Daily Sabah” nəşri “erməni soyqırımı” saxtakarlığını ifşa edir

 

 

Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsinin qəbulu Türkiyə və Azərbaycanda ciddi narazılıq və hiddətlə qarşılandı.  Türkiyə bu ədalətsiz qərara ən yüksək səviyyədə etirazını bildirərək dərhal Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu geri çağırdı. Türkiyənin qəbuledilməz saydığı qanun layihəsinin təsdiq olunduğu iclasa Almaniya kansleri Angela Merkelin qatılmadığı bildirilir.

 

Fransa tarixçisi Maksim Qoenin (Maxime Gauin) belə bir böhranlı vaxtdaDaily Sabah” nəşrində işıq üzü görən köşə yazısı tarixə sayğılı münasibət və layihəyə etiraz baxımından aktuallığı ilə diqqəti cəlb edir. Məqalənin orijinalı Fransada 3 dildə – fransız, almaningilis dillərində yayımlanıb. Millət vəkili, Fransa – Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Cavanşir Feyziyev həmin məqalənin Azərbaycan dilinə tərcüməsini redaksiyamıza göndərib. Fransız alimin oxucularımız üçün də maraqlı olacaq yazısında deyilir:

 

 

Lütfən, tarixi tarixçilərə buraxın!

 

 

Son dəfə qondarma “erməni soyqırımı”nın Yerevanda yad edilməsi Ermənistan hökumətinin çətin vəziyyətdə olduğunu təsdiq etdi. Əlbəttə ki, Avropa İnsan Haqları Məhkəməsi qarşısında “Perinçek İsveçrəyə qarşı” işi üzrə məğlubiyyətdən sonra Ermənistan hökuməti 1915— 1916-cı illər faciəsinə heç bir aidiyyəti olmayan mükafatları Corc Kluni (George Clooney) kimi tarixə aid qərar vermək səlahiyyəti olmayan incəsənət xadimlərinə paylamaqla diqqəti cəlb etməyə çalışır. Bu minvalla da Jan-Mark Ara Toranyanın və Murad Frank Papazyanın həmsədrlik etdiyi Fransa Erməni Birliklərinin Koordinasiya Şurası ötən ildəkindən fərqli olaraq bu il 24 aprel yığıncağına Avropa məsələləri üzrə baş katibin müavinindən yüksək vəzifəli məmuru cəlb edə bilmədi.

 

Bununla belə, bəzi siyasətçilər Almaniyada Berlinin 2015-ci ilin əvvəlindəki rəsmi mövqeyini dəstəkləmək cəhdlərini əsirgəmədilər. Doğrudan da, o zaman Almaniya hökuməti beynəlxalq məhkəmə qərarının olmaması səbəbindən “erməni soyqırımı” iddialarını tanımaqdan açıq-aşkar imtina etmişdi. Heç təəccüblü deyil ki, bu imtina türklər və ermənilərin tarixi barədə qərarın Türkiyənin şərqindəki Ərzurum və Bitlis şəhərlərini hətta xəritədə belə göstərə bilməyən şəxslər tərəfindən verilməsinə cəhd edənləri hiddətləndirmişdi. Həmişə olduğu kimi, onlar Yohan Lepsiusa (Johannes Lepsius) istinad edirlər, özləri də bilərəkdən unudurlar ki, Lepsius özünün qatı sağçı, irqçianti-semit baxışları ilə ekstremist bir hərb tərəfdarı idi və həm də erməni məsələsi ilə bağlı 1919-cu ildə nəşr etdirdiyi alman diplomatik sənədlərini bilərəkdən saxtalaşdırmışdı.

