Qarabağ düzündə qaladı Tərtər
Diplomatik cəbhədə atəşkəs əldə edilsə də Azərbaycan ordusunun aprel həmləsi zamanı ağır itkilərdən quduzlaşmış erməni silahlı birləşmələrinin zirehli texnikadan, tanklardan, toplardan və iriçaplı pulemyotlardan açdıqları atəş səsləri səngisə də, amma tam kəsilməmişdi. Əslində, elə adi atəşkəs rejimi deyilən amanabənd razılaşma vaxtı da qarşı tərəfdəki silahlar susmaq bilmir, əgər susdurulmasa. Sərhəd boyu yerləşən Azərbaycan kəndləri, dinc sakinlər, əkin sahələri, sosial obyektlər indi düşmənin əsas hədəfinə çevrilib. Dinc əhaliyə tuşlanan bu atəşlər ordumuzun qələbəsindən sonra “daldan atılan daşa” bənzəsə də, özü ilə ölüm, itki və dağıntı gətirdiyi də az olmayıb.
Düşmənlə üz-üz dayanmış, cəbhə xəttinin bir addımlığında olan və 25 ilə yaxın bir vaxtda atəş xəttində sarsılmaz qalaya çevrilmiş Tərtər rayonuna məhz belə bir vaxtda səfərə çıxdıq. Yolboyu birinci Qarabağ savaşını – 1991-93 cü illəri xatırladıq. Bir tərəfdən hakimiyyət nəşəsindən məst olmuş üzdəniraq rəhbərlər, bir tərəfdən də hakimiyyət təşnəsi ilə yanan və özlərini siyasi lider kimi qələmə verənlər ətraflarına silahlı dəstələr toplayıb Qarabağın taleyini Bakıda “hakimiyyət uğrunda savaşda” axtarırdılar. O qanlı-qadalı günlərdə nəinki Qarabağ bölgəsində, bütün Azərbaycanda insanların əhvalına ölkədəki xaos və anarxiyadan doğan miskin bir ruh hakim kəsilmişdi. İnsanlar həm Azərbaycanın, həm də xalqın taleyi üçün dərin narahatlıq keçirirdilər. Azərbaycanlılar dünənə qədər qapılarında nökər-naib kimi işlətdikləri ermənilərin namərdliyini bilirdilər, amma içimizdəki nankorların öz ambisiyaları naminə torpaqlarımızın, xalqımızın taleyi ilə oynamasına daxilən üzülür və əzab çəkirdilər. Meydanda arxa-dayaq bildikləri bir nüfuz sahibi yox idi ki, düşmən dəyirmanına su tökən bu siyasi oyunlara son qoysun.
Belə məqamlarda Tərtərin sadə insanları, igid oğlanları öz qeyrətləri ilə bütün Azərbaycana sanki nümunə göstərirdilər. Qədim tariximizdən bu günə çox savaşların, müharibələrin şahidi olmuş bu rayon, düşmən qəddarlığının nəticələrini az görməmişdi. Çiləbürt, Çardaqlı, Umudlu kəndlərindəki qalalar, Kiçik Qarabay kəndindəki Məlik Hatəm qalası belə savaşların şahidi çox olmuşdu. Kəndləri oda qalanıb, evləri yağmalanıb, insanları namərd düşmən gülləsinə tuş gəlib, amma düşmən qarşısında diz çökməmişdi Tərtər. Birinci Qarabağ savaşı zamanı da belə oldu. Rayonun say-seçmə oğlanlarından yaradılan Tərtər Özünümüdafiə Batalyonunun döyüşçülərinin şücaəti nəticəsində bu bölgə bir qarış torpağını da düşmənə vermədi. Rayon sözün əsl mənasında Ermənistanın işğalçılıq planlarının yolunda ən böyük əngələ çevrildi.
Tərtərlilərin həmin illərdə göstərdikləri qətiyyətin, qəhrəmanlığın içimizdə oyatdığı belə xoş duyğularla rayonun inzibati ərazisinə daxil oluruq. Sanki bir ay, ayyarım bundan əvvəl səmasından güllə və mərmi yağan, müxtəlif odlu silahların, tankların və zirehli artillerya qurğularının qulaq batıran atəş səslərindən lərzəyə gələn həmin Tərtər deyilmiş. Yol boyu uzanıb gedən tarlalarda, zəmilərdə, bostanlarda hərə öz işinin başındadır. Tərtər çayı boyunca isə qum-çınqıl karyerlərində, ulu şair demiş; “Car çəkir çarxların çaxnaşıq səsi”.
