Milli inkişaf və milli təhlükəsizlik:
XXI əsrin çağırışları
Yaşadığımız
müasir dünya geosiyasi münasibətlər sisteminin
mürəkkəbliyi, superdövlətlərin regional
maraqlarının bu və digər dərəcədə
toqquşması, özünü az qala hər addımda
büruzə verən ikili standartlar ilə xarakterikdir.
Xüsusən planetimizin strateji nöqtələrindən biri olan Qafqaz regionu, dövlət müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan bu mürəkkəbliyi öz üzərində daim hiss edir. Bəxtimiz onda gətirib ki, belə çətin bir dövrdə böyük siyasətçi və strateq Heydər Əliyev XX əsrin sonlarında imdadımıza yetişərək milli dövlətçiliyimizin sarsılmaz əsaslarını qoydu. Prezident İlham Əliyev estafeti inamla qəbul edərək milli inkişaf və milli təhlükəsizlik siyasətini XXI əsrin çağırışlarına uyğun yeni çalarlarla zənginləşdirdi. Nəticədə Azərbaycan dinamik inkişaf yoluna çıxdı, dünyada söz və nüfuz sahibinə çevrildi. Gənc Azərbaycan dövlətinin bu uğurunu da, dövrün çətinliklərindən və ziddiyyətlərindən doğan maneələri məharətlə, mümkün qədər az itkilərlə dəf etməsinin sirrini də çox dəqiqliklə ölçülüb-biçilən bu uzaqgörən siyasətdə axtarmaq lazımdır.
Müasir dövrün geosiyasi mürəkkəbliyi
Bir oxucu olaraq, məni müasir dövrün geosiyasi mürəkkəbliyi barədə bir daha düşünməyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor, siyasətşünas alim Əli Həsənovun yenicə çapdan çıxmış “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” adlı monoqrafiyası vadar etdi.
Biz professor Əli Həsənovu, eyni zamanda, günümüzün aktual siyasi mövzularına dair cəsarətli, açıq çıxışları, cəmiyyəti düşündürən məsələlər barədə məqamında verilmiş şərhləri, müsahibələri ilə də yaxşı tanıyırıq. O, sıradan bir tədqiqatçı, müşahidəçi deyil, siyasətin bilavasitə içərisində olan, özünəməxsus aydın, prinsipial mövqeyi ilə seçilən alimlərimizdən biridir. Elmi statusu və fəaliyyəti dövlət orqanında tutduğu vəzifə ilə üzvi şəkildə birləşir. Zənnimcə, onun dövrümüz üçün aktual və gərəkli əsərləri ilk növbədə bu amildən qaynaqlanır.
Müasir müstəqil Azərbaycan dövlətinin milli inkişaf siyasəti necə formalaşıb, hansı əsas mərhələlərdən keçib? Bu siyasətin xarakterik xüsusiyyətləri, başlıca məqsədləri, prinsip və vəzifələri nədən ibarətdir? Azərbaycanın milli təhlükəsizlik siyasəti özündə milli maraqları hansı formada ehtiva edir, təhlükəsizlik perspektivləri bu günün prizmasından necə görünür? Siyasətlə maraqlanan hər kəs onu düşündürən bu və digər suallara professor Əli Həsənovun yeni əsərində aydın, ətraflı təhlilə əsaslanan məntiqli və dolğun cavablar tapa bilər. Müəllif bu fundamental kitabında Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından keçən 25 il müddətində ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya və digər istiqamətlərdə həyata keçirilən milli inkişaf və təhlükəsizlik siyasətinin uğurlu nəticələrinin hərtərəfli və sistemli təhlilini verir. Eyni zamanda, milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürüdülən siyasətin, bu istiqamətdə görülən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektlərini araşdırır, onun praktiki nəticələrini və səmərəlilik dərəcəsini geosiyasi baxımdan dəyərləndirir.
