Avarların folkloru

 

Bu sayımızda Azərbaycanda yaşayan avarların folkloru, etnoqrafiyası ilə bağlı bilgiləri təqdim edirik. Avar dili İber-Qafqaz dillərindən olub, Dağıstan dili ailəsinin avar-andi yarımqrupunu təşkil edir. Avar dili yazıya XV əsrdə keçib. İlk əlifba qədim gürcü yazı sistemi əsasında tərtib olunub. XVII əsrdə ərəb əlifbası, 1928-ci ildə latın, 1938-ci ildə kirill əlifbasına keçib. Avarlar əsasən Dağıstanda (RF), Azərbaycanın Zaqatala ve Balakən rayonlarında, Çeçenistanda (RF), Gürcüstanda, Türkiyədə, Ukraynada, Qazaxıstanda, qismən də Suriya, İordaniya, Səudiyyə Ərəbistanında və başqa ölkələrdə yaşayırlar.

Zaqatala və Balakən rayonlarında avarların kompakt şəkildə yaşadığı ərazilər Katex, Tala, Balakən, Mazım çaylarının ətraflarıdır. Zaqatala rayonunda Car, Göyəm, Çökəkoba, Dardoqqaz, Dinçi (əvvəlki Danaçı kəndi), Aşağı Çardaxlar, Silban, Makov, Yolayuc, Oytala, Paşan, Matsex, Qəbizdərə, Yuxarı Tala, Çardaxlar və s. Balakən rayonunda Salban, Mahamalar, Uzuntala, Çederovtala, Beretbinə, Mazımkara, Katex, Baciqarbin, Kodoqbinə, Kamıştala, Mollaçibinə, Pirqax, Roçəhməd, Xalatala, Qasbinə, Qabaxçöl, Qaysa, Yuxarı Çardaxlar, Yuxarı Tala, Qasbinə kəndlərində avarlarla yanaşı Azərbaycan türkləri və saxurlar da yaşayırlar.

Balakəndə avarlara məxsus Qaysa kənd mədəniyyət evində “Cahan” folklor ansamblı, oğlanlardan ibarət "Qafqaz", Şambul kənd mədəniyyət evində “Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, Zaqatalada qızlardan ibarət "Alazan" rəqs qrupları var. “Cahan” folklor ansamblı 2011-ci ildə Bakı şəhərində keçirilən “Azərbaycan doğma diyar” devizi altında “Milli Azlıqların İncəsənəti” adlı III respublika festivalında fəal iştirak edib, “Xalq kollektivi” adına layiq görülüb. Rayonda keçirilən tədbirlərdə onların çıxışlarına xüsusi yer verilir.

Avarların mövsüm və mərasim nəğmələri arasında “Yağış arzulama ayini” diqqəti çəkir: “Qədim avarlar yağışın yağmasını, günün çıxmasını istəyərək müəyyən mərasimlər keçirir və bu zaman nəğmələr oxunurdu. Bu mərasimlərdən biri də yağışın yağması istəyi ilə bağlıdır. Mərasim səhər başlanır. Kənd qadınları bir evə, ya bir neçə evə toplaşır, əriştəyə oxşar yemək bişirirlər. Gələn-gedən həmin yeməkdən yeməlidir. Kənddə 12-15 yaşlarında oğlan uşaqları yaşıl otlarla, ağac budaqları ilə bəzənir və kənd boyu onlar nəğmə oxuyaraq gəzirlər. Onlar bu nəğməni oxuyurlar:

 

Narın yağsın, tez-tez yağsın,

Beş gün dayanmadan yağsın.

Yetim uşaqlar üçün yağsın,

Qaranlıq gecədə şiddətli yağsın,

Yaşlı qadınlar üçün yağsın...”

 

Bununla bağlı başqa bir mətndə isə deyilir: “Yağış yağmayanda el ağsaqqalları yığışırdılar. Uşaqları da yığılırdılar çayın kənarına. Əriştə bişirirdilər. Gələnə də verirdilər, gedənə də. Xəstəyə də pay çatdırırdılar. Hər kəs evindən duzsa da ora çatdırırdı. Yoldan keçəni də yedirirdilər. Yoldan keçəni su atıb isladırdılar. Oyun formasında isladırdılar. Ağsaqqallar hücrədə, yaxud da məsciddə dua oxuyardılar ki, yağış yağsın. Bu mərasimə Burcahal - Əriştələr bayramı deyirdilər”.

