Meliorasiya və su təsərrüfatı
ərzaq bolluğuna xidmət edir
5 iyun Su Təsərrüfatı və
Meliorasiya İşçiləri Günüdür
Ölkəmizdə bütün peşə sahələrinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Meliorasiya və su təsərrüfatı işçilərinin əməyi sayəsində susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlaşmış ərazilər qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.
Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi sonralar möhtərəm prezidentimiz cənab İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncam ilə “Meliorator günü” kimi qeyd edilmişdir. Həmin peşə bayramının miqyasını daha da genişləndirən və su təsərrüfatı meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən Azərbaycan Prezidenti 2014-cü il mayın 14-də 5 iyun gününün “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Sərəncamın imzalanması möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqət və qayğının bariz nümunəsi kimi su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da onun genişmiqyaslı, intensiv inkişafı ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən sonra mümkün olmuşdur. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı, və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.
Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır. Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkələri, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi sututumu 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.
Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaqın rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı, sahə üzrə aparılan işlərin sürəti və həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi.
1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi və meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni və yüksək inkişaf mərhələsinə qədəm qoydu.
Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.
Fərəhli haldır ki, 2005-ci ilin dekabr ayında Heydər Əliyev adına Vayxır su anbarının istismara verilməsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir.
Azərbaycan prezidenti 2004-cü ilin iyul ayında respublikamızın şimal bölgəsinə səfəri zamanı Xanarx kanalının tikintisi ilə tanış olmuş, burada görülən işləri yüksək qiymətləndirmişdir. Samur-Abşeron kanalının yenidən qurulması kompleksində həyata keçirilən bütün işlərlə və tikintisi gələcəkdə nəzərdə tutulmuş tədbirlərlə ətraflı tanış olmuş, bu işlərin müvəffəqiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təchizatının yaxşılaşdırılmasında Taxtakörpü su anbarının tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, dövlət başçısı xarici maliyyə qurumlarının dəstəyini gözləmədən bu obyektin layihələndirilməsi və tikintisi üçün respublika büdcəsindən vəsait ayrılması barədə göstəriş vermişdir.
“Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin bərpası” layihəsi çərçivəsində Samur baş suqəbuledici qurğusunun bərpası, 185,7 kilometr təsərrüfatlararası kanalların yenidən qurulması və baş sudurulducu qurğunun tikintisi işləri 2006-cı ildə, kanalın ilk 50 kilometrlik hissəsinin bərpası isə 2007-ci ildə başa çatdırılmışdır.
Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış hissəsinin tikintisi və 71,2 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsinin qurğularla birlikdə bərpası 2006-cı ildə başa çatdırılaraq istismara verilmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə 2005-ci ilin sentyabr ayında respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilən müşavirə dövlət başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Möhtərəm Prezidentimizin müşavirədəki dərin məzmunlu çıxışı, tapşırıq və tövsiyələri su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına təkan vermişdir.
Azərbaycan Prezidenti tərəfindən 8 noyabr 2007-ci ildə təməli qoyulmuş Taxtakörpü su anbarının SES ilə birlikdə tikintisi 2013-cü ildə müvəffəqiyyətlə başa çatdırılmış və dövlətimizin başçısı onun açılışında iştirak etmişdir.
Dünya Bankının krediti hesabına 2004-cü ildə “Azərbaycanda suvarma-paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi”nin (irriqasiya 2) icrasına başlanılmışdır. Layihə çərçivəsində 180 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının və respublikanın 11 rayonunda təxminən 52 min hektar ərazidə suvarma-paylayıcı sistemlərinin bərpası işləri yerinə yetirilmişdir.
Qaçqınların və məcburi köçkünlərin bəzi sosial problemlərinin həlli məqsədilə Dövlət Neft Şirkətindən ayrılmış vəsait hesabına Füzuli rayonunun Harami düzündə məskunlaşmış məcburi köçkünlərin suvarma suyuna olan tələbatını ödəmək üçün Yuxarı Mil kanalının 4,23 kilometr hissəsinin onun üzərindəki hidrotexniki qurğularla birlikdə tikintisi 2006-cı ildə başa çatdırılmışdır.
Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün ayrılmış torpaq sahələrinin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədilə Qarqarçay çayı üzərində suaşıran tipli yan sugötürücü qurğunun və uzunluğu 8 kilometr olan kanalın tikintisi 2006-cı ildə tam başa çatdırılmışdır.
Füzuli rayonunda 2006-cı ildə “Qayıdış-2” qəsəbəsində 137 hektar əkin sahəsinin suvarılması üçün kanal üzərində nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisinə başlanılmış və tikinti işləri 2007-ci ildə başa çatdırılaraq istismara verilmişdir.
Həyata keçirilmiş tikinti, təmir-bərpa və istismar tədbirləri hesabına respublikada 100 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti və 95 min hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır ki, bu da ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün və meyvə-tərəvəzçiliyin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır.
Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə həyata keçirilən “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006-2008-ci illərdə respublikanın çaylarında 34089 metr uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.
Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay üzərində ümumi sututumu 164,5 milyon kubmetr olan Şəmkirçay su anbarının Su Elektrik Stansiyası ilə birlikdə inşası başa çatdırılmış və Prezident İlham Əliyev onun 15 noyabr 2014-cü il tarixində keçirilmiş açılış mərasimində iştirak etmişdir. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektara yaxın mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması və 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun bir qəsəbəsinin içməli su ilə təmin edilməsi reallaşmışdır.
Səhmdar cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də meliorasiya və su təsərrüfatı obyektlərində təmir-bərpa, yenidənqurma və tikinti işlərini uğurla davam etdirmişdir.
Tovuz rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 2006-cı ildən tikintisinin davam etdirilməsinə başlanılmış Tovuzçay su anbarının inşası 2015-ci ildə başa çatdırılmış və 16 fevral 2016-cı ildə dövlət başçısının iştirakı ilə açılışı olmuşdur.
Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Cəlilabad, Lerik) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində 177 kilometr su və 153 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, içməli su ev birləşmələrində 19132 ədəd su sayğacları quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 sentyabr 2015-ci il tarixində Ağsuya içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Bankın krediti ilə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində Sudan İstifadəedənlər Birliklərinin xidmət etdiyi 47297 hektar torpaq sahəsində suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri başa çatdırılmışdır.
Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” layihəsi tərkibində ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisi işləri davam etdirilmişdir. Caqacuqçay və Qusarçay çayları üzərində suqəbuledici qurğuda tikinti işləri başa çatdırılmışdır. Caqacuqçayda 4150 metr kanalın tikintisi, Qudyalçayda isə 15282 metr uzunluğunda olan mövcud kanalda yenidənqurma işləri başa çatdırılmaqla Samur-Abşeron kanalına əlavə suyun verilməsi təmin olunmuşdur.
Layihə çərçivəsində
“Şabran, Siyəzən və Xızı rayonları ərazisində
mövcud suvarılan
torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi” layihəsi üzrə
Xızı rayonunda cəmi 9609 hektar yeni suvarılan
torpaqların istifadəyə verilməsi üçün
kompleks meliorativ tədbirlərin
aparılması və 2970 hektar mövcud suvarılan torpaqlarda
su təminatının
yaxşılaşdırılması
üçün cəmi 12579 hektar sahədə tikinti
işləri davam etdirilmiş, 80135 metr uzunluğunda
paylayıcı suvarma boru kəməri layihəyə uyğun
çəkilmiş və 69433
metr uzunluğunda açıq beton kanal tikilmiş
və ən son texnologiyalara əsaslanan
yağışyağdırma üsulu ilə suvarma sistemi
quraşdırılmışdır. Bu sistem respublikada təbii təzyiq
hesabına çiləmə aparan yeganə sistemdir.
