Dövlət Statistika
Komitəsində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş
keçirilib
İyunun 8-də Dövlət Statistika Komitəsinin sədri Tahir
Budaqov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi,
Azərbaycan, Gürcüstan və Ermənistan
üzrə regional direktoru
Karl Kulessa ilə görüşüb. Görüşdə
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu
arasında əməkdaşlıq məsələləri,
UNFPA ilə Azərbaycan hökumətinin məhsuldar əməkdaşlığı
çərçivəsində əldə olunan
nailiyyətlər, Azərbaycanda 2014-cü ildən sonra Əhali və İnkişaf
üzrə Beynəlxalq Konfransının tövsiyələrinin
milli səviyyədə həyata
keçirmək, eləcə də UNFPA-nın müvafiq istiqamətlər üzrə dəstəyini yenidən təsdiq
etməklə bağlı məsələlər müzakirə
olunub.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessanı salamlayaraq Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə əldə olunan dayanıqlı inkişafdan danışıb. Demoqrafiya və əhali sakinliyi sahəsində müsbət göstəricilərin müşahidə olunduğunu deyən T. Budaqov ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, gözlənilən uzunömürlülüyə nail olunmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunduğunu diqqətə çatdırıb, əhali və demoqrafiya statistikası sahəsində mövcud olan rəsmi statistika hesabatı formalarının daim təkmilləşdirildiyini, gender bölgüsündə yeni göstəricilər əldə edildiyini bildirib. Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurasının 10 iyun 2015-ci il tarixli 2015/10 nömrəli Qətnaməsində Əhali və mənzil fondunun siyahıyaalınması üzrə Ümumdünya Proqramının 2020-ci il mərhələsinə uyğun olaraq üzv ölkələrə 2015-2024-cü ilərdə ən azı bir dəfə siyahıyaalmanın keçirilməsi tövsiyə edilib. Proqramın hazırkı mərhələsi çərçivəsində həyata keçirilən tədbirlər haqqında məsələ 2016-cı ilin mart ayında Nyu-York şəhərində keçirilən BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasının gündəliyində də öz əksini tapıb. Demoqrafik inkişafın daha dolğun qiymətləndirilməsi, sosial-iqtisadi inkişafla bağlı proqnoz və strategiyaların hazırlanması məqsədilə ölkədə əhalinin beynəlxalq standartlara və milli prioritetlərə əsaslanan növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulur.
Səmimi görüşə görə minnətdarlığını bildirən BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyillərin nəzərə çarpdığını bildirib, qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə mühüm rol oynayacağını qeyd edib. Qonaq UNFPA-nın öz fəaliyyətlərində əhəmiyyətli nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsini beynəlxalq səviyyədə qəbul olunan üsullardan istifadə edərək məlumatların toplanması və təhlilində bacarıqlı və peşəkar tərəfdaş kimi tanıdığını bildirib.
Regional direktor həmçinin bildirib ki, Dövlət Statistika Komitəsi 2016-2020-ci illərdə ölkə üzrə IV proqramın yerinə yetirilməsi ilə bağlı UNFPA-nın əsas tərəfdaşlarından biridir. Hazırda UNFPA-nın Dövlət Statistika Komitəsi üçün SAS proqram təminatının təqdim olunması üzrə təşəbbüs irəli sürmək niyyətində olduğunu vurğulayan Karl Kulessa əhalinin təbii hərəkəti və miqrasiyasına xüsusi diqqət yetirməklə SAS proqram təminatının tətbiq edilməsinə dair potensialın artırılması üzrə treninqin 2016-cı ilin 11-15 iyul tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdə ölkəmizdə keçiriləcək növbəti əhali siyahıyaalınması prosesində əvvəlki siyahıyaalınmada nəzərə alınmayan məsələlər və siyahıyaalınmanın sorğu vərəqinin təkmilləşdirilməsinin vacibliyi, beynəlxalq müqayisəliliyin təmin olunması məsələlərinə də toxunulub, əməkdaşlığın perspektivləri ətrafında məsələlər müzakirə edilib.
Mirbağır
YAQUBZADƏ,
Xalq qəzeti.-2016.-9
iyun.-S.9.