Uğurlar, Zaqatala

 

Təkcə zaqatalalılar deyil, eləcə də bütün oxucularımız yaxşı bilirlər ki, mən bu diyardan söz açarkən həmişə  insan amilini önə çəkmişəm. Həmişə qeyd etmişəm ki, buranın təbiəti, dağları, meşələri, bulaqları  nə qədər gözəl olsa da, insanlar həmin sərvətlərin hamısından üstündür.  80 illik ömrünün 60 ilini müəllimliyə, gənc nəslin təlim-tərbiyəsinə həsr eləmiş, daha doğrusu, xalqın övladlarının kamil vətəndaş kimi yetişməsi üçün özünü şama döndərib əridən Ulduz  Sultanova kimi ziyalılar var ki, gündəlikdəki  mövzuya dəxli olmasa da, həmişə onların adını çəkmişəm. Elə bilmişəm ki,  Zaqatala barədə təəssürat yaratmaq üçün bu adamların adının çəkilməsi kifayətdir.

 

Yeri gəlmişkən, bu günlər 80 yaşını hamılıqla qeyd etdiyimiz Ulduz xanımı hər dəfə görəndə nə zamansa rus mətbuatında oxuduğum bir arqument yadıma düşürdü. Alim yazırdı ki, insanların  fiziki-bioloji  mənada əkiz olması  kimi, mənəvi-ruhani baxımdan da əkiz olması mümkündür. Müəllif  sübut eləməyə çalışırdı ki, heç bir qohumluğu olmayan, hətta, eyni milləti təmsil etməyən insanların  da mənəvi-ruhani baxımdan əkizliyi mümkündür. Bu arqumentin nə dərəcədə əsaslı olduğunu bilmirəm. Amma onu bilirəm ki, mənim anam Elmira xanımla haqqında dönə-dönə söz açdığım Ulduz xanım  sanki  əkiz tayları idi. Hər ikisinin müəllim, xalqa üz ağlığı, baş ucalığı gətirən gözəl insan, nurlu ziyalı olmasının buraya dəxli yoxdur. Buraya dəxli olan məsələləri yazmaq olurmu ki?

 

...  Qərəz, bu yazıya Zaqatalaya sözün bütün mənalarında üz ağlığı, baş ucalığı gətirən başqa adamların adıyla başlamaq istəyirəm. Müasir tariximizə “dörd günlük müharibə” kimi düşmüş aprel  hadisələri zamanı  cəsarət, mətanət, qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş zaqatalalı gənclər barədə söz açmamaq mümkün deyil.

 

Onların hər ikisi – Azərbaycan Ordusunun hərbi qulluqçuları – kiçik gizir Bayramov Sərxan Oqtay oğlu və əsgər Nurayev Rəvan İsmayıl oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar. Hər ikisinin dəfnində də,  layiq görüldükləri  medalların   ailələrinə təqdim edilməsi mərasimində də zaqatalalıların yanında olmuşam. Rayon rəhbərliyinin, Müdafiə Nazirliyinin məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, gənclərin iştirakı ilə Zaqatala şəhərində və Muxax kəndində keçirilən mərasimlərdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub. Daha çox yadımda qalan məqamlar isə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadınin şəhid valideynləri ilə görüşdə nümayiş etdirdiyi ağsaqqal nümunəsi    övladlarının xatirəsinin əziz tutulduğuna, ailələrinə göstərilən diqqət və qayğıya görə şəhid atalarının  dövlətimizin başçısına minnətdarlıqlarını bildirməsi idi.

 

Təbii ki, Zaqatalanın sosial-iqtisadi inkişafını göstərən faktlar və rəqəmlər əsasında hazırlanan bu yazının əvvəlində şəhidlərin yad edilməsi təsadüfi deyildi. Çünki “Dədə Qorqudfilminin əsas qəhrəmanının dediyi kimi, yurdu qorumayacaqsansa, əkib-becərməyinə əkib-becərməyəcəksənsə, qorumağına dəyməz. Zaqatalada bu gün həm yurdu qoruyacaq qədər cəsarətli və ləyaqətli, həm də  qorunan yurdun əkilib- becərilməsinə, bolluq yaradılmasına nail olan zəhmətkeş insanlar istənilən qədərdir. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə də elə bu barədə danışdıq.