Siyəzən
rayonunda 6972 hektar yeni suvarılan torpaqların istifadəyə
verilməsi üçün kompleks meliorativ tədbirlərin
aparılması və 5165 hektar mövcud suvarılan torpaqlarda
su təminatının
yaxşılaşdırılması
üçün layihəyə uyğun olaraq 88831 metr
uzunluğunda paylayıcı suvarma boru kəməri, 25095 metr
uzunluğunda qapalı, 12006 metr uzunluğunda açıq paylayıcı
suyığıcı drenaj şəbəkəsi
tikilmişdir. Şabran rayonunda mövcud suvarılan
torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılan
torpaqların istifadəyə verilməsi məqsədi ilə
30206 hektar (ondan 13806 hektar yeni suvarılan) sahədə
görüləcək meliorativ tədbirlərin layihə sənədlərinin
hazırlanması başa
çatdırılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci
il sentyabrın 4-də Xızı rayonunda 3396 hektar (ondan 3084 hektar yeni
suvarılan) və Siyəzən
rayonunda 1466 hektar (ondan 1424 hektar yeni suvarılan) torpaq sahələrinə
Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi
mərasimində iştirak etmişdir. Ümumiyyətlə,
2015-ci ildə Xızı
rayonunda cəmi 7111 hektar (ondan
5399 hektar yeni suvarılan) və Siyəzən rayonunda cəmi
3204 hektar (ondan 2539 hektar yeni suvarılan) sahədə mövcud suvarılan
torpaqların su təminatının
yaxşılaşdırılması və yeni suvarılacaq torpaqların istifadəyə
verilməsi üzrə işlər başa
çatdırılmışdır.
Respublika
büdcəsindən əsaslı tikintiyə ayrılmış
vəsait hesabına torpaqların su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması
tədbirləri üzrə
Ağdam rayonunun Ergi massivinin və Füzuli rayonunun Mollaməhərrəmli,
Arayatılı və Babı kəndlərinin əkin sahələrinin
su təminatı, Qazax rayonunun Şıxlı
arxının yenidənqurulması
üzrə işləri davam etdirilmiş, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində
130 hektar ərazidə qrunt sularının səviyyəsinin
aşağı salınması üçün 3200 metr uzunluğunda drenaj şəbəkəsi
tikilib istismara verilmiş və Şəki rayonunun Şəkikənd,
Cəyirli və Qozlubulaq kəndlərinin
içməli su təchizatı ilə əlaqədar 3 ədəd
subartezian quyusunun qazılması, nasos stansiyasının, təmizləyici
qurğunun tikintisi, 21716 metr uzunluğunda boru kəmərinin
çəkilişi və nəzərdə tutulan digər
işlər tam başa çatdırılaraq istifadəyə
verilmişdir.
Tovuzçay
su anbarından rayonun əkin sahələrinə suyun verilməsi
üçün nasos stansiyasının xarici elektrik təchizatını
təmin etmək üçün elektrik
avadanlıqlarının quraşdırılması, Şəki
rayonunda əkin sahələrinin su təminatının
yaxşılaşdırılması üçün Cəyirli
su anbarında bənddə sızmaya qarşı mühafizə
tədbirlərinin yerinə yetirilməsi və torpaq bəndin
yenidənqurulması, Cəlilabad rayonunda İncəçay
su anbarının bəndinin təmir-bərpası və qəza
vəziyyətinin aradan qaldırılması tədbirləri
üzrə Astara rayonunda Ləvain su anbarında bəndin
yuxarı byefində dəmir-beton üzlüyün çəkilməsi
üzrə işlər görülmüşdür. Eyni zamanda, 2015-ci ilin oktyabr ayında respublikanın cənub
zonasına yağan leysan yağışları nəticəsində
Göytəpə su anbarının bəndində və
qurğularında yaranmış təhlükəli vəziyyətin
qarşısının alınması məqsədi ilə su
anbarında nəzərdə tutulan təxirəsalınmaz tədbirlər
həyata keçirilmişdir.
“Şəmkirçay
çayı üzərində dəryaçanın tikintisi”
kompleksi layihəsinə daxil
olan obyektlərdə tamamlama işləri başa
çatdırılmaqla, Şəmkirçay su anbarı,
gücü 24,483 MVt olan Su Elektrik Stansiyası və ümumi
uzunluğu 60565 metr olan Şəmkirçay magistral
kanalları hidrotexniki
qurğularla birgə istismara
verilmişdir.
