləndirən
ecazkar Masallı İstisuyu. Rayon mərkəzindən
12 km aralıda yerləşən və təbiətin təkrarolunmaz
neməti olan bu möcüzəli su çox dərdlərin və
xəstəliklərin - yel, oynaq əzələ, əsəb
sistemi, dəri, habelə mədə-bağırsaq və
qadın xəstəliklərinin əvəzsiz
loğmanıdır. Burada ötən əsrin
60-cı illərində yaradılan müalicə-istirahət
zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. Müalicə prosesi mineral su vannalarında
aparılır və müştərilərin
rahatlığı üçün burada hər bir şərait
yaradılmışdır. Bundan başqa
meşələri ilin bütün fəsillərində
insanlara gözəllik və xoş əhval-ruhiyyə bəxş
edir.
İstusu ərazisində qaynar çeşmələrlə
yanaşı, bumbuz kükürdlü su mənbələri də
vardır. Bu
suyu dərman kimi stəkanlara doldurur və dadını hiss
etməmək üçün birnəfəsə içirlər.
Təsadüfi deyil ki, buradakı bulaqların üzərində
tez-tez “böyrək suyu” və “mədə suyu” sözlərinə
də rast gəlmək olur. Bu suların mədə
yarası və böyrək ağrılarını
sağaltdığı söylənilir.
İstisu və onun ətrafı yay aylarında
xüsusilə insanların ən çox baş çəkdiyi,
istirahət etdiyi bir məkana çevrilir.
Bundan başqa, respublikamızın ən böyük və
zəngin qoruqlarından biri olan olan Qızılağac
qoruğu da Masallı ərazisindədir. Qızılağac
körfəzi və “Pirman” adlanan sahələrdə yerləşən
qoruqda Azərbaycan faunasının və adları
“Qırmızı kitab”a düşən çoxlu sayda
quşlar və heyvanlar vardır. Dünyada
nadir ağaclardan sayılan “Qızılağac” ağacı
(el arasında ona Razdar da deyilir) da Masallının nadir təbiət
abidələrindəndir.
Sözlü-nəğməli diyar
Masallı özünün zəngin folklor ənənələri
ilə də məşhurdur. Təsadüfi deyil ki, 2012-ci ildə
bu şəhər Azərbaycanın Folklor paytaxtı
seçilmiş, eyni zamanda, dəfələrlə respublika və
beynəlxalq folklor festivallarına ev
sahibliyi etmişdir. Bu festivallarda dünyanın
12-dən artıq ölkəsinin folklor kollektivləri təşrif
buyurmuşdur.
Qeyd etmək vacibdir ki, Masallının tez-tez folklor
festivallarının mərkəzi seçilməsi, burada
müxtəlif xalq yaradıcılığı tədbirlərinin
keçirilməsi heç də təsadüfi deyil. Çünki
bu diyarda sinəsi, qəlbi sazlı-sözlü, nəğməli,
məsəlli-misallı nənələrimiz,
babalarımız, sənət adamlarımız kifayət qədərdir.
Ən əsası isə Masallıda “Halay”
folklor ansamblı kimi dünyaca məşhur bir folklor kollektivi
- mahnı və rəqs ansamblı var. Milli folklorumuzun təkrarolunmaz
örnəklərini bir daha yaddaşlara qaytarıb yaşadan
“Halay” xalq kollektivi nəinki respublikamızda, onun
hüdudlarından kənarda da yaxşı tanınır.
Kollektiv 1957-ci ildə həvəskar mədəniyyət
işçisi, mərasim və əmək nəğmələrinin
mahir bilicisi Ümbülbanu Cəbiyeva tərəfindən
Mahmudavar kəndində yaradılıb və ilk vaxtlarda cəmi
3 qızdan ibarət olan bu kollektiv artıq 50 ildən
çoxdur ki, fəaliyyət göstərir. Hazırda
“Halay” gənclər və veteranlar olmaqla 2 kollektivdən ibarətdir
və 40 dan artıq üzvü vardır. Kollektiv dəfələrlə
xarici ölkələrdə - Macarıstan, İraq, Türkiyə,
Rusiya və s. ölkələrdə qastrol səfərlərində
olub.
