Azərbaycan oxucularının rus şairinə ehtiramı

 

 

Dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş rus şairi Aleksanr Sergeyeviç Puşkinin Azərbaycan paytaxtının Səbail rayonundakı heykəli qarşısında hər il ədibin anadan olduğu gün anım mərasimi keçirilməsi ənənəyə çevrilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyəti ilə birgə təşkil etdiyi növbəti toplantıda da rus şeirinin unudulmaz klassikinin xatirəsi ehtiramla yad olundu.

 

Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyası səfirliyinin, ölkəmizdə yaşayan rus icmasının, Bakıda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, şagird və tələbələrin toplaşdığı ənənəvi mərasimdə Puşkin yaradıcılığının pərəstişkarları əvvəlcə şairin 2001-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmış abidəsi önunə gül dəstələri və tər çiçəklər düzdülər.

 

Anım tədbirinin davamında şairin rus ədəbiyyatını zinətləndirən həyat və yaradıcılığından, dünya şöhrətindən geniş söhbət açıldı. “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova Puşkinin anadan olmasının 217-ci ildönümü münasibətilə keçirilən poeziya bayramını giriş sözü ilə açaraq bildirdi ki, bu təntənə Azərbaycan və Rusiya xalqları arasında dostluq və qarşılıqlı faydalanma prosesinin uğurla davam etdiyinin daha bir önəmli göstəricisidir.

 

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etdi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin əsərlərini dünya xalqlarının da sevə- sevə oxuması bu irsin bəşəri dəyərindən irəli gəlir. Onun yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Səfir rus milli şeirinin sönməz günəşinin ziyasının Azərbaycanda da duyulmasından məmnunluğunu bildirdi, Puşkinin xatirəsinə göstərdiyi sayğıya görə xalqımıza minnətdarlığını bildirdi.

 

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirdi ki, həyat və yaradıcılığı Qafqazla sıx bağlı olan Puşkini qabaqcıl Azərbaycan ziyalıları hələ sağlığında tanımış və dəyərləndirmişlər. Şairin faciəli qətli, nakam taleyi ölkəmizdə də hüznlə anılmış, ağrı- acılara səbəb olmuşdur. Ədibin zəngin yaradıcılığı zaman- zaman Azərbaycanda da çap olunmuş və dərindən öyrənilmişdir. Puşkinin əsərlərini görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rustəm, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli və başqaları yüksək bədiiliklə dilimizə çevirib populyarlaşdırmışlar. Rusiyada böyük Nizami necə tanınır və sevilirsə, bizdə də Puşkinə elə sayğı göstərilir. Azərbaycandakı Rus İcması sədrinin birinci müavini Yuri Zenin iki ölkə arasında tarixən yaranıb möhkəmlənmiş ədəbi- mədəni əlaqələrin qorunub saxlanmasında A.S.Puşkinin doğum gününün hər il Bakıda qeyd olunması, rus klassiklərinin yubileylərinin təntənə ilə keçirilməsi kimi tədbirlərin təsirli və ibrətli olduğunu söylədi.

 

Mərasimdə Səbail məktəblərinin şagirdləri, şairlər və incəsənət ustaları Puşkinin şerlərini və onun xatirəsinə həsr olunmuş poetik nümunələri Azərbaycan, rusingilis dillərində səsləndirdilər.

 

Tahir AYDINOĞLU,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 7 iyun.- S.5.