Baş verənlərdən təmkinini belə pozmayıb sakit-sakit axan Təley arxını keçib, səhər tezdən öz qaynar ritminə düşməyə başlayan şəhər mərkəzinə, görkəmindən quruculuğun aydın nişanələrini göstərən yeni tikililərə yaxınlaşırıq. Sanki baharın ustad rəssam kimi bu yerlərə al boyalardan çəkdiyi gözəlliyə xələl gətirməmək üçün insanlar da şəhərin küçələrini səliqə-sahmana salıblar ki, qonaq-qara gələndə könülləri xoş olsun. Qarşılaşdığımız sakinlərin çöhrəsində öz sosial rifahlarının yüksək təminatını qurmaq əzminin ifadəsilə yanaşı, həm də aydın sabaha inamın, sonsuz ümidin parlaq cizgiləri aydın sezilir. Bu yerlərdə qərib qonaqları tez tanıyırlar deyə, bizə də bu səbəbdən səmimiyyətlə nəzər salıb salamlayırlar. Yurdumuzun ululardan gələn bu gözəl adəti qonaq gəldiyi yerdə adamı qəriblikdən elə tez qurtarır ki...
Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında da qaynar bir həyatın şahidi oluruq. Sanki hamı tapşırılan işi ayrılan vaxtın məcrasında yerinə yetirmək üçün yarışır. Köməkçidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovu soruşuruq. “Cəbhə xəttində, Qapanlıdadır” deyir. Beləcə gün yarıdan keçənə qədər icra başçısı ilə görüşmək planımız baş tutmur. Amma köməkçi bildirir ki, Müstəqim müəllimin burada olmağımız haqqında məlumatı var və bildirib ki, gün ərzində mütləq bizimlə görüşəcək.
Əlbəttə, cəbhə xəttində
yerləşən rayonların icra
başçılarının kabinetdə oturmamaları
anlaşılandır. Çünki belə bir narahat və gərgin
bir bölgədə kabinetdən hər yeri aydın görmək,
baş verənlər barədə müfəssəl məlumat
almaq, hadisələrə operativ müdaxilə etmək
və düzgün qərar qəbul etmək çətin
mümkün olsun. Digər bir tərəfdən,
son hadisələrlə bağlı rayona müxtəlif beynəlxalq
təşkilatlardan, Azərbaycandakı diplomatik missiyalardan, səfirliklərdən
tez-tez qonaqlar gəlir və onları erməni silahlı birləşmələrinin
törətdikləri vəhşiliklərlə yerindəcə
tanış etməyə, dürüst informasiya verməyə
ehtiyac yaranır. Bu da çox vacib və eyni zamanda vaxt aparan bir işdir. Üçüncü bir məsələ
isə şübhəsiz, işğalçıların atəş
zərbələrindən ziyan çəkmiş, evləri
dağılmış, mal-qarası tələf olmuş, əkin
sahələri bərbad vəziyyətə
düşmüş insanlarla yerlərdə görüşmək,
onların problemlərini öyrənmək və bu problemləri
vaxtında aradan qaldırmaqda dövlət dəstəyi
nümayiş etdirmək də icra
başçısının mühüm vəzifələrindən
sayılır. Bunları, ərazilərinin 48
kilometri cəbhə xətti boyu yerləşən Tərtərə
gələnə qədər öz aramızda müzakirə
etmişdik. Digər
rayonlarımızın icra başçılarının xidmətlərini
və əməyini qətiyyən kiçiltmək fikrində
deyilik. Amma reallıq ondan ibarətdir ki, cəbhə xəttində
yerləşən rayonların icra hakimiyyəti
başçılarının da, onların rəhbərlik
etdikləri aparatın əməkdaşlarının da istər vəzifə məsuliyyəti,
istər cavabdehliyi, istərsə də onlardan tələb
olunan iş ikiqat artıqdır. Ən
azından ona görə ki, onlar cəbhə xəttində
yerləşən kənd və qəsəbələrdə
yaşayan insanların həyatına görə dövlət
qarşısında cavabdehdirlər.