 

Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəz edən və ixracyönümlü istehsal, emalinfrastruktur müəssisələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda da müəyyən tədbirlər həyata keçirilib. Belə ki, tütünçülüyün inkişafı ilə bağlı 2016-cı ildə Sahibkarlar  Təşkilatları Milli Konfederasiyası və “İntertobacco” şirkətinin nümayəndələri ilə birgə rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. 2016-cı ildə rayonda 600 hektar sahədə tütün əkini nəzərdə tutulub.

 

Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini ön plana çəkən dövlət başçımızın tövsiyələri əsasında  barama istehsalının dirçəldilməsi ilə bağlı rayonun kəndlərində əhali ilə görüşlər keçirilib. Onlara barama istehsalına diqqəti artırmaq tövsiyə olunub. Cari ildə rayonda 1,5 ton barama istehsal ediləcək. Gələcəkdə  isə istehsalın artırılması nəzərdə tutulur. Belə ki, bu sahənin rentabelli olması əhali tərəfindən 5-6 il ərzində yem bazasının bərpa edilməsinə və istehsalın 350 tona çatmasına səbəb olacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün çıxışlarından birində aqrar məsələlərə xüsusi yer verərək demişdir: “Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu günprioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik.”

 

Dövlət başçımızın bu istiqamətləndirməsini əsas götürərək  rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar  yeni yaradılmış kənd təsərrüfatı idarəsi, eləcə də fermer təsərrüfatları bütün imkanları səfərbər edərək  Prezidentin bu sahədə olan tapşırıqlarının yerinə yetirilməsi üçün tədbirlər həyata keçirirlər.  Prezidentin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında”  sərəncamının icrası olaraq qazılacaq daha 6 ədəd subartezian quyusunun yeri mütəxəssislər tərəfindən müəyyən edilərək sənədləşmə işləri aparılıb və 2016-cı ildə rayonun Göyəm, Car, Yeni Suvagil, Yuxarı Tala, Aşağı Tala, Çobankol kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulur.

 

 Mübariz Əhmədzadə qeyd etdi ki, Zaqatalada daim gündəlikdə olan məsələlərdən biri  təmir və abadlıq işlərinin sürətləndirilməsidir. Rayonda  ilin əvvəlindən bəri bütün maliyyə mənbələri hesabına 3,9 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. Zaqatala Rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisi davam etdirilib,  müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin – 3 ədəd 45 mənzilli yaşayış binasının, 150 şagird yerlik tam orta məktəbin, 50 yerlik uşaq bağçasının, klub binasının, tibb məntəqəsinin, ATS binasının və digər qurğuların tikintisi  başa çatmaq üzrədir.

 

Öyrəndik ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ əlillərinin və şəhid ailələrinin mənzill şəraitinin yaxşılaşdırılması üçün inşa edilən fərdi yaşayış evlərində də tamamlama işləri aparılır.  Məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində də işlər davam etdirilib, Fındıqlı kənd uşaq bağçası təmir edilərək yeni inventar və avadanlıqlarla təchiz olunub.

 

Dövlət başçısının ötən ilin noyabrında imzaladığı “Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə əlaqədar tədbirlər haqqında”  sərəncamının icrası olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına şəhərdə 12 çoxmənzilli 5 mərtəbəli yaşayış binasında təmir işlərinə başlanılıb.  Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Kəpənəkçi kənd tibb məntəqəsi yenidənqurma və əsaslı təmir işləri aparılaraq sakinlərin istifadəsinə verilib.  Bundan başqa,  sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir, ümumi sahəsi 1325 kvadratmetr olan 11 fərdi yaşayış evi inşa edilib.

 

Əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması üçün bu sahəyə daim nəzarət edilir və diqqət mərkəzində saxlanılır. İlin əvvəlindən bəri əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə 10 qeyri-əhali və 701 yeni əhali abonenti qeydiyyata alınıb, rayon üzrə əhali abonentlərinin sayı 18 min 594-ə və qeyri-əhali abonentlərinin sayı 167-yə çatdirilıb.  Rayonun yaşayış məntəqələrində elektrik enerjisi  təminatı sahəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən 10 kilovoltluq 2,1 kilometr, 0.4 kilovoltluq 3,5 kilometr uzunluğundakı hava elektrik verilişi xətləri, transformator məntəqəsi əsaslı və cari təmir edilib, 264 ədəd yeni elektrik sayğacı quraşdırılıb, 600 metr  uzunluğunda SİP kabel xətti çəkilib və  70 ədəd müxtəlif tipli yeni dəmir-beton dayaq basdırılıb.  Əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilir, Dövlət proqramının icrası olaraq rayonun Uzunqazmalar, Uzuntala, Yuxarı Çardaxlar, Ələsgər və Paşan kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi davam etdirilib, ümumilikdə 87 ədəd bulağın inşası və 18,2 kilometr uzunluğunda müxtəlif diametrli borularla su xətlərinin çəkilişi aparılıb.