Masallı rayon mədəniyyət və turizm
şöbəsinin müdiri Lətifə xanım
Mövsümovanın biləvasitə rəhbərliyi
altında fəaliyyət göstərən “Halay”ın
repertuarının əsasını xalq mahnı və rəqsləri
təşkil edir. Az qala unudulmuş, yaddan
çıxmış neçə-neçə qədim xalq
nəğmələri “Halay”ın timsalında yeni həyat,
yeni nəfəs qazanmışdır. Çəkilən
zəhmət isə hədər getməmişdir. Həvəskar
qızlardan ibarət qrup “xalq kollektivi” adına
layiq görülmüşdür.
“Halay”dan
başqa rayonun Şərəfə kəndində “Həcər”
folklor ansamblı və daha 5 rəqs kollektivi də var ki,
onları da tez-tez el şənliklərinə, rayon və
respublika səviyyəli dövlət tədbirlərinə dəvət
edirlər.
Masallı Xalq Teatrının fəaliyyəti də diqqətə
layiqdir. 22-dən artıq üzvü olan bu kollektiv 1979-cu ildə
yaradılmışdır. Onun repertuarında əsrlərlə
yaşı olan bir çox oyun və tamaşalarla bərabər,
günümüzün çox aktual mövzuları -
Qarabağ müharibəsi, işğal edlimiş Vətən
torpaqları, şəhidlərimiz və s. də mühüm
yer tutur.
Hişkədərə – quru dərə
Masallının öz təbiəti və tarixi ilə
diqqət çəkən kəndləri də vardır ki,
onlardan biri Hişkədərədir (Hışk - quru, dərə
- dərə.
Yəni Quru dərə). Hişkədərə
mübaliğəsiz olaraq Masallının “güzgüsü”
sayıla bilər; ən azı ona görə ki, 1952-ci ildən
fəaliyyət göstərən Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi məhz
bu kənddədir. Elə buna görə də
biz Mədəniyyət Mərkəzinin direktoru Vəkil
İsmayılovun müşayiəti ilə ilk növbədə
həmin kəndə getdik. Burada bizi muzeyin
direktoru Əntiqə Tağıyeva qarşıladı.
Əntiqə
xanım məlumat verdi ki, muzey bu kəndin
tanınmış ziyalısı, Əməkdar müəllim,
hazırda adı verilmiş Rəhim Tağıyevin şəxsi
təşəbbüsü və misilsiz əməyi ilə
yaradılıb. 15 il ictimai əsaslarla -
Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət
göstərdikdən sonra muzey üçün 1975-ci ildə
ayrıca bina tikilmişdir. Məktəb muzeyində
olan eksponatlar həmin binaya köçürülmüş və
bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi
fəaliyyətini davam etdirmişdir.
Nazirlər
Kabinetinin 13.08. 1977-ci il 283 saylı qərarı və Azərbaycan
SSR Mədəniyyət Nazirliyinin 16.09.77-ci il 299 saylı əmri
ilə muzey dövlət statusu almış və
Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir.
2005-ci ildən muzey onu yaradanının - Rəhim
Tağıyevin adını daşıyır.
Hazırda Hişkədərə
Tarix-Diyarşünaslıq Muzeyi xeyli böyümüş və
onun palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində
19 mindən çox qiymətli eksponat toplanıb. Müxtəlif illərdə
rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan,
Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar,
Bambaşı, Çaxırlı, Ərəb,
Qızılağac, Qəriblər, Öncəqala, Köhnə
Alvadı kəndlərinin yaxınlığında qədim
şəhər, qala kurqanı, türbə məqbərə
yerlərindən tunc, dəmir, antik və orta əsrlər
dövrünə aid maddi-mədəniyyət nümunələri
Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq
Muzeyində mühafizə olunur.