Problemin öyrənilmə dərəcəsi
Monoqrafiya problemin öyrənilməsi dərəcəsinin qiymətləndirilməsi ilə də diqqəti cəlb edir. Xüsusən ona görə ki, Azərbaycanda milli inkişaf və təhlükəsizlik siyasəti indiyədək nə beynəlxalq, nə də ölkə siyasətşünaslığında ayrıca elmi araşdırma obyekti olmayıb, bu istiqamətdə sistemli və kompleks tədqiqatlar aparılmayıb. Bununla belə, mövzuya dair bir çox xarici və yerli müəlliflərin məqalələri, kitabları nəşr olunub. Bu barədə mülahizələrini bildirən müəllif milli inkişaf və təhlükəsizlik siyasətinin müxtəlif aspektlərinin araşdırılmasında bəzi alimlərin əsərlərinin əhəmiyyətinə diqqət çəkir.
Geosiyasət, milli inkişaf və təhlükəsizlik strategiyası birdən-birə formalaşmır, müəyyən inkişaf mərhələlərindən və təkamül prosesindən keçir. Müəllif həmin mərhələləri və prosesi ayrı-ayrılıqda tədqiqata cəlb edir, hər birinə obyektiv qiymət verməyə çalışır. Müstəqilliyin ilk illərində bu sahədə yaranmış boşluq və onun fəsadları, sonradan ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən, hazırda Prezident İlham Əliyevin müasir geostrateji çağırışlara müvafiq olaraq zənginləşdirdiyi siyasətin ən müxtəlif aspektləri kitabda geniş əksini tapıb.
Əlbəttə, belə fundamental kitabın bütün məziyyətləri barədə fikir yürütmək, onu elmi baxımdan qiymətləndirmək mütəxəssislərin işidir. Mən isə monoqrafiyanın informasiya yüklülüyü, oxucu üçün maraqlı cəhətləri barədə mülahizələrimi bildirmək istərdim.
Geosiyasətdə ikinci dərəcəli məsələ
yoxdur. Onlar
bir-birinə zəncir kimi bağlanaraq bir sistem yaradır. Müəllif
belə bir fikrində tam haqlıdır ki, hər bir müstəqil
dövlətin dünya birliyində tutduğu mövqe,
qazandığı nüfuz onun beynəlxalq, regional və
milli səviyyələrdə reallaşdırdığı
təhlükəsizlik siyasətinin çevikliyi və səmərəliliyi
ilə sıx bağlıdır. Buna
görə də bu siyasətin öyrənilməsi,
qarşıda dayanan məqsəd və vəzifələrin
elmi-konseptual baxımdan araşdırılması Azərbaycan
siyasətşünaslığında xüsusi aktuallıq kəsb
edir.
Sirr deyil
ki, fövqəldövlətlərin, beynəlxalq miqyasda əsas
aktorların, eləcə də qonşu ölkələrin
Qafqaz regionunda, o cümlədən Azərbaycanda öz
maraqları var. Zaman-zaman toqquşan bu maraqlar Azərbaycan
geosiyasətində əlavə mürəkkəblik yaradır,
həssaslıq və çeviklik tələb edir. Cənubi Qafqaz və Xəzər-Qara dəniz
hövzəsi xüsusən son vaxtlar müxtəlif beynəlxalq
güclərin, böyük dövlətlərin geosiyasi,
geoiqtisadi və hərbi geostrateji maraqlarının kəsişdiyi
məkana çevrilib. Bu amillərə diqqət çəkən
müəllif iki əsas ölkənin - Rusiya və
ABŞ-ın, həmçinin digər geosiyasi aktorlar olan NATO
və Avropa İttifaqının, böyük dövlətlərin
regionda öz milli maraqlarını reallaşdırmaq cəhdlərindən
bəhs edir, bunun Azərbaycanın təhlükəsizlik
strategiyasının formalaşdırılmasına təsirini,
milli təhlükəsizlik üçün yaranan təhdidləri
açıb göstərir. Alim bu kontekstdə
hərbi-geostrateji gücləri təsnifatlaşdırır,
Azərbaycanın geosiyasi kodu ilə bağlı elmi
mülahizələr irəli sürür. Bu baxımdan monoqrafiyanın ayrı-ayrı fəsil
və bölmələri xüsusi maraq doğurur.
