Milli Ensiklopediyamızın şərəf
yolu
Azərbaycanda müasir ensiklopediya işinin əsası 1965-ci ildə qoyulmuşdur. “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərarla həmin ilin 30 dekabrında Azərbaycan SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası yaradılmış və Xalq şairi Rəsul Rza baş redaktor təyin edilmişdi. Qərarda “Azərbaycan SSR” xüsusi cildinin və on cildlik universal Azərbaycan Sovet Ensiklopediyasının nəşri nəzərdə tutulurdu.
Universal sovet ensiklopediyasının “A” və “B” hərflərinin müəyyən hissəsini əhatə edən birinci cildi 1970-ci ildə buraxılmış, lakin bu ensiklopedik nəşr sovet ideologiyasının tələblərinə cavab vermədiyindən ilk tirajı məhv edilərək, baş redaktor Rəsul Rza işdən azad olunmuşdu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə yenidən başlanıldı. O dövrün ilk fundamental ensiklopedik əsəri olan çoxcildlik universal “Azərbaycan Sovet Ensiklopediyası”1976-87-ci illərdə sovet ideologiyasına uyğun şəkildə nəşr edildi. Lakin bu ensiklopediyanın bütün cildlərində Azərbaycanla bağlı məqalələrdə yeri gəldikcə nəşr olunmamış “Azərbaycan SSR” xüsusi cildinə istinad edilməsinə baxmayaraq, həmin cildin nəşri sovet dövründə reallaşmadı.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın tarixində yeni və mühüm bir mərhələ başladı.Yeni dövrün yeni tələbləri vardı, buna görə də dünyanın sürətlə dəyişən siyasi mənzərəsini, həmçinin Azərbaycan xalqının tarix boyu qazandığı nailiyyətləri bu dövrün prizmasından dəyərləndirməklə təqdim edən Azərbaycan Milli Ensiklopediyasının hazırlanması məsələsi aktuallaşdı. Ulu öndərimiz Heydər Əliyevin 2000-ci ilin 30 mayında imzaladığı “Nəşriyyat işi haqqında” Qanundan irəli gələn məsələlər və bir il sonra latın qrafikalı əlifbaya keçidin başa çatması yeni universal milli ensiklopediyanın nəşrinin sürətlənməsinə təkan verdi.
Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşri qərara alındı və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi AMEA-nın tabeliyinə verildi. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin bazasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradıldı və mən həmin mərkəzə direktor təyin edildim.
Təbii ki, bir akademik olaraq, həyatım əsasən, elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı olduğundan ensiklopediya nəşri mənim üçün yeni, həm də son dərəcə məsuliyyətli fəaliyyət sahəsi idi. Ensiklopediya yaratmaq yüksək elmilik, müxtəlif elm sahələrindən baş çıxara bilmək qabiliyyəti ilə yanaşı, düzgün təşkilatçılıq və qərar qəbul etmək bacarığı, bir sözlə, olduqca böyük məsuliyyət tələb edən bir işdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri olması, əlbəttə ki, bu işin məsuliyyətini ikiqat artırır. Beləliklə, Azərbaycan Milli Ensiklopediyası Redaksıya Heyətinin məsul katibi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru təyin edildiyim vaxtdan bu mühüm nəşrin hazırlanması fəaliyyətimin əsas istiqamətinə çevrildi.
Qarşımıza mövcud ensiklopedik təcrübə əsasında, məzmunu və mündəricəsilə dünya əhəmiyyətli ensiklopedik nəşrlərə qoyulan bütün tələb və standartlara uyğun mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulmuşdu. Dünyanın inkişaf etmış dövlətlərinin qabaqcıl təcrübəsinə əsaslanmaqla hazırlanacaq Azərbaycan Milli Ensiklopediyası, ilk növbədə, Azərbaycanda milli dövlətçiliyin inkişafının rəhni olan milli birliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amilə - etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi nəzərdə tutulurdu. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, iqtisadiyyatı, mədəniyyəti, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə çalışanların, həmçinin görkəmli azərbaycanlı mesenat, mühacir və neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqıqatçıların əsərləri öz əksini tapmalı idi. Bütövlükdə, Azərbaycana həsr olunan “Azərbaycan” adlı xüsusi cildin nəşrinin respublikamızda ilk dəfə həyata keçirildiyini düşündükcə, bu işin nə qədər böyük məsuliyyət tələb etdiyi aydın olur.
