Azərbaycan üzləşdiyi iqtisadi
çətinlikləri
uğurla dəf etməyə qadirdir
Çağdaş dünya
iqtisadiyyatına nəzər salsaq,
aydınca görərik ki, təbii sərvətlərlə
zəngin dövlətlərin əksəriyyəti iqtisadi cəhətdən inkişaf
etmiş ölkələrlə müqayisədə
geridə qalmaqdadırlar. Bu anomaliya iqtisadi qanunauyğunluğu inkar edir. Belə ki, mövcud sərvətlər iqtisadi
üstünlükləri və perspektivləri şərtləndirməli
olduğu halda, doğrudan da, dünya təcrübəsində xeyli uğursuzluq nümunələri
mövcuddur.
Neftlə zəngin Nigeriya 250 milyard dollarlıq neft gəlirlərini xərcləmiş və hazırda külli miqdarda borc sahibidir. Venesuela əhalisinin üçdə ikisi səfalət içində yaşayır. Bir sıra ölkələrdə neft, qaz və digər sərvətlərə nəzarət etmək uğrunda vətəndaş müharibələri tüğyan edir. Bütün bunlar danılmaz faktlardır və bu amillərin nə dərəcədə təhlükəli olduğundan xəbər verir. Bu kimi uğursuzluqlarla yanaşı, müsbət tendensiyalara sahib dünya neft liderləri olan – Norveç və Kanada da hətta günün birində neft amili qeyb olmuş olsa belə, əhalinin rifahında heç nə dəyişməz. Bəs bunun səbəbi nədir?
Norveç və Kanada, həqiqətən, fərqlidir. Buna səbəb isə neftlərinin fərqli olması və ya coğrafi amil deyil, aşağıdakılardır: bu ölkələr stabil dövlətdir; ikili standartlara məruz qalmır; onlara siyasi təzyiq yolverilməzdir; insan kapitalı yetərincə sərmayələşmişdir; onlar təkcə neftdən asılı deyil və s.
Bəs bizdə vəziyyət necədir? Azərbaycan bir dövlət kimi Allahın bəxş etdiyi sərvətlərinə sahib çıxanda ölkə qanlı olaylar yaşamaqda idi. Bir tərəfdən, imperiya qalıqları ilə ermənilər əl-ələ verərək torpaqlarımızı zəbt etməklə, xalqın qanını tökür, ölkə hər gün minlərlə qaçqını və köçkünü ölümdən xilas edir, onlarla şəhidin cənazəsini torpağa tapşırırdı. Digər tərəfdən də, daxildəki casuslar və xaricdən dəstəklənən “sapı özümüzdən olan baltalar” hakimiyyətdəki boşluqdan istifadə etməklə olan-qalan ehtiyatlarımızı talamaqda idilər.
Çökdürülmüş iqtisadiyyata varis edilmiş ölkə, iqtisadi iflasın son mərhələlərində belə dayanma iqtidarında deyildi. Artıq demək olar ki, vətəndaş müharibəsi başlamışdı. Belə bir şəraitdə dövlətin bazası hesab edilən xalqın sosial - psixoloji durumunu təsəvvür etmək o qədər də çətin deyil.
Bütün haqsızlıqlara baxmayaraq, Tanrının bu xalqa rəhmi gəldi – ümummilli lider Heydər Əliyev iradəsinə, siyasətinə, təcrübəsinə, bilik və bacarığına güvənərək, bu günümüzün də təsdiq etdiyi kimi, lazımi seçim və yeganə, düzgün qərarlar qəbul etməklə, milli və müstəqil bir dövlət qurdu! Bu dahi şəxsiyyət sınıq- salxaqlıqlarına rəğmən, dövlət mexanizmini hərəkətə gətirə bildi.