Cənubi
Qafqazda əsas aktorlar: Rusiya və ABŞ
Rusiya Azərbaycanın yaxın qonşusu və bizimlə
xüsusi münasibətləri olan böyük dövlətdir. Monoqrafiyanın ayrıca bir
bölməsi Rusiyanın Xəzər-Qara dəniz hövzəsi
və Cənubi Qafqaz regionu ilə bağlı geosiyasətinin və bu
kontekstdə Azərbaycanın təhlükəsizlik
maraqlarının təhlilinə həsr olunub. Müəllif
bu məsələdə formalaşmış fərqli
mövqeləri müqayisə edir, qarşılaşdırma
aparır. Məsələn, mütəxəssislərin
belə bir fikri oxucunun mühakiməsinə verilir: Rusiya
hazırda bütün mümkün vasitələrlə Qərbin
- ABŞ, NATO və Avropa İttifaqının, həmçinin
Türkiyə kimi ölkələrin Cənubi Qafqaza, Xəzər-Qara
dəniz hövzəsinə və Mərkəzi Asiyaya
müdaxiləsinin, bu coğrafiyada möhkəmlənməsinin
qarşısını almaq istiqamətində fəaliyyət
göstərir. O, regionda hərbi-geosiyasi maraqlarını
qorumaq üçün, lazım gələrsə,
bütün mümkün vasitələrə əl atmağa
hazırdır. Buna Rusiyanın 2008-ci ildə “Cənubi
Osetiya əhalisinin müdafiəsi” adı altında
Gürcüstanla apardığı müharibə misal
göstərilir. Yaxud maraq doğuran başqa bir fikir:
Ötən əsrin 90-cı illərində region ölkələrinin
(Ermənistan istisna olmaqla) müəyyən mənada Rusiyadan
üz döndərməsi, özlərinə digər geosiyasi
tərəfdaşlar axtarması onun regionda öz
maraqlarını və təsir imkanlarını qoruyub saxlamaq
üçün ənənəvi olaraq daxili münaqişələrdən
istifadəyə üstünlük verməsi, açıq,
yaxud dolayı yolla davakar etnik separatizmi dəstəkləməsi,
ölkələrin ərazi bütövlüyünün
pozulmasına biganə qalması və s. kimi amillərlə
bağlı idi.
Monoqrafiyada Rusiyanın regiondakı siyasətinin
ayrı-ayrı mərhələlərdəki dolğun
xarakteristikası verilir. Müasir dövrə gəlincə, professor Əli Həsənov
hesab edir ki, Rusiya hazırda Xəzər hövzəsi və Cənubi
Qafqazdakı bütün hərbi-geostrateji yüklü məsələləri
bir qədər fərqli metod və vasitələrlə, Xəzərdə
və Cənubi Qafqazda tarixi rəqibləri olan İran və
Türkiyənin, həmçinin hər iki məkanda yeni rəqibləri
ABŞ, NATO və Avropa İttifaqının iştirakı
olmadan həll etmək istəyir. Monoqrafiyada bu
siyasətin reallaşdırılmasına göstərilən
cəhdlər, atılan addımlar, bunun Azərbaycanın təhlükəsizlik
konsepsiyasına təsirləri konkret fakt və hadisələr
fonunda şərh və təhlil edilir. Rusiyanın
bəzi postsovet respublikaların iştirakı ilə
yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı (KTMT) və Azərbaycanın hərbi-geostrateji
maraqları ilə bağlı araşdırma və
mülahizələr, çıxarılan nəticələr
diqqət çəkir. Oxucuda Azərbaycanın
bu təşkilatda üzvlükdən imtinasının səbəbləri,
qurumun yaradılmasının məqsədləri və pərdəarxası
məqamları barədə aydın təsəvvür
yaradır. Eyni zamanda, Cənubi Qafqazda bitərəf təhlükəsizlik
siyasəti yürüdən Azərbaycanın həm Rusiya və
KTMT, həm də ABŞ və NATO ilə tərəfdaşlıq
münasibətləri saxlamağa
çalışmasının
balanslaşdırılmış xarici siyasətdən irəli
gəldiyi və milli təhlükəsizlik maraqlarına tam
cavab verdiyi yetərincə əsaslandırılır.
