Dövlətçilik tariximizdə taleyüklü gün

 

SSRİ-nin dağılmasından sonra Azərbaycan xalqının müstəqilliyini bərpa etməsi millətimizin XX əsrdə qazandığı çox böyük nailiyyət olmuşdu. Ancaq bu nailiyyətin heçasan başa gəlmədiyi də məlumdur. 1992-ci ildə milli-azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün bir il ərzində yürütdüyü yanlış siyasət nəticəsində xalqımız qan bahasına qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını yalnız müdrik siyasətçi Heydər Əliyev almışdı. Məhz ulu öndərin titanik fəaliyyəti sayəsində 1993-cü il Gəncə hadisələrinin doğura biləcəyi təhlükələrin önünə keçilmiş, Vətənimizin sonrakı inkişafı üçün zəruri olan güclü təməllərin əsası qoyulmuşdu. Azadlığı və istiqlaliyyəti milli sərvət kimi qiymətləndirən ümummilli liderin tarixi qayıdışı Azərbaycan adlı “gəmi”ni təlatümlərin cəngindən alaraq, onun sakit sahilə yan almasına şərait yaratmışdı.

 

SSRİ-nin dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyətin nəticəsi olaraq meydana çıxmış AXC-Müsavat hakimiyyətinin yürütdüyü naşı siyasət cəmiyyətdəki ümumvətəndaş prinsipləri intizamsızlığın, siyasi və hərbi hərc-mərcliyin fonunda itib batmışdı. 1993-cü ildə dövlət idarəçiliyində buraxılmış kobud səhvlər nəticəsində ölkədə ağır sosial-iqtisadi gərginlik pik həddinə çatmış, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, cəbhədə torpaqlarımız itirilmiş, ümumiyyətlə, Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Ortalığa atılmış məkrli planlar sayəsində ölkədə süni qarşıdurmalar və separatçılıq meyilləri güclənmiş, dövlət və vətəndaş arasında  münasibətlərin təməli hesab edilən inam pozulmuş, çıxılmaz vəziyyətin yaratdığı ab-hava insanlarda gələcəyə inamını sarsıtmışdı. İnamsızlığın və xaosun formalaşdırdığı ağır və mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycanı çoxsaylı təhlükələrlə üzləşdirmişdi. Hakimiyyət uğrunda çəkişmələrin dərinləşməsi müstəqilliyimizin taleyini təhlükə altına atmışdı. Vətənin  xilaskara, Azərbaycanı hakimiyyət böhranından çıxara biləcək liderə ehtiyacı yaranmışdı.

 

Mərkəz-əyalət münasibətlərində hakimiyyət uğrunda aparılan silahlı mübarizənin şiddətlənməsi, dövlətlə vətəndaş arasında normal dialoqun pozulması, o zamankı iqtidarın xalqın dəstəyinə bel bağlamaması və dar maraqlara qulluq edən qərarlara üstünlük verilməsi 4 iyun hadisələrinə gətirib çıxaran amillər olmuşdu. Bundan əlavə, AXC-Müsavat cütlüyünün səriştəsiz addımları sayəsində Azərbaycan beynəlxalq təcridlə üzləşmişdi. Vəzifələri dövləti xarici təhlükələrdən  qorumaq olan hərbçilərimiz hakimiyyət uğrunda mübarizə aparan, müxtəlif məqsədli və əqidəli siyasi qruplaşmalara qoşulmuşdular. Əsgərlər ölkə ərazisini silahlı erməni qəsbkarlarından qorumaq əvəzinə, hakimiyyəti ələ keçirmək istəyən şəxslərin maraqlarını güdməyə başlamış, ölkənin belə ağır vəziyyətində prezident olmaq iddiasına düşmüş Surət Hüseynovun arzusunu gerçəkləşdirməsinə yardıma cəhd göstərmiş, o zamankı iqtidarın Milli Qəhrəman elan etdiyi şəxsin Bakını ələ keçirmək kimi, məntiqsiz olduğu qədər də, təhlükəli planının icraçılarına çevrilmişdilər.

