Azərbaycanın iqtisadi inkişafında

dəmir yolu nəqliyyatı mühüm rol oynayır

 

Hər bir ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin gücü onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə,  milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının əsas təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir. Məhz elə buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması  prioritet məsələlərdən biridir. Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” QSC üzrə ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov bununla bağlı dedi:

 

- Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi üstünlüklərindən biri də onun Avropa ilə Asiyanı birləşdirən unikal nəqliyyat-kommunikasiya imkanlarına malik olmasından ibarətdir. Sön dövrlərdə respublikamızın mühüm tranzit və loqistika mərkəzinə çevilməsini təmin edəcək nəhəng layihələr həyata keçirilir. Bu, Azərbaycanın beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasını və beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.

Dünya iqtisadiyyatlarında gedən inteqrasiya prosesi, ölkələrarası geoiqtisadi və geosiyasi birliklərin yaradılması ayrı-ayrı dövlətlərin, həmçinin, Azərbaycan dəmir yolu nəqliyyatı qarşısında yeni vəzifələr qoyur. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Azərbaycan dövləti önəmli  addımlar atır. Xatırlatmaq yerinə düşər ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılmasının əsas təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Bu, həm də onu göstərir ki, dünyanın mühüm tranzit və loqistika mərkəzinə çevrilməsi üçün Azərbaycan məsuliyyətli bir dönəm yaşayır. Regionun nəqliyyat xəritəsini bütövlükdə yeniləmək  məqsədi daşıyan BTQ dəmir yolu layihəsinin gerçəkləşdirilməsi Azərbaycana   əhəmiyyətli iqtisadi dividentlər gətirməklə yanaşı, həm də böyük siyasi məna kəsb edir. Bu və digər reallıqlar hazırda ölkəmizin dəmir yolu sisteminin müasir standartlara uyğunlaşdırılması zərurətini daha da gücləndirib. Burada bir mühüm məqamı da xüsusi vurğulamaq istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə bütün sahələrdə ən yüksək inkişafın təmin olunmasına xüsusi diqqət yetirməsi dəmir yolu sistemində də uğurlu perspektivlərdən xəbər verir. Bir il bundan əvvəl  “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində edilən dəyişiklik də bir daha göstərdi ki, ölkə Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir.

Bir daha qeyd edim ki,  cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  Cavid Qurbanov olduqca həlledici, həssas bir məqamda “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olundu. Bu təyinat hər şeydən öncə ölkə Prezidentinin kadr siyasətinin düzgünlüyünün bariz nümunəsi idi. Çünki C. Qurbanov nəqliyyat sistemində  çoxillik təcrübə qazanmışdı və buna görə də ölkənin dəmir yolu sistemində qısa zaman ərzində ciddi müsbət dəyişikliklərə nail olunacağına inanılırdı. Beləliklə, QSC-də rəhbərliyin dəyişdirilməsindən sonra  müşahidə edilən proseslər hazırda bu mühüm sahənin tezliklə ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevriləcəyinə əminlik yaradır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə QSC dövlət dəstəyi olmadan belə  ən mühüm layihələri  sərbəst şəkildə gerçəkləşdirə biləcək.

Fikrimin təsdiqi kimi son bir ildə görülən işlərin az bir qisminə diqqət yetirmək istərdim.  Hesabat dövründə dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıqlardan biri yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılması olub. Bunun üçün daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, irimiqyaslı logistika və marketinq işinin canlandırılması diqqət mərkəzində saxlanılıb.  QSC-də yük daşımalarını daha da genişləndirmək üçün ötən ilin mart ayında  imzalanan müqaviləyə əsasən,  “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasından  Azərbaycana 2 min 200-dən çox yük vaqonu gətirilib.

Ötən bir ildə tranzit yük daşımalarının həcminin daha da artırılması istiqamətində təhlillər aparılıb, tədbirlər həyata keçirilib.   Bakıda Gürcüstan və Azərbaycandan keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı razılıq əldə olunub. Burada söhbət Ukraynanın Avropa ilə sərhəddə yerləşən İzov dəmir yolu stansiyasından başlayaraq, Qazaxıstanla Çin arasında yerləşən “Dostluq” stansiyasına qədər olan məsafədən gedir. Yeri gəlmişkən, tərəflər arasında aşağı tarif siyasəti müəyyənləşdirilib, marşrutun səmərəli fəaliyyəti məqsədilə daha komfort şərait yaradılması barədə razılığa gəlinib. İlkin hesablamalara görə, bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkün olacaq.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tariflər artıq müəyyənləşdirilib, sadəcə olaraq Ukrayna tərəfi bu il fevral ayının ortalarınadək İliçevsk, yaxud  Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyənləşdirdikdən sonra sonuncu qiymət ictimaiyyətə açıqlanacaq. Burada  da əsas məqsəd qiymətlərin rəqabətə davamlı olmasını gerçəkləşdirməkdir.

Ötən il “Azərbaycan Dəmir Yolları”nda yeni daxili daşıma siyasətinin tətbiq edilməsinə xüsusi diqqət yetirilib. Bakı-Sumqayıt-Bakı dəmir yolunda yenidənqurma işləri həyata keçirilib, sentyabr ayının 12-dən bu marşrutla “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli “KİSS” markalı ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Bundan başqa, sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq,  bu il fevral ayının 1-dən  isə Bakı-Yalama-Bakı elektrik qatarı işə salınıb.