“Günçıxarmaq mərasimi” isə əksinə, uzun sürən yağmurdan xilas olmaq, Günəşin çıxması diləməklə müşayiət olunan mərasimdir: “Günəşin çıxmasını istəyən insanlar da mərasim keçirirlər. Bu mərasimi keçirərkən yenə də müəyyən evlərdə xüsusi yemək - sac üstündə “maxara” bişirirlər. Bu yemək undan və süddən hazırlanır, sacın üstündə bişirilir və mütləq saçaqlı olmalıdır. Bəzi uşaqlar süpürgədən kukla düzəldib, onun üstünə yaylıq atıb belə nəğmə oxuyurlar:

 

Qordi-qordi, qordina,

Qordi salam vardina.

Bu gün sizinçün gün çıxsın.

Sabah bizimçün yağ, maqaş olsun.

Yağ verənin oğlu olsun.

Maqaş verənin qızı olsun.

 

Qordi bayramı Qodu-qoduya bənzər bayramdır: “Çox yağış yağanda kənd qızları qapı-qapı gəzib undu, yağdı, kimin “qulpundan nə çıxıb”, xörək bişirirdilər. Həm də bir əlində süpürgə, süpürgənin üstünə də yaylıq bağlayıb gəlincik düzəldib qapı-qapı gəzib dörd-beş nəfər xorla oxuyurdu:

 

Qordilərdi, Qordilərdi bu gün,

Qordilər sənə salam verən,

Bugün bizə yağ gəlsin.

Sabah sizə günəş gəlsin.

 

Birindən un, birindən yağ, hərədən bir şey yığıb maxara bişirib ehsan verirdilər.

Bildirilir ki, Sinqili bayramı yazın gəlişi ilə bağlı bayramdır. Yığışırdılar iri ağac olan yerdə. Yelləncək salırdılar. Nə qədər yelləncək yuxarıdan asılırsa, bayram o qədər maraqlı olurdu. Görək burada kim bərk yellənir, ayağı ağaca dəyir. İki nəfər də yelləyir. Bir tərəfdə arvadlar maxara bişirirlər, bir tərəfdə isə uşaqlar üçün yelləncəklər salınırdı. Sonra molla gəlib yazın gəlişinə xeyir-dua verirdi.

Buğda aşı bayramı aprel ayında qeyd olunur. Yeddi müxtəlif qurudulmuş meyvə, yeddi ovuc darı bişirilir, ora ov əti də əlavə edilir, adamlara paylanır. Qoz, şabalıd ağaclarından yelləncək asılır. Ağaclar nə qədər hündür olsa, o qədər yaxşıdır. Kim daha yuxarı yellənərək ağacların budağına dəymirdisə, qalib sayılırdı. Qadınlar maxara bişirib paylayardılar. Uşaqlar üçün də yelləncək düzəldib, onları uçundurardılar.

 

Avarlarda toy adətləri də maraqlıdır. Gəlinlərə çoxlu qızıl-gümüş əşyaları taxardılar, yaşıl, bönövşəyi rəngli paltar geydirərdilər. Həyat rəmzi mənasında. Toyda qara zurna çalardılar. Aşıq də gətirərdilər.

Əvvəlcə elçi gedilərdi. Nişan qoyulardı. Çox tezliklə də toy eləyərdilər. Ya toyda, ya iməcidə oğlan qıza yaylıq atır, həmin qız da bu oğlanla oynayardı. Bizdə iməci olardı; yun didmək, yorğan sırımaq, barama təmizləmək, fındıq təmizləmək. Bizdə oğlanlar bəyəndiyi qıza bənövşə verərdilər. Tanış olmaq məqsədilə. Bu bənövşəyə dihri bənövşə deyirlər.

Dəfn zamanı ölü basdırılarkən olüyə dizə qədər rəngdə gecə köynəyi kəsilər, tikilməmiş şəkildə təzə paltarla bir yerdə geydirərdilər, yalnız ayaqqabıdan başqa. Çünki ayaqqabı - darlıq gətirər.

Bayatı çağırmaq milli ruhumuzdan doğub. Bayatı doğmalığını hər an yaşamımızda, düşüncəmizdə duyuruq. Bayatı yaratmaq mahiyyətcə xalqı ifadə etmək deməkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır, təsdiqini tapır. Bir bayatıda bir kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən başlıca məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq olarmış. Bayatı dili ana dilimizin həm də üzağlığıdır. Türk ruhunun mahiyyətindən süzülüb gələn bayatı janrı avarların da dünyasında həmişə doğmadır, yaradıcılıq, özünüifadə üçün geniş imkanlar yaradır.

 

Zəmanədən şikayət adlı təmsildə qurd şikayət edir ki, “mən qocalıb əldən düşmüşəm, ay Allah! Dişlərim qırılıb, tökülüb. Saçlarım çallaşıb, tökülüb, ay Allahım! Hanı dəyirmandan qorğa oğurladığım günlər, ilahi?! Hanı malın budunu şaraqqıltıyla qoparıb yediyim günlər, ilahi?!”