 

Bu saxtakarlıq 13 il əvvəl Mustafa Çolak tərəfindən ifşa edildi (Türk Tarix Qurumu Bülleteni, LXVI cild, ¹ 247, Dekabr 2002). Çolak Lepsiusun nəşr etdiyi versiyanı sənədlərin əsli ilə müqayisə edərək onların faksimillərini yuxarıda adı gedən nəşrə əlavə edib. Daha yaxın tarixdə isə Lepsiusun saxtakarlıqlarını Günter Levi (Guenter Lewy) özünün “Osmanlı Türkiyəsində erməni kütləvi qırğını” kitabında təhlil edib. Müvafiq olaraq, indi artıq qəti şəkildə müəyyən edilib ki, 1921-ci ildə Berlində Tələt Paşanı qətlə yetirən Soğomon Tehliryanın müdafiəsi qatilin tamamilə uydurma həyat hekayəsinə əsaslanmışdı.

 

Bu mudafiədə Lepsiusun da böyük xidmətləri olmuşdu. Bunun üçün, məsələn, Jacques Derogynin “Müqavimət və intiqam”, Marian Nesrobyan MacCurdynin “Müqəddəs ədalət: erməni Nemesis əməliyyatının səsləri və irsi” əsərlərinə baxmaq kifayətdir. Belə ki, məhkəmə zamanıTehliryan özünü bu cinayəti təkbaşına törətmiş kimi qələmə versə də, əslində, o, 1919— 1920-ci illərdə erməni inqilab federasiyası tərəfindən yaradılmış mütəşəkkil bir cinayətkar qrupun (Nemesis) üzvü olub. O deyirmiş ki, guya, ailəsinin qırğına məruz qalmasının şahidi olub, halbuki onun atası hələ Birinci Dünya müharibəsi başlamazdan əvvəl Belqrada köçmüş və 1915-ci ildən xeyli sonralar oradaca öz əcəli ilə vəfat etmişdir.

 

Tehliriyan, guya, bacısının oğurlanmasını gözləri ilə gördüyünü iddia edirmiş, halbuki onun heç vaxt bacısı olmayıb. Qatil, guya, tam bir təsadüf nəticəsində qırğından canını qurtardığını bildirsə də, əslində, 1914-cü ildən Tehliriyan özüBelqradda olub və elə orada da rus ordusuna qoşulub. Beləliklə, əslində, o, Şərqi Anadoluda heç bir qırğının şahidi olmayıb və heç zaman Osmanlı ordusu tərəfindən məcburi köçürülməyə də məruz qalmayıb.

 

Alman cəmiyyətinin son yetmiş ildə təkamülünün dəqiq hüdudlarını bilmək istəyirsinizsə, aryan irqinin, guya, ali irq olmasına inananöz inamını düşüncəsinin və hərəkətlərinin mərkəzinə qoyan, habelə qətli əsaslandırmaq üçün yalanlar uyduran Lepsius kimi bir avantüristin bu gün Almaniya Federal Parlamentində istinad mənbəyi olması faktı, əlbəttə ki, digər məsələlərlə yanaşı, mübahisə doğuran bir haldır.

 

 

Lepsiusun iğtişaş təhdidləri

 

 

Erməni məsələsi ilə bağlı Yohan Lepsius haqqında toplanmış bütün ifşaedici bilgilərə rəğmən yenidən ona istinad edilməsi ilə yanaşı, şübhəli şəxslərdən arqument gətirmək bu gün Almaniyada dönə-dönə istifadə olunan bir tendensiyaya çevrilib. Xüsusilə də ötən ildən başlayaraq davam edən Zabel Yesayana (1878— 1943) istinadlar bunun parlaq nümunəsidir.

 

Zabel Yesayan “Hürriyət”: “Daily Newsun əməkdaşı William Armstrong kimi sadəlövh insanlar tərəfindən sadə yazıçı, səmimi bir Osmanlı tərəfdarı və buna görə də etibarlı mənbə sayılan şəxs kimi təqdim olunub. Elə buradan aydın görünür ki, belə fikir yürüdən adamlar heç vaxt heç bir arxivdə işləməyiblər. Əslində, Yesayan ifrat erməni milliyyətçisi idi. O, Bütöv Ermənistan uğrunda nümayəndə heyətini təmsil edirdi, daha dəqiq desək, Yesayan Adanada, Birinci Dünya müharibəsindən sonra Qafqazdan Mersinədək uzanan Ermənistan iddiasında idi.

