1993-cü ilin iyununda ulu öndər Heydər
Əliyevin qətiyyəti qardaş
qırğınının qarşısını aldı
Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. Təsadüfi deyil ki, 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. O dövrdə ölkəyə rəhbərlik edən AXC - Müsavat hakimiyyəti bu təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi. Çünki hakimiyyətə rəhbərlik edənlər dövlət idarəçiliyində naşı idilər və belələrini daha çox xalqın taleyüklü problemlərinin həllindən çox, özlərinin maddi maraqlarının təmin olunması maraqlandırırdı.
Həmin dövrdə ölkə daxilində cərəyan edən proseslər, gərginlik və özbaşınalıq nəticəsində yaranmış böhran total xarakter almışdı. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddindən artıq dərinləşməsi və getdikcə kəskin xarakter alması, hər addımbaşı ictimai-siyasi sabitliyin kobudcasına pozulması, həm ölkənin müstəqilliyinə, həm də bütövlükdə, hər bir vətəndaşın təhlükəsizliyinə ciddi təhlükə yaradırdı. Xalq yenicə qazanılmış dövlət müstəqilliyinin müqəddəratından ciddi narahat idi. Heç kim sabah nə baş verəcəyinə, hansı hadisələrlə qarşılaşacağına təminat verə bilmirdi.
AXC-Müsavat hakimiyyətinin rəhbərləri baş verən hadisələrin qarşısını almaqda aciz idilər. Onların qorxaqlığı, cəsarətsizliyi və dövlət idarəçiliyindəki səriştəsizliyi yenicə bərpa olunmuş müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Təbii ki, bütün bunlara görə də Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin uçuruma yaxınlaşmasının, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər.
Ölkəyə rəhbərlik edənlərin bir-birinin ardınca buraxdıqları kobud səhvlər vəziyyəti daha da gərginləşdirirdi. Respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də o vaxtkı iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi. Rəhbərlik, bir qayda olaraq, yalnız Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkir, ziyalıları, tanınmış ictimai-siyasi xadimləri, dövlət idarəçiliyində təcrübəsi olanları özlərinə yaxın buraxmır, kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdilər. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmişdi, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu. Vəziyyət o həddə çatmışdı ki, AXC-Müsavat iqtidarında birincilik uğrunda daxili mübarizə getdikcə daha da kəskinləşirdi. Sonradan bu mübarizə silahlı münaqişəyə çevrildi və vətəndaş müharibəsi həddinə çatdı.
Qanunsuz silahlı qruplaşmalar, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycanın iqtisadi böhranın məngənəsində boğulması əhalinin ərzaq, xüsusilə, çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, regionlarda silahlı dəstələrin hegemonluq etməsi, ziyalıların təqib edilməsi, “sadvalçıların”, “əlikramçıların” separat sövdələşmələri, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə, qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.
AXC-Müsavat hakimiyyətinin mövcud vəziyyət qarşısında aciz qalması müstəqillik tarixində acı xatirə kimi yaddaşlara hopmuş 1993-cü ilin 4 iyun olaylarını yaratmış oldu. Bu xoşagəlməz hadisə, əslində, mövcud olan narazılıqların spesifik şəkildə ortaya çıxması demək idi. Narazılıq o vaxtkı iqtidarın apardığı siyasətin, bütövlükdə, milli maraqlara uyğun gəlməməsindən ibarət idi. Eyni zamanda, bu hadisələr ölkə daxilində olan ziddiyyətlərin və total böhranın kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi.
Artıq xalqda tam əminlik yaranmışdı ki, mövcud iqtidar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq, var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldur. Buna görə də hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə nifrət hissləri baş qaldırmışdı.
AXC-Müsavat iqtidarının qeyri-peşəkarcasına atdığı addımlar milli dövlətçiliyin məhvinə gedən yolun qısalmasının əsas səbəblərindən biri idi. Surət Hüseynov və Əlikram Hümbətov kimilərinə yüksək hərbi rütbələrin verilməsi, üstəlik, onların əlində kifayət qədər hərbi gücün cəmlənməsinə şərait yaradılması, Surət Hüseynovun Milli Qəhrəman səviyyəsinə çatdırılması elə AXC-Müsavat hakimiyyətinin öz başında çatladı. Müdafiə nazirinin əmrinə tabe olmayan Əlikram Hümbətov və Surət Hüseynov dövlət başçısının tapşırıqlarına əhəmiyyət vermirdilər. Ölkə Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəhim Qazıyev, Pənah Hüseynov, Əli Kərimov kimi məsuliyyətsiz şəxslərdən ibarət AXC-Müsavat rəhbərliyinin əlində əsir-yesir qalmışdı. Nəticə isə çox acınacaqlı oldu.
