Ağacan Abiyev: Dünyanı mədəniyyət
xilas edəcək
Ən qədim dövrlərdən mədəniyyətin təşəkkül tapmasını homo sapiensin (şüurlu insanın) fəaliyyəti ilə bağlayırlar. Amma, eyni zamanda, şüurlu insan tipi tarixi yolunun başlanğıcını mədəniyyətin təşəkkülündən götürüb. Çünki şüurlu insanın formalaşması ilə mədəniyyətin inkişafının sıx əlaqəsi vardır. Minilliklər boyu hər bir xalqın, millətin yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlər dünya mədəniyyət xəzinəsinə zəngin töhfələr verib. Ümumbəşəri dəyərlər içərisində Olimpizm və idman dəyərləri xüsusi yer tutur.
Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, professor Ağacan Abiyev bu mövzu ilə bağlı qəzetimizə verdiyi müsahibədə idman, Olimpiya hərəkatının hər bir dövlətin, hər bir xalqın mədəniyyəti ilə sıx bağlı olduğunu və mədəniyyətlərarası dialoqun dalana dirəndiyi, xalqlar və millətlər arasında münaqişələrin alovlandığı dini və irqi ayrı-seçkiliyin tüğyan etdiyi müasir dövrdə dünyaya sülh çağırışı etdiyini bildirdi.
Olimpizm sülh və barış missiyası kimi
– Ağacan müəllim, müasir dünya düzənində idman və Olimpiya hərəkatının dünyaya sülh çağırışını nadir imkanlardan hesab edirlər. Bu fikirlə razısınızmı?
– Olimpiya və idman hərəkatının qlobal sülhə çağırış məzmunlu olması onun dünyəvilik missiyası daşımasını sübut edir. Olimpizmin tərifində bildirilir ki, olimpizm təhsil, elm, idman və mədəniyyət deməkdir. Hələ qədim Yunanıstanda Olimpiya Oyunlarında təkcə idman yarışları keçirilməyib. Burada, eyni zamanda, şairlər, rəssamlar, artistlər də çıxış edirdilər və onlar mükafatlandırılırdılar. Beləliklə, qədim Olimpiya Oyunlarında insanlar müxtəlif mədəniyyət nümunələri ilə tanış olmaq imkanı qazanırdılar. Müasir Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri çoxmədəniyyətliliyin, yəni multikulturalizmin əyani göstəricisidir. Açılış mərasimində milyonlarla insan müxtəlif xalqların mədəniyyəti ilə tanış olur və mədəni cəhətdən daha da zənginləşir. Müasir Olimpiya Oyunlarında iştirakçı ölkələrin mədəniyyəti ilə bağlı silsilə tədbirlərin keçirilməsi də diqqət mərkəzindədir. Olimpizmin gücü də məhz irqindən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, dünyanın müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirmək, onların ədalətli mübarizə aparması üçün şərait yaratmaqdır. Olimpizmin sülh və barış missiyası günün aktual çağırışı kimi bütün dünyanın diqqət mərkəzindədir. İdmanın multikultural bir proses olaraq fərqli mədəniyyətlərin bütün cəmiyyətlərdə özünü təsdiq etməsi isə onun dünyəvi xarakter daşımasının daha bir sübutudur. Ayrı-ayrı idmançıların, idman klublarının bu prosesdə fəal iştirakı multikulturalizm mahiyyətli bir fəaliyyət növü kimi də özünü göstərir.
I Avropa Oyunları həm
də multikulturalizmin
ən
gözəl nümunələrini dünyaya göstərdi
- Olimpiya
hərəkatının multikulturalizmlə əlaqəsi barədə
fikirlərinizi bilmək maraqlıdır...
- Nümunə olaraq, birinci Avropa
Oyunlarının ölkəmizdə təşkilini göstərə
bilərik. 50
ölkədən 20 idman növü üzrə 6000-dən
çox avropalı Bakıda bir araya gəlib
dövrümüz üçün mühüm
çağırış olan birlik nümayiş etdirdi.
Bakı qocaman qitənin Olimpiya ümidlərinə
işıq yandırdı. Eyni zamanda,
müasir dövrün ağır sınağı olan
humanitar fəlakətlərə “yox!” deməyin
mümkünlüyünü sübut etdi. Avropa Oyunları
zamanı minlərlə insan ölkəmizdəki nümunəverici
multikultural durumun şahidi oldu. “Odlar
yurdu”nda alovlandırılan oyunların məşəli isə
qitə sakinlərinin hər birinin birlik ümidlərini
alovlandırdı. Azərbaycan qocaman qitənin
nəhəng idman ordusunun güc və birliyini nümayiş
etdirən ideal məkana çevrildi. Bu məkanda
oyunların davam etdiyi müddət ərzində, xüsusən,
avropalılar Azərbaycanın çoxəsrlik mədəniyyəti
ilə tanış olmaq şansı
qazandılar.