 

Ölkədəki hakimiyyət böhranını kulminasiya nöqtəsinə yaxınlaşmasına 1993-cü il iyunun 8-də o vaxtkı iqtidarın 709 saylı hərbi birləşmənin tərk-silah olunması barədə qərar verməsindən sonra Surət Hüseynovun hərbi dəstələrinin Gəncəbasar bölgəsində hakimiyyət strukturlarını devirərək, paytaxta yollanması səbəb olmuşdu. Hadisələrin sonrakı inkişafı vətəndaş müharibəsinə rəvac vermiş, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gəlmişdi. Hakimiyyət strukturlarının sürətlə dağılması o zamankı iqtidarı müdrik siyasətçi Heydər Əliyevə üz tutmağa vadar etmişdi. Bakını hədəf götürmüş Surət  Hüseynov silahlılarının göstərə biləcəkləri reaksiyadan xilas olmaq üçün o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri  vəzifəsində işləyən Heydər  Əliyevə müraciət etməyə məcbur olmuşdular. Ümummilli liderin Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən xilas etməsinə ehtiyac yaranmışdı. Müxtəlif amallı siyasi qruplaşmaların dağıdıcı hərəkətlərinin qarşısını almaq üçün xalq öz liderini Azərbaycana səsləyirdi. AXC-Müsavat iqtidarı da Surət Hüseynovun göstərə biləcəyi qəzəbli reaksiyadan xilas olmaq üçün ölkədə sabitliyin yaranmasını, qanunun aliliyinin təmin olunmasını arzu edərək, xalqın bu çağırışına dəstək verməyə can atırdı. Ümummilli liderin razılıq verməsindən sonra Bakıdan göndərilən xüsusi təyyarə iyunun 7-də Naxçıvanda yerə enmişdi. Azərbaycanın xaosdan işıqlı sabaha aparacaq səfərin möhtəşəm tarixi də məhz həmin gündən başlanmışdı.

 

Təbii ki, Heydər Əliyev çox ciddi problemləri həll etməli idi. 1993-cü il iyunun 9-da Bakıya gələndə ümummilli lider Heydər Əliyev ölkədə ictimai-siyasi vəziyyətin həddən artıq ağır olduğunu müşahidə etmişdi. Azərbaycan siyasi kollapsa yuvarlanmaq təhlükəsi ilə üzləşmiş, siyasi böhranın yaratdığı iqtisadi-sosial problemlər vətəndaşı ümidsizləşdirmiş, iqtisadi həyat  iflasın astanasına yaxınlaşmışdı. Belə bir ağır vəziyyətdə də Surət Hüseynova sadiq qoşun birləşmələrinin paytaxtın 100 kilometrliyinədək irəliləməsi və AXC-Müsavat rəhbərliyinin ünvanına hədə dolu ultimatumlar səsləndirilməsi ümumi siyasi atmosferi xeyli gərginləşdirmişdi. Belə bir gərgin şəraitdə, 1993-cü il iyun ayının 13-də Ali Sovetdə Gəncə hadisələri ilə bağlı müzakirələr başlanmışdı. Müzakirələr zamanı Ali Sovetin sədri, AXC iqtidarının ikinci şəxsi hesab olunan İsa Qəmbər tutduğu vəzifədən getdiyini bəyan etmişdi. İ. Qəmbərin istefasından sonra o zamankı Prezident Əbülfəz Elçibəy və digər rəsmi şəxslər parlament sədri vəzifəsini Heydər Əliyevə təklif etmişdilər. Ancaq ulu öndər parlamentin sədri səlahiyyətlərinin icrasına başlamazdan öncə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirib çıxaran səbəbləri yerindəcə bilmək istəyirdi və məhz həmin gün, yəni iyunun 13-də bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə üz tutmuşdu.

