Xocalı soyqırımı beynəlxalq
mətbuatın gözü
ilə
...Baş daşında nə adı, nə də
soyadı var. Təkcə üstündə
yazılan sözlər buradan keçənin
qanını dondurur: “Xocalıdan 5 yaşlı qız. 1987-1992".
Digər məzara yaxınlaşıram. Üç
yaşlı Gülmirə Mehdiyevanın (1989-1992) da baş daşında
Xocalıdan olduğu yazılıb. O fevral gecəsində insanlığa
sığmayan qətliamda təkcə bu cür məsum uşaqlarınmı həyatı
yarı yolda qaldı?! Yox,
neçə-neçə ailənin çırağı söndü...
Hər dəfə Şəhidlər xiyabanında onunla üz-üzə qalanda soruşmaq istəyirəm: “Adın nədir, balaca? Kimsən sən: bir ailənin gözünün ağı-qarasımı, anasının saçlarını oxşayıb əllərini isitdiyi körpəmi, gülüşü güllələnən nakam qızmı, o qanlı gecədə hıçqırıqları boğulan uşaqmı, yoxsa kiçik ürəyində gələcək ülvi hissləri məhv olan fidanmı?!
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndidə yerləşən keçmiş sovetlərdən qalma, heyətinin xeyli hissəsi erməni milliətindən olan 366-cı motoatıcı diviziyanın köməyi ilə daşnakların Xocalıda törətdiyi qətliamda təkcə günahsız körpələr məhv edilmədi, neçə-neçə xəstə, qoca, qadın amansızcasına qətlə yetirildi, girov götürüldü. 26 fevral ümumilikdə Azərbaycan və bəşər tarixinə insanlığa sığmayan soyqırımı günü kimi yazıldı. Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü başladığı dövrdə informasiya blokadasında olan ölkəmiz Qarabağda baş verən olayları, hərbi təcavüzə məruz qalmasını beynəlxalq ictimaiyyətə, xüsusilə də mediaya çıxarmağa çətinlik çəkirdi. Düzdür, Ermənistan-Azərbaycan münaqişəsinin alovlandığı həmin günlərdə münaqişə bölgəsinə səfərlər edən rus və digər əcnəbi jurnalistlər materiallar hazırlayır, yayımlanırdı. Təəssüf ki, həmin materialların çoxu ya münaqişəni və bölgədə baş verənləri dolğun əks etdirmir, ya da ki, faktlar təhrif edilirdi. Xocalı qətliamından sonra Dağlıq Qarabağda erməni silahlılarının törətdikləri qanlı əməllərə diqqət daha da artdı, dünyanın tanınmış informasiya agentliklərinin müxbirləri Dağlıq Qarabağa yollandı, bu barədə materiallar hazırladı. Bu baxımdan o illərdə dünyanın aparıcı media orqanlarının Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırma səviyyəsi və münaqişəyə münasibəti mühüm əhəmiyyət kəsb edir.
ABŞ
Xocalı
qətliamını ümumiyyətlə, Ermənistan-Azərbaycan
münaqişəsini diqqətdə saxlayan qəzetlər
arasında “Washington Post”, “ New York Times”, “Wall Street Journal”,
“Sunday Times”, “Chicago Tribune” qəzetləri , “Associated press”
informasiya agentlikləri mühüm yer tutub.
Amerikalı araşdırmaçı–jurnalist, Tomas Goltzun 1992-ci il fevralın 27-də “Washington Post” qəzetində yayımlanan məqaləsi Amerika ictimaiyyətinə Azərbaycanın qan çanağına çevrilmiş Qarabağ bölgəsində– Xocalıda törədilmiş qətliam haqqında məlumat verdi. Bununla kifayətlənməyən jurnalist Tomas Goltz o gecəki qırğından güc-bəla ilə canlarını qurtarıb Ağdama pənah gətirən bir sıra insanlarla görüşüb, onlardan əsl həqiqəti öyrənmişdi. “Vaşinqton Post”da yayımlanan məqalədə ( 28 fevral 1992-ci il) Tomas Qoltz yazır: “...Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin (Ağdam nəzərdə tutulur—müəllif) baş məscidindən bildirildiyinə görə, erməni silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycan şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər...Ağdam məscidinin nümayəndəsi Səid Muan oğlu Sadıxov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsi qurbanının adını qeydiyyatdan keçirmişlər. Azərbaycanın paytaxtı-Bakı rəsmiləri isə Xocalıya hücum zamanı 100-ə qədər ölüm olduğunu müəyyənləşdirdikləri halda, Ermənistanın paytaxtı Yerevandakı erməni rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldüyünü iddia edirlər...”
“The Washington Times” qəzetinin 2 mart 1992-ci il tarixli məqaləsində baş vermiş qətliam bu cür təsvir edilir: “...Təxminən Xocalının on min nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan Televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi...”
