Noqay türkləri
Türk xalqlarının hər birinin özünəməxsus
yaradıcılığı var. Şübhəsiz, mahiyyətcə
hamısı türk ruhundan gələn xüsusiyyəti təsdiq
edir.
Araşdırmaçı Əli Şamilin noqay türkləri
ilə bağlı apardığı araşdırma maraq
doğurur: “Noqaylar da öz ədəbiyyat tarixlərini miladi
V-X yüzildə yazılmış Orxon-Yenisey qəbirüstü
abidələrindən, Mahmud Kaşqarlının “Divan-i
lüğat it-Türk”ündən (XI yüzil), Yusif Balasaqunlunun
“Kutadqu biliq”indən, Hoca Əhməd Yəsəvinin “Hikmətlər”indən
(XII yüzil), Süleyman Bakırkanlının (XII yüzil),
Əhməd Yügnəkinin (XIII yüzil), Rabğuzinin (XIV
yüzil) yaradıcılığından, “Nahsül feradis”
kimi əsərlərdən başlayırlar. Hətta
bəzi araşdırıcılar bu siyahını daha da
genişləndirərək Xarəzminin “Məhəbbətnamə”sini,
Qütbünün “Husrevü Şirin”ini, “Kodeks kumanikus”u və
b. əsərləri də noqay ədəbiyyatının
nümunələri hesab edirlər. Miladi
XIV yüzildən tarix səhnəsində “noqaylar” adı ilə
görünən bir xalqın V-XIV yüzillərdə ədəbi
əsərlər yaratması inandırıcı
görünməyə bilər. Əslində
bir xalq kimi onlar vardı və bölgədə aparıcı
idilər. Lakin “noqaylar”
adlandırılmırdılar. Bü¬tün
türk xalqları kimi, onlar da qaynaqlarda ayrı-ayrı adlarla
qeyd edilirdilər. “Noqay” adının bir
ulusa, elə verilməsi tarixi isə XIV yüzildən
başlayır. Cəsur
döyüşçü, bacarıqlı sərkərdə,
uzaqgörən siyasətçi, mahir diplomat və
güclü dövlət qurucusu olan Noqay xanın öz ətrafına
topladığı türk tayfaları sonralar bir etnos kimi birləşərək
qüdrətli dövlət qurub və rəhbərlərinin
adını yaşadıblar. Beləliklə, qüdrətli
sərkərdə və bacarıqlı dövlət adamı
olan Noqayın adı xalq, toplum adına
çevrilib”.
Qaynaqların
verdiyi bilgiyə görə, Noqayın babası Taval bəy
XII yüzilin sonlarında Qıpçaq bozqırlarının
Aksu-Buq çayı çevfəsində yaşayan bir
peçeneq boyunun-tayfasının başçısı
imiş: “Atasından gələn bəylik haqqı ilə
boyunun-tayfasının başına keçən Noqay
Çingiz xanın nəvəsi Ba¬tı xanın (1236-1255)
yürüşlərində iştirak edib, az bir zamanda cəsur
döyüşçü, bacarıqlı sərkərdə
kimi şöhrət qazanmışdı. Batı
xanın ölümündən sonra hakimiyyətə gələn
qardaşı Bərkə xan (1255-1266) qabiliyyət və
bacarığını nəzərə alaraq, Noqayı ordu
komandanı təyin etmişdi. Bərkə
xan yeni torpaqlar əldə etmək, indiki Azərbaycan ərazilərini
tutmaq üçün 1262 və 1265-ci illərdə Elxanilərlə
savaşmışdı. Ordu komandanı
kimi Noqay Qafqaz dağlarını keçərək
Hülakü xan və varisləri üzərinə
yürüşlər edir. Döyüşlərdə
qazandığı qələbələr onun şöhrətini
daha da artırır. Beləliklə, o
dövləti Bərkə xanla bərabər hüquqla idarə
etməyə başlayır. Bərkə xanın
ölümündən sonra Don və Dunay
çayları arasındakı bölgə Noqay xanın nəzarəti
altına keçir. Bir çox tarixçilər Noqay
xanın bu qələbəsini sərkərdəlik məharəti
ilə yanaşı, islam amili ilə də
bağlayırlar. Belə ki, Hülakü xan həmin
vaxtlar buddist idi. Noqay xan və
döyüşçülərinin əksəriyyəti
islamı qəbul etmişdilər. Hülakü
xanın işğal altına aldığı bölgədəki
müsəlman əhali və xəlifə bu döyüşdə
Noqay xanın tərəfini tutur. Qaynaqların verdiyi
bilgiyə görə, Noqay xan islam amilindən
bacarıqla yararlanmışdı.
Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti
yaymaq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin
Ərdəbili öz müridləri ilə birlikdə
Qıpçaq çölündə (Dəşti
Qıpçaq) və Kırımda islam
dinini yaymışdı. 1263-cü ildə
Sarı Saltuk Anadoludan on iki min türkmən ailəsi ilə
birlikdə gələrək Kırım və Dobrucada – yəni
Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi.
Noqay xan Trakyadakı bir çox Bizans şəhər
və qalalarını almış, Aynos qalasında olan Səlcuq
sultanı II İzzəddin Keykavusu islam dinini qəbul etdiyinə
görə əsirlikdən azad etmişdi”.
Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı
Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə Varna
yaxınlığında iki Bulqar qalasını tutur və
ömrünün sonuna qədər də Macarıstana,
Balkanlara yürüşlər etməklə
Altınordanın (Qızıl Orda) sərhədlərini
genişləndirir və nüfuzunu artırır: “Noqay xan isə
həmin yerləri istədiyi kimi idarə etməklə yetərlənmir,
hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə
hakimiyyətə gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə
də bir çox dövlətlər Altınordaya deyil, onun
yanına elçilər göndərir, diplomatik əlaqələr
qurmağa çalışırdılar. 1270-71-ci
illərdə Məmlük sultanı Məlik Zahir (Baybars;
1260-1277) Noqay xanın yanına elçi göndərir və
ona məktubla müraciət edir. Çingiz
xan soyundan olmadığına görə Altınorda
taxtını ələ keçirə bilməyəcəyini
anlayan Noqay xan sarayla qohumluq əlaqələrini möhkəmləndirməklə
yanaşı, xarici dövlətlərlə də sıx əlaqə
qurur. O, 1273-cü ildə Bizans imperatoru Mixail Paleogosun
ögey qızı Efrosiya ilə evlənir. Noqay
xan rus knyazlarını da onunla birlikdə Polşa-Lehistan
(Polonya), Macarıstan, Bolqarıstan, Serbiya üzərinə
yürüşlərdə iştiraka məcbur edir. Quzeydəki rus knyazlarına elçilər göndərərək
Litva dukalığına yürüşlər təşkil
edərkən ona ərazilərində lazımi şərait
yaratmalarını tələb edir. 1288-1291-ci
illərdə Polşaya-Lehistana yürüş edərkən
rus knyazları Mstislav ilə Danileviçi də özü ilə
aparmışdı. Onun siyasi gücü
Bolqarıstanda hökmdarların taxta çıxmasına belə
təsir göstərirdi”.
Sami Noqay
“Noqay türkləri” kitabında yazır: “Əsgəri səfərlərdə
tümənbaşı olan bir insana bacarığı,
komandanlıq qabiliyyəti, sərt dissiplini, təşkilatçılığı,
güclü idarəçiliyi, hökmdar soyu ilə
yaxınlığı... onu dövlətin yüksək məqamlarına
çıxardı və geniş imkan qazandırdı. Bu imkan isə digər tərəfdən idarəsi
altındakı torpaqlarda yeni boyların onun hakimiyyətini
tanımasını təmin etdi. Beləcə
qısa zamanda Noqay xanın çevrəsində yeni
böyük bir etnik birlik (ulus, el) yarandı və inkişaf
etdi”.