İş
gününün sonuna yaxın Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədovla
görüşümüz zamanı eşitdiklərimiz fikrimizi bir daha təsdiqlədi.
Çünki o, söhbətə cəbhə xəttindəki
vəziyyətdən, dağıntılardan və dəyən
ziyandan, burada yaşayan insanların qətiyyətindən, vətənsevərlik
ruhundan söz açaraq dedi:
– Ordumuzun
aprel qələbəsindən günlər keçdikcə əsgərlərimizin
göstərdiyi döyüş əzmini, şücaət və
qəhrəmanlıqları təkrar nəzərdən keçirəndə
daxilən daha böyük fəxarət hissi
yaşayırsan. Bu sadəcə bir
döyüş həmləsi deyildi, düşməndən
intiqam almaq, ondan güclü və cəsur olduqlarını
sübut etmək üçün əsgər və zabitlərimizin
içində yığılıb qalmış savaş
ruhunun, qəzəbinin təntənəsi idi. Sanki hər
şey bir
göz qırpımında baş verdi və düşmən
ayağının altında yanan torpağı qoyub
qaçmaqdan başqa bir yol görmədi...
Əsgərlərimizin qəhrəmanlığına
cavab olaraq cəbhə xəttindəki dinc sakinlərin
nümayiş etdirdikləri vətənpərvərlik ruhu və
həmrəylik məni son dərəcə heyran etdi. Ən gərgin
döyüşlərin getdiyi ərazilərdə yaşayan həmvətənlərimiz
əsgərlərimizin arxasından bir addım belə geri
çəkilmədilər. Hətta bizim
dinc əhalini atəş zolağından bir qədər təhlükəsiz
əraziyə köçürmək tələbimizə belə
bəzən tabe olmaq istəmirdilər. Elə
səhnələrlə qarşılaşırdıq ki,
qürurumuzdan özümüz də silaha sarılmaq istəyirdik.
Əlbəttə
asan deyildi, rayonun Qapanlı, Yuxarı Qaradağlı, Qaynaq,
Qaraağacı kəndləri, Şıxarx qəsəbəsi və bir çox digər məntəqələr
demək olar ki, düşmən silahlı birləşmələrinin
intensiv atəşlərinə məruz qalmışdı. Tərtər
şəhərinin özünə onlarca top mərmisi
düşmüş, 39 fərdi evə ziyan dəymiş,
onlardan 5-i demək olar ki, tamamilə
dağılmışdır.
Sonra icra
başçısı erməni silahlı birləşmələrinin
dinc sakinləri atəşə tutması nəticəsində
dəyən ümumi ziyan barədə məlumat verərək
bildirdi ki, təmas xəttindən 15-20 kilometr məsafədə
yerləşən yaşayış məntəqələrinin
ağır artilleriya atəşinə məruz qalması nəticəsində
256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə,
1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə
dağılmışdır. Rayonun
Şıxarx, Çaylı və Həsənqaya kəndlərində
məcburi köçkünlərin yığcam
yaşadığı ərazilərdə elektrik təsərrüfatına,
kommunikasiya xətlərinə, hidrotexniki qurğulara, yollara,
bir neçə inzibati binaya və kənd təsərrüfatına
ciddi ziyan dəymişdir.
Eşitdiyimiz
və qəlbimizi ağrıdan faktlardan biri də ondan ibarət
oldu ki, Azərbaycan dövlətinin sayəsində
özünə isti yuva qurmuş, Vətəndə
qaçqınlığın əzablarını yeni-yeni
unutmağa başlamış məcburi köçkünlərin
yaşadığı 52 ev də quduz düşmənin
artilleriya zərbələri nəticəsində
dağılmış və onlardan 198 nəfər yenidən
evsiz-eşiksiz qalmışdır. İcra
başçısının, bütün digər problemlərlə
yanaşı, bu məsələyə daha həssas yanaşdığını da diqqətdən
qaçırmadıq. “Çalışırıq
dünyanın ən ağır itkilərindən birini təkrar
yaşamış bu insanların evlərini daha tez bərpa edək
ki, toxtaqlıq tapsınlar-” deyə, Müstəqim müəllim
ürək yanğısı ilə bu sözləri dilə gətirdi.
Təbii
ki, bütün dağıntıları Azərbaycan dövləti bərpa
edəcək, dəyən ziyanı ödəyəcək. Artıq ölkə Prezidentinin müvafiq sərəncam
və tapşırıqları ilə rayonda bu istiqamətdə
çox çevik tədbirlər həyata keçirilməkdədir.