Paytaxtımızın giriş qapısı sayılan Bakı Sərnişin Vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda  burada sürətlə  təmir-bərpa işləri aparılır. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə  yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur,  eskalatorlar yenisi ilə əvəzlənir.

Hesabat dövründə “Azərbaycan Dəmir Yolları” QSC  tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bunlardan biri də bilet kassalarında avtomatlaşdırılan bilet satışı sisteminin tətbiq edilməsidir. Bu işlər vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq,  onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılan bilet satışı sisteminin tətbiqinin daha da  gücləndirilmək məqsədi daşıyır.

Burada sözügedən məsələ ilə bağlı bir yeniliyi də qeyd etmək istərdim. Bu il yanvarın 29-da  ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə yeni online satiş sistemi istifadəyə verilib. Hazırda bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, www.ady.az saytının “online bilet” bölməsinə daxil olmaqla, online rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyirlər.

Xatırladım ki, online rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək reallaşdırılır.

- Son günlər Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrdə “donuz qripi”nin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar respublikamızda bu virusa qarşı profilaktik tədbirlər həyata keçirilir. Bununla bağlı “Azərbaycan Dəmir Yolları”  hansı işləri görür?

- Dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi  nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır. Bununla bağlı QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.   Tədbirlər proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi  qoruyucu vasitələrlə  təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin həyat keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici  preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.

Artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib.Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunur. Sərnişin qatarlarının epidemiya əlehinə hazırlığın vəziyyəti  nəzarətdə saxlanılır.

Müsahibim söhbət zamanı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin son icra vəziyyətinə də toxundu:

 - Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə də qoruyub saxlayıb. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edib.

Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək, daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına əlverişli şərait yaradacaq. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır.

Bu tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edəcək, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək. Beləliklə, BTQ dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

BTQ dəmir yolunun istismara verilməsi Azərbaycan üçün mühüm önəm daşıyır. Bu beynəlxalq layihənin həyata keçirilməsi Transavropa və Transasiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, həmin ölkələrin tranzit imkanlarınının artmasına, Avrasiya materikində vacib nəqliyyat sistemlərinin inteqrasiya proseslərinin və ölkələrarası ticarətin sürətlənməsinə imkan verəcək. Xalqlar arasında ünsiyyətin intensivləşməsinə səbəb olacaq BTQ dəmir yolunun istifadəyə verilməsinin  Azərbaycanın dünya bazarlarına daha çox və münasib qiymətlərlə məhsul çıxarmasına şərait yaradacağı da gözlənilir.  Çin və  Qazaxıstan dövlətlərinin də layihəyə maraq göstərməsi BTQ dəmir yolunun  əhəmiyyətini artırır. Belə bir layihənin reallaşdırılmasının həm də Azərbaycanın xarici siyasəti üçün böyük əhəmiyyəti olacaq.  Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi işğalçı Ermənistanın belə vacib layihədən kənarda qalmasına və regional təcridinin daha da güclənməsinə gətirib çıxaracaq.

Yeri gəlmişkən, BTQ dəmir yolu bağlantısının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissəsində yolun üst quruluşu işləri tamamlanıb, artıq dizellə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilir. Elektrik təchizatı, işarəvermə və rabitə  işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək. Bağlantının Türkiyə hissəsində isə tikinti işlərinin 80 faizi görülüb. Bir çox  tamamlama, eyni zamanda, elektrik təchizatı, işarəvermə və rabitə  işləri ilin sonuna kimi başa çatdırılacaq.

Yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə BTQ dəmir yolunun istismar şərtləri və  tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq da əldə edilib.

Bir sözlə, Şimaldan Cənuba və Qərbdən Şərqə doğru  keçən strateji baxımdan mühüm əhəmiyyətli nəqliyyat qovşağının kəsişdiyi ərazidə yerləşən Azərbaycan vacib körpü rolunu oynamaqda davam edir. Bu kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı da regional yük və sərnişin daşımaları baxımından əhəmiyyətlidir. Sözügedən dəhliz vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin dəmir yolu  ilə daşınması nəzərdə tutulur. Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının yenidən qurulması istiqamətində də irimiqyaslı işlərin həyata keçirilməsi bu beynəlxalq layihənin də istismara verilməsi müddətini yaxınlaşdırır. Bütün bunlarla bağlı demək olar, böyük nəqliyyat layihələrinin həyata keçirilməsi, dəmir yolu infrastrukturunun, yol-nəqliyyat, eyni zamanda, dəniz və hava nəqliyyat sisteminin inkişafı və təkmilləşdirilməsi Azərbaycanın regionda nəqliyyat mərkəzi kimi rolunun güclənməsinə şərait yaradır. Ən əsası, nəqliyyat sahəsinin təkmilləşdirilməsi sayəsində tranzit potensialımızın inkişafı yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə, ticarətin inkişafına və turist axınının artmasına səbəb olacaq. Bunun isə milli iqtisadiyyatımızın daha da güclənməsinə və müstəqil xarici siyasət yürüdülməsinə müsbət təsir göstərəcəyi şübhə doğurmur.

 

Müsahibəni qələmə aldı:

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 7 fevral.- S.5.