Yevlax: dinamik inkişaf davam edir

 

Yevlaxın hamımızı sevindirən və heyrətə salan inkişafı, on illik bir dövrdə, az qala, əsrə bərabər yüksəlişi, burada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri barədə çox yazmışıq. Belə bir cəhət xüsusilə razılıq doğurur ki, illər keçir, ancaq yüksəliş tempi azalmır, əksinə, daha da artır, inkişaf yeni-yeni sahələri əhatə edir.

 

Burada, əlbəttə, müxtəlif amillər var və ən əvvəl ölkə Prezidenti İlham Əliyevin respublikanın bölgələrinə, o cümlədən Yevlaxa olan gündəlik diqqət və qayğısı, bu istiqamətdə imzaladığı fərman və sərəncamlar barədə ayrıca danışmaq lazımdır. Digər mühüm cəhət isə yerlərdə işin düzgün təşkili, təşkilat-idarəetmə, iş üslub və metodlarının daim təkmilləşdirilməsi, iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibətdir.

2015-ci il də Yevlax üçün yaddaqalan və əlamətdar olmuşdur. Bu barədə keçən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında ətraflı danışılmışdır. Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsi dinlənilmişdir.

Natiq bildirmişdir ki, yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi, ötən ildə də şəhərin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.

İllik ümumdaxili məhsulun həcmi 485,1 milyon manat olmuşdur. Bunun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuş, 13,4 milyon manatını sənaye, 76,9 milyon manatını kənd təsərrüfatı, 36,3 milyon manatını tikinti, 363,2 milyon manatını ticarət və s. təşkil etmişdir. Orta aylıq əmək haqqı 227 manata çatmışdır.

Ötən mövsümdə 75,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 232 hektarda kartof, 530 hektarda tərəvəz, 10 min 10 hektarda taxıl əkilmişdir. Sahələrdən 32867 ton taxıl toplanmışdır. Kənd təsərrüfatı istehsalçılarına 1 milyon 560 min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 2839 ton mineral gübrə satılmışdır. Əvvəlki illə müqayisədə 25,3 ton ət, 193,5 ton süd, 150 min ədəd yumurta, 8,6 ton yun çox istehsal edilmişdir.

Əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə Malbinəsi, Aran-3, Meyvəli, Fizuli, Varvara nasos stansiyalarında əsaslı təmir işləri aparılmışdır. Dövlət proqramına uyğun olaraq, 1000 hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 11 kilometr beton kanal çəkilmiş, 50 ədəd hidrotexniki qurğular təmir edilmişdir. Hazırda Qaraməmmədli və Rüstəmli kəndlərinin 2000 hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edən “Bakı” nasos stansiyası üçün yeni elektrik xəttinin çəkilməsi və transformator yarımstansiyasının tikilməsinə hazırlıq görülür. Səmədabad kəndində su kanallarının üzərində 3 körpü-keçid əsaslı təmir edilmişdir. Ərazidə olan meşə zolaqlarının 265 hektarında suvarma və becərilmə işləri aparılmışdır.

Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Rayonun Kolanı kəndində kənd təsərrüfatı məhsullarının istehsalat sahəsi fəaliyyətini genişləndirmiş və istifadəyə verilmiş 6 istixanada pomidor və digər məhsullar yetişdirilir. Burada 32 nəfər iş yeri ilə təmin olunmuş və 70 nəfərin isə 5 ay ərzində mövsümü işə cəlb olunması gözlənilir. Hazırda 10 hektar ərazidə yeni konstruksiyalı istixana tikilir. Burada 50 nəfər işlə təmin olunacaqdır.

Bu gün Yevlaxda 1 şəhər, 1 şəhərtipli qəsəbə, 2 qəsəbə, 46 kənd yaşayış məntəqəsi var. 21 inzibati ərazi dairəsi, 29 bələdiyyə fəaliyyət göstərir. 2015-ci ildə rayonun əhalisi 125 min 800 nəfər olmuşdur. İl ərzində əhalinin sayı 1100 nəfər artmışdır.

Məruzəçi qeyd etmişdir ki, keçən il ərazi nümayəndəlikləri bələdiyyələrlə birlikdə 198 iri sosial və infrastruktur layihələr həyata keçirmişlər. Lakin bəzi qəsəbə və kənd inzibati ərazi vahidi üzrə nümayəndəliklərin və bələdiyyələrin fəaliyyəti tələb olunan səviyyədə deyildir. Vətəndaşlar bəzən xırda məsələlərlə əlaqədar şəhər icra hakimiyyətinə və ya yuxarı orqanlara müraciət edirlər. Odur ki, nümayəndəliklər və bələdiyyələr əhalini narahat edən problemlərlə ciddi məşğul olmalı, öz işlərində dönüş yaratmalıdırlar.