Tomas Goltz “Azərbaycan gündəliyi” adlı əsərində ölkəyə səfərinin təəssüratları, eləcə də Qarabağ müharibəsi ilə bağlı müşahidələrini təsirli şəkildə qələmə alıb. Onun Ağdamda Xocalı soyqırımı qurbanlarını işıqlandırarkən həmkarlarının keçirdiyi hissləri təsvir edən sətirləri həyəcansız oxumaq olmur:" ..."Reutersin müxbiri Elif Kaban heyrət içində qalmışdı. Fotoqraf Oleq Litvin elə təsirlənmişdi ki, mən onu cəsədlər, məzarlar və dırnaqları ilə üzlərini cıran, fəryad edən qadınlara doğru itələyəndən sonra şəkil çəkməyə nail oldu”.
Soyqırımı baş verdikdən bir neçə gün ərzində meşədə qətlə yetirilmiş meyitlərin toplanması üçün helikopterlə azərbaycanlı yetkililərlə yanaşı, əcnəbi jurnalistlər də hadisə yerinə səfər etmişlər. “The New-York Times” qəzetinin 1992-ci il 3 mart tarixli nömrəsində həmin səfər barədə yazılıb: “ Helikopterlə qısa müddətə də olsa, bölgəyə uçmuş Azərbaycan yetkililəri və jurnalistlər üç ölmüş və baş dəriləri soyulmuş uşağın cəsədini gətirdilər. Onlar dedilər ki, ermənilərin helikopterə atəş açmaları daha çox cəsədin toplanmasına imkan vermədi”.
Böyük Britaniya
“Reuters” agentliyi “The Times” qəzeti, BBC kanalı və digər media orqanları Xocalı soyqırımı barədə məlumat vermişlər. Bir çox əcnəbi jurnalistlə birgə Dağlıq Qarabağa səfər edən “Times” qəzetinin müxbiri Anatol Lieven öz ölkəsinə döndükdən sonra gördüyü mənzərəni bu cür qələmə alır: “Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə endiyimiz zaman, biz səpələnmiş cəsədləri gördük. Açıq-aşkar görünürdü ki, qaçqınlar xilas olmaq üçün qaçdıqları zaman atəşə məruz qalmışdılar...Mülki vertolyot 4 cəsədi götürdü və bu zaman azərbaycanlı kinooperator təpələrdəki onlarca meyiti lentə aldı.
Ağdamdakı aerodromda mülki vertolyotun topladığı cəsədlərə nəzər saldıq. İki yaşlı kişi və bir balaca qızın bədəni qanla örtülmüş və aşağı ətrafları isə soyuqdan və ağır şəraitdən bükülmüşdü. Onlar güllələnmişdilər”.
BBC – 1 televiziya kanalı ( 3 mart 1992) səhər xəbərlərində qətliam barədə məlumat vermiş, qətlə yetirilmiş insanların cəsədlərini əks etdirən kadrlar nümayiş etdirmişdi: “Dağlardan toplanmış insan cəsədlərinin yaratdığı mənzərə çox dəhşətli idi. Müxbirin dediyinə görə, operator və Qərb jurnalistləri ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın, uşaqlardan ibarət insan cəsədi görmüşlər. Onlar 1 metr məsafədən başlarından güllə ilə vurulmaqdan həlak olublar.”
“The Independent” qəzetinin əməkdaşı ( 1992-ci il, 29 fevral) Helen Womak : “”Röyter" xəbər agentliyinin Ağdamdakı müxbiri Elif Koban çərşənbə günü baş verən soyqırımından sonra azərbaycanlıların məskunlaşdığı ikinci ən böyük şəhər olan Xocalının ermənilər tərəfindən qarət edildiyi zaman, azərbaycanlıların öldürülən onlarca insanı dəfn etmələri xəbərini verdi: “Dünya orada baş verən hadisələrə arxa çevirirdi. Biz ölürük və siz də sadəcə bunu izləyirsiniz” - deyə yas saxlayan şəxs bir qrup jurnalistə qışqırdı."
Fransa mediasında özünəməxsus yeri olan “Le Mond” qəzeti (14 mart 1992-ci il ) isə baş vermiş qətliama bu cür qiymət verirdi: “Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu ”Azərbaycanın təbliğatı" deyil, reallıqdır." Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet şahidi olduğu mənzərədən təsirlənərək, həmin illərdə gördüklərini bu cür dilə gətirmişdi: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular...”
