Azərbaycançılığın tarixi əsasları

 

Əsrlər boyu xalqımızın özünüdərk, özünüifadə, özünüqoruma və özünütəsdiq düşüncəsi kimi yaranıb inkişaf etmiş azərbaycançılıq XIX əsrin sonu  – XX əsrin əvvəllərində, dünyada unitar dövlətlərin milli ideologiyalarının formalaşması prosesinin axarında nəzəri- ideoloji baxımdan da təşəkkül tapmışdır. Tarixən, Qafqazın cənub- şərqində və İranın şimalında məskunlaşmış Azərbaycan türklərinin milli varlığının özünəməxsusluğunu və onu bəşəri dəyərlərlə bütövləşdirmək tələbatının əsas komponentlərini əks etdirən azərbaycançılıq XX əsrin sonlarında suverenliyin bərpasından sonra qəti olaraq dövlətçilik ideologiyası kimi bərqərar olmuşdur.

 

Azərbaycançılığın

milli tarixi zəmini

 

Azərbaycançılığı mükəmməl dövlətçilik ideologiyası kimi tarixi- mədəni və siyasi- ideoloji yönlərdən geniş öyrənməkdə olan azərbaycanşünaslıq bu milli düyagörüş sistemini xalqımızın, əvvəla, dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə – XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşan və formulə olunan, nəhayət, kifayət qədər  mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiya kimi səciyyələndirir. Tarixi Azərbaycanın aparıcı etnosu olan tütklərin, bu cöğrafiyada böyük əksəriyyəti təşkil edən müsəlmanların və xalqımızı sivil dəyərlərə, dünya birliyinə qovuşduran müasirliyin təbii- zəruri bütövlüyünü ifadə edən azərbaycançılıq bu 3 başlıca əlamətlə səciyyələnir: türkçülük, islamçılıq və müasirlik. Tanınmış dilçi- azərbaycanşünas, AMEA- nın müxbir üzvü, millət vəkili  Nizami Cəfərov göstərir ki,  azərbaycançılıq ideologiyası geniş mənada, əsrlər–minilliklər boyu təşəkkül tapıb. Bu düşüncə tərzi XIX əsrin sonu XX əsrin əvvəllərində ilkin formalaşdıqdan sonra dövrümüzədək mürəkkəb, ziddiyyətli, davamlı bir təkamül yolu keçmişdir. Alim onun aşağıdakı mərhələlərini müəyyən edir: XX əsrin 20-ci illərinin əvvəlləri –30- cu illərin sonları; 30- cu illərin sonları– 70-ci illərin əvvəlləri; 70- ci illərin əvvəlləri- 80-ci illərin sonları; 80- ci illərin sonları - XXI əsrin 10-cu illərinin əvvəlləri; son illər.

Siyasi- ideoloji yöndə "azərbaycançılıq" anlayışını dərindən tədqiq edən akademik Ramiz Mehdiyev göstərir ki, bu ideologiya "ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-- 1993- illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir". Bu ideologiya inzibati- ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqidemokratik dövlət olan Azərbaycanın möhkəmlənməsi və inkişafına xidmət edir. Siyasətçi və nəzəriyyəçilərin açıqlamasına görə, azərbaycançılıq milli həyatın harmoniyasının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların birgəyaşamasının ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Bu, yalnız milli təəssübkeşliklə məhdudlaşmayan, dünyaya inteqrasiya edən milli ideologiyadır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, politoloq Əli Həsənov isə bildirir ki, müasir Azərbaycan dövlətçiliyinin ideologiyası kimi, ümummilli lider Heydər Əliyevin yüksəltdiyi və hərəkətə gətirdiyi azərbaycançılıq milli münasibətlərin inkişafı, müxtəlif dini konfessiyaların eyni məkanda yanaşı mövcud olması, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşları arasında milli həmrəyliyin möhkəmlənməsi, onların müstəqil dövlət quruculuğu proseslərində fəal iştirakı üçün hərtərəfli və əlverişli imkanlar yaratmışdır. Bu tarixi gerçəyi nəzərdə tutan ümummilli lider demişdir: "Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır". Özütarixin ən böyük azərbaycançısı səviyyəsinə yüksəlmiş böyük rəhbərin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizdə multikulturalizmin inkişafını, azsaylı xalqların və etnik qrupların, müxtəlif dini inancların nümayəndələrinin müstəqil Azərbaycan dövləti ətrafında birləşməsini təmin etmişdir. Azərbaycanın beynəlxalq aləmdə multikulturalizmin inkişaf etdiyi məkan kimi tanınması digər dövlətlər üçün böyük nümunədir. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.