Dünyanın
idman tarixinə qızıl hərflərlə həkk olunan I
Avropa Oyunlarında ən güclü komandalardan birinin Azərbaycan
yığmasının olması isə çox millətlərin,
dinlərin nümayəndələrinin yaşadığı
ölkəmizdəki
birliyin vəhdətindən doğan qələbə
idi! İlk Avropa
Oyunlarının ev sahibliyinin müsəlman
ölkəsinə etibar edilməsi diqqət çəkən
məqamlardan oldu. Bununla Azərbaycan
avropalıların müsəlmanlarla bağlı
yanlış təsəvvürlərinin aradan
qaldırılması üçün böyük iş
gördü, İslam ölkələri arasında isə
nüfuzunu daha da artırdı. Oyunların
möhtəşəm açılış və
bağlanış mərasimlərində milli mədəniyyət
nümunələrimizlə yanaşı, dünya musiqisinin
tanınmış nümunələri də nümayiş
etdirildi. Azərbaycanlılar dünyanın hər yerindən
gəlmiş müxtəlif millətlərin nümayəndələri
ilə birgə yüksək səviyyədə təşkil
edilmiş bu mərasimdən xüsusi zövq aldılar,
dünya musiqisinin gözəl nümunələrini canlı
dinləyərək mənəvi cəhətdən bir az da zənginləşdilər. Bu,
əsl multikulturalizmdir. Dövlətlər
müharibə əvəzinə bir-birinə mədəniyyət
nümunələri göndərsələr sülh bərqərar
olar. Tam qətiyyətlə demək olar
ki, məhz mədəni dəyərlər dünyanı xilas
edəcək.
2016-cı
il ölkəmizdə “Multikulturalizm ili”
elan olunub
–
Dünya mədəniyyətlərinin fərqliliyi, çoxmədəniyyətlilik,
yəni multikulturalizm insanlar üçün ən qiymətli
dəyərlərdəndir. Ulu öndər Heydər
Əliyevin müdrik siyasəti nəticəsində
multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və
bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycanda tarixən
həyat tərzi olan multikulturalizm ənənələrinin bu
gün də mövcudluğu bu uğurlu siyasətin nəticəsidir.
Prezident İlham Əliyev çıxışında
demişdir: “Bəzi siyasətçilər deyirlər ki,
multikulturalizm iflasa uğrayıb. Bəlkə
haradasa iflasa uğrayıb. Amma Azərbaycanda
yaşayır və bu meyillər, bu ideyalar güclənir,
ictimaiyyətdən də daha çox dəstək alır.
Biz bu yolla gedəcəyik”. Prezidentin
2016-cı ili “Multikulturalizm ili” elan etməsi bir
çağırışdır və hər birimiz bu çağırışa
səs verməliyik. Multikulturalizm siyasətinə
yardım edən, proqramlar, layihələr işləyib
hazırlamalıyıq. Bu mövzu ilə
bağlı televiziya və mətbuatı izləyirəm.
Yaxşı olardı ki, bu mövzu bir qədər
də geniş işıqlandırılsın. Multikulturalizm ifadəsi hər bir vətəndaş
tərəfindən aydın dərk edilsin. Onun necə bir nemət olduğunu bilsinlər. Hər bir insan bilməlidir ki, o, təkcə öz mədəniyyətini
yox, həm də bəşəri mədəniyyəti sevməli,
onu qəbul etməlidir. Amma bu, o demək
deyil ki, öz dəyərlərimizdən imtina edək. Azərbaycanın mədəniyyəti çox zəngindir.
Muğam sənətimiz, xalq
yaradıcılığı və klassik musiqilər, opera və
balet tamaşaları, rəsm əsərlərimiz və
poeziyamız ümumdünya mədəniyyətinə zəngin
töhfələr verib. “Musiqi
ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən
ən yaxşı vasitədir. Bu səbəbdən
də müxtəlif xalqlar arasında mədəni
körpülər salmaq çox vacibdir” - deyən ulu öndər
Heydər Əliyev xalqlar arasında mədəni əməkdaşlığın
nə qədər vacib olduğunu vurğulamışdır.
Azərbaycan “Eurovizion” mahnı müsabiqəsini təşkil
etdi. Bu mərasimə
qocaman qitənin ən yaxşı müğənniləri
seçilmiş ifaları ilə qatılmışdılar.
Təsəvvür edin, müsabiqə zamanı
fərqli mədəniyyətlərə məxsus musiqilərdən
nə qədər böyük zövq aldıq. Eyni zamanda, bu tədbiri keçirməklə
dünyanın multikultural dəyərlərinə necə
böyük töhfə verdik. Bütün
dünya xalqları müxtəlif mədəniyyətlərin
ən nadir incilərini dinləməklə nə qədər
saflaşdılar.
Bəşəri
dəyərləri qəbul edib,
həyatımızı keyfiyyətlə yaşayaq
– İdmanın mədəniyyətlə əlaqəsini, birliyini necə təsəvvür edirsiniz?
