Prezident Kitabxanasının “Naxçıvan Muxtar
Respublikası” elektron resursu yenilənmişdir
Ötən
əsrin 20-ci illərində Zəngəzurun bir
hissəsinin Ermənistana verilməsi nəticəsində süni surətdə Azərbaycandan ayrı
salınan qədim Naxçıvan diyarının zəngin tarixi keçmişi və
müasir vəziyyəti barədə məlumatların
dünya ictimaiyyətinin nəzərinə
çatdırılmasının
xüsusi əhəmiyyəti vardır.
Zaman-zaman ermənilərin silahlı təcavüzünə və ərazi iddialarına məruz qalan, 1991-ci ildən blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası hazırda Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevrilmişdir. Həyata keçirilən iqtisadi islahatlar və quruculuq işləri sayəsində Naxçıvan Muxtar Respublikasının idxaldan asılılığı bu gün minimuma endirilmişdir. Əhalinin ehtiyacları tam şəkildə yerli məhsullar hesabına ödənilir və bəzi məhsullar xarici bazarlara çıxarılır.
Prezident Kitabxanasında yaradılan və ayrıca http://nakhchivan.preslib.az domenində yerləşdirilən “Naxçıvan Muxtar Respublikası” elektron resursu məhz keçmişdən bu günümüzədək Naxçıvan həqiqətlərini əks etdirməyə və onları vahid portalda internet istifadəçilərinə çatdırmağa xidmət edir.
Azərbaycan və ingilis dillərində hazırlanan bu elektron resurs Muxtar Respublikanın yaranmasının 92-ci ildönümü ərəfəsində əsaslı şəkildə yenilənmişdir. Naxçıvan Muxtar Respublikasının rəsmi orqanlarının məlumatları və müxtəlif materialları əsasında 6 fəsildən ibarət elektron resursun bütün bölmələri zənginləşdirilmişdir.
Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusuna malik bu quruma aid yeni arxiv sənədləri, qərarlar, fərman və sərəncamlar da ayrıca bölmədə istifadəçilərə təqdim edilir.
Qədim diyarın tarixi keçmişini, arxeologiya və etnoqrafiyasını, memarlığını, folklorunu, toponimlərini və s. istiqamətləri özündə əks etdirən və müxtəlif dillərdə olan tədqiqat əsərlərinin, memuarların, ensiklopediyaların elektron versiyaları internet istifadəçilərinə bu kitabları həm oxumaq, həm də köçürə bilmək üçün yeni dizaynda təqdim olunur.
200-dən artıq məqalənin tam mətni, bir o qədər kitabın, 100-dən artıq dissertasiyanın avtoreferatlarının, 1500-dən artıq məqalənin biblioqrafik göstəriciləri də elektron resursa daxil edilmişdir.
Elektron resursa ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Naxçıvana səfərləri zamanı etdikləri çıxışlarının tam mətnləri və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun çıxışlarının mətnləri də daxil edilmişdir.
Geniş oxucu kütləsinin marağına səbəb olan “Naxçıvan Muxtar Respublikası” elektron resursunun hazırda 10 mindən çox istifadəçisi vardır.
Xalq qəzeti.- 2016.- 9
fevral.- S.6.