Şabranlılar prioritet
vəzifələrin həllində
qüvvə və bacarıqlarını əsirgəməyəcəklər
Respublikanın
hər yerində olduğu kimi
Şabran şəhərinin, onun qəsəbə və kəndlərinin də
son illər ümumi mənzərəsi
köklü şəkildə dəyişmiş, regional layihələrin
uğurla həyata keçirilməsi nəticəsində rayonun sosial-iqtisadi potensialı xeyli
artmışdır. Paytaxtın “bir
addımlığında” olan Şabran əsasən kənd təsərrüfatı
rayonu olsa da, burada sənaye də xeyli inkişaf etmiş, yaradılmış münbit
şərait nəticəsində bir çox istiqamətlərdə yeni və müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin
sayı artmışdır.
Rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında məqsəd də məhz görülən işlərə nəzər salmaq, nəticələri təhlil etmək və qarşıda duran vəzifələri müzakirə etmək idi. Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və toplantı iştirakçıları ümummilli lider Heydər Əliyevin Şabran şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etdilər və önünə tər çiçək dəstələri qoydular. İclas salonunun foyesində nümayiş etdirilən, Şabran rayonunun sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsal etdikləri məhsulların nümunələri rəsmi qonaqların və iclas iştirakçılarının böyük marağına səbəb oldu.
Yığıncaq Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı geniş hesabat məruzəsi ilə başladı. Natiq ölkəmizin həyatını kökündən dəyişən iqtisadi islahatlardan, regional inkişaf proqramlarından söz açaraq bildirdi ki, Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi inkişaf strategiyasını son 12 ildə yaradıcı şəkildə və qətiyyətlə davam etdirərək, müstəqil Azərbaycanın iqtisadi - siyasi dayaqlarını sürətlə möhkəmləndirmiş, ölkəmizi regionun qüdrətli dövlətinə çevirmişdir. Məhz bu illər ərzində görülən möhtəşəm işlərin nəticəsidir ki, dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi, planetimizin bütün ölkələrinin iqtisadiyyatlarının ciddi maliyyə böhranı yaşadığı 2015-ci ildə də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr, eyni zamanda, infrastruktur layihələri, sosial proqramlar icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.
Mütəqil dövlətçiliyimizin həyatında əlamətdar haldır ki, aparılan islahatların nəticəsində “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə ölkəmizdə qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı və sənaye sürətlə inkişaf etmişdir. İl ərzində ümumi daxili məhsulun 1 faizdən çox artdığı Azərbaycan iqtisadiyyatında sənaye istehsalı 2,4, qeyri-neft sənayesi 8,4, o cümlədən kənd təsərrüfatı 6,6 faiz artmışdır.
Ötən ildə regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilmiş, nəticədə regionlarda 2 elektrik stansiyası istifadəyə verilmiş, 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunmuş, 590 kilometrdən artıq kənd yolu çəkilib xalqın istifadəsinə verilmişdir. Bütün bu uğurlardan Şabran rayonuna, onun zəhmətkeş əhalisinə də pay düşmüş və şabranlılar da bunun sayəsində ölkə iqtisadiyyatına öz töhfələrini əsirgəməmiş, 2015-ci ildə müəyyən nailiyyətlər əldə etmişlər.
Novruz Novruzov görülən işlərdən danışaraq bildirmişdir ki, ümumilikdə 2015-ci ildə rayonda 13,6 milyon manat həcmində tikinti-quruculuq işləri aparılmışdır. Bu da 5 il əvvəlkindən 1,5 milyon manat, yəni 18 faiz, 10 il əvvəlkindən isə 12 dəfə çoxdur.
Şabran şəhərində dövlət büdcəsinin yerli xərclər hesabına 4,2 kilometr uzunluğunda 9 küçəyə 23,1 min kvadratmetr asfalt döşənmişdir. 2 mərtəbəli 3 yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 2 mərtəbəli 2 yaşayış binası əsaslı təmir olunmuş, fasadlarına davamlı üzlük material çəkilmişdir. Piyadalar üçün yeni salınmış 1,4 kilometr yola 1200 kvadratmetr, park və meydanlara isə 900 kvadratmetr dekorativ üzlük daş döşənmişdir.
Şəhərin cənub girişində yeni ərazinin abadlaşdırılmasına başlanılmışdır. Güləmli yaşayış sahəsində 5 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, rayonun daxili imkanları hesabına “Uşaq Gənclər İstirahət və Əyləncə Mərkəzi”nin tikintisi, Şəhidlər xiyabanında yenidənqurma işləri davam etmişdir.
