QAX: Perspektiv planlar
ciddi uğurlar vəd edir
365 rəng, bir o qədər səs, elə o qədər
də əsrarəngizlik. Bu, haqqında söz açmaq istədiyim
diyarın il boyu arta-arta gedən gözəlliyinin qələmə yatan vəsfidir.
365 rəng nədirsə, sonra deyərəm.
...Doğrusu, burada neçə dəfə olduğunu
xatırlaya bilmirəm. Amma, onu bilirəm ki, Qaxdakı
insanların mənəvi
saflığı da elə təbiətdəki təmizlik kimi
ilin bütün fəsillərində zəngindir. Bəlkə ona
görədir ki, qaxlılar qədər yurda bağlı
camaat yoxdur. Varsa da, mən tanımıram. Təxminən 30 il gəldiyim, gəzdiyim yerlərə hər səfərdə
bir gözəllik tapıram. Mənə elə gəlir ki,
buranın dağları da bir başqa cah-cəlallıdır,
bağları da. Qətiyyətlə deyə bilərəm ki,
aprelin əvvəlindən oktyabrın sonuna qədər
süfrəsi qonaq-qaralı olan, üzü payıza dönən
kimi müdrik ağsaqqala çevrilib minbir nağıl, əhvalat
danışan bu dağların hər gününün bir rəngi,
səsi, gözəlliyi
var.
Bu əsrarəngizliyi
neçə yazıda qələmə almaq istədiyimi də
bilmirəm. Həmişə də
xatırlatmışam ki, bu təbii gözəlliklər Fərman
Əhmədzadə kimi el ağsaqqallarının misalında
bütün qaxlıları saf ürəkli, təmiz ruhlu
insanlara çevirib.
Yeri gəlmişkən,
bu il iyunun əvvəllərində yay turizm
mövsümünə hazırlıqla bağlı Mədəniyyət
və Turizm Nazirliyinin tədbirlər planına uyğun
olaraq Qax rayon
Rəsm Qalereyasının
qarşısında həvəskar rəssamların və tətbiqi
sənət ustalarının əl işlərindən ibarət
ilk satış-sərgi təşkil edilmişdi. Sərgiyə yerli sənətkarların iki yüzə
yaxın rəsm əsəri və əl işləri
çıxarılmışdı. O zaman mən dostum,
qaxlı həmkarımız
Mustafa Dadaşova demişdim ki, Qaxın neçə rəngi
, koloriti olduğunu peşəkar sənətkarların əsərlərinə
nisbətən bu həvəskar sənət adamlarının
yaradıcılığında daha yaxşı görmək
olur. Mustafanın cavabı da maraqlı idi: "Həvəskarların
əl işləri bizi ona görə cəlb edir ki, onlar il
boyu bu gözəlliklərin arasındadırlar. Onlar üçün bütün rənglər adiləşib.
Peşəkarlar isə ezamiyyətdən-ezamiyyətə
buraları gördüklərinə və gözəlliyi daha
dərindən duyduqlarına görə sadəcə təbiət
onları mat edir."
Rayon icra
hakimiyyətinin başçısı Musa Şəkiliyevlə
söhbətimizdə də təbiətin gözəlliyinin insan ruhunu daha da zənginləşdirdiyini
yada saldım. Musa müəllim dedi ki, biz təbiətin gözəlliyi barədə
danışıb onunla fəxr edə bilmərik. Çünki təbiət Allahın bu camaata bəxş
etdiyi misilsiz sərvət, qənirsiz gözəllikdir. Biz Allahın bəxş etdiyi dəyərlər barədə
deyil, insanların yaratdığı sərvətlər barədə
danışanda qaxlıların hünərini qiymətləndirmiş
olarıq. O barədə
danışmağa isə istənilən qədər
sözümüz var. Məsələn, təkcə bu ilin birinci yarısında
rayonumuzda görülmüş
işlər və həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində ümumi məhsul
buraxılışı 44 milyon 953 min manat olub ki, bu da ötən
ilin müvafiq dövrünə nisbətən 12,1 faiz
çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə
məhsul buraxılışının tərkibində sənaye
məhsulu istehsalı 4 milyon 965 min manat, ötən ilin
müvafiq dövrü ilə müqayisədə 77,7 faiz
artıb.