Türkiyə
Dağlıq Qarabağda erməni ekstremsitlərin alovlandırdığı müharibənin başlaması və bölgədə münaqişənin sonrakı gedişi Türkiyə mətbuatının da diqqətində olub. Star Tv-nin müxbiri Yunus Şen hərbi müxbirlik fəaliyyətini məhz ilk olaraq Ermənistan-Azərbaycan münaqişəsindən başladı. Onun Qarabağ müharibəsində topladığı təcrübə Çeçenistan, Fələstində olan müharibələri daha peşəkar işıqlandırmağa yardımçı oldu. “Yeni Şafak” qəzetində dərc edilmiş “ Savaş uzmanları” adlı məqalədə ( 7 sentyabr 2001) o, Qarabağ müharibəsi ilə bağlı xatirələrindən bəhs edərkən güllə altında çalışmanın çətin və təhlükəli olduğunu etiraf edir: “ Biz Qarabağda ermənilərdən 75 kilometr uzaqlıqdakı bir Azərbaycan mövqeyində idik. Görüntüləri əyilərək çəkməyə çalışırdıq, ancaq başımızın üstündən mərmilər keçdiyi üçün çəkiliş edib, anonsu verə bilmirdik. Bizi izləyən bir azərbaycanlı əsgər “Qardaş, o “cıv-cıv” səsini eşidəndə tələsmə, mərmi səndən artıq keçib deməkdir. Eşitməsən, qorx”, – deyib bizə gülümsəyirdü. “
İnformasiya blokadasında olduğumuz çətin illərdə Xocalı soyqırımı ilə bağlı məlumatların Türkiyə ictimaiyyətinə çatdırılması önəmli idi. İlk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə Rəhbər Bəşiroğlu “Milliyyət” qəzetinə ötürdü. Türkiyənin nüfuzlu qəzetinin martın 4-ünə olan manşeti bütövlükdə Xocalı soyqırımına həsr edilmişdi. “Qarabağda soyqırımı gördüm” adlı geniş yazıda dəhşətli qətliamdan canlarını güclə xilas edən şahidlərin dili ilə insanlığa sığmayan faciəni Türkiyə ictimaiyyətinə geniş şəkildə çatdırmışdı. Xocalı soyqırımından sonra Qərbi Avropa jurnalistləri ilə yanaşı, Türkiyədən də bir sıra yazarlar Azərbaycanın hərbi təcavüzə uğraması və Ermənistanın bölgədə etnik təmizləmə siyasəti barədə informasiyalar hazırlamışlar.
Rusiya
Xocalı qırğını Rusiya mediasının da diqqət mərkəzindədir. Zaman-zaman müxtəlif istiqamətli və hətta qərəzli materiallara, xüsusilə də “erməni təbliğat” maşınından çıxmış məqalələrə rast gəlinsə də, ümumilikdə münaqişəni obyektiv işıqlandıran, eləcə də Xocalı soyqırımı ilə bağlı gerçəkləri qələmə alan jurnalistlər də az olmayıb. Rusiyanın “Svoboda” (12 iyun, 1992-ci il) qəzeti “Faciəni törədənlərə haqq qazandırıla bilməz” başlıqlı məqalədə Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə hərbi birəşmələr tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatına geniş yer ayırmışdı. Hesabatda Xocalının işğalı zamanı törədilən insanların kütləvi hüquq pozuntularından, mülki əhaliyə verilmiş işgəncələrdən söhbət açılır: “Qaçqınlar ermənilərin qurduğu tələyə düşüb və o andaca atəşə tutulub. Buna baxmayaraq bəziləri Ağdama çatmağa müvəffəq olmuş, əsasən qadın və uşaqlar (dəqiq sayını demək qeyri-mümkündür) dağlarda azdıqları üçün soyuqdan donaraq, həlak olmuşlar, Ağdama çatanlardan alınan məlumata görə isə bəziləri də Pircamal və Naxçivanik kəndləri yaxınlığında girov götürülmüşlər. Dəyişdirilən Xocalı sakinlərinin ifadəsinə görə, onlardan bəziləri öldürülüb. Dörd gün ərzində təxminən 200 cəsəd Ağdama gətirilib. Cəsədlərdə edilən hörmətsizliyin izləri vardı...”
Rus jurnalisti və fotoqrafı Viktoriya İvlevanın Qarabağ müharibəsi illərində çəkdiyi müxtəlif şəkillər müharibənin bütün simasını ortaya qoyur. O, fotolar arasında Xocalı soyqırımı baş verdikdən sonra şəhərə daxil olan jurnalistin fotoobyektivinə tuş gələn mənzərələr daha dramatikdir. İllər sonra üzə çıxan həmin şəkillər şəhərin tərk edilmiş küçələrində qalmış meyitləri əks etdirir. Xanım jurnalistin Qarabağ müharibəsi ilə bağlı yazdığı məqaləsində Xocalıda dörd övladı ilə girov düşmüş qadının taleyini həyəcansız oxumamaq olmur.
... Dəhşətli soyqırımdan 24 il keçir. İllərdir, Şəhidlər Xiyabanından bir məzar diqqət çəkir. Baş daşında nə adı, nə də soyadı var. Sadəcə “Xocalıdan 5 yaşlı qız” yazılıb. Bəlkə də bu fidanın uyuduğu məzar həmin gecə körpəsini itirmiş və illərdir, qızının taleyinin sorağında olan neçə-neçə gözüyaşlı ananın təsəlli və görüş yeridir...
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2016.- 26 fevral.- S.7.