“Bir
millətim, bir sazımdı, bir Vətən”...
Uzun illər ölkənin musiqi ictimaiyyəti arasında, mədəniyyət xadimləri
ilə ünsiyyətdə
olan bir qələm sahibi kimi bilirdim ki,
Bakıda tar və kaman da daxil
olmaqla bir çox musiqi alətlərimizi, hətta,
Qərb alətlərini
belə hazırlayan və ya təmir
edən ustalar olub.
Ancaq Bakı
mədəni mühitində
sazbəndin olması barədə heç bir məlumatım yox idi. Çünki
sazbəndlər Borçalıda,
Göyçədə, Tovuz
- Qazax - Gədəbəy
bölgələrimizdə ola bilərdi
və olurdu. Əslində indi haqqında
söz açdığımız
sazbənd Qəzənfər
Tağılı da Gədəbəy bölgəmizdəndir.
Ötən əsrin
70-ci illərində Bakıya
köçən bu soydaşımız öz
fitri istedadı nəticəsində Bakı
sazbəndliyinin təməlini
qoyub. Doğrudur, sonralar paytaxtımıza
köçən sazbəndlər
çox olub.
Buna baxmayaraq Bakıda
saz bağlayan ilk usta kimi onun
adı tarixə düşüb.
Amma o da faktdır ki, onun tarixə düşməsinin əsas
səbəbi hazırda
dünyanın 20-dək ölkəsini
təmsil edən peşəkarların
ondan alıb xaricə apardıqları
sazlardır.
Kamil usta və maraqlı
insan olan Aşıq
Qəzənfər Tağılı
uzun illər 35 saylı musiqi məktəbində dərs
deyib, dəfələrlə
müsabiqələrdə qalib
olan çoxlu yetirmələri var, özü ondan çox saz havası yaradıb. Hamı tərəfindən yüksək
qiymətləndirilən “Qəzənfər
harayı” adlı saz havasını 20 Yanvar faciəsinə həsr etmişdi. Həmin illərdə bu hava radio və televiziyada bilavasitə öz ifasında, həm də dəfələrlə səsləndirilib.
Bundan başqa, “Sazbənd Qəzənfərlə telli
sazın dastanı” adlı əsəri də vardır.
Bu sətirlərin qələmə
alınmasının səbəbi
isə başqadır. Belə
ki,
50 ildən artıq
bir müddətdə
Sazbənd Qəzənfər
təxəllüsü ilə
şeirlər yazan bu soydaşımızın
“Yaşa -dedi, ellər mənə” adlı üçüncü
kitabı bu günlərdə işıq üzü görüb. İndiyədək onun “Özgə
adla gəzəmmərəm”
(bu kitab sonradan Türkiyədə
Anadolu türkcəsində
də çıxıb)
və “Sazbənd Qəzənfərin saz-söz
dünyası” kitabları
oxuculara təqdim edilmişdi. Azərbaycan
Yazıçılar və
Aşıqlar birliklərinin
üzvü, Mədəniyyət
və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi rəhbərliyinin
“Fəxri fərman”ları,
Aşıqlar Birliyinin
“Fəxri diplomu” ilə təltif olunmuş, “Qızıl qələm” mükafatı
laueratı olan yaradıcı soydaşımızın
yeni kitabında aşıq şeirinin demək olar ki, bütün janrlarında qələmə
alınmış nümunələr
vardır.
Ürəyindəki üç müqəddəs sevginin ünvanını “Bir millətim, bir sazımdı, bir Vətən” - deyə göstərən şairin
yeni kitabı barədə
mülahizələrimizi kitabda
verilmiş ön sözün müəllifi
Müzəffər Şükürün
bir cümləsi ilə tamamlamaq istəyirik: “Hələ neçə-neçə illər
beləcə
saz-söz yaradıcılığı
Qəzənfər Sazbəndin
poetik axtarışlarında
qoşa qanad kimi irəliləyəcək,
özünə yeni-yeni
pərəstişkarlar tapacaq”.
Rafiq SALMANOV,
Xalq qəzeti.-2016.-8 iyun.-S.6.