Rayon icra hakimiyyətinin başçısı əhalinin
gəlirlərinin sürətlə artdığını
xüsusilə yada saldı. Belə ki, əhalinin gəlirləri 51 milyon 436 min manat olub ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
1 milyon 9 min manat çoxdur. Təbii ki, burada
özəl sektorun rolu daha böyükdür. Ona görə
də rayonda
sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun
artırılması və yeni iş yerlərinin
yaradılması məqsədi ilə Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 30 layihə üzrə 191 min manat güzəştli
şərtlərlə kreditlərin verilməsi təmin
olunub. İlin əvvəlindən
rayonda daimi olmaqla 286 yeni iş yeri açılıb, orta
aylıq əmək haqqı 237.2 manat olub.
Musa
müəllim "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu vəzifələri yada salaraq dedi: – Həmin tədbirdə yerli icra
hakimiyyəti orqanlarına regionlarda sənaye zonalarının
yaradılması, əhalinin məşğulluq səviyyəsinin
artırılması, yeni iş yerlərinin
açılması, sərmayələrin cəlb edilməsi,
rayonda büdcə gəlirlərinin artırılması,
dotasiyaların minimuma endirilməsi, sahibkarlığın
inkişafı üçün münbit şəraitin
yaradılması, kənd təsərrüfatı məhsullarının
istehsalının və turizm xidmətlərinin genişləndirilməsi
və başqa
tapşırıqlar verilib. Dövlət
başçısı tərəfindən yerli icra hakimiyyəti
orqanları qarşısında qoyulmuş vəzifələrin
həyata keçirilməsi üçün geniş "Tədbirlər
Planı" tərtib olunub. Rayonda
bütün sahələr üzrə müvafiq işlərin
həyata keçirilməsi, əsasən də kənd təsərrüfatı
məhsulları istehsalının genişləndirilməsi nəzərdə
tutulur. Kənd təsərrüfatı məhsulları
istehsalının, o cümlədən faraş tərəvəz
və kartof istehsalının artırılması, rayonumuz
üçün ənənəvi istehsal sahəsi olan
tütünçülük və
baramaçılığın istehsalının genişləndirilməsi
istiqamətində yerlərdə maarifləndirmə və təbliğat
işləri aparılıb.
Rayonda
bitkiçilik və heyvandarlıq sahəsinin dinamik
inkişafının təmin olunması üçün nəzərdə
tutulmuş tədbirlər davam etdirilərək ötən
müddət ərzində 951 hektar sahədə yonca, 435
hektar sahədə tərəvəz, 147 hektar sahədə
lobya, 251 hektar sahədə bostan, 389 hektar sahədə kartof,
1311 hektar sahədə qarğıdalı əkilib. 30 hektar sahədə şum, 1800 hektar sahədə
payızlıq taxılların biçini aparılıb.
Buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılması, həmçinin
yazlıq bitkilərin əkini və payızlıqların
biçini ilə əlaqədar 2223 nəfər
istehsalçıya 1 milyon 10 min manat yardım verilməsi ilə
bağlı sənədlər Respublika Komissiyasına təqdim
olunub.
Bir sözlə, istər bitkiçilik, istərsə də
heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər
bunu deməyə əsas verir ki, rayonda aqrar sahənin intensiv
dinamik inkişaf etdirilməsi üçün hər bir şərait
vardır və bu istiqamətdə məqsədyönlü tədbirlərin
həyata keçirilməsi ardıcıl surətdə davam
etdiriləcəkdir.
Bölgə müxbiri kimi hazırladığım qəzet
materiallarının hamısında həmişə qeyd
etmişəm.
