Xocalı soyqırımı: sənət
yaddaşımızın ağrılı
səhifəsi
Hər
dəfə televiziya ekranlarında telejurnalist, Azərbaycanın
Milli Qəhrəmanı Çingiz Mustafayevin lentə aldığı
Xocalı səhidlərinin dəhşətli görüntülərinə baxarkən bu qətliamı
törədən vəhşi cəlladların amansız cinayətlərinin bir daha şahidi oluruq. Bu kadrları
soyuqqanlı qarşılamaq
mümkün deyil.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Ötən illər ərzində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya xalqlarına çatdırılması, bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan bu faciə haqqında beynəlxalq miqyasda dolğun təsəvvürlərin formalaşdırılmasında milli sənət nümunələrimizin rolu böyükdür. Sənətkarlarımızın bu dəhşətli faciəyə həsr etdikləri kino, musiqi, teatr və rəsm əsərləri dünyanın böyük şəhərlərində nümayiş etdirilir, sərgilər təşkil olunur, kino gecələri keçirilir, teatr tamaşaları nümayiş etdirilir. Bu əsərlərdə tariximizin qanla yazılmış səhifəsinin bədii və sənədli salnaməsi yaşayır. Neçə illərdir ki, bu əsərlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Qarabağa azadlıq – Xocalıya ədalət!” tədbirlər silsiləsi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynayır. Bu gün dünyanın əksər ölkələrində bu kampaniya keçirilir və bir çox ölkələr də Xocalı faciəsini soyqrımı kimi tanımışdır.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında filmlərimiz müstəsna əhəmiyyətə malikdir. Bu qətliamla bağlı ilk bədii film nümunəsi olan Nüşabə Məmmədovanın ssenarisi əsasında lentə alınmış “Haray” filmi Xocalı həqiqətlərinin kinoda dolğun ifadəsi idi. Rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə gələn kinolentdə Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş tükürpədici hadisə kimi təsvir olunur. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə şahid olan iki yeniyetməni baş qəhrəman kimi təqdim edən filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox təsirli edir.
Digər ekran əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qar” filmidir. Bu filmi də sakit seyr etmək mümkün deyil. Bu kadrlar yığınında da tükürpədici qışqırıqlar, sərxoş ermənilərin ikrah doğuran hərəkətləri insanı, sadəcə, dəli edir.
Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Biz qayıdacağıq” bədii filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir, Ekran əsəri Xocalı soyqırımından sonra məcburi köçkün düşən insanların ağrılarından danışır. “Xoca” filmi isə mövzuya daha da yaxınlaşaraq, Xocalının işğal ərəfəsində ağrılı məqamların real faktlara söykənən bədii ifadəsidir. Filmin müəllifi Vahid Naxış bədii kinonun imkanları çərçivəsində Xocalı hadisələrinin reallıqlarını tamaşaçıya çatdırmağa çalışıb.
Ancaq sənədli kinomuzda Xocalı soyqırımını ekrana miqyaslı şəkildə gətirmək üçün kifayət qədər dolğun film yaradılmayıb. Bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua” sənədli filmini göstərə bilərik. Rejissor Mehriban Ələkbərzadənin “Xocalı soyqırımı” adlı sənədli filmini də qeyd etmək olar. “Azərbaycantelefilm”də lentə alınmış “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” kimi nümunələr də yaradılmışdır. Beləliklə, Xocalı soyqırımından bəhs edən sanballı, dünya kinosu standartlarına cavab verən bədii filmimiz hələ ki, yoxdur. Ümid edək ki, yaxın gələcəkdə bu mövzuda dəyərli ssenari yazılacaq və “Pianoçu”, “Şindlerin siyahısı” kimi dünya səviyyəli kino əsərləri lentə alınacaq.
Xocalı soyqırımı rəssamlarımızın da müraciət etdikləri və qəlb ağrısı ilə yaratdıqları əsərlərin əsas mövzusu olmuşdur. İlk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın həmin mövzuda silsilə işlərini, xüsusilə “Xocalı” plakatını qeyd etməliyik. Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərin bədii təsir gücü sayəsində hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır.
Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuş “Bax, gör, unutma!” qrafik silsiləsində şahidlərin xatirələri əsasında yaradılan Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var. Rəssamlardan Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin kədər səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir. Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb.
Rəssamlardan Mayis Əliyevin “Haray” və “Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, Abdulla Ələkbərovun “Qarabağın sabahı”, Səbuhi Məmmədovun “Yaralı ana”, “Dəhşət” və “Ayrılıq”, Sabir Çopuroğlunun “Xocalı harayı”, Rövşən Məmmədovun “Torpağın harayı” və “O qan yerdə qalmaz”, Vüqar Quliyevin “Sönmüş ocaq” və s. əsərlərində faciənin ayrı-ayrı məqamlarına işıq salınmaqla, görünənlər təsirli bədii-psixoloji qaynağa çevrilmişlər.
