İmişli: İlləri
uğurla yola salanda ...
İmişliyə ilin
qış fəslində səfərimiz təsadüfi
olmadı. Əlbəttə,
rayonda insanların əllərinin təsərrüfat işlərindən,
əkin-biçinin minbir qayğısından nisbətən
azad olduğu vaxt elə qış fəsli olur. Belədə rayon rəhbərliyində olan şəxslərlə
görüşüb keçən ilin nəticələri ilə
bağlı söhbət etmək də asan olur. Faktlar və rəqəmlər əllərinin
altında oldduğundan rəhbər kadrlar da konkret
danışa bilirlər. Bu baxımdan
İmişli Rayon İcra Hakimiyyətində keçirdiyimiz
görüşləri uğurlu hesab etmək olar.
Əlbəttə,
RİH başçısı Vilyam Hacıyev əvvəlcə
son günlərin ən vacib və əhəmiyyətli hadisəsi
kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sədrliyi ildə 10 yanvar 2016-ci ilə
keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası haqqında danışdı və
təbii ki, keçən il ölkədə
baş vermiş iki devalvasiya məsələsinə toxundu. Bildirdi ki, bu məsələ cənab Prezidentin
çıxışında da ağrılı bir problem kimi
vurğulandı. “Ölkəmizin
başçısı iclasda geniş nitq söyləyərək
bildirmişdir ki, neftin qiymətinin dünya bazarında surətlə
enməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla
inkişaf edir. İlin 12 ayı ərzində
əldə olunan göstəricilər bunu deməyə əsas
verir. O, dünyada və bölgədə gedən
prosseslərə toxunaraq qeyd etmişdir ki, həm bölgədə,
həm də Avropada yaşanan iqtisadi, hərbi, siyasi
böhranlara baxmayaraq Azərbaycanda
düşünülmüş müstəqil siyasət nəticəsində
böyük naliyyətlər əldə olunmuşdur. Böyük layihələr icra edilmiş, ölkəmizin
beynəlxaq nüfuzu artmışdır. İqtisadi sahədə
son 12 il ərzində Azərbaycan
iqtisadiyyatı rəqabət qabliyyətinə görə
inkişaf edən 40 ölkə sırasındadır. Bütün beynəlxalq maliyyə qurumları və
statistik məlumatlar bunu təsdiqləyir. Dünyanın
bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin
rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı
38-ci yerə layiq görmüşdür. Bu,
bir daha ölkəmizin uğurla inkişaf etdiyini göstərir.
Təkcə bir il ərzində respublikamızın
iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulduğunu və
qoyulan sərmayənin yarısının xarici sərmayə olduğunu bildirərək
bunun çox böyük göstərici olduğunu xüsusilə
vurğulamışdır”.
Başçının
sözlərinə görə, 2015-ci il dövlət
başçısının sərəncamı ilə
respublikamızda “Kənd təsərrüfatı
ili” elan olunub və bu il ərzində kənd təsərrüfatı
sahəsində iqtisadi artım qeydə alınıb. Bunu Prezident xüsusilə bildirib. Respublika
üzrə ümumdaxili məhsul istehsalı 1 faiz, qeyri-neft
sektoru 8,4 faiz artıb. 2015-ci ildə
İmişli rayonunun sosial-iqtisadi inkişafında da
yaxşı nəticələr əldə olunub.
İqtisadiyyatın əsas sahələri üzrə
353.326.200 manatlıq məhsul istehsal edilib və ya xidmət
göstərilib ki, bunun 124.595.400 manatı və ya 35,3 faizi sənaye, 112.868.100 manatı və ya
31,9 faizi kənd təsərrüfatı, 53.174.900 manatı və
ya 15 faizi tikinti, 53.692.200 manatı və 15,2 faizi ticarət və
iaşə, 8.354.900 manatı və ya 2,4 faizi nəqliyyat,
640.700 manatı və ya 0,2 faizi rabitə müəssisələrinin
payına düşür. Göründüyü kimi, rayon
iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalı tutur.