Fərdi evlərin bərpası məqsədi
ilə yaradılmış müvafiq komissiya da artıq bir
aydır ki gərgin işləyir. Lakin bərpası
mümkün olmayan itkilər var və onlar bizə qəzəb dolu bir
acı yaşadır. Bu, insanların, həmvətənlərimizin
itkisidir. Məğlubiyyətin, hərb meydanında
saysız itkilərinin
acısından quduzlaşmış düşmənin atəşləri nəticəsində
Tərtərdə də 3 dinc sakin həlak olmuşdur. Onlardan 2-si məcburi köçkün, biri isə
16 yaşı yenicə tamam olmuş Həsənqaya kənd
sakini Turanə Həsənli olub. Bu məsum və
yeniyetmə qızın öz Vətənində,
yaşadığı evin həyətində düşmənin
atdığı top mərmisinin partlaması nəticəsində
dünyadan nakam köçməsi bu gün təkcə Həsənqayada
yaşayan insanların deyil,
bütün Tərtər sakinlərinin dərin hiddət
və qəzəbi ilə qarşılanıb. İndi
onların təsəlli tapdıqları bir şey var, o da
müzəffər ordumuzun Turanənin, onun kimi yüzlərlə
günahsız həmvətənimizin qanının yerdə
qalmayacağına qəti inamdır.
İcra başçısına cəbhə xəttindəki
kəndlərə baş çəkmək, sakinlərlə
görüşmək istədiyimizi bildirdik. Aparatdakı əməkdaşlardan
birinə müvafiq tapşırıq verdikdən sonra səmimiyyətlə
üzünü bizə tutub dedi:
– Əlbəttə, sizin planlarınıza müdaxilə
etmək fikrindən uzağam. Ancaq çox istərdim möhtərəm
Prezidentimizin cəbhə xəttinin
bir addımlığında olan
Qapanlı kəndində, Tərtər şəhərinin
özündə görüşdüyü, evləri
dağıdılmış insanlarla siz də görüşüb söhbətləşəsiniz
və Prezidentin səfərinin tərtərlilərin ruhunda
oyatdığı inanılmaz
bir coşqunu, ümid və inamı görəsiniz.
Əhalinin dövlət başçısının ən
ağır məqamlarda, hələ düşmən atəşlərinin
davam etdiyi bir şəraitdə belə, onların yanında
olmasından hansı hisslər keçirdiyini eşidəsiniz...
Avtomobil cəbhə
xəttinə doğru irəlilədikcə yol kənarlarında
top mərmilərinin düşüb partladığı yerlərdə
açılan xəndəkləri,
dağıtdığı kanalüstü yolları, torpaq
kanalları baxışlarımızla müşayiət edib
arxada buraxırıq. İrəlidə hərbi
səhra görkəmində texnika, özüyeriyən
müasir artilleriya qurğuları və digər müasir
silahların ağır-ağır cəbhə xəttinə
istiqamət götürdüyü də diqqətimizdən
yayınmır. Kəndə
çatmamış yol kənarında dayanmış “Niva”
markalı avtomobildən bir nəfər düşüb bizə
maşını saxlamağı işarə edir. Sürcümüz astadan dillənir; “Lətif müəllimdir,
Qapanlının icra nümayəndəsi”.
Tərtər
Rayon İcra Hakimiyyəti başçısının
Qapanlı inzibati ərazi bölgüsü üzrə
nümayəndəsi Lətif Həmidov həmkarımla
köhnə tanışlar kimi səmimi görüşüb
deyir:
– Ziyəddin
müəllim, sizi çoxdan gözləyirdik. Bu dəfə
nədənsə bir az ləngidiniz...
Haqlı giley idi. Çünki neçə illərdir ki,
bu bölgədə, xüsusilə cəbhə xəttində
bir qəzavü-qədər olan kimi, Ziyəddin müəllim
hamıdan tez özünü ora yetirir. Amma
bu dəfə səhəti ilə bağlı problem onu “ləngitmişdi”.
Kəndin ortasında maşınlardan düşüb
piyada gəzməyə qərar verdik. Azərbaycan
Prezidentinin öz xanımı ilə həyətində
olduğu Abbas Abbasovu soruşuruq. Lətif müəllim
yolun sağındakı həyəti göstərir.