Əntiqə xanım muzeyin fəaliyyətindən
ürəkdolusu danışır. Elə bizimlə
söhbət əsnasında bura axın-axın insan gəldiyinin
şahidi oluruq.
– Nə
çox qonağınız var, maşallah!
– Həmişə
belədir. Allaha şükür, qonaq sarıdan
şikayətimiz yoxdur. İlin
bütün aylarında ölkəmizin müxtəlif yerlərindən,
o cümlədən, xaricdən gəlmiş qonaqlar Hişkədərə
muzeyini ziyarətə gəlirlər.
Hazırda Masallı şəhərinin mərkəzində
Tarix-Diyarşünaslıq Muzeyi üçün daha
geniş, ən müasir tələblərə cavab verən
yeni bina tikilir.
Binanın bu il istifadəyə veriləcəyi
gözlənilir.
Masallı ərazisi abidələrlə də zəngindir. Rayon Mədəniyyət
və Turizm Şöbəsindən aldığımız məlumata
görə, rayon ərazisində 51 tarixi və memarlıq, 70
arxeloji abidə qeydə alınmışdır.
Onların arasında XIV əsrə aid Hişkədərə
kəndindəki Nəzirə Xanım türbəsini, III - IX əsrlərə
aid Mahmudavar kəndindəki arxeoloji abidəni, IX - X əsrlərə
aid Ərkivan qalasını; Qarğalıq ərazisindəki
Orta əsrlər Şəhriyar yaşayış yerini, XIX əsrə
aid Masallı şəhər Cümə məscidini, Boradigah
məscidini, Qızılavar məscidini, Şərəfə
kəndindəki məscidi və hamamı, Masallı şəhərindəki
hamamı, Güllütəpə kəndindəki Əmir
türbəsini, Boradigah Cümə Məscidini, Ərkivan kəndindəki
Mehti bulağını, Sığdaş kəndindəki Mirsəli
ocağını, Mahmudavar kəndindəki XVI əsrə aid
Baba Seyidağa türbəsini, yenə də XIX əsrə
aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və
Hüseynhacılı kəndlərində dağ-qoç
fiqurlarını, Hişkədərə kəndində
Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və
Mirzətəpə tunc dövrü kurqanlarını, Təzə
Alvadı kəndində Məmmədtəpə, İstiottəpə,
Alıtəpə tunc və dəmir dövrü
kurqanlarını, o cümlədən, Mir Seyid Sadiq Ağa məqbərəsini,
Ninalov kəndindəki Səhhət qalasını, Ərkivan
kəndində Şəhsəfi (Şeyx Səfi)
bulağını və s. misal göstərmək olar. Bu abidələrin hər biri Masallının yaxın-uzaq
keçmişi, buranın əhalisinin zəngin məişət
və mədəniyyəti, təsərrüfat fəaliyyəti
haqqında zəngin bir mənbə kimi çıxış
edir.
Lakin rayon ərazisində hələ qeydə
alınmamış çoxlu sayda arxeoloji və
tarixi-memarlıq abidələri də vardır. XIX-XX əsrin
əvvəllərinə aid qədim evləri, mülkləri,
yararlı və artıq sıradan çıxmış su dəyirmanlarını,
yaşı minllərlə ölçülən və
insanların ibtidai inancları ilə səsləşən
daş və ağac pirlərini də bura əlavə etsək,
böyük bir siyahı alınar.
Xalq sənəti və sənətkarları
Masallı həm də Azərbaycanın ən qədim
sənətkarlıq mərkəzlərindən biridir. Tarixən
burada ənənəvi sənətkarlğın ən
müxtəlif sahələri inkişaf edib ki, onların da bir
çoxu əsrləri adlayaraq günümüzdə də
yaşamaqda davam edir. Belə ki, rayonun
Qodman və Qəriblər kəndləri ağac sənətkarlığı,
Musakücə və Şatıroba həsirçilik, Boradigah
papaqçılıq, Ərkivan isə
sandıqçılıq və dulusçuluq sənətkarlığı
ilə bütün ölkədə məşhurdur. Biz
də elə bu xalq sənəti növləri ilə daha
yaxından tanış olmaq, onları
yaşadan insanların işlərini gözümüzlə
görmək məqsədilə həmin kəndlərə
üz tutduq.