 

Bütün yollar dalana gedəndə, bütün xülyalar puç olanda, az da olsa, Günəş şüası üfüqdə görünməyəndə, hər bir insan qəlbinin dərinliyində ümid qığılcımı qalır. AXC-Müsavat hakimiyyətinin naşı fəaliyyəti nəticəsində Azərbaycanda yaranmış vəziyyət hər bir vətəndaşı belə ümidə möhtac etmişdi. Böyük siyasi mübarizə yolu keçmiş ulu öndər istəmədiyi vəziyyətin qurbanına çevrilmiş vətəndaşın harayını, hakimiyyət hərisliyi hissinə qapanmış şəxsin arxasına düşmüş əsgərləri dinləmək istəyirdi. Əlbəttə ki, vəziyyət mürəkkəb olduğu qədər də təhlükəli idi. Çünki Gəncədəki silahlı dəstələrdən istənilən təxribatı gözləmək olardı. Ancaq həmişə xalqının yanında olmağa üstünlük vermiş müdrik siyasətçi Heydər Əliyev vəziyyətin təhlükəli olmasına baxmayaraq, Gəncəyə getdiyerli sakinlərin böyük hörməti ilə qarşılaşdı. Belə möhtəşəm qarşılanma və ulu öndərə göstərilən hörmət hakimiyyətə yiyələnmək istəyənlərin planlarının üstündən qara xətt çəkdi. Ulu öndər Heydər Əliyevə göstərilən böyük etimad Gəncə hadisələrinin “təşkilatçılarını” çaşqınlıq içərisində üz-üzə qoymuşdu. Onlar anlamağa başladılar ki, hakimiyyətə aparan qanunsuz yolların qarşısında xalqla Heydər Əliyev vəhdəti dayanır və qanunsuz əməllərə yol verə bilməyəcəklər.

 

gün tarixçilər yazırlar ki, böyük xilaskarlıq missiyasının uğurla başa çatması Heydər Əliyevin reallığa uyğun atdığı qətiyyətli addımlar sayəsində mümkün olmuşdu. Məhz böyük siyasi xadimin təhlükəli Gəncə səfərindən sonra əldə etdiyi nəticələr Azərbaycana qarşı birləşmiş siyasi qruplaşmaların məkrli planlarını alt-üst etmişdi. Ümummilli lider müstəliyimiz üçün taleyüklü həmin günlərdə vətəndaşları qanunlara riayət etməyə səsləmiş, istənilən qarşıdurmadan uzaq durmağa çağırmışdı. Vətəndaş müharibəsinin yolverilməz olduğunu vurğulayan müdrik siyasətçinin titanik əməyi sayəsində Azərbaycan xaosun cəngindən qurtulmağa müvəffəq olmuşdu. Məhz buna görə də, iyunun 9-u Heydər Əliyevin böyük xilaskarlıq missiyasının nümanəsi kimi müasir tariximizə qızıl hərflərlə yazıldı. İyunun 9-da ulu öndərin Bakıya gəlişi Azərbaycanın üzərindəki “qara buludları” qovdu, dövlətçiliyimizə uzanan əlləri kəsdi və xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi Azərbaycan xalqında böyük ümidlər yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlandı.

 

Təbii ki, Gəncə səfərindən sonra ölkədə sabitliyin yaradılması istiqamətində uğurlu addımlar atıldı. Dağlıq Qarabağ cəbhəsində erməni qəsbkarlarına layiqli cavab verildibunun ardınca atəşkəs sazişi imzalandı. Siyasi-iqtisadi sahələrdə sabitliyi təmin etdikdən sonra  ümummilli lider Azərbaycanın uzun illərə hesablanmış inkişafını təmin edəcək böyük layihələrin icrasına başladı. Qısa zaman çərçivəsində həyata keçirilən diplomatik addımlar sayəsində  karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı beynəlxalq neft şirkətləri ilə müqavilələr bağlandı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra isə Azərbaycan regionalqlobal enerji təminatçısı statusuna yiyələndi. Buna görə də, əminliklə deyə bilərik ki, 9 iyundan başlanmış xilaskarlıq misssiyası Azərbaycanın bütün sahələrdə mövqelərinin güclənməsinə şərait yaratdı və Vətənimizin bugünkü uğurlarının təməlində də məhz ulu öndərin böyük siyasətə qayıdışı dayanır.

 

Səbuhi MƏMMƏDOV,

Xalq qəzeti.-2016.-9 iyun.-S.7.