Yazmışam ki, Qaxda təmir-tikinti,
quruculuq-abadlıq işləri daim diqqət mərkəzindədir.
Ona görə də bu barədə heç
kimdən heç nə soruşmadım. Bilirdim ki, ilin əvvəlindən
bəri Qax
rayon Dövlət Rəsm Qalereyasında təmir işləri
görülüb, Zəyəm kənd körpələr
evi-uşaq bağçasının isə təmir olunur. Çox əhəmiyyətli Qorağan-Qax-Zaqatala
avtomobil yolunun Qax-Zaqatala hissəsinin və Dövlət
Bayrağı Meydanının tikintisi davam etdirilir.
Eləcə
də, Kənd Təsərrüfatı
Nazirliyinin Qax rayonu üzrə İdarəsinin inzibati
binasının və şəhərin İsmayıl
Dağıstanlı küçəsindəki 180 yerlik
uşaq bağçasının tikintisi, Turaclı kənd
uşaq bağçasının əsaslı təmiri
başa çatıb, şəhərin 28 May küçəsində
100 yerlik körpələr evi-uşaq bağçası və
Ağçay kəndində bir qruplu uşaq
bağçası istifadəyə verilib.
Yəqin ki, hörmətli oxucuların yadındadır. Qax haqqında
yazılarımızda bu rayonda təhsilin inkişafına
böyük önəm verildiyini dəfələrlə
yazmışıq. Bu ildə uğur qazanılıb, qəbul
imtahanlarının nəticələrinə
görə IX siniflər üzrə müvəffəqiyyət
78,1, XI siniflər üzrə iə 80,9 faiz
olub.
Təbii
ki, Qax milli-mənəvi dəyərlərimizin,
mədəniyyətimizin, tariximizin ən incə
detallarının belə qorunub saxlandığı rayonlardan
biridir. Təkcə bir faktı qeyd edim ki, buradakı
İçəri bazar tarixi ticarət kompleksində iyirminci əsr
dünya musiqisində xüsusi
çəkisi olan Müslüm Maqomayevin xalq sənətkarlığı ilə
məşğul olan babasının emalatxanası qorunub
saxlanılır. Musa müəllim dedi ki, bu abidələrin
qorunmasıyla iş bitmir, yeni nümunələr də
yaradılmalı və xalqa çatdırılmalıdır:
– Rayon Mədəniyyət və Turizm şöbəsi Baki
şəhəri Dənizkənarı Milli Parkda keçirilən
"Novruz" şənliklərində iştirak edib, həmçinin
2016-cı ilin "Multikulturalizm ili" elan olunması ilə
bağlı Xaçmaz rayonunda keçirilən
"Multikultural dəyərləri yaşadaq" adlı I
Beynəlxalq festivalda Qax İngiloy kənd mədəniyyət
evinin "Şvidkatso" Gürcü Xoru, 27 iyun – 1 iyul tarixlərində
Bakı şəhərində keçirilən Azsaylı
Xalqların V İncəsənət Festivalında
Ağyazı kənd mədəniyyət evinin "Samur" və
Əlibəyli kənd mədəniyyət evinin
"Pesvebi" rəqs kollektivi iştirak edərək
rayonumuzu layiqincə təmsil etmişdir.
Bu da bir həqiqətdir
ki, istənilən şəhərin və ya rayonun ən böyük sərvəti
insanlar, xüsusən xalqımızın və dövlətimizin
gələcəyi olan gənclərdir. Gənclərin
sağlamlığı, qabiliyyət və
istedadlarının üzə çıxarılması,
xüsusən,
yetkin vətəndaş kimi
formalaşdırılması məsələsi Qaxda daim rayon
rəhbərliyinin diqqət mərkəzindədir. Başçı qaxlı idmançıların
uğurlarından danışdı, onların
qazandıqları uğurları sadaladı.