Natiq vurğuladı ki, 2015-ci ildə məhsul buraxılışının ümumi həcmi 196,1 milyon manata çatmışdır. Bu isə 2014-cü ildəkindən 40,8 milyon manat və ya 26 faiz çoxdur. O cümlədən, sənaye məhsulu istehsalı keçən ildən 19 faiz çox - 9,4 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı keçən ildən 13,6 faiz çox - 94,4 milyon manat olmuşdur. Ötən 5 ildə sənaye məhsulları istehsalı 9,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 2,1 dəfə artmışdır. Son 10 illə müqayisədə isə ümumi məhsul buraxılışının həcmi 6 dəfə, sənaye məhsulu istehsalı 9,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 4,5 dəfə artmışdır.
Ölkə başçısı tərəfindən “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə Şabran bütün sahələrdə yüksək göstəricilərə nail olmuşdur. Rayonun zəhmət adamları 22,7 min ton taxıl, 6,84 min ton tərəvəz, 540 ton meyvə, 2 min ton üzüm istehsal etmişlər. 2015-ci ildə ötən ildəkindən 10,2 faiz çox-23,1 min ton ət, ötən ildəkindən 17,2 faiz çox-15,5 min ton süd, ötən ildəkindən 10 faiz çox-14,8 milyon ədəd yumurta istehsal edilmişdir.
Əlbəttə bu nailiyyətlərin əldə olunmasında iş adamlarına dövlət dəstəyi də az rol oynamamışdır. Belə ki, 2015-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 571,4 min manat kompensasiya ödənilmiş, fermerlər 70 faiz güzəştli şərtlərlə 114,3 min manat dəyərində 201 ton mineral gübrə almışlar. Artıq 2016-cı ilin məhsulu üçün hazırlıq işləri uğurla həyata keçirilir və bu günə 6 min 925 hektar buğda, 5 min 249 hektar arpa, yəni ümumilikdə 12 min 222 hektar payızlıq taxıl əkilmişdir.
Nəticələrini qeyd etdiyimiz 2015-ci ildə Şabran ərazisində meyvə bağları 91,4 hektar artaraq 1843,4 hektara, üzüm bağları 374 hektara çatmışdır. Son 5 illə müqayisədə meyvə istehsalı 7 dəfə, üzüm istehsalı 2,4 dəfə, 10 illə müqayisədə isə müvafiq olaraq 7,3 və 3,1 dəfə artmışdır. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına rayon fermerləri tərəfindən 22 adda 420 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Möhtərəm Prezidentimizin regionlarda soyuducu anbarların tikilməsi tapşırığına əsasən rayonumuzun Gəndov kəndində də 12 min tonluq soyuducu anbar tikilib istifadəyə verilmişdir. Etiraf etmək lazımdır ki, bu anbarın fəaliyyətə başlaması rayonda meyvəçiliyin inkişafına əlavə stimul yaratmışdır.
İcra başçısı qeyd etdi ki, 2015-ci ildə Şabran rayon əhalisinin pul gəlirləri 104,2 milyon manat, adambaşına düşən pul gəlirləri 1821 manat, orta aylıq əməkhaqqı 310,8 manat olmuşdur. Pərakəndə əmtəə dövriyəsi 7,7 faiz artaraq 67,4 milyon manata, pullu xidmətlərin həcmi 4,5 faiz artaraq 13,5 milyon manata çatmışdır.
Ötən il rayonun yerli büdcəsinin xərcləri 12,1 milyon manat nəzərdə tutulsa da onun 88,4 faizi yerinə yetirilmişdir. Yerli gəlirlər isə 4,69 milyon manat proqnozlaşdırılsa da 4,74 milyon manat təşkil etmişdir. Bu isə yerli büdcənin 47 faizini təşkil edir. Doğrudur, illər üzrə müqayisədə yerli daxilolmalarda nəzərəçarpacaq irəliləyiş vardır. Lakin bu Prezidentin qarşıya qoyduğu tələblərdən hələ çox uzaqdır.
Rayonda sahibkarlığın inkişafı və yeni müəssisələrin yaradılması ilə bağlı tədbirlər 2015-ci ildə də davam etmiş, sahibkarlıq subyektlərinin sayı 3 min 548-ə, özəl müəssisələrin sayı 8 subyekt artaraq 261-ə, iri müəssisələrin sayı 35-ə çatmışdır. Təkcə 2015-ci ildə Sahibkarlığın İnkişafına Kömək Fondundan rayonun sahibkarlarına 24 layihəyə görə 975 min manat güzəştli kredit verilmişdir. Ümumilikdə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 5 min 567 sahibkara müxtəlif bank və kredit təşkilatları tərəfindən 14,9 milyon manat kredit verilmişdir.
Rayonda sahibkarlığın inkişafı, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması təkcə istehsalın artmasına deyil, həm də əhalinin məşğulluq problemlərinin həllinə öz töhfəsini verməkdədir. Bu gün rayonda sahibkarlıq müəssisələrindən “Dəvəçi Dəyirman” və “Səba” səhmdar cəmiyyətlərinin, “Şabran Aqro” MMC-nin, “Meri-Brant” şirə-şərab zavodunun adları ehtiramla çəkilir. Ötən il quş əti istehsal edən və 8 hektarlıq istixanada tərəvəz yetişdirən “Şabran Aqro” MMC- də 302 ton tərəvəz, 296 ton quş əti istehsal olunmuşdur. “Meri-Brant” şirə-şərab zavodu 2015-ci ildə məhsul istehsalının həcmini 10 dəfədən də çox artıraraq 168 min dekalitrə çatdırmışdır.
