Azərbaycanda qeyri-neft
sektorunun
inkişafında turizmin xüsusi yeri var
Ölkəmizdə qeyri-neft sektorunun
inkişafı dövlətin əsas strateji məqsədlərindəndir.
Azərbaycan Prezidenti
İlham
Əliyev bu
sahənin bundan sonra prioritet olacağını xüsusi
qeyd etmişdir. Qeyri-neft sektorunda turizmin məxsusi
yeri
vardır. Son illər Azərbaycanda turizm sektoruna dövlətimiz
tərəfindən böyük qayğı göstərilir və ölkəmizdə
artıq turizmin
infrastrukturu
formalaşdırılmışdır. Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə
Turizm ili elan olunmuşdur.
Dövlətimizin turizmin inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları da bu sahənin
inkişafına güclü
stimul vermişdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında ölkəmizdə turizm sektorunun inkişafı sahəsində qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən geniş şəkildə bəhs etmişdir. İclasdakı yekun nitqində cənab Prezident demişdir: Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə, olaraq yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilmiş turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan iki dünya sivilizasiyasının qovuşağunda - TransQafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir. Bütün infrastruktur Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları respublikamızın ərazisindən keçir.
Son 13 il ərzində Azərbaycanın turizm sektoru əsl investisiya bumu yaşayıb. Mehmanxana potensialı artıb və bu proses davam edir.
Son vaxtlar dövlətimizin qayğısı sayəsində turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu sahədə qəbul edilmiş dövlət proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər bu inkişafı şərtləndirən əsas amillərdəndir. Turizmin inkişafına dair dövlət proqramının həyata keçirilməsi nəticəsində turizmin tərəqqisi üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Eyni zamanda, regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilmişdir.
Qeyd etməliyik ki, xarici ölkələrlə turizm əlaqələrinin qurulması istiqamətində aparılan işlərin miqyası da xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlar turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması qarşılıqlı əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində mühüm fəaliyyətini davam etdirmişdir.
Ötən il ölkəmiz beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olunub. Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliğində bu sərgilərin mühüm əhəmiyyəti vardır. Bu sərgilər xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi üçün də əhəmiyyətlidir.
2015-ci il ərzində 16 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus stend quraşdırılmışdır. Sərgilərdə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, 20-dən artıq şirkət də iştiraka cəlb edilmişdir. Bundan əlavə, nazirliyin təşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilmişdir. Belə ki, ötən müddət ərzində Azərbaycan dünyanın böyük şəhərlərində keçirilən EMİTT və Ace of MİCE (İstambul), İTB Berlin (Berlin) və İMEX (Frankfuirt), MİTT və Conde Nast Traveller Luxury Travel Fair (MOSKVA), ATM (Dubay), 2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı (Şərca), FİTUR (Madrid), New York Times Travel Show (Nyu-York), JATA (Tokio), WTM (London), Top Resa (Paris), KİTF və KİHE (Almatı) beynəlxalq turizm sərgilərində iştirak etmişdir.
Nazirlikdən verilən məlumata görə, beynəlxalq turizm sərgilərində qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib edilmişdir.
Ötən müddət ərzində ölkəmizdə fəaliyyət göstərən və gəlmə turizmi üzrə ixtisaslaşmış Al Travel, Billur Tur, ENC Tours, Geo-travel, Gilan tourism, Greenwich travel club, Improtex Travel, Millenium Tourism and Congress DMC, Pasha Travel, Regea Travel, Victory tour və SW Travel şirkətləri xaricdə keçirilən turizm sərgilərində iştirakla bağlı fəallıq göstərmişlər. Bunun nəticəsidir ki, 2013-2015-ci illər ərzində akkreditasiyadan keçmiş şirkətlər tərəfindən verilmiş elektron turist vizalarının böyük əksəriyyəti, təxminən 78 faizi məhz bu şirkətlər tərəfindən həyata keçirilmişdir.
Əvvəlki illərin təcrübəsində xaricdə keçirilən bir sıra beynəlxalq sərgilərdə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, eləcə də Dağlıq Qarabağ regionunun təbliği ilə bağlı tədbirlər həyata keçirilmiş, Dağlıq Qarabağa aid müvafiq təşviqat materialları yayılmışdır. Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin birgə səyləri nəticəsində Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının 28-29 may 2015-ci il tarixində Xorvatiyanın Rovin şəhərində keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması adlı qətnamə qəbul olunmuşdur. Sözügedən sənədin qəbul edilməsi Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, eləcə də, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün mühüm rol oynamışdır.
İl ərzində ölkəmizdə reallaşan beynəlxalq mədəni tədbirlər də turizmin inkişafına müəyyən töhfələr vermişdir. Ölkəmizdə böyük uğurla keçirilən I Avropa Oyunları bu sahədə əhəmiyyətli rol oynamışdır. Bu Oyunlar zamanı Azərbaycana 28 min turist gəlmişdir. Avropa Oyunları keçirilən müddətdə hər bir turist, təxminən, iki min dollar pul xərcləmişdir. Otellər, fərqli xidmət sektorları restoranlar, kafelər, çay evləri və s. praktiki olaraq Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən faydalanmaq imkanı əldə etmişlər. Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən əcnəbilər arasında Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ vətəndaşları üstünlük təşkil etmişlər.
Ötən il turizm obyektləri ilə yanaşı, xidmət sektoru, turizm mütəxəssislərinin hazırlanması və onların işlə təminatına da diqqət artırılmışdır. Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də turizm peşə məktəbi keyfiyyətli kadr hazırlığına diqqəti artırmışlar.
Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə ənənəvi olaraq AITF beynəlxalq turizm və səyahətlər sərgisi keçirilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-cı illər üçün marketinq strategiyası hazırlanmışdır. Artıq marketinq strategiyasına uyğun olaraq Azərbaycan 2015-ci ildə bir neçə beynəlxalq turizm sərgisində iştirak etmişdir.
Ölkəmizin əksər regionlarında yeni turizm obyektləri inşa olunmuşdur ki, bu da turistlərin artan tələbatının ödənilməsinə öz müsbət təsirini göstərir.
Turizm üzrə informasiya-naviqasiya sisteminin təkmilləşdirilməsi işləri davam etdirilmişdir.
Ölkəmizdə turizmin inkişafına dövlət qayğısı ildən-ilə artmaqdadır. 2016-cı ildə də bu sahənin sürətli inkişafının təmin edilməsi üçün imkanların səfərbər edilməsi çox vacibdir. Çünki artıq ölkəmizdə iqtisadiyyatın neftdən asılılığına son qoyulması dövrü yetişmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 7
fevral.- S.6.