Əhaliyə göstərilən xidmətin səviyyəsi
da daim yaxşılaşdırılır. Öyrəndik
ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi
tərəfindən qaz itkilərinin, qaz xətlərinə
qanunsuz qoşulma və müdaxilə hallarının
qarşısının alınması üçün qaz
sayğaclarının əvəzlənməsi, küçə
xətlərinə çıxarılması işi davam
etdirilir. Son aylar 62 ədəd qaz
sayğacı yenisi ilə əvəzlənib, 1091 mənzilə
qaz çəkilişi aparılıb. Rayon
Elektrik Şəbəkəsi tərəfindən həyata
keçirilən tədbirlər də ölkənin
sosial-iqtisadi inkişafının səviyyəsinə
uyğun şəkildə reallaşdırılır. Rayon Sukanal İdarəsi tərəfindən əhaliyə
içməli suyun verilməsi məqsədi ilə yeni
Smart-kart tipli su sayğaclarının
quraşdırılması işləri sürətlə
davam etdirilir. Artıq
quraşdırılmış sayğacların sayı 4000-ə
çatdırılıb. Rabitə və
informasiya xidmətlərinin yaxşılaşdırılması
məqsədi ilə həyata keçirilən tədbirlər
də günün tələbləri səviyyəsindədir.
...Düzdür,
qış aylarında da Qaxa gələnlərin sayı kifayət
qədərdir. Yeni ili bu gözəlliklər
diyarında qarşılamaq istəyənlərin sayı
çox, qonaqların sayı-hesabı yoxdur. Qaxlılar
da ki, hamısı şirindil, qonaqpərvər. Ürəklərini də verməyə
hazırdılar. Yuxarıda yazmışdım axı...
Yenə təkrar edirəm. Bu
insanlar doğulduqları yurdu o qədər sevirlər ki, bir
kimsənin buradan narazı getməyini istəməzlər.
Yurda bağlılıq dedim. Bilirəm xoşuna
gəlməyəcək. Amma mən Azərbaycan
Melorasiya və Su Təsərrüfatı ASC-nın sədri
Əhməd Əhmədzadənin adını çəkməsəm,
qaxlılar məni bağışlamaz. Hər dəfə
ondan söz düşəndə fəxrlə
danışırlar: "O insan Qaxla nəfəs alır, –
deyirlər, – elə bir xeyir-şərimiz olmayıb ki, orada
iştirak etməsin. Onun qapısını
hamımız öz qapımız saymışıq".
Düz sözə nə deyəsən.
... Bütün bunlar haqqında Musa Şəkiliyevlə
də danışdıq. Sonda isə
Qaxın hərtərəfli inkişafını sürətləndirmək
üçün bütün imkanlar yenidən nəzərdən
keçirilməsindən, tərəqqi yollarının
araşdırmasından söhbət açdıq. Həmin o "yolların
araşdırılması" ifadəsi yazda bu rayonda
keçirilmiş bir tədbirdə eşitdiyim məlumatı
yadıma saldı. Belə ki, İtaliyanın Valtellina
bölgəsinin Qax şəhəri ilə
qardaşlaşmış Bormio şəhərinin nümayəndə
heyəti bu rayonda işgüzar səfərdə olanda Bormio şəhərinin və yerli iş adamlarının
iştirakı ilə biznes forum keçirilmişdi. Həmin tədbirin
sonunda qeyd edilmişdi ki, biz gələcəkdə Valtellina
bölgəsindən Azərbaycana, xüsusən, Qaxa
investisiyaların cəlb edilməsi yollarını
araşdırdıq.
Uğur olsun. Görürsünüzmü? Demək hələ irəlidə işlər çoxdur. Elə dövlət başçımız da istənilən şəhər və rayonumuzun xaricdəki dostlarla mədəni və iqtisadi əməkdaşlığının genişləndirilməsini tövsiyə edir. Demək, Qaxla bağlı söhbətlərimiz hələ çox olacaq. Gələn görüşlərədək...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2016.- 30 iyul.- S.6.