Daha sonra
professor Əli Həsənov ABŞ, NATO və Avropa
İttifaqının Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik
siyasətinə ayrı-ayrılıqda nəzər yetirir, bu
siyasəti Azərbaycanın hərbi-geostrateji maraqları
baxımından geniş politoloji təhlilə cəlb edir. Kitabın müvafiq bölmələrində problem
bütün nüansları ilə əhatə olunur, siyasi
liderlərin, nüfuzlu ekspertlərin fikirlərinə,
müvafiq sənədlərin və region ətrafında cərəyan
edən hadisələrin şərhinə geniş yer
ayrılır. Xüsusən NATO-nun yeni beynəlxalq təhlükəsizlik
strategiyası ilə bağlı dünya mütəxəssislərinin
fərqli fikirlərinə istinad edən, çoxsaylı
politoloji materialları təhlil süzgəcindən
keçirən müəllif
belə bir nəticəyə gəlir: Rusiya ABŞ-ın və
NATO-nun son dövrlərdəki loyal münasibətindən, Qərbin
Cənubi Qafqazdakı səmərəsiz hərbi inteqrasiya
siyasətindən praqmatik formada bəhrələnərək,
bölgənin ölkələri ilə tərəfdaşlıq
münasibətlərini daha da dərinləşdirə və
hərbi-geostrateji təsir dairəsini genişləndirə
bildi.
Zənnimcə,
əsərin digər mühüm məziyyətlərindən
biri müəllifin müasir dövrümüz
üçün xüsusi aktuallıq kəsb edən geosiyasi
problemlərə, məsələn, Ukrayna böhranına,
bununla bağlı Rusiya-Qərb qarşıdurmasına yer
ayırması və Azərbaycanın milli təhlükəsizlik
siyasətini vahid dünya məkanı kontekstində təhlil
etməsidir.
Türkiyə
və İranın Azərbaycana geostrateji yanaşması
Monoqrafiyanın qardaş Türkiyənin və qonşu
İranın regionda, təbii ki, xüsusən Azərbaycanda təhlükəsizlik
arxitekturasına yanaşması ilə bağlı bölmələri
məndə daha çox maraq doğurdu. Odur ki, diqqətimi
çəkən bir neçə fakt və şərhi qeyd
etməyi lazım bilirəm.
Həm XX yüzillikdə, həm də müasir
dövrdə bəzi NATO üzvlərinin öz hərbi
müttəfiqləri hesab edilən Türkiyəyə
münasibəti birmənalı olmayıb (müəllif bunun
səbəbini ətraflı izah edir). Ötən əsrin
90-cı illərindən başlayaraq, Türkiyə ona mane
olmaq istəyən Rusiya və İranın təzyiqlərinə
baxmayaraq, Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla
təhlükəsizlik sahəsində ciddi addımlar atıb.