“Şəmkirçay
çayı üzərində dəryaçanın tikintisi”
kompleksi layihəsinə daxil olan Şəmkirçay
magistral kanallarından Şəmkir və Göygöl
rayonlarının 25 min hektara (ondan 7878 hektarı yeni
suvarılan torpaqlar) yaxın əkin sahələrinə
suvarma suyunun verilməsi üçün Sağsahil Şəmkirçay
kanalından paylayıcı və suvarma boru kəmərlərinin,
eləcə də Şəmkirçay su anbarının
tikintisi ilə Goranboy rayonunun 26584 hektara (ondan 8293 hektar yeni
suvarılan torpaqlar) yaxın torpaq sahələrinə suvarma
suyunun verilməsi məqsədi ilə uzunluğu 27,9 kilometr olan
Şəmkir maşın kanalının 2-ci növbəsinin 2,56 kilometrinin qurğularla birlikdə
tikintisi üzrə işlər yerinə yetirilmişdir. “2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın həyata keçirilməsi ilə
bağlı Abşeron magistral kanalında təmir-bərpa işləri davam
etdirilmiş, Zirə qəsəbəsi ərazisində
Qoşa Qışlaq nasos stansiyasını su ilə təmin
edən tənzimləyici hovuzun
və Novxanı nasos
stansiyasında xarici elektrik təchizatı üzrə tikinti işləri yerinə
yetirilmişdir.
Xaçmaz
rayonunun Yalama ərazisində yaradılmış “Yalama
Aqroparkı” MMC-nin (523 hektar) və rayonun sərhəd ərazilərində
yerləşən 997 hektar əkin sahələrinin, Sabirabad
rayonunun Saraxanbəyli, Moranlı, Bala Həşimxanlı,
Əlilənbəyli kəndlərinin əkin sahələrinin
su təminatının yaxşılaşdırılması
üçün “H” kanalının tikintisi, Ağsu rayonunda əkin
sahələrinin su təminatının
yaxşılaşdırılması üçün isə Qazanarx kanalının 219 metr hissəsinin
yenidən qurulması işləri həyata
keçirilmişdir.
İri
taxılçılıq təsərrüfatlarının
yaradılması ilə əlaqədar Hacıqabul rayonunda 400
hektar yeni suvarılan sahənin istifadəyə verilməsi
üçün 2061 metr uzunluğunda Padar magistral
kanalının və Neftçala magistral kanalı ilə
rayonun əkin sahələrinə suvarma suyunun verilməsi
üçün Kür çayı üzərindəki nasos stansiyasının xarici elektrik
təchizatı və kanalın 120 metr hissəsinin tikintisi üzrə işlər
başa çatdırılmışdır. Şəmkirçay
su anbarından su götürən Sağsahil Şəmkirçay
kanalından “Şəmkir aqroparkı”nın 543 hektar torpaq sahəsinə
suvarma suyunun verilməsi və
Yuxarı Mil kanalında Ağcabədi rayonu ərazisində “Kroun-Ko” şirkətinə məxsus
2100 hektar sahənin suvarma şəbəkəsinin tikintisi
işləri yerinə yetirilmişdir. Ümumilikdə, bütün maliyyə
mənbələrindən
ayrılmış vəsaitlər hesabına əsaslı
tikinti obyektlərində 478
kilometr suvarma kanalları, 232 kilometr kollektor-drenaj şəbəkələrinin
tikintisi, yenidən qurulması və bərpası
aparılmış, eyni zamanda,
50 kilometr qapalı və 169 kilometr paylayıcı suvarma
şəbəkəsi, 28 kilometr təzyiqli metal boru xətti
çəkilmişdir. 78089 hektar torpağın
su təminatı və 18080 hektar torpağın meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 16338 hektar yeni
torpaqların suvarılması təmin edilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 25 dekabr
2014-cü il tarixli sərəncamı ilə
respublikanın 34 şəhər və rayonunun 241
yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına,
habelə əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün qazılması nəzərdə
tutulmuş 300 ədəd
subartezian quyusunda qazma işləri başa
çatdırılmışdır ki, bununla da 5400
hektar torpaq sahələrinin su təminatının
yaxşılaşdırılması və əhalinin
içməli suya olan tələbatının ödənilməsi
təmin edilmişdir.
Respublikanın ən təhlükəli hesab olunan
çaylarında (Kürmükçay, Tərtərçay,
Daşağılçay, Girdimançay, Kişçay,
Durucaçay və Dəmiraparançay) sel və
daşqınlara qarşı 1818 metr uzunluğunda sahilbərkitmə
(dəmir-beton, daş-beton, beton) işləri yerinə
yetirilmişdir. Bundan əlavə, Ağstafa rayonunun
Dağ Kəsəmən kəndinin yağış və sel
sularından mühafizəsi tədbirləri üzrə
uzunluğu 305 metr olan seltutan bəndin və onun üzərindəki
qurğuların tikintisi işləri başa
çatdırılmışdır.