2015-ci ildə İmişli şəhərində
aparılan abadlıq və quruculuq işləri nəticəsində
şəhərin siması tamamilə dəyişmiş,
şəhər son dərəcə müasirləşmişdir. P.Həsənov, L.Vəliyev
və H.Aslanov küçələrinə asvalt örtüyü
salınıb. Hazırda 20 Yanvar küçəsində
səkilərin təmiri işləri aparılır, agac və
gül kolları əkilir. Ağsu-Bəhrəmtəpə
dolayı yolunda 8 kilometr avtomobil yolunun alt qatına asfalt beton
qoyulub, yolun 106 kilometr 113-cü kilometr-ə kimi cari təmir
işləri yerinə yetirilib. Hazırda
İmişliyə giriş yolunda 7 kilometr sahəsində
asfalt-beton qoyulmasına başlanılıb. 23 kilometrlik Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular
avtomobil yolu əsaslı təmir olunaraq sakinlərin istifadəsinə
verilib.
Başçı
qeyd etdi ki, keçən il İmişli şəhərində
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 mərtəbəli
54 mənzilli ictimai yaşayış binasında tikinti işləri
davam etdirilib və işlər tamamlanmaq üzrədir. Həmin təbəqədən olan insanlar
üçün ikinci yaşayış binasının
tikintisi nəzərdə tutulur. İmişli
rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı
idarəsinin inzibati binalarının tikintisi başa
çatıb, Səfərbərlik və Hərbi Xidmətə
Çağrış üzrə Dövlət Xidmətinin
İmişli rayon şöbəsinin inzibati binasının
tikintisi nəzərdə tutulub.
İmişli rayonunda sənaye də inkişaf etməkdədir. Son illər rayonda emal sənayesinin
inkişafı üçün bir sıra işlər
görülmüş, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC-nin Kəllə qənd,
Qarışıq Yem, Bitki Yağları, Spirt emalı,
Çuğundur, yemqurutma zavodları, Bəhrəmtəpə
qəsəbəsində 50 min tonluq taxıl anbarı,
Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən
“Araz Damazlıq Quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş
Şirələr və Konyak zavodu istifadəyə
verilmişdir. Bunun nəticəsində rayonda hər il ÜDM-in artımı müşahidə
edilir.
Rayonda iri
neft sənaye müəssisəsi olan Muradxanlı İriləşdirilmiş
Neft Mədənində 16,8 min ton neft məhsulu
hasil edilib. İmişli Şəkər Zavodu 2015-ci ildə
312.340.100 ton şəkər tozu istehsal edib, o cümlədən, başqa sifarişçiyə məxsus
xammaldan 164.646 ton şəkər tozu emal olunub. Ümumiyyətlə
İmişli Şəkər Zavodu 2015-ci ildə 103.423.200
manatlıq məhsul istehsal edib.
2015-ci ildə
rayonda heyvandarlıq və quşçuluq sahələrinin də
inkişafı təmin edilmiş, rayon üzrə
mal-qaranın sayı 93930 başa, qoyunların sayı 253062
başa, quşların sayı isə 1515691 başa
çatıb, ötən ilin müvafiq dövrü ilə
müqayisədə iribuynuzlu mal-qara 1846 baş, qoyunlar 6234
baş, quşlar isə 647 baş artıb. Ət istehsalı
(diri çəkidə) 15423,9 ton, süd istehsalı 49020 ton,
yumurta 87156 min ədəd, yun istehsalı isə 369,8 ton
olmuş, ötən ilin müvafiq dövrü ilə
müqayisədə bütün heyvandarlıq məhsullarının
istehsalı artmışdır. 01 yanvar 2016-cı il tarixə
kimi 17552 hektar sahədə buğda, 6343 hektar sahədə
arpa, 270 hektar sahədə kartof, 370 hektar sahədə bostan,
310 hektar sahədə tərəvəz, 175 hektar sahədə
dən qarğıdalı, 2551 hektar sahədə pambıq,
396 hektar sahədə isə şəkər çuğunduru
əkilmişdir. 2015-ci ildə 19664 ton arpa, 42595 ton buğda məhsulu
istehsal edilib və məhsuldarlıq 35,5
sentner olub. Həmçinin 3375 ton kartof, 3642 ton tərəvəz,
988 ton qarğıdalı, 2321 ton şəkər
çuğunduru, 1312,4 ton pambıq tədarük edilib.
Bundan əlavə,
ilin bütün fəsillərində əhalini təzə tərəvəz
məhsulları ilə təmin etmək üçün 10
hektar ərazidə yeni istixanaların inşa olunmasına
başlanılıb, rayonda taxılçılğın
inkişaf etdirilməsi, yeni iş yerlərinin
yaradılması məqsədilə xarici investorları cəlb
etməklə dövlət fondu torpaqlarından 4000 hektar torpaq
sahəsinin ayrılması nəzərdə tutulub, kənd təsərrüfatı
məhsulları istehsalının artırılması
üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi
ayrılıb.