Belə
böyük qüdrət və nüfuzu olmasına baxmayaraq,
zaman öz işini görürdü: “1290-cı ildə Noqay
xanın taxta oturtduğu Toxta xan yerini möhkəmləndirdikdən
sonra özünə tərəfdarlar toplayıb Noqay xanın
fəaliyyətini məhdudlaşdırmağa
çalışır. Uzun sürən bu gizli
qarşıdurma 1298-ci ildə açıq toqquşmaya
çevrilir. Döyüşdə Noqay xan
yenilir. Onun əsgərlərinin və tərəfdarlarının
bir qismi əsir alınaraq Misirdə və başqa qul
bazarlarında satılır. Döyüşlər isə
ara vermir. 40 ilə yaxın Altınorda
dövlətində aparıcı şəxs olmuş, beş hökmdar yola salmış,
qocal¬mış Noqay xan 1300-cü ildəki toqquşmaların
birində rus əsgəri tərəfindən
öldürülür”.
Araşdırmaçı
bildirir ki, noqaylardan toplanan folklor nümunələri
arasında dastanlar həcminə və mövzu əlvanlığına,
bədii dəyərinin yüksəkliyinə görə
seçilir: “Bu dastanların böyük bir qismi xalqın
keçdiyi tarixi yola uyğun olaraq qəhrəmanlıq
dastanlarıdır. Onlardan “Axmet Aysula ulu”, “Koplanlı betir”,
“Yedigey”, “Musa biy”, “Mamay”, “Karasaykazi”, “Manaşı”,
“Manaşı ulu Tuyakbiy”, “Er Tarkil”, “Şora betir”, “Adil Soltan”,
“Kırk Noqay betiri”, “Er Kusep”, “Er Kosay”, “Er Şoban”, “Er
Kökçe”, “Kambar betir”, “Kurman biy”, “Elkildek betir” və b.
dastanları ümumi qıpçaq dastanları adlandırsaq,
daha doğru olar. Dastanları diqqətlə
araşdıranda burada nəinki miladın ilk minilliyinə, hətta
miladdan öncəki türk folkloruna aid izləri də görə
bilərik.
Noqaylar son yüzillərdə savaşlara, daxili çəkişmələrə
daha çox vaxt sərf etdiklərindən dastanlarının
çoxunun mövzusu qəhrəmanlıqdır. Xalq arasında “Boz yigit”,
“Kozı-Korpeş və Bayan slu”, “Tolekın və Kız
yibek”, “Ariz və Kanber”, “Şah İsmayıl”,
“Güntükan və Kölbikə”, “Taxir və Zöhrə”
və b. lirik dastanlar da geniş yayılıb. Yalnız
“Yedigey” deyil, bir çox başqa dastanlar, eləcə də qəhrəmanlıq
və vətənpərvərlik nəğmələri noqayların
Rusiya işğalı altında olduqları zamanda yazıya
alındığından, söyləyici və dastanı
toplayanlar hakim dövlətin təsiri ilə mətnlərdə
dəyişikliklər ediblər. Bu cəhət
“Adil Sultan” dastanında və qəhrəmanlıq
yırlarında özünü qabarıq göstərir.
Xüsusən də Rusiyadakı vətəndaş
savaşına, Fin savaşına, İkinci Dünya
savaşına həsr olunmuş yırlarda, eləcə də
kazak mahnılarında, ümumiyyətlə, əksər
mahnılarda ifa noqay türkcəsində olsa da,
ayrı-ayrı noqay igidlərinin adı çəkilsə də,
əsas diqqət bolşeviklərin, Sovet ordusunun, sosializmin,
bir sözlə, Rusiyanın qüdrətinin öyülməsinə
yönəldilib”.