İlk olaraq Ərkivanda hamının
tanıdığı və hörmət etdiyi sandıq
ustası Şərafət Əzizovun evinə gəldik. Qapıda bizi
elə ustanın özü qarşıladı və çay
süfrəsinə dəvət etdi. Şərafət
usta bu nəcib sənətin keçmişindən, indiki vəziyyətindən
ürək dolusu danışaraq,
sandıqçılığın onlarda nəsildən nəsilə
keçən bir sənət olduğunu qeyd etdi.
—
Keçmişdə sandıq ustaları çox olub. Çünkü tələbat da çox idi. İndi təlabat azalsa da, gəlin cehizlərinin
içində sandığın da olmasını istəyənlər
var. Çünkü sandıq dədə-babadan xoşbəxtlik
rəmzi, gəlinin ən qiymətli bəzək və geyimlərini
saxlamaq üçün ən vacib aksesuar sayılıb.
Şərafət
usta daha sonra qeyd etdi ki, keçmişdə xonça təsvirli
sandıqlar dəbdə olubsa, indi yeni dövrün tələblərinə
uyğun sandıqlar sifariş edirlər. Azərbaycanın
dövlət rəmzlərinin (bayraq və gerb) əks
olunduğu sandıqların müştərisi daha
çoxdur. Seyf
formalı, musiqili və işıqları yanıb-sönən
sandıqlar və mücrülər də düzəldirik.
Qiymətlər də ki, münasibdir. Yəni ölçüsündən asılı
olaraq 20-100 manat arasında dəyişir.
Biz Şərafət
ustanın emalatxanası və iş şəraiti ilə tanış olduqdan sonra elə bu qəsəbədə
fəaliyyət göstərən dulus ustası Cəsarət
Nuriyevin iş yerinə yollandıq. Yol kənarında
yerləşən emalatxananın həyətini Şərafət
ustanın əl işləri bəzəyirdi. Müxtəlif ölçülü, formalı və
təyinatlı dulus məmulatı bir anlığa insanı
keçmişə aparır, ulu babalarımızın sehirli əllərinin
nəyə qadir olduğunu əyani şəkildə göstərirdi.
Şərafət
usta dulusçuluğun texnoloji əsasları haqqında bir az
məlumat verdikdən sonra, dulus istehsalı prosesini əyani
şəkildə nümayiş etdirdi.
– Dulus
istehsalı çətin və çoxmərhələlidir.
Bu iş dulus gilinin tədarük edilməsi ilə
başlanır. Gil isladılır və bir
gün qaldıqdan sonra taya şəklinə salınır.
3-4 dəfə ayaqla tapdandıqdan sonra xammal
hazır vəziyyətə gətirilir. Sonra gil hissə-hissə kəsilir və dulus
stolunun üstünə qoyuluraq hazırlanacaq qabın
formasına uyğun kündələnir. Dulus
çarxında formalaşdırıldıqdan sonra
naxışalanan məmulat sonda dulus kürəsində
bişirilir. Bu zaman qələm, daraq,
qamış kimi alətlərdən istifadə olunur.
–
Müştəri sarıdan korluq çəkmirik. Amma etiraf edək ki, tələbat azalıb. Yaxın keçmişə qədər təkcə
Ərkivanda 10-15 dulusçuluq sexi var idi. İndi
cəmi 4 sex qalıb. Biz ancaq ona
çalışırıq ki, bu sənət yaşasın,
ölməsin, unudulmasın. Qazanc ikinci dərəcəli
məsələdir...
