SUMQAYIT - bugünümüzün
qürur və
yüksəliş ünvanı
Mənim doğma şəhərim
- Sumqayıt! Özümü sənin bir zərrən
sayıram! Hər bir uğuruna balan kimi, ciyərparan kimi
sevinirəm! Hər küçənə, hər tininə bələdəm,
gözübağlı gəzsəm də, azmaram. Hətta dünyaya gəldiyim doğum evinin
palatasını belə pəncərəsindən
tanıyıram (4-5 yaşım olanda anam göstərib).
İndi də köhnə "Pekarnı"nın
yanından ötəndə əlli-əlli beş il əvvəlkitək
burnuma çörək ətri dəyir. "İnşaatçı"
stadionunun həndəvərində ötən uşaqlıq
illərimi, evimizin yaxınlığındakı köhnə
bazarın gur çağlarını yaxşı xatırlayıram.
Birinci sinifdə oxuyarkən indiki "Bələdiyyə
parkı"na ekskursiyaya getməyimiz də
yadımdadır, sanki quşların cəh-cəh vurduğu
qalın bir ormana varmışdıq...
Gənclər bu şəhəri Xəzərin qumsal
sahillərinə ürəklərində gətiriblər. Sonra
Sumqayıtı ev-ev, küçə-küçə, məhəllə-məhəllə
tikiblər. Arzular şəhəri 1949-cu
ildən həqiqət, hünər, tale şəhərinə
çevrilib. Sumqayıtı ucaldanlar onunla
bərabər ucalıb, ev-eşik, ailə-uşaq sahibi
olublar. Özləri qocalsalar da,
Sumqayıtı həmişəcavan şəhər kimi
tanıdıblar. Çünki bu şəhərin
ruhu cavandır, xarakterinə tükənməz şövq,
coşqu, qaynarlıq, canlanma xasdır.
Şairlərdən kimsə Sumqayıtı "zülmətlərə
işıq saçan şəhər" adlandırıb. 1941-ci ildə
burada ilk İES-in açılışı olub və turbin
qurğusunun işə salınması ilə Dəhnə
düzü nura qərq olub. Stansiyanın
nur çeşməsi Sumqayıta yeni həyat verib. İlbəil işıqları çoxalan şəhər
beləcə zülmətlərə işıq
saçıb.
Amma onu da deyim ki, dünənə qədər bu şəhərdə
axşamdan-səhərə zülmətə qərq olan
böyük və baxımsız bir guşə
qalırdı.
On illər boyunca Sumqayıt böyüyüb
inkişaf etsə də, o məkanın
qaranlığını aydınlatmaq kimsənin yadına
düşmürdü. Söhbət
hazırda sürətlə müasir park-bulvar kompleksi tikilən
dənizkənarı ərazidən gedir. Yaxşı ki,
özü də bu şəhərin yetirməsi olan Zakir Fərəcov
ötən il Sumqayıta icra
başçısı təyin edildi və dərhal bir
sıra mühüm tədbirlərlə bərabər, məhz
Xəzərin ləpədöyəni sayılan ərazinin
abadlaşdırılmasına start verildi. Elə
buradaca əlavə edim ki, hələ dənizkənarı
park-bulvarda işlər tamamlanmasa da, sakinlər hər
axşam dəstə-dəstə oraya gedib sərinləməkdən
və görülən möhtəşəm işlərdən
zövq almaqdan özlərini saxlaya bilmirlər. Yerə döşənən mozaik plitələrlə,
hörülən naxışlı barılarla bir göyərən
yaşıllıqlar, boy göstərən
güllü-çiçəkli istirahət guşələri
göz-könül sevindirir. Artıq neçə
aydır ki, "salxım-salxım" işıqlar
bulvarın üzünə günəş çəkir,
hüsnünə yaraşıq verir...
Sumqayıtda ilin ilk yarısının yekunlarına həsr
olunan toplantıya bu düşüncələrlə
qatılmışdım. Orada eşitdiklərim
də sanki duyğularıma qol-qanad verir, fikrimi doğma şəhərimin
daha gözəl günlərinə pərvazlandırırdı.
