Qəbələ: Görülən işlərin
mərkəzində insan
amili dayanır
“Əhalinin məşğulluğunun
daha çox təmin edildiyi tikinti-inşaat sektorunda uğurlu nəticələr əldə edilib. Belə ki, ötən
il Qəbələ
Rayon İcra Hakimiyyətinin
sifarişi ilə inşa
edilən şəhər 5
saylı tam orta məktəbin
yeni binasının açılışı olub. Eləcə də ötən
il “Tufandağ”
Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinə daxil olan xizəkçilik
mərkəzində, “Tufandağ oteli”ndə,
Yeni Azərbaycan Partiyası Qəbələ
rayon şöbəsinin inzibati
binasında, Laza Sərhəd Zastavası
obyektində tikinti-quraşdırma işləri, şəhərin
Seyid Əzim Şirvani,
İsmət Qayıbov və İbrahim
Musabəyov küçələrində isə abadlıq və
asfaltlaşdırma işləri başa
çatdırılıb.
Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı, 324 metrlik dəmir - beton körpüdə, “Aquapark” İstirahət Kompleksində, “Qolf klub” kompleksində, hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin inzibati binasında, “Qrand siti” otelinin binasında, rayon məhkəməsinin və prokurorluğunun inzibati binalarında, Savalan kəndindəki “Raftinq Mərkəzi”ndə, Nohur gölü ərazisindəki “Sanatoriya Kompleksi”ndə, Gömrük Akademiyasının binasında, “Asan xidmət”in Qəbələ rayon filialının binasında, atçılıq-idman mərkəzində, kənd təsərrüfatı idarəsinin inzibati binasında, Qəbələ Peşə Məktəbinin yeni binasında, 100 yerlik şəhər uşaq bağçasının binasında, Qəmərvan yolundakı 1 aşırımlı 36 metrlik dəmir-beton körpüdə, Dəmiraparan çayının sağ sahilində 1350 metrlik dəmir-beton bənddə və “Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində tikinti quraşdırma işləri davam etdirilir.
Bütün bunlar 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında eşitdiyimiz Qəbələ həqiqətlərinin çox cüzi bir hissəsi idi. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin tədbir iştirakçılarına təqdim etdiyi geniş hesabatın istənilən bəndi hərtərəfli inkişafın miqyasını göstərən çoxsaylı faktlarla zəngin idi. Rayon rəhbəri qeyd etdi ki, ölkənin hər yerində olduğu kimi, 2015-ci il Qəbələ rayonunun da ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisələrlə zəngin olub.
Hesabat ilinin sosial-iqtisadi nəticələri barədə danışan Səbuhi müəllim qeyd etdi ki, 2015-ci il ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 203,517 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 130 min manat, yaxud 0,5 faiz, kənd təsərrüfatında 3,244 min manat, yaxud 5,6 faiz, tikintidə 25,222 min manat, yaxud 40,4 faiz, nəqliyyatda 246 min manat, yaxud 7,3 faiz, rabitədə 13 min manat, yaxud 1,2 faiz, ticarətdə 457 min manat, yaxud 1,97 faiz artıb. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1,977 manat təşkil edib. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun xüsusi çəkisi 77 faiz təşkil edib. Sənaye müəssisələrində çalışan 976 nəfər işçinin orta aylıq nominal əmək haqqı 376 manat olub. Natiq qeyd etdi ki, 2003-cü ilin oktyabr ayından bu il yanvarın 1-dək rayonda 13 min 672 yeni iş yeri açılıb ki, onun da 11,624-ü daimi iş yeridir. İl ərzində isə daimi olmaqla 976 yeni iş yeri açılıb.
Qeyd edildi ki, ötən müddət ərzində xidmət təşkilatları qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəliblər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb. İstehlakçıların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 10 kilovoltluq Bum, Vəndam, Laza, Hacıalılı, Qaradeyin, Mıxlıqovaq, Nic, Tüntül, Dızaxlı, Zalam, Zarağan, şəhər 3-cü və 5-ci hava xətlərində KD-10,5, KD-9,5 tipli 145 ədəd dayaq quraşdırılıb, 4800 metr məsafədə fiziki köhnəlmiş naqillər dəyişdirilib. 0,4 kilovoltluq Zarağan, şəhər 1,2,3,4,5, Vəndam, Tüntül, Bum hava xətlərində yaşıl kütlədən təmizləmə işləri aparılıb.
İl ərzində 289 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 12,135 - ə çatdırılıb.
Qəbələ Su-Kanal İdarəsi tərəfindən Qaraçay və Duruca su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənib, anbarlarda cari təmir işləri görülüb. Şəhərin Heydər Əliyev prospektində, Mirzə Fətəli Axundov, İsmayıl bəy, İmadəddin Nəsimi və Məcid Mərdanov küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilib, təmir-bərpa işləri aparılıb. Muxtar Abduyev küçəsində, qaçqın şəhərciyində, beşmərtəbəli binaların həyətində olan artezianların nasosları dəyişdirilib. İsmət Qayıbov və Seyid Əzim Şirvani küçələrində 1,420 metr su boruları yenilənib, 80 - ə yaxın abonentin su xətləri bərpa edilib. İsmayıl bəy küçəsində plastik borularla 300 metr su xətti çəkilib, 30-a yaxın abonentin su xətti təmir olunub. Beşmərtəbəli yaşayış binalarında 402 metr kanalizasiya, 632 metr su xətləri çəkilib, yeni 100 kubmetrlik su anbarı tikilib, yaşayış binalarının zirzəmi hissəsində təmir-bərpa işləri aparılıb.