– İdmanla məşğul olan insanlar mədəni
dəyərlərdən istifadə edirlərsə onun səmərəsi
daha çox olur. Belə ki, onlar multimədəni dəyərləri
qəbul etmək üçün daha hazırdırlar.
İdmançının əzələ və sinir sistemində
adi insanlarla müqayisədə yaxşılığa
doğru fərq var. Ona görə gənclərə dönə-dönə
deyirik ki, idmanla məşğul olsunlar. Həyat keyfiyyəti yüksək
olanda insan problemlərini rahat həll edə bilir. Mədəni
dəyərləri qida kimi qəbul edib, Allahın bəxş
etdiyi ömrü keyfiyyətlə yaşamalıyıq. Əsl insan olmaq, yaxşı işlər görmək
üçün bu dəyərlər çox vacibdir. Bizi digər canlılardan fərqləndirən məhz
mədəni dəyərlərdir. Müxtəlif
xalqların mədəniyyəti ilə tanış
olub onlardan bəhrələnmək gənclərimizin daha mədəni
olmasına, şəxsiyyət kimi bütövləşməsinə
səbəb olacaq.
Tarixi
minillikləri əhatə edən zəngin irsimiz
bolid
sürəti ilə dünyaya çatdırıldı
–
Ağacan müəllim, Bakı ötən ay dünyanın ən
möhtəşəm idman yarışlarından biri olan
“Formula-1”-in ev sahibi kimi, öz
missiyasının öhdəsindən gələ bildimi?
–
Çox yüksək səviyyədə təşkil olunan bu
tədbir dünyanın 1 nömrəli avtomobil
yarışları idi və onun təşkili hər dövlətin
işi deyil. “Formula-1” yarışlarını hərtərəfli
inkişaf etmiş dövlətlər keçirirlər.
Məşhur avtomobil firmalarının yaratdıqları idman
maşınları qeyri-rəsmi olaraq bolidlər, onları
idarə edənlər isə pilotlar adlandırılır. Bu maşınların bolidlərlə müqayisəsi
çox maraqlıdır və yerinə düşür.
Yerdə 300-350 sürət fantastikdir.
Yarış zamanı “Formula-1” avtomobilləri və
çoxmilyonlu azarkeş ordusu UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil olan İçərişəhər
Tarixi Memarlıq Qoruğunu, şəhərə müasirlik
verən möhtəşəm göydələnləri və
Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
Bakının təkrarolunmaz və gözəl simasını
gördülər. Otuz minə yaxın
tamaşaçı yarışı tribunalardan izlədi.
Məşhur yarışın 190-a yaxın ölkədə
500 milyondan artıq azarkeş tərəfindən izlənildiyini
nəzərə alsaq, deməli, minillik mədəni tariximizin
bu günə kimi yaradılmış zəngin irsinin bolid
sürəti ilə dünyaya çatdırılması deməkdir.
“Formula-1” yarışları mədəniyyət
proqramlarının hazırlanması, paytaxta yaxın ərazilərdə
olan qoruqlara, abidələrə turların təşkili
ölkəmizin turizm imkanlarının daha da genişləndirilməsi
məqsədi daşıyırdı. İştirakçıların və qonaqların
muzeyləri, sərgi və mədəni abidələri
böyük maraqla ziyarət etmələri mədəniyyətimizin
dünya xalqları tərəfindən qəbul edilməsi demək
idi. Bu, çoxəsrlik tariximizin məhz
multikultural dəyərlər üzərində bərqərar
olmasının bariz nümunəsi idi. Avropa
və Asiyanın qovuşuğunda yerləşən və
müxtəlif mədəniyyətlərin yanaşı
yaşamasını qəbul edən tolerant cəmiyyətdə
əsrlərlə bərqərar olan zəngin bir tarixi irsin
dünya xalqları üçün nə qədər önəm
daşımasını göstərən amil idi.
Rəvayətə görə qədim yunanlar
tamaşalara məhəllə şəklində
yığışıb gedərmişlər. Onlardan
soruşanda ki, hara gedirsiniz? Cavab verərmişlər
ki, teatra müalicə almağa gedirik. İnsanlar
gündəlik problemlər, qayğılardan bəzən
stress vəziyyətə düşürlər. Onlar bəzən nəzərə almırlar ki, incəsənət,
mədəni tədbirlər insanın
sağlamlığına nə qədər xeyirdir. Bütün dünya bununla məşğul
olmalıdır. Bu və ya digər
dövlətlərin milli mədəniyyətinə inteqrasiya
olmağı arzu etməyən bəzi xalqların nümayəndələri
multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycana
gəlsinlər. Əminik ki, məhz mədəni
dəyərlərimizlə, zəngin irsimizlə qidalanıb
multikulturalist kimi vətənlərinə dönəcəklər.
Bu, “Homo sapiens” tipli insandan “Homo culturalies” tipli insana keçid
üçün beynəlxalq proqramın bütün
dünyada işlənib hazırlanmasını daha da sürətləndirən
amilə çevriləcək.
Müsahibəni
apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2016.- 1 iyul.- S.5.