 

Milli tariximizin azərbaycançılq zəmini

 

Azərbaycançılığın tarixi yetkinliyə çatıb milli dövlətçilik ideologiyası kimi gerçəkləşməsi türklüyün daşıyıcısı olan ana dilimizin ən yüksək statusunu, islam inancını əks etdirən dinimizin ictimai həyata qaytarılmasını, bütövlükdə, mövcudluğumuzu qoruyub- yaşatmış milli dövlətçilik tariximizin döğru- düzgün, mükəmməl öyrənilməsini təmin etmişdir.  Çoxminillik tariximizin azərbaycançılıq prizmasından öyrənilməsi və sistemləşdirilməsi bu anlayışın milli varlığımızda , mədəni dəyərlər sistemimizdə oynadığı həlledici rolun təsdiq olunması deməkdir. Bu həqiqətə münasibətini bildirən Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev bildirdi: - Tarix elmi üçün təkzibedilməz faktdır ki, Azərbaycan nəinki bu regionun, ümumiyyətlə, dünyanın ən qədim dövlətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının hansısa yad ideoloji doktrinanın təsiri altında olmayan tarix elminin çoxistiqamətli axtarışları və bu yöndə aparılan ən yeni arxeoloji tədqiqatlar da burada antik sivilizasiyanın dəyərli örnəklərini aşkara çıxarır. Həmin örnəklər bir daha sübut edir ki, Azərbaycan arxaik ictimai birliklərdən kompakt siyasi quruluşlara keçid mərhələlərini yaşamış,  sonrakı dövrlərdə antikorta əsr dövlət quruluşları daim təkamül edən və qonşu dövlətlərdən xeyli dərəcədə fərqlənən eyni etno-sosial kodu daşımışdır.  Ancaq sovet tarixşünaslığında bu faktlar tamamilə fərqli şəkildə şərh edilir, "Azərbaycan ərazisində mövcud olmuş dövlətlər" ifadəsindən istifadə olunurdu. Bu, qəsdən belə edilirdi: yəni bu ərazi Azərbaycan adlansa da, burada başqa mənşəli (əsasən, ari etnosuna mənsub) dövlətlər olub. Bu saxta təfsir ermənilərə və digər etnik qruplara Azərbaycan ərazisinə və dövlətçiliyinə yiyəlik iddiaları üçün əsas yaradırdı. Tariximizə həqiqətə yön verən azərbaycançılıq baxımından yanaşma təsdiq edir ki, Azərbaycan ərazisindəki əksər  dövlətləri həmişə məhz Azərbaycan türkləri qurmuşlar. Azərbaycan dövləti etnogenezisinə və etnososial mahiyyətinə görə tarixən həmişə Azərbaycan xalqının siyasi təsisatı kimi meydana çıxmış, yerli  türklərin siyasi varlığının və düşüncəsinin məhsulu olmuşdur. AMEA Tarix İnstitutunun direktoru, milli tarixşünaslığımızın görkəmli nümayəndəsi, akademik  Yaqub Mahmudov bu mövzuda açıqlamasında bildirdi:

--XX yüzilliyin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Lakin çar Rusiyasının və onu əvəz etmiş sovetlərin Azərbaycanın quzeyindəki ikiəsrlik işğalı dönəmində, Arazdan cənubda isə minillik türk hakimiyyətinə imperialist dairələrin fitvası ilə son qoyulandan sonrakı onilliklərdə Azərbaycan tarixi tamamilə saxtalaşdırılmışdı. Bütöv Azərbaycan tarixi anlayışı aradan qaldırılmış, quzeyin tarixi qafqazdilli, güneyi isə irandilli tayfaxalqlarla bağlanmışdı. Minillərlə burada yaşamış, onlarla dövlət qurumları yaratmış türklər isə "gəlmə" xalq kimi qələmə verilmişdi.

Tariximizə qalib azərbaycançılıq  düşüncəsi baxımından yanaşmaq son 25 ildə Azərbaycan ərazisinin, xalqının və dövlətçiliyinin elmi- obyektiv və əhatəli- mükəmməl tarixinin yaradılmasına meydan açmışdır.

Müasirlərimə çatdırmaq istədiyim həqiqət ondan ibarətdir ki, şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla, Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-- Zəncan-- Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan xalqı, təqri- bən, 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl, IV minilliyin sonu-- III minilliyin əvvəllərindən başlayaraq, Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Qədim Azərbaycan tayfa birliyi olan qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan akkad dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər.

Zaman keçdikcə, Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazisində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır. Manna, Midiya, Atropatena, Albaniya kimi qədim dövlətləri məhz Azərbaycan türklərinin babaları yaratmışlar. Ərəb işğalından sonra Azərbaycanda yaranmış Rəvvadilər, Şəddadilər, Şirvanşahlar, Atabəylər, AğqoyunluQaraqoyunlu dövlətləri milli dövlətçilik tariximizin parlaq səhifələri, Azərbaycan türklərinə məxsus siyasi qurumlardır. Səfəvilər dövləti isə Azərbaycan türklərinin yaşadığı coğrafiyanı ilk dəfə vahid sərhədlərlərlə əhatələmişdir. Nadirin qurduğu nəhəng imperiyaQacarlar dövləti də tarixə Azərbaycan türklərinin hakimiyyətləri kimi yazılmışdır. Biz bu həqiqətləri elmi tarixşünaslığa gətirməklə dövlətçilik tariximizin bitkin mənzərəsini yaratmağa çalışırıq.

Alimin dediklərinə əlavə edək ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin timsalında dövlətçiliyimizin dirçəldilməsi və 23 aydan sonra bolşeviklərin süqut etdidiyi dövlətçiliyin 70 ildən sonra yenidən bərpası ilə çoxminillik dövlətçilik tariximiz təbii- milli çevrəsinə qayıtmışdır. Bu həqiqət azərbaycançılıq işığında daha aydın görünür və mötəbər təsdıqini tapır.

 

Tahir AYDINOĞLU,

"Xalq qəzeti"

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Xalq qəzeti.- 2016.- 9 iyul.- S.6.