Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin AZƏRTAC-a müsahibəsi

 

 

Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekolojienerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev yeni qurumun gördüyü işlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

 

-Mənzil İnşaatı Dövlət Agentliyi yeni qurumdur. Onun yaradılmasından əsas məqsəd nədir?

 

-Agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının və digər obyektlərin tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.

 

-Agentliyin fəaliyyətinin təşkil edilməsi istiqamətində artıq hansı işlər görülüb?

 

-Agentliyin yaradıldığı ilk gündən onun fəaliyyətinin bütün istiqamətləri üzrə kompleks işlərin görülməsinə başlanılıb. İlk növbədə agentliyin daxili strukturu təsdiq edilib, yeni ştat cədvəlinə uyğun olaraq işçi heyətinin formalaşdırılması həyata keçirilib. Eyni zamanda, aidiyyəti dövlət qurumu tərəfindən inzibati binanın ayrılması prosesi tam başa çatanacan agentliyin  Səbail rayonu, M.Ə.Sabir küçəsi, 3 ünvanında müvəqqəti yerləşdirilməsi təmin edilib. Bununla yanaşı, agentliyin nəzdində fəaliyyət göstərən və güzəştli mənzil tikintisinin sifarişçisi olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin edilib, həmin qurumun strukturunun formalaşdırılmasına və işinin təşkil olunmasına başlanılıb.

 

-Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni, vətəndaşlar üçün əlyetərli mənzillərin tikintisi sahəsində işlərə başlanılıbmı?

 

-Bəli, bu işlərin aparılmasına agentliyin yaradılmasının ilk günlərindən başlanılıb. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdirkompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə, aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğus.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “MİDA” MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq.

 

-Tikiləcək mənzillərin hansı sosial qruplar tərəfindən əldə olunması nəzərdə tutuluronlar üçün bu mənzillərin əlyetərliliyi necə təmin ediləcək?

 

-Son illərdə ölkənin yüksək iqtisadi artım templəri tikinti sektorunun inkişafına güclü təkan verib. Ölkəmizdə özəl şirkətlər tərəfindən çoxmənzilli binaların tikintisi həyata keçirilib, bu da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfəsini verib. Lakin yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir. İlk növbədə agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayacaq. Eyni zamanda, bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Bina fasadlarının dizaynına isə xüsusi diqqət yetiriləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. Bu gün bəzi ekspertlər güzəştli mənzillərin satış şərtləri və qiymətləri ilə bağlı müəyyən fikirlər söyləyirlər. Lakin qeyd etmək istəyirəm ki, bunların səsləndirilməsi yalnız bütün texnikiiqtisadi göstəricilər üzrə hesablamalar başa çatdıqdan sonra mümkün olacaq.

 

-Agentlik tərəfindən sosial mənzillərin tikintisi sahəsində dünya praktikası öyrənilirmi?

 

-Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir. Biz Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsini öyrənirik. Cari ilin may ayının ortalarında Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edərək, bu ölkənin sosial mənzillərin tikintisi sahəsində artıq 1984-cü ildən fəaliyyət göstərən Kollektiv Mənzillər İdarəsinin (TOKİ - Toplu Konut İdarəsi) rəhbəri və təşkilatın idarə heyətinin üzvləri ilə görüşlər keçirmiş, bu istiqamətdə reallaşdırdığı layihələrlə və əldə etdiyi nailiyyətlərlə tanış olmuşuq. Bununla yanaşı, səfər çərçivəsində Orta Şərq Texniki Universitetinin Şəhərsalma və Memarlıq üzrə Tədqiqat Mərkəzində sosial mənzillərin tikintisi sahəsində elmi tədqiqatlarla məşğul olan professorlarla da görüşlər keçirilib. Əminik ki, dünya praktikasının öyrənilməsi agentliyin işinin daha səmərəli qurulmasına və həyata keçirilməsinə imkan yaradacaq. Onu da deyim ki, görülən işlər barədə ictimaiyyətə müntəzəm surətdə məlumat veriləcək.

 

Xalq qəzeti.- 2016.- 11 iyun.- S.5.