Şübhəsiz ki, işə məhz arxiv materialları ilə başlamalı, eyni zamanda, nəşrdə tariximiz və bir sıra digər sahələrdə mübahisəli məsələlər dəqiqləşdirilərək əksini tapmalı idi. Vaxt məsələsinə gəlincə, mümkün qədər az vaxtda çox iş görməli idik. Biz məqalələrin yazılmasına, ilk növbədə, respublikamızın tanınmış ziyalılarını, elm, sənət adamlarını, mütəxəssisləri cəlb etdik və elmi mərkəzin kollektivini düzgün istiqamətləndirməklə əsas məqsədə nail olduq. Müəllif heyətinin səyi və “Azərbaycan Milli Ensiklopedıyası” Elmi Mərkəzi kollektivinin gərgin əməyi sayəsində ilk nəşrimiz — “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Almaniyanın “Siglosh” nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr olunaraq elmi ictimaiyyətə təqdim edildi.
Adi ensiklopediyadan öz funksionallığı, dizayn səviyyəsi və strukturu ilə fərqlənən, bununla belə, Azərbaycan Milli Ensiklopediyasının milli koloritini tam şəkildə əks etdirən"Azərbaycan"ın xüsusi cildində xalqımızın təşəkkülü və inkişafı son dərəcə obyektiv əks olunmuş, onun başqa ölkələrlə tarixi və müasir əlaqələrinə böyük diqqət yetirilmiş, təbii və antropogen obyektlər işıqlandırılmışdır. Xüsusi cilddə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda, öz möhtəşəm gələcəyini qurmağa qadir bir dövlət kimi təqdim olunur, xalqımızın əsrlər boyu qazandığı nailiyyətlər faktların dili ilə, elmi əsaslandırılmış şəkildə əks etdirilir. Bizi, xüsusilə gəncliyimizi xalqımızın tarixi inkişaf yolunda Azərbaycan izi qoyan görkəmli simalarla fəxr etməyə yönləndirən, cəmiyyətimızin mənəvi və mədəni inkişaf tarixinin bir səhifəsi olan bu nəşri mahiyyətinə görə milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən sanballı elmi əsəri, Azərbaycanın Konstitusiyasından sonra ikinci “Ana kitab”ı adlandırmaq olar. Buna görə də biz onun rus dilinə tərcüməsinə qərar verdik, qısa müddətdə nəşrə hazırlayaraq 2012-ci ildə Almaniyada çap etdirdik.
Şübhəsiz ki, universal ensiklopediya məqalələrinin yazılması da eyni prinsiplə reallaşır. Təəssüf ki, bunu çoxları bilmir. Ensiklopediyalar xüsusi elmi nəşrlər olduğu üçün onların öz standartı formalaşmışdır və nəşrlərin bu standartın tələblərinə uyğun şəkildə hazırlanması vacib şərtdir. Müəyyən tarixi mərhələlərdə təkmilləşmiş ensiklopediya standartından çıxıb yenisini yaratmaq mümkün deyil. Bu nəşrlərin əsasında xüsusi münasibət yox, dəqiq faktlar, qəbul olunmuş elm və elmi terminlər, ən böyük nailiyyətlər dayanır, ensiklopediya standartlarında gələcək yox, dünən və bu gün — tarix var. Bütün dünyada ensiklopediyaların nəşri məhz bu standartlar əsasında reallaşır. Eyni zamanda, bütün universal ensiklopediyalar bir-biri ilə informasiya mübadiləsi aparır, bu, tarixən belə olub və indi də belədir. Biz öz sözümüzü Azərbaycan xalqına aid olan “Azərbaycan” adlı xüsusi cildlə dedik. İndi isə Yer üzünün irili-xırdalı etnos və xalqlarını, dünya tarixini, mədəniyyətini və elmini bəşəriyyətin əldə etdiyi ən son nailiyyətlərinə qədər əks etdirən universal ensiklopediyada həmin standartlar çərçivəsində Azərbaycanın sözünü deyirik. Yəni biz bu nəşrdə öyrənirik, məlumat alırıq, eyni zamanda, özümüzü tanıdır, Azərbaycanın dünya tarixi, elmi, mədəniyyətinə və s. verdiyi töhfələr haqqında elmi məlumat veririk.
Bütün bunlar ensiklopediya standartıdır və xüsusi qaydalarla tənzimlənir. Azərbaycan Milli Ensiklopediyasının standartları müəlliflər və elmi redaktorlar üçün hazırlanmış “Metodik göstərişlər”lə müəyyənləşdirilir, onun konsepsiyası, ensiklopedik redaktənin müddəaları, məqalələrin salınma prinsipləri, həcmləri, kateqoriyaları, yazılma sxemləri və qaydaları, tərcümeyi-hal məqalələrinin ümumi müddəaları, həmçinin ixtisarların vahid forması “Metodik göstəriş”də öz əksini tapmışdır və buna ciddi əməl olunur.Yeri gəlmişkən, “Metodik göstərişlər”in özü də ensiklopediya standartı və nümunələr əsasında tərtib və təsdiq edilmişdir.