O kəşməkəşli günlərdə həddən artıq təcrübəyə və praqmatik təfəkkürə sahib Qərbin nüfuzlu şirkətlərinin sərvətlərimizə meyl etməsi hamını əndişələndirirdi. Lakin ulu öndərin zəkası sayəsində Azərbaycan qısa zaman kəsiyində təbii sərvətlərindən yetərincə faydalana bildi. Amma iqtisadi gerçəkliklərin bugünkü realığı bir daha ehtiyatlı olmağımızı diktə edir. Bu gerçəkliklər fonunda ölkəmizdə baş verənlərə ədalətlə ekskurs etsək, uğurlarla yanaşı, çatışmamazlıqların və ehtiyatsızlıqların da şahidi olarıq. İqtisadiyyatımızdakı bugünkü mənfi təzahürləri qəfil gələn təbii fəlakətə də bənzətmək olar. Amma sərvət yükü daşıyan heç bir dövlət belə disproporsiyalardan sığortalana bilməyib.
Sərvət yükü terminindən, adətən, neft və qaz satışından əldə edilən gəlirlərin valyuta kursuna, ticarət balansına, daxili istehsala, həmçinin kreditlərin miqdarı və dəyərinə mənfi təsirini təsvir etmək üçün istifadə edirlər. Neft-qaz sənayesindən gəlir axını ölkənin digər iqtisadi sahələrini nəinki inkişaf etdirmir, əksinə, bu sahələrin inkişafını əhəmiyyətli dərəcədə əngəlləyir. Bu paradoks, əsasən, valyuta məzənnəsinin kəskin dəyişməsi, inflyasiya prosesi, rəqabət mühitindəki zəifləmələr, məşğulluğun səviyyəsi, dövlət və vətəndaşlar arasındakı əlaqənin zəifliyi və həddən artıq xarici borcun yaranması ilə özünü göstərir.
Sərvət yükünün iqtisadi fəsadları baxımından bugünkü Azərbaycanın iqtisadi gerçəkliklərinə obyektiv yanaşsaq, aşağıdakıları görərik: – valyuta məzənnəsi təlatümlüdür, tendensiya ilə dəyişir, amma idarə edilir, nizamlanandır, təhlükəli deyil; – inflyasiya prosesi bir sıra səbəblərdən (Amerikanın sentyabr ayında dolların faiz dərəcəsini 0,5 faizə qaldırması, neftin 4 dəfəyə qədər ucuzlaşması, Çin iqtisadiyyatının zəifləməsi, İran neftinin dünya bazarına maneəsiz çıxışı və s. ) dünyəvi xarakter daşıdığından, Azərbaycanda, qiymətlərin birtərəfli qalxmasına yol vermək olmaz. Digər tərəfdən, bugünkü inflyasiya, bahalaşma kimi xarakterizə edilməlidir. Çünki, qiymət artımları birtərəfli olmursa və əmək haqlarının və pensiyaların artması ilə özünü büruzə verirsə, qorxulu deyil. Azərbaycanın indiki iqtisadi durumunda bu prosesi idarə edilən, tənzimlənə bilən hala gətirmək mümkündür;
– rəqabət mühitindəki zəifləmələr - zənnimcə, bu, ölkə Prezidentinin gündəliyindəki prioritet problemlərdən biridir. Hüquqi baxımdan qanunvericilik aktlarının – “Antiinhisar fəaliyyəti haqqında Qanun”un, “Təbii inhisarlar haqqında Qanun”un , “Haqsız rəqabət haqqında Qanun”un və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun”un mövcudluğuna rəğmən, ölkədə azad sahibkarlığa və sağlam rəqabətə əlverişli şəraitin yaradılması, bu problemin nəzarətdə olduğunu əsaslandırır;
– Bakıda və digər iri şəhərlərdə həyata keçirilən iri layihələr illərdir ki, urbanizasiya prosesinə təkan verməklə, mənfi təzahürləri canlandırırdı. Hazırkı iqtisadi gerçəklik məcbur edir ki, sosial layihələr istisna olmaqla, müvəqqəti də olsa iri layihələrə qoyulan investisiyalar ləngidilsin. Regionların inkişaf proqramına uyğun olaraq, kənd təsərrüfatına yatırımlar artırılsın. Bu məqam ərzaq təhlükəsizliyini stimullaşdırmaqla bərabər, deurbanizasiya prosesini sürətləndirəcək və regionlarda gerçəkləşən sosial-iqtisadi inkişaf tədbirlərinin uğur gətirəcəyini şübhəsiz edəcək;
– ölkədə aparılan sosial islahatların- minimum əmək haqlarının və ünvanlı sosial yardımların, həmçinin pensiyaların baza hissəsinin artırılması, regionların infrastrukturunun yaxşılaşdırılması və s. yaxın günlərdə bəhrəsini verəcək.