Başçı bildirdi ki, rayonda tikinti sahəsi də
uğurla inkişaf edir. 2015-ci ildə bütün maliyyə mənbələri
hesabına rayon iqtisadiyyatının və sosial sahənin
inkişafına 66.760.200 manat vəsait yönəldilib, onun 79,7 faizi və ya 53.174.900 manatı tikinti
quraşdırma işlərinə sərf edilib. 2015-ci ildə
rayonda 1212 iş yeri, ümumilikdə 23599 iş yeri
açılıb. Rayon əhalisinin məşğulluğunun təmin
olunması ilə bağlı müvafiq tədbirlər həyata
keçirilib və bu işlər davam etdirilir. İl ərzində ehtiyacı olanlara ünvanlı
sosial yardımların verilməsi təmin edilib, 1317 ailə
bu imkandan bəhrələnib.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə
təminatına diqqət artırılıb. Bir sıra kəndlərdə
sayğaclaşma işləri görülüb, yeni
transformatorlar quraşdırılıb və kabel xətləri
çəkilib. Hazırda rayonun Məzrəli,
Qaradonlu, Qaralar, Şahverdili, Cavadxanlı, Bəcirəvan və
Qızılkənd kəndlərində əhalinin keyfiyyətli
elektrik enerjisi ilə təmin olunması üçün
kabelləşmə işləri aparılır. Rayon Qaz
İstismarı sahəsi qazlaşdırma işini davam etdirərək
1775 abonentin evinə təbii qaz xətti çəkib, bununla
da 11737 abonentin təbii qazdan istifadəsi təmin edilib. Rayonun
Boşçalılar, Şahverdili, Əliqulular, Otuziki,
Qaragüvəndikli, Oruclu, Məhəmmədli, Qaralar,
Yuxarı Qaralar, Muradalılı, Xoşçobanlı,
Murğuzalılı, Mürsəlli, Cavadxanlı, Göbəktala
kəndlərində və Bəhrəmtəpə qəsəbəsində
qaz çəkilişləri başa çatıb və əhaliyə
təbii qazın verilməsi təmin edilibr. Qaraqaşlı,
Nurulu, Ölcələr, Sarıxanlı, Çahar, Gövhərli,
Soltanmuradlı, Qaradonlu, Xubyarlı, Məzrəli,
Çaxırlı, Mirili, Qaravəlili və Bəcirəvan kəndlərində
isə qaz çəkilişi davam etdirilir. Bununla da rayonda
qazlaşdırma 54,03 faiz olub. Kəndlərin
su təchizatını yaxşılaşdırmaq, əhalini
ekoloji cəhətdən təmiz içməli su ilə təmin
etmək məqsədilə rayonun 13 kəndində modul tipli
sutəmizləyici qurğular quraşdırılıb. Digər kəndlərdə isə bu işlər
davam etdirilir. İmişli şəhərinin su təchizatının
yenidən qurulması və kanalizasiya sisteminin
yaradılması ilə əlaqədar “Milli Su Təchizatı
və Kanalizasiya xidmətləri üzrə ikinci layihə”
çərçivəsində İmişli şəhəri
və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə
xidmət göstərmək üçün layihədə nəzərdə
tutulmuş 9320 ədəd öncədən ödəmə
sistemli smart elektron su sayğaclarının 8320 ədədi evlərə
quraşdırılıb, 7782 ailəyə içməli su
verilib.
2015-ci ildə 55 yerlik Əliqulular kənd uşaq
bağçası-körpələr evində son tamamlanma
işləri aparılır. Rayonun Məzrəli kənd
tam orta məktəbinin əsaslı təmiri davam etdirilir.
Qızılkənd, Qaradonlu məktəblərinin
binası əsaslı, şəhər 4 saylı və Nurulu
kənd orta məktəbləri isə cari təmir edilib.
30 məktəbdə mərkəzləşdirilmiş
istilik sistemi quraşdırılıb. 2014-2015-ci tədris
ilində 1196 nəfər məzundan
480-i Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına sənəd verib, onlardan da 257 nəfəri və
ya 54 faizi tələbə adını qazanıb. Rayon üzrə
22 nəfər 500-dən yuxarı, 12 məzun isə 600-dən
yuxarı bal toplayıb.