Reallıq isə budur ki, nikbinlik üçün əsaslar
yetərincədir. İlin əvvəlindən Sumqayıt şəhərinin
iqtisadiyyatı inkişaf edib, aparıcı sahələrdə irəliləyiş təmin
olunub, qarşıya qoyulmuş vəzifələr əsasən
yerinə yetirilib. Yeni, müasir istehsal sahələrinin
yaradılması, şəhərin yüksək səviyyədə
abadlaşdırılması, insanların rifah halının
daha da yaxşılaşdırılmasına yönəldilmiş
layihələr fərəh doğurur.
Şəhər
üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin
həcmi 560 milyon manat və ya 151,4 faiz təşkil
edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə
140 milyon manat və ya 51,4 faiz çox məhsul istehsal olunub və
xidmət göstərilib. İlin əvvəlindən
şəhər üzrə bütün maliyyə mənbələri
hesabına ayrı-ayrı sahələrin inkişafına 66
milyon manat vəsait yönəldilib. Şəhər
üzrə orta aylıq əməkhaqqı 450 manat olmaqla 112,6 faiz təşkil edib. 3987 yeni iş yeri
açılıb və bu rəqəm ötən ilin eyni
dövrü ilə müqayisədə 2,5
dəfə çoxdur.
Regional inkişaf Dövlət Proqramında Sumqayıt
şəhəri üzrə nəzərdə tutulan 16 bənddən
ibarət tədbirlərin mərhələ-mərhələ
həyata keçirilməsi sayəsində bir çox
infrastruktur layihələrinin icrası davam etdirilir.
"AzərSun" Sumqayıt Sənaye Parkında
"Tara" fabrikinin, azot gübrəsi istehsal edəcək
"Karbamid" zavodunun, "Kimya-Sənaye" Parkında
polietilen və polipropilen zavodları tikilir, Günəş
Batareyası Stansiyasında işlər gedir.
Şəhər ərazisində yeni
yaradılmaqda olan müəssisələr də var. Bunlar
maşın yağları, plastik materiallar, trikotaj məhsulları
istehsalı sahələri, həmçinin yeyinti,
parfümeriya və formoseptika üçün qablar
istehsalı ilə bağlı müasir şüşə
zavodudur. Bu müəssisələrin fəaliyyətə
başlaması ilə 1000-dən çox şəhər
sakininin daimi işlə təmin edilməsinə şərait
yaradılacaq.
Şəhərdə
sahibkarlığın inkişafına dövlət dəstəyinin
gücləndirilməsi, iş
adamlarının investisiya layihələrinin güzəştli
qaydada kreditləşdirilməsi imkanı xeyli genişləndirilib.
Qarşıda ixracyönümlü istehsalın
da yaradılması vəzifəsi durur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
Sumqayıta göstərdiyi diqqətin nəticəsində son vaxtlar
aparılan abadlıq və quruculuq işlərinin həcminin
genişləndirilməsi şəhərə olan
marağı artırıb. İndi Sumqayıtda
mövcud torpaqlardan daha səmərəli istifadə edilməsi
üçün ciddi tədbirlər görülür.
Şəhərdə abadlıq, quruculuq,
yaşıllaşdırma sahəsində ardıcıl olaraq
genişmiqyaslı işlər görülür. Yol-nəqliyyat
infrastrukturunun yeniləşdirilməsi istiqamətində
kompleks tədbirlər davam etdirilir: şəhərin
girişində - Sülh küçəsində 4 kilometr məsafədə
yolun hər iki tərəfə genişləndirilməsi,
yağış sularının qəbuledici xətlərinin,
su-kanalizasiya, kommunikasiya xətlərinin çəkilməsi
və ərazinin yaşıllaşdırılması
üçün lazımi işlər görülüb. Yolun
hər iki tərəfində minlərlə dekorativ ağac,
güllər və kollar əkilib, böyük ərazidə
çəmənliklər salınıb, dekorativ hasar çəkilişi
üzrə işlər aparılır, müasir dekorativ dirəklərdən
istifadə etməklə işiqlandırma sistemi yenidən
qurulub, 7575 poqonmetr qranit səki daşları, 30 min kvadratmetr
asfalt döşənib və burada aparılan işlər səylə
davam etdirilir.
