Zərdablılar bütün

sahələrdə uğurları artırmışlar

 

Zərdab Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında bölgənin ötənilki sosial- iqtisadi inkişaf göstəriciləri təhlil olundu, cari ildə qarşıda duran vəzifələri gerçəkləşdirmək, problemlərin həllini sürətləndirmək üçün tədbirlər müəyyənləşdirildi. Məruzə və çıxışlarda üçüncü regional inkişaf proqramında nəzərdə tutulmuş tədbirlərin rayonda ardıcıl həyata keçirildiyi, təşəbbüskarlığa geniş meydan açıldığı, mövcud imkanların əhalinin rifahının yaxşılaşdırılmasına yönəldildiyi vurğulandı.

Yığıncaqdan əvvəl zərdablılar və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoydular, ulu öndərin xatirəsini dərin ehtiramla yad etdilər.

Toplantı iştirakçıları rayon icra hakimiyyətinin dəhlizində 2015-ci ilin uğurlu sosial-iqtisadi göstəricilərini əks etdirən diaqramlarla, kənd təsərrüfatı məhsullarından və yerli inşaat materiallarından ibarət sərgi ilə tanış oldular.

Yığıncağı giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirakçılara Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və sonrakı toplantılarda ölkənin sosial- iqtisadi inkişafı ilə bağlı yaranmış çətinlikləri aradan qaldırmaq, zəruri islahatlar aparmaq, çevik antiböhran siyasəti həyata keçirməklə bağlı qarşıya qoyduğu vəzifələr barədə ətraflı məlumat verdi. Nümayiş etdirilən videolent salona toplaşanları 2015-ci ildə rayonda görülən işlərin, qazanılan uğurların canlı və yığcam xronikası ilə tanış etdi.  Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsində isə 2015-ci ilin sosial-iqtisadi mənzərəsi daha əhatəli əks olunmuşdu. Başçı qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2015-ci ildə respublikamızda qazanılan nailiyyətlər Zərdab rayonunun da ictimai-siyasisosial-iqtisadi həyatı üçün səciyyəvidir.

Hesabatda göstərildi ki, keçən il iqtisadiyyatın əsas sahələrində əvvəlki illə müqayisədə 4 milyon 84 min manatlıq çox  85 milyon 383 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bunun 54,9 milyon manatlığı və ya 64,4 faizi kənd təsərrüfatının, 18,8 milyon manatlığı və ya 22,1 faizi ticarət və xidmətin, 8,1 milyon manatlığı və ya 9,5 faizi tikinti və quraşdırma işlərinin, 1,7 milyon manatlığı və ya 2 faizi sənayenin, 1,2 milyon manatlığı və ya 1,4 faizi nəqliyyatın, 0,5 milyon manatlığı və ya 0,6 faizi poçt və rabitə sahələrinin payına düşür.

İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında ötən il inkişaf və irəliləyiş davam etmişdir. 16730 hektarda taxıl əkilmiş, 49850 ton məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq 29,8 sentner olmuşdur. 2014-cü ilə nisbətən məhsul istehsalı 118 ton, məhsuldarlıq 2,2 sentner artmışdır. Bundan əlavə, 24 hektardan 85 ton çəltik, 130 hektardan 702 ton qarğıdalı, məhsul 116 hektardan 2098 ton kartof, 152 hektardan 2386 ton tərəvəz , 229 hektardan 7375 ton bostan məhsulu toplanmışdır. 471 hektar bağlardan 2542 ton meyvə, 201 ton üzüm istehsal olunmuşdur.

Rayonda iri malın sayı 54428 başa, qoyun-keçilərin sayı isə 112971 başa çatmışdır ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 192 və 387 baş çoxdur. İl ərzində ət istehsalı 13,1 ton artaraq 4368,9-a, süd 94,5 ton çoxalaraq 31871-ə, yumurta 14 min ədəd artaraq 8 milyon 72 minə, yun 0,6 ton çoxalaraq 165,6-ya, quşların sayı 595 baş artaraq 188782-yə çatmış, proqnoz tapşırığa artıqlaması ilə əməl edilmişdir.

Əkin sahələrinin suvarılması işi nəzarətdə saxlanılmış, Sudan İstifadəedənlər Birliyinin xidmət etdiyi 3299 hektar sahəni əhatə edən suvarmadrenaj kollektorunun bərpasına başlanılmışdır. Torpaq mülkiyyətçilərinə dövlət dəstəyi gücləndirilmiş, məhsul istehsalçılarına 1,8 milyon manata yaxın subsidiya verilmişdir. “AqrolizinqASC-nin Zərdab bölməsi fermerlərə güzəştli şərtlərlə 753,5 ton azot, 4,8 ton fosfor gübrələri, 460 litr amin duzu satmışdır. Lizinq yolu ilə vətəndaşlara 3 traktor, 2 kombayn, 10 kotan, 8 taxılsəpən, 7 otbiçən və digər texnika verilmişdir. 1 yeni taxılbiçən kombayn alınmışdır.

