Prezident İlham Əliyev: Biz demokratiya

yolu ilə gedirik, demokratik cəmiyyət qururuq

 

Bu il Bakıda mötəbər beynəlxalq tədbir – Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir”.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanda, sözün həqiqi mənasında, ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur, demokratik dəyərlər dünya təcrübəsi səviyyəsində  təmin edilir. Bunun başlıca səbəbi isə xalq-iqtidar birliyidir.

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq: “Xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə, ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda təbii haldır. Bir də demək istəyirəm ki, milli həmrəylik, vahid amal ətrafında xalqımızın birləşməsi və düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr baş verir, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçünçox əhəmiyyətlidir. Deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir”.

Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin və nüfuzlu politoloqların Azərbaycan haqqında söylədikləri və yazdıqları fikirlərdə qətiyyətlə bildirilir ki, son illər bu ölkədə   demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb. Ancaq həmin məzmunlu fikirlər və qiymətləndirmələr nə qədər çox olsa da, onların ən mötəbəri məhz dövlət başçımızın dilindən səsləndirilən arqumentlərdir: “Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlariqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə də Azərbaycanda siyasiiqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq”.

Dövlət başçımızın fikrincə, ötən il ölkəmizdə keçirilən parlament seçkiləri bir daha sübut etdi ki, Azərbaycanda  demokratik dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə xüsusi önəm verilir: “2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir. Bütün beynəlxalq rəy sorğuları da rəsmi nəticələri təsdiqləyir. Yəni, bu, çox önəmli hadisədir. Çünki biz demokratiya yolu ilə gedirik, demokratik cəmiyyət qururuq. İnsan haqları, demokratik inkişaf daim bizim prioritet istiqamətlərimizdir. Seçkilər, istənilən seçkilər bu istiqamətdə bir sınaqdır. Biz bu sınaqdan şərəflə çıxdıq. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə ifadə olunmuşdur. Eyni zamanda, aparılan siyasətə xalq tərəfindən yüksək qiymət verilmişdir. Çünki mən seçkilərin nəticələrini belə qəbul edirəm. Bir tərəfdən Azərbaycan dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmişdir, digər tərəfdən  parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir”.

Politoloq və siyasətçilərin fikrincə, demokratik dəyərlər təkcə seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsi və ya insan hüquq və azadlıqlarının qorunması üçün lazım olan şəraitin yaradılması ilə yekunlaşmır. Buraya dövlətlər, ölkələr, xalqlar, toplumlar, mədəniyyətlər, sivilizasiyalar və hətta, ayrı-ayrı fərdlər arasındakı münasibətlərin ədalətli şəkildə qurulmasına, hamının eyni səviyyəli vətəndaş kimi qəbulu prinsiplərinin nizamlanmasına verilən töhfələr də daxildir. Məsələn, bu gün dünyada elə ölkələr var ki, hansısa seçkidə xalqın öz iradəsini ortaya qoymasına yaradılan şəraiti tez-tez yada salır və bunu demokratik dəyərlərə sədaqət adlandırırlar. Ancaq həmin ölkədə başqa sivilizasiyalardan, hətta, başqa xalqlardan olan insanlara qarşı açıq-açığına ayrı-seçkilik edilir, diskriminasiyanı heç kimdən gizlətmirlər. Azərbaycanda isə bunun əksinə olaraq tolerantlıq və multikulturalizm hansısa siyasətin deyil, bilavasitə demokratik dəyərlərin tərkib hissəsi kimi yaşadılıır. Məhz ona görə də bizim demokratik prinsiplərimiz bir çox ölkələr üçün nümunə kimi göstərilir.

Yeri gəlmişkən, bu istiqamət  dövlət başçısının daimi nəzarətində olan ən mühüm məsələlərdən biridir. Elə bir siyasiya ictimai tədbir ola bilməz ki, Prezident İlham Əliyev bu mövzu ətrafında əhatəli şəkildə söz açmasın. Məsələn, Nazirlər Kabinetinin sonuncu iclasında nitq söyləyən dövlət başçımız dedi: “Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir”.

Prezident növbəti dəfə xatırlatdı ki, Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir: “Biz daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq, toqquşmalar görürük. Ancaq biz bu yoldan dönməyəcəyik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar”.

Bir daha xatırlatmaq istərdik ki, bu gün Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir və bir çox yerlərdə bu təcrübə öyrənilir. Təbii ki, bu, yaxşı haldır. Ancaq Azərbaycan dövləti  bu layihələri kiminsə öyrənməsi və ya kiməsə nümunə göstərilməsi üçün deyil, sadəcə, daha  güclü dövlət, xalqımız üçün daha yaxşı şərait yaradılması məqsədilə reallaşdırır. Elə, geridə qalan hər ilin ayrıca bir sahənin daha da inkişaf etdirilməsinə həsr olunması da həmin amala xidmət edir. Ona görə də dövlət başçımız Nazirlər Kabinetinin son iclasında daha bir sahənin inkişaf etdirilməsi üçün xüsusi qərar qəbul etdiyini söylədi: “Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq mən bu ili Azərbaycanda “Multikulturalizm ilielan edirəm. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik".

Yəni,  demokratik dəyərlərin mühüm tərkib hissəsi olan ədalətli seçkilər, yüksək səviyyədə qorunan insan hüquqları və tam şəkildə bərqərar olunmuş tolerantlıq səviyyəsi belə deməyə əsas verir ki, Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 7 fevral.- S.1.