Azərbaycan da öz növbəsində
Türkiyəyə birbaşa dəstək verməklə, onun
regionda rəqabət qabiliyyətini artırır. Müəllif
“Əsrin müqaviləsi” reallaşdırılarkən
Türkiyənin maraqları naminə Azərbaycanın həm
Rusiya, həm də İranla ciddi qarşıdurmaya getdiyini
xatırladır, mütəxəssislərin aşağıdakı fikirlərini
misal gətirir: Türkiyənin Cənubi Qafqazda təmsil
olunan təhlükəsizlik maraqları birbaşa Azərbaycanla
və onun bölgədəki geosiyasi, hərbi-geostrateji
mövqeləri ilə bağlıdır. Türkiyə həm
Azərbaycan, həm də Gürcüstan vasitəsilə Cənubi
Qafqazın təhlükəsizlik arxitekturasının
qurulmasında birbaşa iştirak edir, eyni zamanda, onların
müstəqilliyinin və təhlükəsizliyinin əlavə
qarantı hesab olunur. Türkiyənin regionda önəmi barədə
ABŞ politoloqu Zbiqnev Bjezinskinin əsərdə yer alan fikirləri də maraq doğurur.
İranın Cənubi Qafqaz və Azərbaycanın təhlükəsizliyinə
yanaşmasına gəlincə, biz bir-birindən kəskin fərqlənən
dövrlərin şahidi olmuşuq. Monoqrafiyanın bununla
bağlı bölməsinə nəzər salarkən
yaxın keçmişdə Qərb-İran
qarşıdurmasının pik həddinə
çatdığı dövrü xatırladım. O
vaxt ABŞ və müttəfiqlərinin İrana hərbi zərbələr
endirməyə hazırlaşdığı barədə xəbərlər
gündəmi zəbt etmişdi. Bu məsələdə
Azərbaycanın adı da tez-tez hallanırdı. Qərb ölkəmizdən platsdarm kimi istifadə
etmək istəyir və dövriyyəyə belə xəbərlər
buraxılırdı ki, guya Azərbaycan tərəfi buna
razılıq verib. Müəllif tarixə
qısa ekskurs edərək həmin dövrdə Azərbaycan-İran
münasibətlərində yaşanan gərginlikdən
söhbət açır. Heç də hamının
bilmədiyi belə bir faktı diqqətə
çatdırır ki, ölkəmiz bəzən Qərb,
ABŞ və İsrailin bu istiqamətdəki geostrateji təzyiqlərinə
sinə gərərək, onların Azərbaycan vasitəsilə
İrana təzyiq göstərmək,
yaxud təsir etmək istəklərini rədd edib. Bununla bağlı Prezident İlham Əliyevin
müvafiq bəyanatının əhəmiyyətinə
toxunan professor Əli Həsənov İran-Azərbaycan
münasibətlərinin real gerçəklikləri barədə
mülahizələrini bölüşür. Bu mülahizələr və çıxarılan nəticələr
yetərincə əsaslı və inandırıcıdır.
Başlıca nəticə isə ondan ibarətdir
ki, Azərbaycanın dövlət rəhbərliyinin
uzaqgörən və balanslaşdırılmış siyasəti
münasibətlərdə soyuqluğun aradan
qaldırılmasında, hadisələrin müsbət məcraya
yönəlməsində həlledici rol oynayıb. Azərbaycan-İran münasibətlərində son
illər baş verən canlanma, prezidentlərin
qarşılıqlı səfərləri və möhkəmlənməkdə
davam edən əməkdaşlıq bunun əyani təsdiqidir.
Müəllifin
fikrincə, Türkiyədən fərqli olaraq, İranla
bağlı milli təhlükəsizlik siyasəti öz
spesifikliyi ilə seçilir və bu özünəməxsusluq
geosiyasət sahəsində mütəxəssislərin, məsələn,
ABŞ-ın Kanzas Universitetinin professoru, Vaşinqton Xarici
Əlaqələr Şurasının siyasi şərhçisi
D.Hersprinq kimi nüfuzlu ekspertlərin fikirləri ilə əsaslandırılır.
Hər halda, İran regional təhlükəsizlikdə
mühüm aktorlardan biridir və Azərbaycan onunla münasibətlərə
xüsusi həssaslıqla yanaşıb və
yanaşmaqdadır.