1992-ci ildən sonra faciənin abidələşməsi sahəsində də mühüm addımlar atılıb. Bakıdakı Xocalı faciəsi abidəsi xalqımızın şəhidlərin əziz xatirəsinə ehtiramını əks etdirən sənət əsərindəndir. Özündə ana kədərini əks etdirən bu tunc heykəlin müəllifi tanınmış tişə ustası Aslan Rüstəmovdur. Heykəltəraşların “əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına həsr etdikləri digər yaddaqalan sənət nümunələri sırasında Xalq rəssamı Fuad Salayevin “Döyüşçü”, Sahib Quliyevin “Qarabağlı qadın” və “Döyüşən şəhər”, Məmməd Rəşidovun “Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərinin adını çəkmək olar. Bu heykəltəraşlıq nümunələrində faciənin daha çox ümumiləşdirilmiş təqdimatına üstünlük verilib. Fuad Cəfərovun “Ağrı”, Zakir Əhmədovun “Xocalısız qocalar” və Natiq Əliyevin “Yaralı” kompozisiyalarında isə daha çox obrazların psixoloji yaşantıları qabardılıb.
Mərhum fırça ustası Nazim Məmmədov (1934-2004) ağır xəstə olmasına baxmayaraq, Xocalı faciəsinə dərhal və davamlı münasibət bildirən sənətkarlarımızdan olub. Sənətşünas Ziyadxan Əliyev onun əsərlərinə münasibət bildirərək yazır: “Onun 2002-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində fərdi sərgisi oldu. Faciənin 10 illiyinə həsr olunmuş bu ekspozisiyada rəssamın 50-dən çox rəngkarlıq və qrafika əsəri göstərildi. “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul,ər! Bizi xilas edin!” və s. lövhələri insanları duyğulandıran həmin sərginin məna-məzmununu özündə hifz edən və erməni vəhşiliyini ifşa edən nümunələr idi. Rəssam sərgi sonrası faciənin ən önəmli məqamlarını özündə əks etdirən bütün lövhələri muzeyə hədiyyə etdi.Öz yaradıcılığında Qarabağ müharibəsinin bədiiləşdirilməsinə xüsusi önəm verən Nizami Hüseynovun rəngkarlıq əsərlərində də hadisəyə real-rəmzi münasibət duyulmaqdadır.
Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin “Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan ?”, Natiq Fərəcullazadənin “Şəhid önündə”, “Ruhların gəzintisi” və “Xeyir və Şər”, Namiq Məmmədovun “Faciə”, “Qaçan qadınlar” və Telman Abbasovun “Ana harayı” tablolarında düşmənə nifrətin, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırıq.
Rəhman Şıxəliyevin “Şəhər draması”, İsmayıl İsmayılovun “Mübariz”, Dadaş Məmmədovun “Xocalı soyqırımı”, Bayram Qasımxanlının “Təcavüz” və “Faciələrimiz”, Etibar Aslanovun “Şəhərin son günü” və Vüqar İsmayılovun “Xocalı faciəsi” lövhələrinin leytmotivində isə baş vermiş dəhşətli hadisənin ölçüyəgəlməz miqyasını göstərmək istəyi duyuldu. Rəngkar Nadir Bayrışovun “Şəhid” və “Məcburi qaçqınlar” tablosunda da insanların mübarizlik ruhunun ifadəsi rənglərin təzadı ilə göstərildiyindən çox təsirlidir. Belə əsərləri yaratmaq isə hər rəssam üçün öz sənətkarlığını nümayiş etdirməkdən çox, özünün həm də “Vətən daşı” olduğunu sərgiləmək imkanıdır.
Azərbaycan bəstəkarları da bu mövzuda çox qiymətli əsərlər yaratmışlar. Onları dinlədikcə xalqımızın o ağrılı anlarını yenidən yaşayırsan. Musiqimizin bütün janrlarında bu növzuda əsərlər yaradılmışdır.
Məşhur fransız bəstəkarı Pyer Tiluanın simofnik orkestr üçün yazılmış “Xocalı 613” əsəri yaralı yerimiz olan Xocalı soyqırımı qurbanlarına həsr edilmişdir. Xocalı qurbanlarına ithaf olunmuş bu əsər sülhə çağırışdır.
“Xocalı-613” çox gözəl sənət əsəridir. O, bu əsərlə faciədə həlak olan həmvətənlərimizə böyük ehtiram nümayiş etdirib. Bu əsər faciədə həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılmış möhtəşəm musiqi abidəsidir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 26
fevral.- S.6.