 

Bu nümayəndə heyətində üstünlüyü Ramgavar partiyası təşkil edirdi və millətçi təşkilat olmaqla Erməni Legionunda cinayət və intizamsızlıqlara görə fransız zabitləri tərəfindən günahlandırılırdı. Xüsusilə, 1919-cu ildə Ramgavar partiyasının Misir şöbəsi tərəfindən göndərilən “erməni üsyanını təbliğ edən” və Fransanın adını alçaldıcı sözlərlə ifadə edən nifrətamiz məzmunlu məktubların fransız senzurası tərəfindən ələ keçirilməsi ona qarşı iddiaların əsasını təşkil edirdi. 1920-ci ilin ortalarında fransızlar tərəfindən Kilikiya işğalının Ermənistan dövlətinin qurulmayacağı ilə sona yetəcəyini anlayan Yesayan İstanbula gedir və verəcəyi bəyanatın əks təsirini dərk etmədən, öz bəyanatında Fransa ali komissarı Albert Defransı təhdid edirdi.

 

Yesayanın planına görə, fransızların KilikiyaAdana ərazisində Ermənistan yaratmaq təşəbbüsünə rədd cavabı verdiyi təqdirdə “ermənilər aranı qızışdıraraq müsəlmanlarla caxnaşma və insidentlər yaratmalı idilər” və beləliklə də, fransızları bu iğtişaşlara müdaxilə etməyə və yaxud orada daimi qalmağa məcbur etməli idilər. Bütün bunlar, sadəcə, boş sözlər deyildi. Bu məqsədlə həm də İzmirin erməni məşhurları iğtişaşların törədilməsi və fransızların müdaxiləsini təmin etmək üçün döyüş təşkilatlarının yaradılmasına 100 min lirə ianə toplamışdılar.

 

Albert Defransın 1920-ci il iyulun 4-də Quai d’Orsay-a göndərdiyi teleqramda belə deyilirdi: Daha dramatik olanı isə budur ki, 1920-ci ilin iyununda, Yesayanın “iğtişaş törətmək” təhdidindən bir neçə həftə əvvəl erməni və assuriyalılardan ibarət bir qrup Adana yaxınlığındakı Camili kəndində əksəriyyəti qadın və uşaq olmaqla 45 türkü qətlə yetirib. Qətliam barədə hesabatın müəllifi kapitan Dromardın sözlərinə görə bəzi qurbanlar “vəhşicəsinə eybəcər hala salınmışdı”. Bu qırğının əsas təşkilatçılarından biri fransız zabiti, leytenant Jak Lömeqr Dübröy tərəfindən istintaq aparılmadan güllələnmişdi; qalan 26 nəfər isə, 5-i ölüm cəzasına məhkum edilməklə Adananın fransız hərbi məhkəməsi tərəfindən cəzalandırılmışdı." (Həmin teleqram indi La Courneuvedə Xarici İşlər Nazirliyinin arxivində saxlanır. Mikrofilm 16674.)

 

Bundan sonra erməni millətçilərinin 1920-ci il iyulun 10-da təşkil etdikləri antitürk qiyamları əksəriyyəti müsəlman sakinlərdən ibarət olan şəhəri faktiki olaraq müsəlmanlardan təmizlədi. Bundan çox hiddətlənmiş fransız inzibatçısı, polkovnik Eduard Bremond erməni və assuriyalı cinayətkarların məhkəməsiz edam edilməsini (asılmasını) və edamdan sonra cəsədlərin ictimai yerlərdə nümayiş olunmasını əmr edir. (1920-ci il 10 iyul əmri ilə Nantez diplomatik arxiv mərkəzində [CADN], qutu 1SL/1V/139-də tanış olmaq olar.) Beş erməni və bir assuriyalı dar ağacından asılır, altıncı erməni qaçmağa cəhd göstərərkən güllələnir.