2015-ci hesabat ilinin birinci yarısına, Azərbaycanın xarici
borcu 6,6 milyard dollar təşkil edib.
Ölkənin hər sakininə
686,5 ABŞ dolları ekvivalentində xarici borc
düşür (2016-cı ildə xarici borcun ödənilməsinə
dövlət büdcəsindən rekord həcmdə vəsait
- 1 milyard 249,7 milyon manat yönəldilməsi nəzərdə
tutulub). Müqayisədə ölkə iqtisadiyyatında bu
göstəricinin payı olduqca aşağıdır.
Başqa sözlə, sərvət yükü bəlasının
bu bəndi üzrə əndişələnməyə dəyməz.
Valyuta məzənnəsi. Neft barelinin 100 dollardan
yuxarı olduğu zaman ölkəyə
daxil olan pul kütləsi milli valyutaya tələbi
artırırdı və onun məzənnəsini yüksəldirdi.
Ölkədə istehsal edilən bu və digər mal və məhsullar
bahalaşaraq, daxili və xarici bazarda rəqabətə tab gətirmirdi.
Eyni zamanda, idxal mal və məhsullar daha ucuz olduğundan daxili
istehsalı sıxışdırmaqla istehsalı rentabelsiz
edirdi. Bu hal bütün iqtisadi sahələr, o cümlədən
də kənd təsərrüfatı üçün səciyyəvi
idi. Nəticədə, bu sahələrdə
çalışanlar işsizliyə məruz qalırlar və
ölkə iqtisadiyyatı bütövlükdə neftdən
asılı vəziyyətə qalırdı. Digər tərəfdən,
neft sektorunun inkişafı mövcud investisiya vəsaitlərinin
inhisarlaşmasına səbəb olmaqla, kreditlərin həcmini
azaldaraq və dəyərini bahalaşdırmaqla başqa sahələrə
yönəldilməli olan investisiyaları əngəlləyirdi.
Azərbaycanda valyuta məzənnəsi. Ölkəmizdə bu təhlükə
qalmaqdadır. Hazırkı təlatümlü iqtisadi durum (təkcə
Azərbaycanda deyil) tələb edir ki, dövriyyədəki
pul kütləsinə ciddi nəzarət həyata
keçirilməlidir. Milli Bank
özünün pul-kredit siyasəti ilə iqtisadiyyatın
inkişafı sahəsində həyata keçirilən tədbirləri
tamamlamalıdır. Pul kütləsinin artırılması
ciddi fəsadlar verə bilər. Digər inkişaf etmiş
ölkələrdə olduğu kimi, pul kütləsinin
artım tempi ÜDM-in artım tempinə
uyğunlaşdırılmalıdır.
Son zamanlar dövriyyədən
pul kütləsinin
çıxarılması təklif edilir. Bu təklifin real səmərə
verəcəyi şübhəlidir. Pul-kredit siyasətinin son nəticələri
pul bazarında M1 aqreqatı ilə M3 və M4 aqreqatları
arasındakı dərinlikdən asılıdır? Güman
edirəm ki, Mərkəzi Bank veksellər, dövlət xəzinə
istiqrazları, əmanət istiqrazları, qiymətli
kağızların sutkadan sonra alınması ilə əlaqəli
bağlaşmalar və s. müasir bank texnologiyalarından
istifadə etməklə, nağdsız hesablaşmaların
genişlənməsinə nail olaraq, ölkə
iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.