1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr Gəncəyə toplaşdı və AXC-Müsavat hakimiyyəti qarşısında istefa tələbini qoydular. Sonra isə bir-birinin ardınca rayonlara hücum başlandı. Nəticədə, hökumət qüvvələri ilə Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr arasında qarşıdurma yarandı. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı iqtidarın həyata keçirdiyi əməliyyat uğursuz oldu. Bu uğursuzluq insan tələfatı ilə nəticələndi və 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş dövlət rəsmilərinin S.Hüseynovun silahlı dəstəsi tərəfindən girov götürülməsi Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına çatdı.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılmış Deputat-İstintaq Komissiyasının 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edərkən verdiyi rəydən də göründüyü kimi, iyunun əvvəlində müdafiə naziri D.Rzayevin, baş prokuror İ. Şirinovun, milli təhlükəsizlik nazirinin birinci müavini S. Əkbərovun, daxili işlər nazirinin birinci müavini Q. Məmmədovun, daxili qoşunların komandanı F. Hacıyevin, ədliyyə nazirinin müavini M. Zeynalovun başçılığı və iştirakı ilə həmin əməliyyatı həyata keçirmək üçün Gəncədə xeyli hərbi qüvvə və sursat toplanmışdı. Qeyd etmək lazımdır ki, 709 nömrəli hərbi hissənin tərksilah edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan məsələ idi.
Belə bir halda, Azərbaycan Respublikası Prezidentinin və respublikanın digər rəhbərlərinin həmin əməliyyatın keçirilməsi üçün Silahlı Qüvvələrin bütün növlərindən ibarət genişmiqyaslı hərbi qüvvələri cəlb etməsinə heç bir haqq qazandırmaq olmazdı. Bu əməliyyatın keçirilməsi üçün Azərbaycan Respublikasının sabiq baş prokuroru İ. Şirinov S. Hüseynovun həbs edilməsi haqqında qərarı təsdiq etmiş, iqtidarın göstərişinə əsasən Gəncə şəhəri ilə rabitə əlaqələri kəsilmişdi.
Həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, bu təşkilatın rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və hərbi əməliyyatın həyata keçirilməsində başqa hərbi hissələrlə birlikdə özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdi. İqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq idi.
Bütün yuxarıda göstərilən tədbirlər qeyri-peşəkarlıqdan, səriştəsizlikdən, dövlət idarəçiliyindəki naşılıqdan və hakimiyyəti öz əllərində qoruyub saxlamaq niyyətindən irəli gəlmişdir. Bu da Gəncə şəhərində, bütövlükdə respublikada silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdu.
Gəncədə baş verən qarşıdurmadan və vətəndaş müharibəsinin yetişdiyindən qorxuya düşmüş AXC-Müsavat cütlüyü çıxış yolunu ulu öndər Heydər Əliyevin Bakıya dəvət edilməsində və ölkəyə rəhbərliyində görmüşdür. Bir vaxtlar Heydər Əliyevi Bakıya buraxmaq istəməyən, onun Azərbaycana gəlişinə min bir hiylə ilə mane olmağa çalışanlar bu dəfə ulu öndərə yalvarmağa başladılar. AXC-Müsavat iqtidarını xalqdan çox, özləri maraqlandırırdı. Onlar bu münaqişədən xalqda daha çox, öz canlarını qurtarmaq istəyirdilər.
Gəncə hadisəsindən sonra artıq Azərbaycan xalqı bütövlükdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş etmişdi. Xalq yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Bundan əvvəl də Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət etmişdilər. Lakin 4 iyun hadisələrindən sonra hakimiyyətin dəyişdirilməsi çox obyektiv zərurətə çevrilmişdi. Çünki ölkədə hadisələrin gedişi vətəndaş qarşıdurması həddinə gəlib çıxmışdı. Bu qarşıdurmanın aradan qaldırılması üçün xalqın qəbul edəcəyi bir şəxsiyyətə ehtiyacı var idi ki, bu da yalnız Heydər Əliyev idi.
Həmin vaxt Azərbaycan xalqını daha çox narahat edən məsələ torpaqlarımızın ermənilər tərəfindən işğalı, aclıq, yoxsulluq, iqtisadi tənəzzül, baş alıb gedən haqsızlıq, özbaşınalıq deyildi. Xalq əmin idi ki, bunlar tədricən öz yoluna qoyula bilər. Ən əsası isə mərd oğul və qızlarımızın qanı bahasına yenidən bərpa olunmuş dövlət müstəqilliyinin itirilməsi, Azərbaycanın parçalanması təhlükəsinin olması idi. Ona görə də xalqın yeganə ümid və inam yeri zəngin dövlətçilik təcrübəsinə malik olan böyük siyasi xadim Heydər Əliyev idi. Azərbaycanı düşdüyü dərin böhrandan, qardaş qırğınından və vətəndaş müharibəsindən yalnız ulu öndər Heydər Əliyev qurtara bilərdi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə əmin-amanlıq, sabitlik yarandı, mövcud olan ziddiyyətlərin aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldü. Sonrakı hadisələr də göstərdi ki, xalq öz seçimində yanılmamışdır.
Əliqismət
BƏDƏLOV,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 7 iyun.- S.6.