Rayonda 9 xəstəxana,
12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və
1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə
şöbə fəaliyyət göstərir ki, həmin
müəssisələrdə də 108 nəfər həkim və
472 nəfər orta ixtisaslı tibb işçisi
çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində
ayrı-ayrı ixtisaslar üzrə 60 nəfər həkimə
ciddi tələbat var. Əhaliyə tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılması və səhiyyə
obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində müəyyən işlər
görülür. Muradxanlı kənd xəstəxanasının
əsaslı təmiri başa çatdırılıb,
Göbəktala və Hacırüstəmli kənd tibb məntəqələri
üçün yeni binalar tikilib. Əhalinin
müainəsi üçün 9 həkim briqadası
yaradılıb, vaxtaşırı ucqar kəndlərdə
tibbi müainələr aparılıb, ehtiyacı olanlar
müalicəyə cəlb edilib. Yolxucu xəstəliklərlə
mübarızə daimi nəzarətdə saxlanılır.
Şəkərli diabet xəstələri
vaxtaşırı dərmanla təmin edilirlər.
Keçən
il rayondakı mədəniyyət müəssisələrində
mədəni-kütləvi tədbirlər, konsertlər və
başqa tədbirlər keçirilib. Gənclərin
asudə vaxtlarının səmərəli təşkili və
hərbi-vətənpərvərlik tərbiyəsi, onların
müxtəlif idman növləri ilə məşğul
olmaları üçün müvafiq şəraitin
yaradılması - ümumilikdə gənclərin layiqli vətəndaş
kimi formalaşdırılması istiqamətində tədbirlər
RİH-in diqqət mərkəzindədir. Hazırda rayon əhalisinin 40.064 nəfərini
və ya 32 faizini gənclər təşkil edir ki, onların
da istifadəsində 132 idman qurğusu, üç bədən
tərbiyəsi-sağlamlıq mərkəzi, müasir tələblərə
cavab verən 8500 yerlik bir futbol stadionu, bir Olimpiya İdman
Kompleksi, 2011-2015-ci illərdə tikilib istifadəyə
verilmiş Gənclər Mərkəzi, eləcə də
müasir üslubda inşa edilmiş Uşaq Gənclər
Şahmat Məktəbi və digər əyləncə mərkəzləri
və idman qurğuları vardır.
2015-ci ildə
nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr
və avtomobil nəqliyyatı sahəsində
çalışan fiziki şəxslər tərəfindən
8.354.900 manatlıq və ya ötən ilin müvafiq
dövrünə nisbətən 4,8 faiz
çox nəqliyyat xidməti göstərilib. Nəqliyyat
xidmətinin 6.199.100 manatı yük daşınmasından,
2.155.800 manatı isə sərnişin daşınmasından
qazanılıb. İl ərzində 194
abonentə telefon xətti çəkilib, rayon üzrə
ümumi genişzolaqlı internet istifadəçilərinin
sayı 3204 nəfərə çatdırılıb. Bu sahədə işlər davam etməkdədir.
2015-ci ildə
Kür-Araz çaylarında mühafizə bəndlərini
möhkəmləndirmək məqsədilə 400 kubmetr həcmində
betonla, 288 kubmetr faşınla sahilbərkitmə, 27,8 km
uzunluğunda 618,24 min kubmetr həcmində qayakəsmə və
təmir işləri görülüb.
Beləliklə, rayon rəhbərliyi ilə söhbət zamanı məlum oldu ki, 2015-ci ildə rayonda iqtisadiyyatın bir çox sahələrinin inkişafı təmin edilib, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilib, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində yaxşı nəticələr əldə olunub. Sonda V.Hacıyev bildirdi: “Biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik”.
Biz İmişlidən ayrılanda həzin qar səpələyirdi. Bu, həm bolluğun, həm də bərəkətin rəmzi idi. İnanırıq ki, illəri uğurlarla yola salmağa adət etmiş imişlilər 2015-cildə olduğu kimi, 2016-cı ildə də sosial-iqtisadi inkişaf yolunda sanballı addımlar ataacaq, ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklər. Bu yolda onlara uğurlar arzulayırıq!
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2016.- 20 fevral.- S.8.