İnvestisiya layihələrinin
reallaşdırılması
Azərbaycan
iqtisadiyyatını daha da gücləndirir
Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında çıxış edən dövlətimizin
başçısı cənab İlham Əliyev bildirib ki,
dünyada dərin iqtisadi və maliyyə böhranı davam
edir. Xüsusilə Avrasiya məkanında
bu böhran daha da ciddi
vəziyyət alıb. Hazırda həm Avropada,
həm də Asiyada iqtisadi
tənəzzül müşahidə olunur.
Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Bunları yəqin ki, təhlilçilər araşdırırlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik.
Bu gün dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq bu, ölkəmizin dinamik inkişafına öz mənfi təsirini gəstərə bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə xüsusi önəm verilməsi, şaxələndirmə siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən minimum itkilərlə çıxmasına münbit şərait yaradıb. Şübhəsiz ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirləri də azaldıb. Bununla bağlı Prezident İlham Əliyev müşavirədə deyib: “Neftin qiyməti iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur...”.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Qeyri-neft sektorunun dinamik inkişafı ötən il diqqət mərkəzində saxlanılıb. Ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə xüsusi önəm verilib. Texnoparkların, yeni sənaye müəssisələrinin yaradılması davam etdirilib, ixrac yönümlü sənaye məhsullarının istehsalı genişləndirilib, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması xüsusi diqqətdə saxlanılıb. Bütün bunlar şübhəsiz ki, ölkəmizin gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.
Son 12 ildə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlayıb. İqtisadi inkişaf tempinə görə, hazırda dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurub. Orta gəlirli dövlətlər siyahısında öz mövqeyini daha da möhkəmləndirib. Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsi sırasında yoxsulluğun 5 faizdən aşağı endirilməsi öhdəliyini götürən və yalnız 18-nin bunu reallaşdırdığı dövlətlərdən biriyik.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bəli, bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun mühüm paya malik olduğunu təsdiqləyib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edib.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərib. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxan, özünü doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Bu gün ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərən investisiya qoyuluşlarına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki əvvəla Azərbaycanda makroiqtisadi sabitlik bu amillə daha çox bağlıdır, ikincisi, respublikamız əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və belə bir şəraitdə investisiya layihələri nəzərdə tutulan vaxtda reallaşdırılır.
Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilib. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Bu il də uğurlarımız daha böyük olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, respublikamız özünü yenə də dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.
Xatırladaq ki, bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə respublikamızda investisiya qoyuluşlarına mühüm önəm verilməsi müsbət bir haldır. Etiraf edək ki, ölkə regionlarında əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli istifadəsi daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bununla yanaşı, davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı investisiya ixracatçısına çevirib, Türkiyə, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artıb, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında geniş fəaliyyət göstərməyə başlayıblar. Yeri gəlmişkən, ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulub. Bunun 100 milyard dolları xarici sərmayədir.
Azərbaycanın beynəlxalq arenada formalaşan müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində respublikamızın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
Ötən il büdcə vəsaitlərinin müəyyən qisminin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnvestisiya layihələrinin reallaşdırılması insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir. Eyni zamanda, müasir tələblərə cavab verən investisiya layihələrini gerçəkləşdirmədən, infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından danışmaq qeyri-mümkündür.
Yeri gəlmişkən, burada bir məqama nəzər salaq. İnvestisiya qoyuluşu həm də ölkədə sahibkarlığın inkişafı deməkdir. Buna görə Azərbaycanda özəl bölmənin tərəqqisi prioritet istiqamətdir. Bu mənada sahibkarlığa əngəl olan problemlərə sərt mövqe ilə yanaşılır. Prezident İlham Əliyev yuxarıda adıçəkilən iclasda bununla bağlı deyib: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”.
Azərbaycanda son illər digər sahələrdə də mühüm uğurlar əldə edilib. Belə ki, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Həmin dövrdə Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəb, 600 xəstəxana, 41 Olimpiya idman kompleksi tikilib. Eyni zamanda, ölkəmizdə müasir sosial infrastruktura malik 89 köçkün qəsəbəsi yaradılıb və 225 min insan yeni evlərə köçürülüb.
Göstərilən dövrdə ölkəmizdə 70 mindən çox müəssisə yaradılıb. Azərbaycanda müasir turizm infrastrukturunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb. Ölkəmizdə 300-ə yaxın mehmanxana və dünya səviyyəli kurortlar yaradılıb, 10 min kilometrdən çox avtomobil yolu tikilib və əsaslı təmir olunub, müasir körpülər və yol qovşaqları inşa edilib.
Son illər dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq, 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz, 22 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu tikilərək istifadəyə verilib. 2007-2015-ci illərdə yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara görə fermerlərə dövlət büdcəsindən bir milyard manatdan çox subsidiya verilib. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən 2005-2015-ci illərdə müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına lizinq yolu ilə 700 milyon manatdan artıq büdcə vəsaiti ayrılıb. Bu illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi regionların payına düşüb. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan yaradıb.
Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş iki dövlət proqramının icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilib. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə ölkə Prezidentinin müvafiq sərəncamı ilə ehtiyat fondundan 737,4 milyon manat vəsait ayrılıb.
Özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib. Qeyri-neft sektorunun çəkisi ümumi daxili məhsulda 70 faizə çatdırılıb. Son 12 il ərzində əhalinin gəlirləri 7 dəfə artıb. 70 mindən çox müəssisə və 1,5 milyon yeni iş yeri yaradılıb.
Bütün bu güclü
əsaslar qlobal iqtisadi
böhranın dərinləşdiyi, dünya
bazarında neftin qiymətinin dəfələrlə
düşdüyü, regionda
geosiyasi və iqtisadi
təzyiqlərin artdığı bir vəziyyətdə
də Azərbaycanda iqtisadi və sosial inkişafın davam
etməsinə imkan yaradıb.
Əlbəttə, sadalanan bu uğurlar Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Eyni zamanda, bu, xalqın birmənalı şəkildə cənab İlham Əliyevin arxasında dayanması, taleyini bu müdrik dövlət başçısına bağlaması ilə əlaqədardır. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Ötən 12 ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Cənab
İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi-iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz Vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2016.- 20
fevral.- S.6.