Noqaylar
çox savaşlara qatılsalar da, son yüzillərdə təqib
və basqılara uğrasalar da, folkloru-sözlü ədəbiyyatı
qoruyub saxlaya biliblər: “Folklor nümunələrində və
yazılı ədəbiyyatda xalqın tarixi öz əksini
tapır. Yazılı qaynaqlar olmasa belə
toplanmış folklor nümunələri ilə xalqların
tarixini yazmaq olar. Bu baxımdan, noqaylardan
toplanmış dastan və yırlar tarixçiyə zəngin
material verir. Noqayların ilk qəhrəmanlıq
dastanı “Axmet Aysula ulu” sayılır. Dastanın
çoxvariantlılığı onun geniş
yayılmasından soraq verir. 1343-cü ildə
taxta oturmuş Canıbey xan və onun oğlu Berdibeyin
arasında baş verən qarşıdurma “Axmet Aysula ulu”
dastanının süjetini təşkil edir. Dastanın əsas ideyası haqsızlığa,
zorakılığa, qəddarlığa qarşı
mübarizədir. Axmetin atası Aysula
Canıbey xana nə qədər sədaqətlə qulluq etsə
də, onun haqsızlıqlarına da dözmür. Xanın nöqsanlarını üzünə deyir.
Bu da mübahisəyə səbəb olur. Xan tərəfindən sevilmədiyini və təqib
edildiyini görən Aysula vətənindən uzaqlara gedir.
Axmet atasının harada olduğundan xəbərsiz və
maddi sıxıntılar içində böyüyür. Qeyri-adi
gücü, fantaziyası, cəsarət və xeyirsevərliyi
ilə xalqının sevimlisinə çevrilir. Axmet də, atası Aysula kimi vətənini və
xalqını ürəkdən sevir. Aysula
uzun zaman evindən, ailəsindən uzaqda olsa da bir gün
düşmənlərin onun xalqı üzərinə
basqına hazırlaşdığı xəbərini
eşidir. Özü də bu xəbəri
bir zaman xanın tərəfini tutaraq onu aradan götürmək
istəyənlərdən eşidir. Vətəninin
darda olduğunu duyan Aysula Çanıbeylə ədavətini
unudub evinə gəlir. Xanın çətin
vəziyyətdə olduğunu görüb onunla
barışır. Oğlunu savaşa yola
salır. Düşmən Canıbeyin
qoşunlarını darmadağın edir. Axmet
xana yardım edib onu ölümdən qurtarır. Özü isə həyatını riskə ataraq
döyüşü davam etdirir. Axmetin bu hərəkəti
onun xana şəxsi sədaqəti kimi deyil, yüksək vətənpərvərliyi
kimi təsvir olunur. Xanın: “Məgər, sən öz
həyatını qiymətləndirmirsən?” sualına Axmet
belə cavab verir: “Əgər məni öldürsələr,
mənim kimi çoxları doğular. Bundan vətənə
zərər gəlməz. Əgər səni
öldürsələr, xan, bunu bütün aləm bilər
və vətənim başsız qalıb dağılar”.
Dastanda Canıbey xan çətin vəziyyətdə
olanda qızı Şaarbeki Axmetə verəcəyini vəd
edir. Xan düşünür ki, Axmetin bu ağır
döyüşdən sağ çıxmayacaq. Lakin Axmet döyüşü qələbə ilə
başa vurur. Xan sonradan fikrini dəyişərək
qızını varlı Bukalın oğlu Teymura ərə
vermək istəyir. Şaarbek
atasının vədinə dönük
çıxdığını Axmetə xəbər verir.
Axmet qızı alıb qaçır. Xandan narazı olan igidlər onun başına
toplaşır, Canıbey xana qarşı birlikdə
mübarizə aparırlar. Sonda xan Axmetin
öhdəsindən gələ bilməyəcəyini
görüb dostları ilə onun arasını vurur. Dostlarından inamsızlıq görən Axmet
atını minib Şaarbeki də qucağına alaraq uca
qayadan atılır”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 4 iyun.-
S.14.