 

Yalnız belə radikal tədbirlərin görülməsi nəticəsində sakitliyi bir qədər bərqərar etmək mümkün olur. Eyni zamanda, fransız administrasiyasının maliyyə məsələlərinə məsul şəxs olan Paul Bernard öz qəzəbini şəxsi gündəliyində belə ifadə edirdi: “Bizi ləkələmək, şantaj və təhrik etmək üçün ermənilər əllərindən gələni edirdilər. Həqiqət budur.” Yesayanın iğtişaşlar barədə təhdidlərini biləndən sonra bu yazının mənası daha yaxşı başa düşülür.

 

Daha sonra Yesayanın təhrikçiliyi ilə erməni millətçilərinin antisemit ənənələrinin davamı olaraqFransaya ənənəvi bağlılığı olan yəhudi icmalarını hədəfə almaqçox güman ki, bununla da Osmanlı hökumətinə problem yaratmaq məqsədi ilə erməni soyğunçuları Adanadakı sinaqoqa da hücum edirlər (mayor Tommy Martinin 1 avqust 1920-cil il tarixli hesabatından. CADN. qutu 1SL/1V/135).

 

Bütün bunları bildikdən sonra Yesayanın əsl sifəti və onun Albert Defransa etdiyi xəbərdarlığın mahiyyəti daha aydın görünür. Sonucda bu təhdidlər, qismən də olsa, həyata keçdi. Erməni millətçi qrupları öz dindaşlarına, təqribən, 60.000 erməniyə təzyiqlər edərək, onları 1921-ci ilin sonunda Kilikiyanı fransız ordusu ilə birgə tərk etməyə məcbur etdilər və onların yeni Türkiyədə türklərlə birgə yaşayışına mane oldular. Türklərlə ermənilərin birgə yaşayışının qarşısını almaq həm Kamalçı, həm də Fransız hökumətini iqtisadi cəhətdən narahat edən məsələ idi. Xüsusilə, 60.000 insana Suriyaya Livanda ev tikmək maliyyə cəhətdən çox baha başa gəlirdi.

 

Köçürmə üzrə fransız komissiyasının müşahidələrinə görə, türk və fransız dəstələrinin əvəzlənməsi heç yerdə qalmaqallı hadisələrlə müşaiyət olunmamış və xidmətlərin bir-birini əvəzləməsi normal bir şəkildə baş tutmuşdur. Təxliyə üzrə fransız komissiyasının hesabatından göründüyü kimi, Türk ordusunun çıxarılması (geri çəkilməsi) və mənzil başına gəlib çatması zamanı “heç bir insident qeydə alınmayıb”.

 

1921-ci ilin dekabrın 9-da pravoslav, katolikprotestant təriqətlərinə aid icmaların rəhbərləri onlarla danışıq aparan baş fransız vasitəçisi Henry Fankllin-Bouillona bəyan edirdilər ki, Kilikiyada qalmaq istəyən ermənilərə öz ekstremist dindaşları tərəfindən təzyiq və təhdidlər edilərək köçüb getməyə məcbur edilirdilər. Bu gün həmin regionda ermənilərin, demək olar ki, heç qalmamasının da əsl səbəbi budur. Beləliklə, 1915— 1916-cı illərdə qiyamların qarşısının alınması məqsədilə həyata keçirilmiş məcburi köçürmə tədbiri isə Osmanlı ermənilərinin demoqrafik itkilərinin— ölüm və miqrasiyanın səbəblərindən yalnız biridir. Lakin bu yeganə səbəb olmaqdan çox-çox uzaqdır.

 

Sonda isə mən öz həqiqi rollarını, deyəsən, unutmuş kimi görünən siyasətçilərə, aktyorlara və müğənnilərə üzümü tutub demək istəyirəm: Lütfən, tarixi tarixçilərə buraxın!

 

Maksim QOEN,

Tarixçi

Xalq Qəzeti.- 2016.- 4 iyun.- S.15.