Şəhərin 6-cı mikrorayonunda məhəllədaxili
yollar tam asfaltlanıb, 9-cu mikrorayonda bu işlər başa
çatmaq üzrədir, 10-cu, 13-cü mikrorayonlarda və
"Qızılqum" yaşayış sahəsindəki ərazilərin
asfaltlanması işləri davam etdirilir. İlin əvvəlindən
məhəllədaxili ərazilərə 100 min kvadratmetrdən
çox asfalt salınıb. Küçə
işıqlandırılması ilə əlaqədar 4 məhəllə və 10
mikrorayonda işlər sona yetib, 1- ci mikrorayonda isə icra olunur. Heydər
Əliyev parkında aparılan yenidənqurma işləri genişlənib.
Bir vaxtlar sumqayıtlıların sevimli məkanı olmuş
Nizami kinoteatrının qarşısındakı ərazidə
qanunsuz tikililər sökülüb, yerində gözəl
xiyaban yaradılıb.
Şəhərin
əsas giriş yollarından biri olan Novxanı-Sumqayıt
yolunda, Sahil küçəsində yenidənqurma işləri
davam etdirilib, ərazidəki qanunsuz tikillər, hasarlar
sökülüb, yol müasir standartlara uyğun olaraq
genişləndirilib, sakinlərin rahat hərəkəti
üçün piyada yolu, səkilər salınıb, istirahət
guşələri yaradılıb, dekorativ ağaclar və
gül kolları əkilib. Zəruri suvarma xətti çəkilib. Yol boyu müasir işıqlandırma sistemi
yaradılıb. Koroğlu, Çerkassı küçələrində,
Nəsimi adına parkda abadlıq işləri
aparılır.
Dənizkənarı
Park Bulvar kompleksində əraziyə 2 milyon kubmetr (60 min
maşın) torpaq daşınıb, 3700 poqonmetr uzunluğunda
istinad divarı tikilib və üçdəiki hissəsi
üzlənib. Orada böyük kanalizasiya xətti,
ərazinin və yolların yağış sularının
axıdılması üçün xətlər çəkilib.
4200 kilometr uzunluğunda yolun özülü
tikilib, hazırlıq qatı vurulub və səki daşları
qoyulub. İki ədəd 1000 kilovatlıq
yarımstansiya tikintisi və kabelləşmə işləri
aparılır. Fontanlar,
işıqlandırma və avtomat suvarma sistemləri
quraşdırılır. 100 min kvadratmetr sahəyə
tamet döşənib, 350 min kvadratmetr əraziyə 100 min
ağac və kol, 500 mindən çox gül əkilib, qazon
salınıb. Piyada və velosiped
yollarının üçdəiki hissəsi çəkilib.
Kompleksdə yaradılan Bayraq Meydanında və 1-ci
dambada işlər
yekunlaşır, 2-cidə isə davam edir. Ərazidə
sosial obyektlərin də tikintisi aparılır.
"Heydər Əliyev
Mərkəzi"nin, yeni şahmat və musiqi məktəblərinin
tikinti işləri yekunlaşır, Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmiri
başa çatıb. Məhkəmə Kompleksinin, Şəhər
Prokurorluğunun, Milli Bankın ehtiyat
fondu binalarının
inşası, 7 saylı tam orta və general Məhəmməd
Əsədov adına orta ümumtəhsil internat məktəbləri,
6 və 66 saylı uşaq bağçaları əsaslı təmir
olunur, 6-cı mikrorayonda özəl uşaq
bağçası tikilir.