Rayonda tikinti-abadlıq işləri davam etdirilmiş,  əsas kapitala yönəldilmiş investisiyalar 8 milyon 556 min manat təşkil etmiş, onun

8 milyon 141 min manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Dövlət Təhlükəsizliyi Xidməti rayon bölməsinin inzibati binasının, Vergilər Nazirliyinin xidmət mərkəzinin, şəhid ailələri və Qarabağ əlilləri üçün 4 fərdi mənzilin, Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsinin binasının tikintisi başa çatmışdır. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün yeni binanın tikintisinə hazırlıq işləri aparılır. İl ərzində ümumi sahəsi 4985 kvadratmetr olan 44 fərdi mənzil tikilmişdir.

13 saylı Yol İstismar İdarəsi ortacari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində ümumilikdə 1 milyon 179 min manatlıq görmüşdür. Ucar-Zərdab-Ağcabədi, Hüseynxanlı-Xanməmmədli, Bəyimli, Məlikumudlu, Gəlmə-Allahqulubağı, Burunlu, Nəzəralılı, Alıcanlı, Ağabağı, Məmmədqasımlı avtomobil yollarında cari təmir işləri aparılmışdır.

Sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq sahibkarlarla görüşlər keçirilmiş, onları narahat edən məsələlər öyrənilmiş və həlli üçün tədbirlər görülmüşdür. İl ərzində 225 fiziki, 12 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlamışdır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda kənd təsərrüfatı istehsalçılarına 25 layihə üzrə 304,2 min manat kredit verilmiş və 30 yeni yeri yaradılmışdır.

Ümumiyyətlə, ötən il rayonda 317-si daimi olmaqla 435 yeni yeri yaradılmışdır. Əmək yarmarkasında 48 nəfər işlə təmin olunmuşdur. İl ərzində Rayon Məşğulluq Mərkəzində 279 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 184 nəfər işlə təmin edilmişdir.  477 ailə müraciət etmiş, 467 ailənin 2115 üzvünə ünvanlı sosial yardımı təyin olunmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli və Çallı kəndlərində yeni modul tipli sutəmizləyici qurğuların tikintisini başa çatdırmışdır. Hazırda rayon ərazisində 21 belə qurğu və 264 bulaq əhaliyə xidmət göstərir.

Rayon ərazisində elektrik təsərrüfatının yenidən qurulmasına başlanılmışdır. Pərvanlı, Əlibəyli, Allahqulubağı, Gödəkqobu, Məmmədqasımlı, Qoruqbağı, Sarıqaya və Çallı kəndlərinə təbii qaz verilişi təmin edilmişdir. 25 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmışdır. Hazırda daha 10 kəndə qaz çəkilişi yekunlaşır.

Son 10 ildə 16 yeni məktəb (2-si Heydər Əliyev Fondu hesabına), 2 körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdir. 4 məktəb, 5 körpələr evi-uşaq bağçası əsaslı təmir edilmişdir. 250,5 min manatlıq müxtəlif adda inventar və avadanlıq alınaraq təhsil müəssisələrinə paylanılmışdır.  Dövlət proqramına uyğun olaraq, Mərkəzi Xəstəxananın əsaslı təmirinə başlanılmışdır. Alıcanlı kənd həkim məntəqəsində 27 min manatlıq əsaslı, Məlikumudlu kənd həkim məntəqəsində 6 33,9 min manatlıq təmir işləri aparılmışdır. Mərkəzi Xəstəxananın şöbələri, poliklinika, kənd tibb müəssisələri zəruri tibbi avadanlıq və inventarlarla təmin olunmuşdur. İl ərzində mədəni-maarif müəssisələrində 33,2 min manatlıq cari təmir işləri aparılmış, 237,4 min manatlıq inventar və avadanlıq alınmışdır.

Rayon icra hakimiyyəti başçısı keçən il  790 vətəndaşı qəbul etmiş, 36 yaşayış məntəqəsində 49 səyyar qəbul keçirilmiş, görüşlərdə 244 təklif irəli sürülmüşdür. Qaldırılmış problemlərin 94-ü həll olunmuş, digərləri isə həll ediləcəkdir.

Yığıncaqda Zərdab rayonunun 2016-cı il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olundu. 2015-ci ildə fərqlənən bir qrup zərdablıya rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olundu. Sonda ölkə Prezidentinə müraciət qəbul edildi.

Hesabat yığıncağında Milli Məclisin üzvü Jalə Əliyeva və Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev iştirak və çıxış etdilər.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2016.- 20 fevral.- S.10.