Balaca pianoçunun uğuru

 

 

Nigar Quliyeva  Nizami rayonundakı “Zəngi” liseyinin  4-cü  sinif şagirdidir.  O, həm də 4 ildir ki, 4 saylı uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır. Ona bu möcüzəli aləmin sirlərini öyrədən  musiqi müəllimi Nelya Rzayevanın  gərgin zəhməti ilkin bəhrələrini verməkdədir. Müxtəlif tədbirlərdə özünü sınayan balaca Nigar 2013-cü ildə “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə II respublika müsabiqəsində xüsusi diplomla təltif edilmişdir. 2015-ci ildə Azərbaycan   Bəstəkarlar   İttifaqında keçirilən “Uşaq musiqisinə və onların musiqi-estetik tərbiyəsinə həsr olunmuş elmi-praktik konfransda  Uşaq Musiqi Məktəbləri və Bakı Musiqi Akademiyası nəzdində orta-ixtisas musiqi məktəb-studiyası şagirdlərinin birgə konsertində iştirak etmişdir.

 

Dünya şöhrətli bəstəkarların klassik əsərlərini məharətlə  ifa edən Nigar sənətsevərlərin və görkəmli musiqiçilərin də diqqətini cəlb etmişdir.

 

Aprelin 18-dən 22-dək Bakıda keçirilən “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə beynəlxalq müsabiqədə də iştirakı  uğurlu  olmuşdur. Müsabiqədə bir neçə ölkənin gənc pianoçuları iştirak edirdilər. Birinci turda L.V.Bethovenin 5¹-li  sonatasını, İ.S.Baxın 3¹-li suitasını və A.Dadaşovun “Altı miniatür” silsiləsindən: Sözsüz nəğmə, Aşıqvari, Qəmli valsını bacarıqla ifa edərək ikinci tura adlamış, ikinci turda isə F.Şubertin Skertso əsərini və Azər DadaşovunBaqatel”, “Məzəli rəqs”, “Həmd-səna”, “Fəzanın təranəsi” əsərlərini ifa etmişdir. Üçüncü turda A.Dadaşovun  Pianokamera orkestri üçün 3 saylı Konsertini ifa edən 10 yaşlı Nigar Quliyeva beynəlxalq müsabiqənin qaliblərindən biri olmuş və “yaxşıların ən yaxşısı” adına layiq görülmüşdür.

 

Əlbəttə, professor, dünya şöhrətli pianoçu, Bakı Musiqi  Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin və digər tanınmış simaların münsiflər heyətində təmsil olunduqları beynəlxalq müsabiqənin qalibi olmaq böyük uğurdur. Yolun həmişə uğurlu olsun,  balaca pianoçu!

 

Səməd HÜSEYNOĞLU,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 5 iyun.- S.8.