Heydər
Əliyev və Azərbaycan küçələrində 16
yaşayış binasının fasadlarında "aqlay"
daşı ilə üzləmə işləri, 43
yaşayış binasının fasadının rənglənməsi
işləri başa çatdırılıb, 38 binada isə
işlər davam etdirilir. S.Vurğun
küçəsi boyunca, 5-ci və 6-cı mikrorayonlarda,
Z.Hacıyev küçəsində yaşayış
binalarının balkon və fasadları yenidən qurulmaqla təmir
olunub. Şəhər ərazisində 50 mindən
çox ağac, 100 mindən çox kol, 1 milyondan artıq gül əkilib,
63 min kvadratmetr yeni qazon salınıb, 110 min kvadratmetr əraziyə
ot-çim döşənib, 10 min quru ağac kəsilib, 20
minə qədər ağac budanıb.
Prezident İlham Əliyev Sumqayıt və
sumqayıtlılara problemlərinin həllində daim dəstək
olub. Buna görə sakinlər hədsiz minnətdardırlar.
Şəhərdə 300 binanın dam
örtüyünün təmir olunmasına vəsait
ayrılması üçün sərəncam
imzalamışdır. Şəhərdə 11 mikrorayon və
10 məhəllə ərazisində 200 binanın dam
örtüyündə işlər başa çatdırılır və
növbəti 100 binanın dam
örtüklərinin təmiri işlərinə
başlanacaq.
Ölkə
rəhbərinin sərəncamı ilə Sumqayıtda
çoxmərtəbəli binaların lift təsərrüfatının
yenilənməsi məqsədilə vəsait ayrılması
növbəti dəfə dövlət
başçısının sumqayıtlılara böyük
qayğısından xəbər verir.
Ayrılmış vəsait hesabına 200 lift yenisi ilə əvəz
olunub və bu sahədə yaxın illər üçün əhalinin
problemləri tam həll olunacaq.
Bu günlərdə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini, tanınmış şahmatçı Aynur Sofiyeva
Sumqayıtda keçirilən maarifləndirici tədbirdə
iştirak edib.
O, şəhərlə bağlı təəssüratlarını
bölüşüb: "Sumqayıta daxil olanda və yenilikləri
görəndə çox sevindim. Azərbaycanda
gündən-günə inkişaf prosesi gedir. Güclü inkişafın təməlində
güclü dövlət və güclü rəhbər amili
durur. Prezidentimizin xüsusi
qayğısı yerlərdə, xüsusən də
Sumqayıt şəhərində hiss olunur. Mən gördüm ki, bu tapşırıqların
lazımi səviyyədə və uğurla yerinə yetirilməsi
Sumqayıtın son zamanlar inkişafı ilə nəticələnib.
Həyata keçirilən işlər artıq
göz qabağındadır.
Sumqayıtda da yüksək səviyyədə
şahmat məktəbinin tikilməsi inkişafa gətirib
çıxaracaq. Uşaqların, asudə
vaxtının səmərəli təşkili onların
inkişafı baxımından çox önəmlidir".
Sumqayıtlıları
sevindirən daha bir xəbər:
icra başçısı Zakir Fərəcov şəhər
çimərliklərində əhalinin yay istirahətinin təşkili
ilə bağlı sərəncam imzalayıb. Sərəncamda
qeyd olunub ki, çimərlik ərazilərinə və
sahilyanı zonalara giriş pulsuzdur. Aidiyyəti qurumlara
tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz
istirahətinin təmin edilməsi üçün firma və
şirkətlər tərəfindən xidmət haqlarından
başqa hər hansı rüsumun alınması yolverilməzdir...
Bəli, Sumqayıt onu qurub-yaradanların özləri üçün ucaltdıqları möhtəşəm bir abidədir. Yeni rəhbərliyin həyata keçirdiyi tədbirlərdən məmnun qalan sakinlərin daimi qürur ünvanı, bu yerlərdən əskik olmayan xəzrinin, gilavarın anbaan sehirləndiyi gözəl bir məkandır. Bu şəhərin gözəlliyi ilə dünyaya meydan oxuyacağı vaxta çox qalmayıb.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2016.- 23 iyul.- S.6.