– Halal
olsun usta! Əliniz-qolunuz var olsun, – deyib Şərafət
ustadan ayrıldıq. Yolumuz
Musaküçə kəndinədir. Bu kənd
haqqında təkcə onu demək kifayətdir ki, sovet dönəmində
oradan 4 Sosialist Əməyi Qəhrəmanı və bir
neçə nəfər Lenin ordeni laureatı
çıxıb. Kənd keçmişdə
həm də həsirçilik sənətinin mərkəzlərindən
olub. İndi burada həmin sənəti yaşadan
çox az adam qalıb ki, onlardan biri də
Fərzəliyevlər ailəsidir. Biz də Masallının,
bütövlükdə cənub bölgəsinin simvoluna
çevrilmiş bu sənətlə daha yaxından tanış olmaq üçün
Güloğlan və Rəisə Fərzəliyevlərin evinə
gedirik.
Güloğlan dayı həsirçilik sənətindən,
onun xammalından, texnologiyasından, keçmiş və
müasir vəziyyətindən o ki var, danışdı. Məlum oldu ki, həsir
istehsalı üçün lazım olan xammal - pizə
(lığ, dala) aprel-may aylarında su hövzələrindən
biçilib gətirilir və 3-4 gün Günəş
altında qurudulur. Toxuma prosesində istifadə olunan
lığ, dala 2 cür olur: bir qismindən təsərrüfat
ehtiyacları üçün, digərindən isə ev həsirləri üçün istifadə
olunur. Bundan başqa, lığdan ip - kəndir
də hazırlayırlar.
Keçmişdə həsirin istifadə arealı
çox geniş olub. Ondan evlərin döşəməsinin və
divarların örtülməsində (nəmin
qarşısını alır), kosara düzəldib
taxılın, çəltiyin qorunmasında geniş istifadə
edilib. Bəzən eyvanı külək
tutmasın deyə, həsirlə dövrələyirdilər.
Güloğlan
usta qeyd etdi ki, lığ və daladan Kolatan və
Şatıroba kəndlərində papaq, zənbil də
hazırlayırlar. Amma, təəssüf ki, bu
gün həsirə tələbat azalıb. Bu səbəbdən də qiyməti də
düşüb. Amma bu sənət dədə-baba
sənəti olduğundan onu buraxmaq fikrində deyilik.
Masallı qəhrəmanları
Masallılar Böyük Vətən müharibəsində,
Azərbaycanın azadlığı və müstəqilliyi,
o cümlədən Qarabağ uğrunda gedən
döyüşlərdə də fəal iştirak ediblər. Rayon statistika idarəsindən
aldığımız məlumata görə, 1941-1945-ci illərdə
Böyük Vətən müharibəsinə getmiş 10 914
nəfər Masallı sakinindən 4 248 nəfəri
qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən
çoxu həlak olub. I Qarabağ müharibəsində isə
5 min nəfərə yaxın Masallı sakini vuruşub ki,
onlardan da 50 nəfəri şəhid olub, 30 nəfəri itkin
düşüb, 500 nəfərdən çoxu isə
yaralanıb. 4 nəfər - Səfəralı Məmmədov,
Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb, 3 nəfərə isə Azərbaycan
Bayrağı ordeni verilmişdir.
XX əsrdə Masallı Azərbaycana 230-dan çox elmlər
doktoru və elmlər namizədi, 6 general, 100-ə yaxın
yazıçı-şair, müxtəlif sahələrdə
çalışan nüfuzlu şəxslər bəxş edib. İqtisadiyyat sahəsindəki
uğurlarına görə müxtəlif illərdə 50 nəfərdən
çox Masallı sakini Sosialist Əməyi Qəhrəmanı
fəxri adına və Lenin ordeninə
layiq görülmüşdür.
Sonda
“Masallı etnoqrafik ekspedisiyası” – nın
səmərəli işləməsi üçün hər
cür şərait yaratdıqlarına görə, Masallı
Rayon İcra Hakimiyyəti və Masallı Rayon Mədəniyyət
və Turizm şöbəsinin rəhbərliyinə təşəkkürümüzü
çatdırırıq.
Tofiq BABAYEV,
tarix üzrə fəlsəfə doktoru,
Tahir ŞAHBAZOV,
tarix üzrə fəlsəfə doktoru,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları
Xalq qəzeti.- 2016.- 7 fevral.- S.7.