2015-ci il ərzində bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 38 milyon 706 min manat olmuşdur. Rayon Polis və Təhsil şöbələrinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yevlax filialının, Elektrik Şəbəkəsinin inzibati binaları istifadəyə verilmişdir.

Yevlax “Dəmir-Beton” ASC-nin nəzdində dekorativ plitə və səki daşları istehsal edən yeni istehsalat sahəsi tikilib istifadəyə verilmiş, 25 nəfər işlə təmin olunmuşdur.

Kür çayı sahilində 5 ulduzlu otelin, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik  ikimərtəbəli uşaq bağçasının tikintisi davam etmişdir.

Şəhərdə və rayonun kənd yaşayış məntəqələrində abadlıq işləri surətlənmişdir. Aran qəsəbəsindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında qala divarlarının və bürclərin tikintisi və üzlük daşla üzləmə işləri başa çatdırılmışdır. Sahil- bulvar istirahət kompleksində yenidənqurma işləri aparılmışdır. Ərazidə 4 min kvadratmetr dekorativ plitə döşənmiş və işıqlandırma işləri görülmüşdür.

Şəhərdə və avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri aparılmışdır. Ərazilərdə 104 mindən çox müxtəlif ağac, qızıl gül kolları əkilmişdir.

2015-ci ildə əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən, şəhərdə 1, kəndlərdə 4, cəmi 5 subartezian quyusu qazılmışdır. Əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək üçün rayonun 20 kəndində 22 sutəmizləyici qurğu quraşdırılmış, su xətləri çəkilmiş və bulaqlar tikilmişdir.

Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir.

1355 ağac dayaq metal və dəmir beton dirəklə əvəz edilmişdir. 20 transformator məntəqəsi quraşdırılmış, 17 zədələnmiş transformator yenisi ilə əvəz edilmişdir. Ümumiyyətlə, 2015-ci ildə elektrik təsərrüfatına 997 min manatlıq investisiya qoyulmuşdur.

Yevlax şəhərinin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Aşağı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm, Ərəbbəsrə, Xanabad, Aşağı Bucaq, Yuxarı Bucaq, Qaroğlan kəndləri qazlaşdırılmışdır. Beləliklə, ümumi abonentlərin 94 faizi, o cümlədən 49 yaşayış məntəqəsindən 42-si təbii qazla təmin olunmuşdur.

Ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevayanın Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı Yevlax təhsilində də yeniliklərə yol açmışdır.Təhsil sahəsində qazandığı uğurlara görə Gülər Rəsulova “Tərəqqi” medalı, Əmiraslan Bəşirov “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Mirismayıl Seyidov “Qabaqcıl təhsil işçisi” döş nişanı, Zərxanım Əhmədova Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşlar.

Şagirdlərə dərin bilik verilməsi, fənn olimpiadalarının imkanlarından səmərəli istifadə etməklə istedadlı şagirdlərin aşkar edilməsi, tədrisin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir. Nurlan Yusifov orta məktəbi qızıl medalla, Elvin Hacıyev gümüş medalla bitirmişdir. “Milli mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda keçirilən inşa yazı müsabiqəsində Şəhla Musayeva Təhsil Nazirliyinin üçüncü dərəcəli diplomu ilə təltif olunmuşdur.

Ali məktəblərə qəbul sahəsində də uğurlar var. Ölkənin və xarici dövlətlərin ali məktəblərinə qəbul olunmuş 301 məzundan 10 nəfəri 600-dən çox, 24- i isə 500- dən çox bal toplamışdır. Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər onların C.Naxçıvanski adına hərbi liseyə, ali hərbi məktəb və akademiyalara qəbulunu daha da yüksətmişdir. Ötən il hərbi liseyə 7, ali hərbi məktəblərə 6 nəfər qəbul olunmuşdur.

Cari ilin fevral ayının 1-dən yenidən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. İndiyədək 5000 nəfərdən çox əhali tibbi müayinədən keçmişdir.