Abbas kişi bizi darvazada
qarşılayıb evə dəvət edir. Məxməri
çay gələnə qədər özü söhbətə
başlayır:
– Heydər
Əliyev kimi nəhəng dövlət xadiminin, dəyanətli
kişinin oğlu elə belə mətin, polad iradəli,
cəsarətli olmalıydı.
Vallah, Prezidentimizi Mehriban xanımla bir yerdə həyətimizdə
görəndə qürurumdan kövrəldim. Əvvəl çox sevindim, sonra da çox narahat
oldum. Çünki bu namərd ermənilərdən
nə desən gözləmək olardı. Amma o təmkinini belə pozmadan bizdən hal-əhval
tutdu, vəziyyətimizlə maraqlandı, evə baxdı.
Sonra da bizi əmin
etdi ki, “Azərbaycan dövləti daim sizin
yanınızdadır. Bütün evlər ən qısa vaxtda əvvəlkindən də
yaxşı səviyyədə bərpa ediləcək”.
Mən
Qarabağ müharibəsinin ağrı-acısını
görmüş insan kimi tam məsuliyyətlə deyirəm
ki, ordumuzun aprel ayındakı qələbəsi, bir çox
yüksəkliklərin, yaşayış məntəqələrinin
düşməndən təmizlənməsi Prezidentimiz, Ali Baş
Komandan İlham Əliyevin
adı ilə bağlıdır. Çünki
bu qalib ordumuz onun gərgin əməyi sayəsində indiki
gücə sahib olub.
İcra
nümayəndəsi elə Abbas kişinin yanında məlumat
verdi ki, xüsusilə son illərdə
Qapanlının və cəbhə xəttində yerləşən
digər kəndlərin sosial-məişət
qayğıları rayon rəhbərliyi tərəfindən
daha çox diqqətdə saxlanılır. Kəndarası
yolların bərpası, qaz, su və elektrik enerjisi ilə təminat
sahəsində demək olar ki, elə bir problemimiz
qalmamışdı. Son hadisələr
zamanı bəzi sahələrdə dağıntılar olub və
indi onların ən qısa zamanda bərpası istiqamətində
operativ tədbirlər həyata keçirilir.
Təkcə
bu kənddə deyil, cəbhə xəttinə ən yaxın
kəndlərdən olan Qaradağlıda, Qazyanda, Qaraağacda
ümumi vəziyyətlə tanış olarkən də, həyat-bacalarda,
bağlarda, bostanlarda, əkin sahələrində sakinlərin
götür-qoyundan aydın görünürdü ki, həyat
artıq öz əvvəlki axarına düşüb. Sakinlər yenə əvvəlki qaydada təsərrüfatlarda
mövsümü işlərlərlə məşğuldurlar.
Amma indi gərginlik yaşamadan, daha arxayın və ümid dolu bir əhvalla
çalışırlar...
Axşam qaş qaralana yaxın şəhərə
qayıdırıq. Fikrət Əmirov küçəsindən keçərkən
sürücümüz qarşıdakı evi nişan
verib bildirir ki, top atəşindən ciddi ziyan dəymiş
evlərdən biri də budur. Pəncərələri
və dam örtüyü həyətdə partlamış mərminin
qəlpələrindən çilik-çilik olmuş,
divarları zədələnmiş evin darvazasına
yaxınlaşırıq. Müharibənin
acı nişanələrinin ortalıqda olduğundanmı,
partladığı yerdə açdığı xəndəkdəki
torpaqdanmı, bilmirəm, həyətdən hələ də
barıt qoxusu gəlirdi. Bu günlər
qonaq-qaraya alışmış Xasay İbrahimov
qabağımıza gəlib sorğusuz-sualsız bizi içəri
dəvət edir. Həyətdəcə mərminin evə,
ağaclara çəkdiyi qəlpə yaraları ilə
yaxından tanış oluruq. “Həqiqətən Allah rəhm edib ki, adamlara xətər
dəyməyib” deyə, Xasay kişiyə ürək-dirək
vermək istəyirik.
– İndi
ermənilər belə şeylərlə bizi qorxuda bilməzlər
- deyə, Xasay kişi ağır-ağır söhbətə
başlayır.- Maşallah, qəhrəman
ordumuz onların dərsini yaxşı verdi. İndi
hamı gördü ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız
İlham Əliyev elə-belə demirdi ki, ordumuz
torpaqlarımızı hər an azad etməyə
hazırdır.