Sahibkarlığın inkişafı məhsul buraxılışının artım dinamikasında da özünü göstərir. Hesabat ilində Şabran rayonunda istehsal olunan sənaye məhsulunun 84,8 faizi, kənd təsərrüfatı məhsullarının 99,8 faizi özəl sektorun payına düşür. 2015-ci ildə rayonda 680 yeni iş yeri açılmışdır ki, onlardan da 619-u daimi iş yerləridir. Son 5 ildə isə 4329 yeni iş yeri açılmışdır ki, onlardan 3502-si daimi iş yerləridir. Son 12 ildə yeni açılmış 8984 iş yerinin 5617-si daimidir. Əhalinin məşğulluq probleminin həllində rayonda sahibkarlığın inkişafı, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması da az rol oynamır.
Natiq xüsusi vurğuladı ki, ötən ilin Şabran rayonu üçün yaddaqalan ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin “Qalaaltı” müalicə istirahət turizm kompleksinin açılışında iştirak etməsi olmuşdur. 180 nəfər işçi qüvvəsinin çalışdığı 354 yerlik “Qalaaltı” müalicə istirahət turizm mərkəzi rayonda turizmin inkişaf potensialını üzə çıxarmışdır. İndi rayonda Qalaaltı da daxil olmaqla 6 ünvanda, 600 yerlik otel-istirahət müəssisələri vardır. Hazırda inşasında yüzdən çox rayon sakininin çalışdığı “Əlincə” idman klubu üçün təlim-məşq düşərgəsi və 50 yerlik otel kompleksinin tikintisi başa çatıb. Şabran şəhərində 33 yerlik mehmanxana və istirahət mərkəzi tikilib istifadəyə verilmişdir.
İcra hakimiyyəti başçısının hesabatında rayonda əsas tələbat mallarının satışının tənzimlənməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə 16 nəfərdən ibarət ictimai nəzarət komissiyasının yaradılması ilə yanaşı, əhalinin enerji daşıyıcıları ilə təminatı sahəsində görülən işlərdən də geniş söhbət açıldı. Qeyd olundu ki, Prezidentin qayğısı sayəsində 26 min nəfər əhalinin yaşadığı Şabran şəhəri yenidən qazlaşdırılmışdır. Ötən bir neçə ildə rayonun daha 9 kəndinə mavi yanacaq verilib. İndi rayon əhalisinin 80 faizi mavi yanacaqla təmin edilir. 2015-ci ildə Pirəbədil, Sumaqova, Xəlilli, Dağbilici, Zöhramı, Pirəmsən kəndlərinə təbii qaz verilmişdir. Günəşli və Mumlu kəndlərində kənddaxili qaz xətlərinin çəkilişi başa çatmışdır.
Prezidentimiz İlham Əliyevin strateji xəttinin əsasını təşkil edən “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” sözlərini xatırladan Novruz Novruzov hesabat məruzəsinə yekun vuraraq bildirdi ki, Prezidentin siyasətinin bu prinsipini əsas götürərək biz də rayonda əsas diqqəti əhalinin rifahına, məişət şəraitinin, yaşam tərzinin yaxşılaşdırılmasına, sosial müdafiəsinə, elmə, təhsilə, insan sağlamlığına yönəltməyə çalışmış, işimizi bu prioritet xəttə uyğun qurmağa çalışmışıq. Gördüyümüz işlərin hər biri məhz bu strateji xəttə xidmət edir.
Hesabat yığıncağında çıxış edənlər 2015-ci ildə rayonda həyata keçirilmiş tikinti və quruculuq, abadlıq işlərini, əhalinin sosial rifahı naminə atılan addımları yüksək qiymətləndirmiş və icra hakimiyyətinin ötənilki fəaliyyətinin yekunlarını qənaətbəxş qiymətləndirdilər.
Yığıncaqda iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Niyaz Əliyev də toplantı iştirakçıları qarşısında çıxış edərək görülən işlər barədə fikirlərini bildirdi.
2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı qərar layihəsi oxunub müzakirə edildikdən sonra, hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. Müraciət bu sözlərlə yekunlaşırdı: “Möhtərəm Prezident! Qəti əmin ola bilərsiniz ki, şabranlılar Sizin, Azərbaycanı son illərin dünya maliyyə böhranından üzüağ çıxarmaq və Vətənimizi yüksək rifah ölkəsinə çevirmək naminə qarşıya qoyduğunuz tapşırıqların və prioritet elan etdiyiniz vəzifələrin həyata keçirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.”
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2016.- 13
fevral.- S.6.