Uşaq oyunları ilə bağlı təqdim edilən mətnlərdə uşaq dünyasının sirli-sehrli dünyası ilə bağlı mənzərənin ömürlərdə ifadəsini görmək olur: “Bizim kənddə uşaq oyunlarından qöhlö-hüs oynayardıq. Bəzi kəndlərdə bu oyuna Top-Hüs də deyirlər. O vaxt ki, top olmayıb, topu çürük heyva ilə əvəz eləyiblər. Çürüyən heyva bərkiyirdi, ondan düzəldirdilər. Uşaqlar yığışıb gedirlər bir sahədə quyu qazırlar, təxminən diametri yarım metr, dərinliyi də yarım metr kimi quyu qazırlar, sonra quyunun ətrafında xırda işarələr qoyurlar. Beş-altı dənə, neçə dənə uşaq varsa, məsələn, beş uşaq varsa, dörd nişan qoyulur. Biri oyunda olmalıdı. Hər uşaq əlində təxminən bir metr çubuqla nişanənin ortasında durur. O biri uşaq da səkkiz metrədənmi, on metrədənmi məsafədən topu ortadakı quyuya salmalıdır. Dörd uşaq isə bunu qoymur, əllərindəki ağacla onu qaytarır. Qaytaranda o top harada dayansa, o uşaq onu oradan atmalıdır, təzədən. Bəlkə də o uşaq qaça-qaça gəlib qaytaranda bir az yaxından tutur o topu ki, ata bilsin içəri. O top əgər quyuya düşərsə, onda əlində çubuq olan uşaqlar yerlərini dəyişirlər. O anda topu atan uşaq onların o nişanəsinin birini tuta bilsə, onda bir nəfər çöldə qalacaq. O çöldə qalan başlayır o topu atmağa. Özü də topu atan uşaqlar çalışırlar ki, topu uzağa vursunlar ağacla ki, o qaçan adam uzaqdan atası olsun, çalışırlar, onu çox qaçırsınlar. O qaçdıqca da onu lağa qoyub deyirlər ki, təzə gələn uşaqdı, xamlayırlar uşağı. Bu təzə gələn xamdı, bunu çox qaçırmaq lazımdı. Bərk vururlar ki, uzağa getsin, qayıdır o biri başqa tərəfə vurur. Təzə gələn uşaq xamdı. Onu ələ salırlar. Çalışırlar ki, bu təzə uşaq ora qaçsın, bura qaçsın, əldən düşənədək qaçsın. Oyuna təzə gələn uşağın ardınca belə qışqırırlar: tsverov Zal gax – təzə gələn cəld Zaldır (Burada oynayan uşaq Rüstəm Zalla müqayisə olunur)”.

Yanıltmaclar da folklorun geniş yayılmış janrlarındandır, fərqi yoxdur, uşağın da, yaşlı insanın da nitq qabiliyyətinin inkişafında mühüm rol oynayır. Bir avar yanıltmacını təqdim edirik: “Nijer ruho rohul muh, Rohul ruho muçul umuh. Nijer roxğo rolğul muqğ Rolcul roxğo muçul muqğ. Bizim meşədə buğda dənəsi, Buğda meşəsində darı dənəsi”.

Avarların tapmacaları da maraqlıdır. Məsələn, “Bedar kezila, kedar bexzila. Bedar kğezila, kğedar bexğzila”. Mənası odur ki, olanda verərəm, verəndə görərsiz. Başqa biri “Dir ber baxiqi, hobodux tso moşok əd reqqane. Dir ber baxciqi, qğoboduxc üo moşokqzat rekckcana”. Mənası odur ki, mənim gözüm çıxsın ki, mən özüm üçün deyirəmsə, amma dəyirmanda bir çuval un yaraşıqdır (Yəni dəyirmanda un yoxdursa, o nə dəyirmandı).

Mətnlərdən göründüyü kimi, ümumiyyətlə, azsaylı xalqların folkloruna, düşüncəsinə Azərbaycan-Türk xalqının zəngin folklor düşüncəsi ciddi, yönləndirici təsir edib. Azərbaycan-Türk folkloru minillər boyunca bu arealda mədəni müxtəlifliyin ədəbi-estetik bazası kimi varlığını təsdiq edib. Bu, o deməkdir ki, ayrı-ayrı xalqların nümayəndələri bu zənginliyin, özünəməxsusluğun doğma, yaradıcı, özünü inkişafetdirici təsirini hər zaman yaşamlarında hiss ediblər.

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 4 iyun.- S.13.