Yeni və etibarlı məlumat bazasının yaradılması bizim üçün prioritet olaraq qalır, yeni anlayışlar, materiallar ölkəmizə və bütövlükdə dünyaya təsir etmiş mühüm dəyişikliklər nəzərə alınmaqla toplanılır. Sözsüz ki, bu gün bıizim beynəlxalq hüquqi normalar, müxtəlif xalqların ənənələri, mentaliteti və dini-mədəni əsasları, demokratiya və insan haqları prinsipləri, bir çox başqa şeylər haqqında kompleks bilgilərimiz olmalıdır. Bu funksiyanı müəyyən mənada universal ensiklopediya daşımalı, eyni zamanda xüsusi cild və universal ensiklopediyanın digər cildləri nəinki bir-birini tamamlamalı, həm də milli ideyanın və ideologiyanın əsasını təşkil etməlidir. Eyni zamanda, Azərbaycan haqqında, onun tarixi, elmi, incəsənəti, görkəmli nümayəndələri barədə mümkün qədər dolğun təsəvvür yaratmaq, materialın elmi cəhətdən əsaslandırılmış şəkildə təqdimatı ilə müxtəlif fəaliyyət sahələrində biliklərin artırılmasına və s. yardım etmək Azərbaycan Milli Ensiklopediyasının çoxfunksiyalı vəzifələrindəndir.
Biz bu məqsədə nail olduq: Almaniyada iki dildə nəşr etdirdiyimiz “Azərbaycan” xüsusi cildindən başqa klassik ensiklopediya tələb və prinsipləri əsasında hazırlanaraq yüksək poliqrafik səviyyədə çap olunmuş milli universal ensiklopediyamızın 5 cildi oxucuların ixtiyarında, yenicə çapdan çıxmış 6-cı cildi yolda, 7-ci cildin materialları tamamlanmaq üzrə, 8-ci cildi isə iş prosesindədir.
Universal milli ensiklopediyamız Azərbaycan Sovet Ensiklopediyasından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, biz xalqımızın intellektual potensialını, Azərbaycan elminin inkişafını göstərmək məqsədilə elmlər doktorlarını da nəşrə daxil etməyə qərar verdik. Azərbaycanın tarixi etnik torpaqlarının toponimləri nəşrdə yer alır. İdman arenalarında dövlət bayrağımızı qaldırıb himnimizi səsləndirən Olimpiya, dünya və Avropa çempionlarımız haqqında bioqrafik məqalələrlə Azərbaycanın idman salnaməsini təqdim etməyə çalışırıq. İstər iki dildə nəşr olunmuş xüsusi cildlərimiz, istərsə də buraxdığımız digər altı cild illüstrasiyaların zənginliyi, həmçinin materialların rəngarəngliyi ilə tamamilə fərqlənir.
Azərbaycan Milli Ensiklopediyasının ilk 3 cildini, həmçinin “Azərbaycan” xüsusi cildinin Azərbaycan və rus dillərindəki nüsxələrini biz 2013-cü ildə Moskvada “Bolşaya Rossiyskaya Ensiklopediya” elmi nəşriyyatının keçirdiyi “Müasir ensiklopediyaşünaslıq: təkliflər və perspektivlər” elmi-praktik konfransında beynəlxalq elmi ictimaiyyətə təqdim etdik. Bu ildən Azərbaycan Milli Ensiklopediyasını Beynəlxalq Kitab Sərgisində təqdim etməyi planlaşdırırıq.
Milli Ensiklopediyanın nəşrə başlaması Azərbaycan xalqının tarixində mühüm hadisə olduğu kimi, “Azərbaycan” xüsusi cildi və ümumiyyətlə, təbii və ictimai hadisələr, ölkənin coğrafiyası və ictimai həyatının bütün tərəfləri haqqında ilk dəfə olaraq əhatəli, dəqiq və dürüst məlumatlar verən bu fundamental çoxcildliyin işıq üzü görməsi maarıfçilik baxımından tarixi əhəmiyyətinə görə Azərbaycan dilində ilk dövri mətbuat nümunəsi olan “Əkinçi” qəzetinin 1875-77-ci illərdə Həsən bəy Zərdabi tərəfindən çap olunmasına bərabər sayıla bilər.
Azərbaycan Milli Ensiklopediyasının nəşri Prezident İlham Əliyevin maarifçilik məqsədi daşıyan böyük bir xidməti kimi də dəyərləndirilə bilər, çünki iki dildə nəşr olunmuş “Azərbaycan” xüsusi cildləri daxil olmaqla, universal ensiklopediyanın indiyə qədər nəşr edilmiş cildlərinin 150 minlik tirajı bütünlüklə respublikamızda təmənnasız paylanmışdır.