 

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Zaqatalada daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də təhsil sektorudur. Rayonun ümumtəhsil məktəblərində IX-XI sinif şagirdləri arasında fənn olimpiadalarının rayonzona mərhələlərində 5 şagird respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsində  bir neçə şagird  respublika mərhələsində iştirak edib.

 

Prezidentin tapşırığına əsasən əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması  tədbirləri çərçivəsində  37 min 94 nəfər tibbi müayinədən keçirilib, 3497 nəfərə ambulator müayinə təyin edilib, 42 nəfər stasionara cəlb olunub.

 

Dövlət siyasətimizin ən mühüm istiqamətlərindən birinə xidmət edən “Multikulturalizm ili” ilə əlaqədar  “Tədbirlər Planı” təsdiqlənib, “Tədbirlər Planı”nın icrası istiqamətində Heydər Əliyev Mərkəzində “Zaqatala-multikulturalizm və tolerantlıq nümunəsidir”, Mərkəzi Kitabxanalar Sistemində “Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir” mövzularında tədbirlər keçirilib, “Azərbaycan müxtəlif xalqların nümayəndələrinin və dini konfessiyaların bir yerdə yaşadığı dostluq və qardaşlıq diyarıdır” mövzusunda rayon məktəbliləri arasında inşa müsabiqəsi təşkil olunub. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə “Qafqaz Albaniyasını öyrənək” layihəsi çərçivəsində “Qafqaz Albaniyasında antik yaşayış məskənləri: bizbilirikmövzusunda Azərbaycan Dövlət  İqtisad Universitetinin Zaqatala  filialında müəllim və tələbə kontingenti üçün təşkil olunmuş  mühazirə  və tədbirlər davam etdirilir. Yəni, rayonun gələcəyini  quranlara bu diyarın tarixi də öyrədilir. Bunsuz isə tərəqqi mümkün deyil.

 

 ... Adətən, bu qəbildən olan yazıları bir az bədii, bəzən hətta lirik cümlələrlə tamamlamaq istəyirik.  İndi isə tamamilə əksinə oldu. Sonda  Zaqatalaya yeni bir imic qazandıracaq layihə ilə bağlı öyrəndiyimiz faktları yada salmağı üstün tutduq. Beləliklə, öyrəndik ki, dövlət başçısının  regionlarda sənaye məhəllələrinin və aqroparkların yaradılması, yeni yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, aqrar sahənin və turizmin inkişafı ilə bağlı yerli icra strukturlarının rəhbərləri qarşısında qoyduğu vəzifələrin icrası olaraq, Zaqatalanın Aşağı Tala kəndində sənaye məhəlləsi – “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzi tikiləcək.

 

Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun kənarında yaradılacaq  bu məhəllənin layihəsinə əsasən, burada regional ticarət mərkəzinin, kənd təsərrüfatı bazarının, çörək zavodu, dəyirman, tikiş fabrikimebel salonunun, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, ət məhsulları zavodunun, mövsümi məhsulların saxlanması üçün anbarsoyuducu kameraların, beton məmulatları zavodunun, tikinti materiallarının regional satış bazasının, həmçinin çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Mərkəzdə avtomobil bazarı, TIR parkı və yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərəcək. Sənaye məhəlləsinin yaradılması rayon əhalisinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacaq.

 

Bütün bunları mənə danışan dostumun sonda dediyi yeddi-səkkiz sözlük cümlə iki həftədir ki, yadımdan çıxmır və bəlkə hələ iki -üç həftə də çıxmayacaq: “Bu obyektlərdə, ümumilikdə, 600-700 yeni yerinin açılması nəzərdə tutulur”. Uğurlar!- deməkdən  başqa hansı söz var ki?..

 

...  Hər şey girişdən başlanır. Zaqatalaya gələnlər də elə girişdən heyran qalırlar. Bu, güllər və gözəlliklər diyarına  qədəm qoyan hər bir qonaq rayonun girişindən başlamış nə görürsə, gözlərinə inanmır. İnanmır ki, az bir vaxt ərzində belə möhtəşəm işlər görülüb. Uğurlar, Zaqatala!

 

İlqar HƏSƏNOV

Xalq qəzeti.-2016.-9 iyun.-S.11.