Sonra Xasay kişi
dövlət başçısının öz xanımı
ilə hadisələrdən dərhal sonra Tərtərə səfərini,
onlara baş çəkməsini,
ürək-dirək verməsini yada salaraq bildirdi ki, bu
ailəmizin dar məqamda ən xoş günü kimi heç
zaman unudulmayacaq: “Bu, təkcə ağır şəraitdə
belə dövlət rəhbərinin öz xalqı ilə
birlikdə olması demək deyildi. Bu həm də
Ali Baş Komandanın işğalçılara qarşı
qəhrəmanlıqla döyüşən ordunun yanında
olmasını göstərirdi. Həmin məqamlarda əli
silah tuta bilən bütün tərtərlilər onun bir əmri
ilə döyüşə atılmağa hazır idilər....”
Səfər zamanı rayonun sosial-iqtisadi inkişafı
ilə bağlı da müəyyən məlumatlar
topladıq. İndi kənd təsərrüfatı rayonu olan Tərtərdə
mövsümi işlərin ən qızğın
vaxtıdır. Vaxtaşırı verilən hesabatlarda
qeyd edilir ki, 2016-cı ilin birinci rübündə keçən
ilin müvafiq dövrünə nisbətən ümumi məhsul
buraxılışının həcmi 2,4
faiz, kənd təsərrüfatı məhsulları 7,3 faiz,
informasiya və rabitə xidmətlərinin həcmi 11,5 faiz
artıb.
Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat
kateqoriyaları üzrə 12 min 225 hektar sahədə
taxıl əkilmişdir. Onun
7922 hektarı buğda, 4281 hektarı arpa, 22 hektarı yaşıl yem
üçün xəsil arpa olmuşdur. Yazlıq
bitkilərin əkin sahələri isə 3149 hektara çatdırılmışdır.
Dövlət başçısının ölkədə kənd təsərrüfatının
inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin
edilməsi məqsədilə verdiyi müvafiq
tapşırığa əsasən, rayonda ənənəvi
pambıqçılığı bərpa etmək məqsədilə
2050 hektar, üzümçülüyün inkişafı
üçün 300 hektar torpaq sahəsi ayrılıb.
Əskipara kəndində yaradılan “EURO Tərtər Aqro”
MMC üçün ayrılmış 200 hektar torpaq sahəsində
100 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu
mal-qaranın saxlanılması, ət və süd
istehsalı nəzərdə tutulub.
Rayonda tikinti, abadlıq və quruculuq işləri də
yüksək səviyyədə həyata keçirilməkdədir. Bu günlər Tərtər çayı
sahilində 2,5 hektar ərazidə yeni park salınması
üçün hazırlıq işləri aparılır. Tərtər şəhəri və ətraf 11 kəndin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsinin icrası uğurla davam
etdirilir.
Əlbəttə, bunlar Tərtərin sosial-iqtisadi inkişafını göstərən fakt və rəqəmlərin çox az bir hissəsidir. Bunları qeyd etməkdə məqsədimiz sadəcə ondan ibarətdir ki, Tərtərin cəbhə xəttində olmasına, burada atəşkəs rejiminin tez-tez pozulmasına və aprel ayında ordumuzun düşmən təxribatına cavab olaraq bu torpaqdan ilk qələbə döyüşünə qalxmasına baxmayaraq, rayonun respublikanın ümumi inkişafından geri qalmadığını da oxucularımıza göstərək. Ən çətin məqamlarda belə həmrəylik və birlik nümayiş etdirən tərtərliləri-istər ziyalılarını, istər dövlət qulluqçularını, istərsə də sadə zəhmət adamlarını nə odlu silahların ölüm saçan atəşi ilə, nə də elə erməni vandallarının Əskipara kəndinə atdıqları, beynəlxalq konvensiyalarla qadağan edilmiş fosfor bombaları ilə qorxutmaq olar. Tərtər tarixin bütün dönəmlərində Qarabağ düzündə alınmaz qala olaraq qalacaq, inkişaf edəcək və möhkəmlənəcək.
İlqar
RÜSTƏMOV,
Ziyəddin
SULTANOV
Xalq qəzeti.-2016.-9 iyun.-S.11.