Milli təhlükəsizliyimizin
bir nömrəli problemi
Monoqrafiyada beynəlxalq, regional və yerli maraqların Cənubi
Qafqazın əsas təhlükəsizlik problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi kontekstində
şərh və təhlilinə də xüsusi yer
ayrılıb.
Professor Əli Həsənov problemin tarixi
köklərindən, XX əsrin sonlarında Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarından, sovet rəhbərliyinin
ermənipərəst Qafqaz siyasətindən ətraflı
söhbət açır. Mövzunu davam etdirərək
Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı və münaqişənin
BMT Təhlükəsizlik Şurasında müzakirəsi, qəbul
edilən bəyanat və qətnamələr, ATƏT-in Minsk
qrupunun yaradılması,
problemin həlli istiqamətində vasitəçilik səyləri,
məsələyə digər beynəlxalq qurumların
münasibəti barədə ətraflı məlumat verir.
Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik
tarixini şərti mərhələlərə bölən
müəllif bu mərhələlərin xeyli dərəcədə
Rusiya-Qərb qarşıdurmasının xarakterindən
asılı olduğuna dair fikrini konkret fakt və hadisələr
fonunda əsaslandırır. İstər ulu öndər
Heydər Əliyevin, istərsə də Prezident İlham
Əliyevin rəhbərliyi ilə problemin həlli istiqamətində
həyata keçirilən siyasət, diplomatik fəaliyyət
geniş təhlil olunur və nəticələr ümumiləşdirilir.
Neçə müddətdir bir nömrəli
milli təhlükəsizlik problemimiz olan bu məsələ ilə
bağlı heç bir nüans diqqətdən kənarda,
yaxud kölgədə qalmır. Beləliklə,
münaqişənin tarixçəsi ilə maraqlanan hər kəs,
- istər mütəxəssis olsun, istərsə də adi
oxucu, - əlavə mənbələrə əl atmadan yetərincə
məlumat əldə edə bilir. Bu, təkcə
haqqında söhbət gedən bölməyə deyil,
bütövlükdə monoqrafiyaya xasdır və onun daha bir
üstün məziyyəti sayıla bilər.
Zəngin və mötəbər informasiya mənbəyi
Kitabı vərəqlədikcə diqqətimi daha nələr cəlb etdi? İlk növbədə deyə bilərəm ki, hər bir mövzunun, müddəanın müxtəlif mənbələrə istinadla əsaslandırılması və bu sahədə zəngin palitra. Həmçinin informasiya bazasının zənginliyi və mötəbərliyi. Bəzi siyasətşünaslardan fərqli olaraq, professor Əli Həsənovun, necə deyərlər, həqiqətin gözünə dik baxması, fikirlərini açıq-aydın və cəsarətlə ifadə etməsi. Hesab edirəm ki, bu və digər məqamlar da müasir siyasətşünaslıq üçün önəmli şərtlərdəndir.
Monoqrafiyanın hazırlanmasında Azərbaycan, rus və ingilis dillərində 300-dən çox ədəbiyyat və mənbədən, 60-dək informasiya resursundan, 24 normativ-hüquqi sənəddən istifadə olunub. Kitaba, həmçinin mövzu ilə bağlı əsas sənədlər - “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, “Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı və “Azərbaycan Respublikasının Hərbi Doktrinası” daxil edilib. Bütün bunlar kitabın elmi dəyərini, informasiya yükünü əhəmiyyətli dərəcədə artırır.
Haqqında söhbət açdığımız monoqrafiya əsasən tədqiqatçılar, mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, siyasi elita üçün nəzərdə tutulub. Zənnimcə, bu sıraya kütləvi oxucu auditoriyasını da əlavə etmək olar. Çünki “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” kitabı informasiya ilə zəngindir, rəvan dilə və maraqlı üsluba malikdir.
Aslan ASLANOV
AZƏRTAC-ın baş direktoru
Xalq qəzeti.-2016.-10 iyun.-S.3