Ötən il 11 saylı Yol İstismar İdarəsinin, Rayon Telekommunikasiya Qovşağının, “Azərpoçt” MMC-nin Qəbələ filialının, Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin, Məşğulluq Mərkəzinin fəaliyyəti müasir tələblər səviyyəsində qurulub.
Rayon rəhbərinin böyük məmnunluqla söz açdığı sahələrdən biri də təhsil sektoru idi. Qeyd olundu ki, 2015-ci ili rayonun təhsil işçiləri də yüksək nəticələrlə başa vurublar. Beş nəfər orta məktəbi qızıl medalla bitirib. Orta məktəb məzunlarından 467 nəfər ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olunanların 50 nəfəri 600 - dən yuxarı bal toplayıb ki, bu da əvvəlki illərlə müqayisədə 23 nəfər çoxdur. Üç nəfər məzun Prezident təqaüdünə layiq görülüb. Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni Vəndam qəsəbə 3 saylı tam orta məktəbin məzunu Əfəndiyeva Xəyalə Rəvan qızı göstərmişdir. O III ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.
Oktyabr ayında qeyd olunan Müəllim Günü münasibətilə ölkə başçısının sərəncamı ilə Vəndam qəsəbə 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Zöhrə Mirzəyeva Əməkdar müəllim adına layiq görülüb. Eləcə də Daşca kənd tam orta məktəbin müəllimi Almaz Əsədova Təhsil Nazirliyinin Fəxri fərmanı, uşaq gənclər idman məktəbinin direktoru Ədalət Əliyev isə Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Həmçinin ötən ildəki uğurlu nailiyyətlərinə görə şəhər 2 saylı tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” nominasiyasında qalib gəlib.
Qeyd olundu ki, rayonda ümummilli lider Heydər Əliyevin yubiley tədbirləri keçirilib, tədbirlər planına uyğun olaraq, bütün mədəni-maarif müəssisələrində geniş konsert proqramları, “dəyirmi masa”lar, mühazirələr təşkil olunub. Heydər Əliyev Mərkəzində ulu öndərin siyasi fəaliyyətinin təbliği məqsədilə silsilə tədbirlər keçirilib. Bundan başqa, ötən il respublikada keçirilən bütün festival və müsabiqələrdə rayonun bədii kollektivlərinin iştirakı təmin olunub. O cümlədən Şəkidə keçirilən VI Beynəlxalq Musiqi Festivalında Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə keçirdiyi şirniyyat festivalında, Qax şəhərində keçirilən “Ulu dad” milli mətbəx festivalında Qəbələ təmsilçiləri uğurla iştirak ediblər.
Rayonun beynəlxalq aləmdə tanıdılması prosesi də öz müsbət nəticələrini verir. Məsələn, ötən il iyulun 25-də Koreya Respublikasının Qyonqsanbuk əyalətində keçirilən “Qyonqcu İpək Yolu Mədəniyyət Festivalı”na Qəbələ rayonu da dəvət olunmuş, festival çərçivəsində keçirilən “Azərbaycan Günü” konsert proqramında rayonun musiqiçiləri müvəffəqiyyətlə çıxış etmişlər. İyulun 25-dən 31-dək Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə, dünyanın 12 ölkəsinin məşhur musiqiçilərinin və musiqi kollektivlərinin qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalı keçirilib.
Onun ardınca Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və Koreya Fondunun təşkilatçılığı, eləcə də Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə 2015-ci il avqustun 7-dən 15-dək Qəbələdə Koreyanın tarixini, mədəniyyətini, adət və ənənələrini əks etdirən “Koreya Kinosu Festivalı” keçirilib. Festivalda 10 bədii film nümayiş etdirilib.
Xatırladaq ki, ötən il rayonda turizmin inkişafı və genişləndirilməsi ilə bağlı turizm informasiya mərkəzi açılıb. Hazırda Qəbələdə 17 turizm istirahət obyekti fəaliyyət göstərir. Onlar arasında 4 otel beşulduzludur. Mehmanxana tipli obyektlərdə bir gündə 2000-dən çox turisti qəbul etmək imkanı vardır. 2015-ci il ərzində rayona 80 200 nəfər turist gəlib ki, bunların 67 200 nəfərini yerli, 13 000 nəfərini isə xarici turistlər təşkil edib.
Məlum olduğu kimi, ötən il ölkə Prezidentinin tapşırığına əsasən respublikada 18 yaşından yuxarı olan əhalinin kütləvi tibbi müayinəsi keçirilib. Rayonda fevralın 2-dən mayın 1-dək müayinə işlərinin mütəşəkkil keçirilməsi məqsədilə icra hakimiyyətinin şura iclasında aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilib, tərtib edilmiş qrafikə əsasən mərkəzi xəstəxanada və müalicə diaqnostika mərkəzində sakinlər müayinələrə cəlb edilib.
Ölkəmizdə son illər aqrar sahəyə artırılan dövlət qayğısı nəticəsində 2015-ci il ərzində rayonun aqrar sektorunda da uğurlar qazanılıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamı bu sahənin inkişafına xüsusi stimul verir. Sərəncamın icrası ilə əlaqədar olaraq rayonda torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 2014-cü ilin sonunda 498551 manat yardım hesablanıb və həmin vəsait 2015-ci ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb.
“2016-cı ildə qarşımızda daha mühüm vəzifələr durur” deyən Səbuhi Abdulayev həmin arqumentini bu şəkildə əsaslandırdı: “Məruzəmin sonunda əminliklə bildirmək istəyirəm ki, Qəbələ Rayon İcra Hakimiyyəti 2016-cı ildə də yeni uğurların əldə olunması, rayonumuzun daha sürətlə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinin, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı bütün tədbirləri həyata keçirəcəkdir”.
Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatları Fəttah Heydərov və Aqiyə Naxçıvanlı çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2016.- 27
fevral.- S.6.