Məşğulluq. Əhalinin məşğulluqla
əlaqədar yaşadığı sarsıntılar, ölkədə
işçi qüvvəsinə tələbatın dəyişməsi,
işçilərin statusu, real və gizli işsizlərin
meydana gəlməsi və
müvafiq uçotun aparılmaması səbəbindən
dövri işsizliyin vəziyyəti bir qədər də
mürəkkəbləşir. Ölkə rəhbərinin
bunun fərqində olması, bu sahədə yeni proqram və
qanunların yaranmasına əminlik yaradır.
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2014-2018-ci illər)”
qeyri-neft sektorunun dinamik inkişafına və ölkənin
iqtisadi potensialından səmərəli istifadəyə
yönəldilmiş iqtisadi tədbirlərin həyata
keçirilməsi davam etdirilərək, əksər sosial
infrastruktur yenidən qurulmaqla, yeni iş yerlərinin
açılması və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi istiqamətində irəliləyişə
nail olunacaq. BMT-nin “İnsan inkişafı” konsepsiyası insan
inkişafının şərtləndirdiyi üç əsas
amili önə çəkir – təhsil, səhiyyə və əhalinin
gəlir-xərcləri. Dövlətin apardığı
iqtisadi islahatlarda hər üç amil prioritetdir.
Son illərdə yaradılan sənaye müəssisələrinin
xarakteristikası deməyə əsas verir ki, qurulan yeni
istehsal infrastrukturları mütərəqqi texnologiyalar əsasında
müasir bazarın tələbini təmin edə biləcək
məhsullar istehsal etməklə, istehsalın xammaldan bazaradək
bütün mərhələlərini əhatə edəcək
sənaye və kənd təsərrüfatı təyinatlı
müəssisələr olur ki, bu da bizim yalnız xammal
ölkəsi olmadığımızı təsdiqləyir.
Subsidiyalar, korrupsiya. Neft dövlətlərində bir qayda olaraq neftdən və
qazdan əldə edilən vəsaitlər qeyri-neft sektoruna
yönəldilməklə, yeni iş yerləri açmaq cəhdləri,
əksərən fəlakətli silsilənin hərəkətə
gətirilməsinə xidmət edir. Əsasən, səmərəsiz
müəssisələrə yönəldilən bu vəsaitlər
– subsidiyalar səmərəsizliyə, pis idarəçiliyə
xidmət edir və belə müəssisələrdə ifrat
məşğulluq törədir. Nəticədə, səmərəsiz
müəssisə daha rentabelsiz hala düşür. Subsidiya
sistemindən kənar özəl sahibkarlığın dəyərini
bahalaşdırmağa gətirməklə, özəl
sektorda kölgəli iqtisadiyyatın inkişafına rəvac
verərək, rəqabətqabiliyyətli – açıq
iqtisadi mühitdə inkişaf edə biləcək sağlam
müəssisələrə kapital qoyuluşunu məhdudlaşdırır.
Azərbaycanda subsidiyalar, korrupsiya.
Nəzərə alsaq ki, ölkədəki sovet dönəmindən
qalma irili-xırdalı bütün müəssisələr mənəvi
aşınmaya məruz qalıb və bu müəssisələrin
məhsulları nəinki ixrac konyuktur tələblərinə
uyğun gəlmir, vətəndaşın tələbatını
ödəmək iqtidarında da deyil, bu müəssisələrə
subsidiya yönəltməyə dəyməz. Digər tərəfdən,
ölkənin nefdən asılılığını
minimuma endirmək istiqamətində görüləcək
işlərin prioriteti kimi, qeyri-neft sektorunun inkişafı
vacibdir. Nə etməli? Bu istiqamətdə
aşağıdakılardan ibarət kompleks iqtisadi tədbirlər
həyata keçirilməlidir:
(ardı
var)
Məhərrəm BAĞIRLI,
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
şöbə məsləhətçisi
Xalq qəzeti.- 2016.-
20 fevral.- S.9.