Qeyd etmək istərdim ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 2004-cü ildən bəri görülən işlər universal ensiklopedik nəşrlərlə məhdudlaşmamış, 2012-ci ildə sanballı sahə ensiklopediyası - “Azərbaycan muğam ensiklopediyası” (redaksiya heyətinin sədri Mehriban xanım Əliyeva) nəşrə hazırlanaraq rus dilində çap olunmuşdur. Kimya üzrə Nobel mükafatı laureatı, Kaliforniya Texnologiya İnstitutunun professoru Ə.H. Zevaylın həyat və fəaliyyətindən bəhs edən “Zaman içrə səyahət” kitabı ingilis dilindən tərcümə edilərək, 2012-ci ildə “Şərq-Qərb” nəşriyyatında azərbaycanca nəşr olunmuşdur. Bu illərdə izini qoyan sanballı nəşrlərdən biri də görkəmli kimyaçı alim, “resirkulyasiya nəzəriyyəsi”nin banisi, akademik Murtuza Nağıyevin 100 illiyinə həsr edilmiş “Akademik Murtuza Nağıyev. Həyat yolu - “fəlsəfə daşı”nın axtarışında” kitabıdır (2008).
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə rəhbərlik etdyim dövrdə qazanılan təcrübə, həmçinin göz qabağında olan işlər vaxtdan səmərəli istifadə edildiyini, rəhbərliyin və ensiklopediya kollektivinin qarşısına qoyulan məqsədə nail olduğunu söyləməyə əsas verir.
Məlumdur ki, elmi məqalələr yazılarkən, bir qayda olaraq, sifarişlər verilir və bu sifarişlərin yerinə yetirilməsinə görə müəlliflərə qonorar ödənilir. Bu, həmişə belə olub. Bizim qonorar fondumuz olmadığından indiyə qədər universal ensiklopediyaya daxil edilən məqalələrin yazılmasına görə müəlliflərə qonorar ödəmək imkanımız da olmayıb. Buna görə də qazandığımız təcrübəyə əsaslanaraq elmi məqalələrin yazılmasına redaksiyalarımızın elmi əməkdaşlarını cəlb etməklə daxili imkanlardan istifadəyə daha çox üstünlük vermişik. Oçerklərin yazılması və nəşrə hazırlanması sayəsində bizim redaktorların bilik səviyyəsi daim yüksəlir, peşəkarlıqları artır. Ensiklopediyanın elmi redaktorları adi redaktorlardan məhz bu cəhətlərinə görə fərqlənirlər.
1965-ci ildə təməli Azərbaycan Sovet Ensiklopediyası kimi qoyulan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılmasından və fəaliyyətə başlamasından əlli il ötür. Əlli illik şərəf yolunun müstəqillik dövrünə aid son 12 ili Azərbaycan və rus dillərində nəşr edilən “Azərbaycan” xüsusi cildləri, Azərbaycan Milli Ensiklopediyasının nəfis tərtibatda buraxılmış 6 cildi, ensiklopediyanın yüksək memarlıq üslubunda tikilmiş yeni binasının açılışı ilə yaddaqalan oldu.
Ensiklopediyada 2004-cü ildən bəri görülən işlər ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib. Milli ensiklopediyamız hazırda Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilib istifadəyə verilən müasir standartlara uyğun yeni möhtəşəm binada böyük ruh yüksəkliyi ilə yaradılır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ensiklopediyanın 50 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamış, ölkə başçısının növbəti sərəncamı ilə ensiklopediya əməkdaşlarının böyük bir hissəsi orden və medallarla təltif olunmuş, onlara fəxri adlar verilmişdir. Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin sədri olan dövlət başçımız bu kollektivə öz qayğısını əsirgəməmişdir. Əməkdaşlarımızın 14 nəfəri AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
Biz bu günlərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Azərbaycanda ensiklopediya işinin tarixini əks etdirən maraqlı eksponatlardan ibarət muzey də açdıq. Milli ensiklopediyamızda əlli illik ənənələr yaşayır, talelərini bu mürəkkəb və şərəfli işə bağlayan yeni, milli ensiklopedistlər nəsli yetişir. Dövlətimizin diqqət və qayğısından ruhlanan ensiklopediya əməkdaşları müstəqilliyimiz sayəsində qazanılmış nailiyyətləri əks etdirən məqalələr üzərində şövqlə, daha böyük inam və əzmlə çalışırlar.
Tofiq NAĞIYEV,
akademik, AMEA-nın vitse-prezidenti,
Dövlət mükafatı laureatı,
“Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzinin direktoru
Xalq qəzeti.- 2016.-
7 iyun.- S.6.