2015-ci il meliorasiya və su təsərrüfatı
işçiləri üçün daha məsuliyyətli il
olmuşdur. Belə ki, ölkədə
kənd təsərrüfatının inkişafına yeni təkan
vermək və onun modernləşdirilməsini sürətləndirmək,
aqrar sektorda mövcud problemlərin həllinə sistemli və
kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin
inzibati və maliyyə resurslarını səmərəli
şəkildə cəlb etmək və ölkənin aqrar
potensialını geniş təbliğ etmək məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti “2015-ci ilin Azərbaycan
Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi
haqqında” sərəncam imzalamışdır.
Qarşıya
qoyulmuş vəzifələrin icrası məqsədi ilə
ASC tərəfindən meliorasiya və irriqasiya sistemlərinin
normal istismarının təşkili, suvarılan
torpaqların su təminatının və onların meliorativ
vəziyyətinin yaxşılaşdırılması, sel və
daşqın sularına qarşı mübarizə sahəsində
2015-ci ildə konkret tədbirlər həyata
keçirilmişdir.
Sudan səmərəli, qənaətlə istifadə
olunmasının təmin edilməsi məqsədi ilə ASC tərəfindən
müvafiq tədbirlər işlənib hazırlanmış,
istismar təşkilatları ilə birlikdə su istifadəçiləri
ilə müvafiq izahat işləri aparılmış,
suvarmanın gecə-gündüz və növbəlilik əsasında
aparılması üçün müvafiq tədbirlər
görülmüşdür.
Suvarma mövsümü başlanana kimi bütün
kanallar və üzərindəki hidrotexniki qurğular istismar
tədbirləri planına uyğun təmir edilərək
suvarmaya hazır vəziyyətə gətirilmişdir.
Mühüm
dövlət əhəmiyyətli su təsərrüfatı
obyektlərində müvafiq təmir işləri
aparılmış, 26,7 kilometr suvarma
kanalları, 83,4 kilometr kollektor-drenaj şəbəkəsi,
3,4 kilometr nov kanalları, 106 ədəd hidrotexniki qurğu, 37
ədəd körpü, 19 ədəd üzən və 90 ədəd
tərpənməz nasos stansiyası, 96 ədəd subartezian
quyusu, 47,3 kilometr boru xətti, 3900 metr daş-beton bənd və s. təmir-bərpa
edilmiş, Kür çayında 2603 metr uzunluğunda məsafədə
sahilbərkitmə işləri görülmüşdür.
Çay məcralarında 15,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 12,7 min kubmetr şax-daş və faşın, 3,0 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 19,8 min kubmetr həcmində təmir işləri görülmüşdür.
Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1milyon 374,1 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8,6 milyard kubmetr su götürülmüş və su istifadəçilərinə 6,0 milyard kubmetr su verilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə prioritet olduğunu bildirmiş, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, xüsusi ilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədi ilə səhmdar cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Səhmdar cəmiyyəti tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçrilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə ASC-nin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür.
Hazırda respublikanın su anbarlarında 16,0 milyard kubmetr su yığılmışdır. Toplanmış su ehtiyatları kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaqdır.
Sudan istifadə planına əsasən, 2016-cı ildə ümumilikdə 1363689 hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 1 iyun 2016-cı il tarixə 523845 hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılmışdır.
Suvarma mövsümünə hazırlıqla əlaqədar ASC-nin yerli istismar idarələri tərəfindən 1293 hidrotexniki qurğu, 808 hidropost, 137 nasos, 132 elektrik və dizel mühərriki, 2261 subartezian nasosları təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 33 milyon 871 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.
Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatına və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimzin diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində tədbirləri davam etdirəcək, mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəkdir.
Fürsətdən istifadə edib, Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasbətilə bütün meliorasiya və su təsərrüfatı kollektivlərini təbrik edir və ölkəmizin inkişafı naminə şərəfli işlərində onlara daha böyük müvəffəqiyyətlər arzu edirəm.
Əhməd
ƏHMƏDZADƏ,
Azərbaycan
Meliorasiya və
Su Təsərrüfatı
ASC-nin sədri
Xalq qəzeti.- 2016.- 5 iyun.- S.5.