Şəhər mədəniyyət və turizm şöbəsinin “Kür” və “Karvan” özfəaliyyət kollektivləri şəhərdə keçirilən bayram və əlamətdar günlərdə tamaşaçılar qarşısında, eləcə də hərbi hissələrdə maraqlı proqramlarla çıxış etmişlər. Yeni il və Novruz bayramlarında minlərlə yevlaxlı iştirak etmişdir. Bəşir Səfəroğlu adına Xalq Teatrı və Uşaq Kukla Teatrının tamaşaları şagirdlərdə böyük maraq doğurmuşdur. Heydər Əliyev Mərkəzində digər dərnək və qruplarla yanaşı, şahmat və musiqi dərnəkləri də fəaliyyətə başlamışdır. Klub, mədəniyyət müəssisələrində təmir işləri aparılmışdır.

2015-ci ildə şəhərin hüquq- mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, onun profilaktikası və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, bu məqsədlə kompleks əməli tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, il ərzində Yevlax şəhəri üzrə 283 cinayət hadisəsi qeydə alınmış, onların açılma faizi 86,8 faiz təşkil etmişdir. 2015-ci ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 66 cinayət faktı aşkar edilmişdir.

İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, yaranmış vəziyyət hamımızı ciddi narahat etməlidir. Prezident İlham Əliyev son toplantılarda respublikada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə işinin daha ciddi şəkildi aparılmasını tapşırmışdır. Ona görə də şəhər icra hakimiyyəti, hüquq-mühafizə orqanları bütün sahələrdə neqativ faktları, rüşvətxorluq, korrupsiya hallarını araşdırmalı və qətiyyətlə aradan qaldırmalıdırlar.

Hesabat ilində Yevlax Şəhər İcra Hakimiyyətində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların təklifi, ərizə və şikayətlərinə baxılmasına diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyyəsinə uyğun olaraq əhalinin yerlərdə qəbuluna xüsusi diqqət yetirilmişdir. 2015-ci ildə şəhər İcra Hakimiyyəti başçısı yerlərdə 4640 nəfər, şəhər icra hakimiyyətində isə 834 nəfər qəbul etmişdir. Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, qalanların icrası isə nəzarətə götürülərək həll olunmuşdur. Şəhər icra hakimiyyətidə “qaynar xətt” yaradılmışdır. 2015-ci ildə rayon sakinlərindən Azərbaycan Respublikası Prezident Administrasiyasına 286, Milli Məclisə 9, Nazirlər Kabinetinə 14, digər respublika təşkilatlarına 68, şəhər icra hakimiyyəti başçısı aparatına 476 ərizə və şikayət daxil olmuşdur.

Məlum olduğu kimi, bu il yanvarın 26-da ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, bütün vəzifəli şəxslərdən, məmurlardan tələb etmişdir ki: “Sadə, təvazökar olsunlar, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşsınlar. Mən həmişə demişəm - hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib. Biz də bu etimadı, inamı hər gün doğrultmalıyıq”. Əslində, bu məmurlar üçün ciddi xəbərdarlıqdır və hamı bundan nəticə çıxartmalıdır.

Məruzəçi daha sonra demişdir:

– Möhtərəm Prezident yerli icra hakimiyyəti orqanlarına bir vəzifə olaraq tapşırmışdır ki, sahibkarlığın inkişaf etdirilməsi, işsiz əhalinin iş yerləri ilə təmin olunması üçün tədbirlər görsünlər. Məlumat üçün bildiririk ki, iş axtaran aztəminatlı vətəndaşlarımızın haqqı ödənilən işlərə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində son günlər xeyli iş görülmüş, 626 yeni iş yeri yaradılmışdır. Hazırda boş yerlərə işə qəbul prosesi başa çatmaq üzrədir.

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması, bu işdə obyektivliyin, şəffaflığın təmin olunması üçün cənab Prezidentin 3 fevral 2016-cı il tarixli fərmanına əsasən, Yevlax Şəhər Icra Hakimiyyətində də Apellyasiya Şurası yaradılmışdır.

İstər məruzədə, istərsə də ayrı-ayrı çıxışlarda belə bir yekdil fikir ifadə edildi ki, Yevlax öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Cari ilin ilk aylarının nəticələri bir daha sübut edir ki, qarşıya qoyulmuş vəzifələr, müəyən edilmiş hədəflər uğurla yerinə yetiriləcəkdir. Şəhər icra hakimiyyətinin, onun yerli strukturlarının yaradıcı və təşəbbüskar fəaliyyəti, yüksək inam və hörmətə əsaslanan məmur-vətəndaş münasibətləri, insan amili, onun arzu və ehtiyaclarının ön planda olması buna ciddi əsas verir.

Yığıncaqda Prezident Adminitrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış etmişdir.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2016.- 26 fevral.- S.10.