Dünən Avropa
Oyunları, bu gün
“Formula-1” və Şahmat Olimpiadası, sabah İslam Həmrəylik
Oyunları
Bu gün, iyunun 12-də “Bakı-2015” birinci Avropa Oyunlarının əzəməti ilə hətta ən tələbkar, ən yüksək zövqlü insanları belə heyrətə gətirən təntənəli açılış mərasimindən düz bir il keçir. Ötən il yayın birinci ayının on yeddi günü ərzində bütün Avropanın idman nəbzi Azərbaycan paytaxtında döyündü, tarixdə ilk dəfə keçirilən və yüksək səviyyədə təşkili, üstəlik də idmançılarımızın parlaq nailiyyətləri ilə hamını heyran qoyub, Azərbaycan dövlətinin, Azərbaycan idmanının əsl zəfər marşına çevrilən unudulmaz Bakı startlarının yaratdığı xoş təəssürat hissləri onların iştirakçılarını və tamaşaçılarını hələ uzun müddət tərk etməyəcək.
Azərbaycanın öz tarixinə qızıl hərflərlə yazdığı birinci Avropa Oyunları qitəmizin idman hərəkatı tarixində yeni bir mərhələ kimi yaşayır və biz bununla həmişə qanuni iftixar hissi keçirəcək, qürur duyacağıq. Bu elə bir möhtəşəm idman hadisəsi idi ki, bütün Avropa indinin özündə də onun haqqında heyrətlə, Azərbaycana, Bakıya böyük məhəbbətlə söhbət açır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin qısa vaxt ərzində həyata keçirdiyi yüksək səviyyəli böyük işlər beynəlxalq idman təşkilatlarına bir nümunə idi. Bununla əlaqədar bir neçə məqamı xatırlatmaq yerinə düşər. “Bakı düzgün seçimdir”, “Bakıda hər şey çox yaxşı təşkil olunacaq”, “Birinci Avropa Oyunları Azərbaycanda ümummilli layihəyə çevrilmişdir və bu ölkənin vətəndaşları layihənin həyata keçirilməsində böyük ruh yüksəkliyi ilə, mütəşəkkil surətdə iştirak edirlər, ”Azərbaycan qeyri-adi cəsarət göstərir,” “Bakı Avropa Oyunlarını Olimpiya oyunları səviyyəsində keçirdi” və s. Yüzlərlə belə fikirlərin rusiyalı, ispaniyalı, serbiyalı, gürcüstanlı və digər ölkələrdən olan müəllifləri beynəlxalq idman dairələrində yüksək nüfuz sahibləri olan idman rəhbərləri, mütəxəssislər, çempionlardır. Onlar Avropa Oyunları həqiqətlərini öz gözləri ilə gördülər və Bakının, Azərbaycanın ünvanına xoş sözlər söyləməyə xəsislik etmədilər.
Bu gün isə
2016-cı ilin on ikinci
günüdür. Gözəl paytaxtımız
Bakı, qüdrətli
dövlətimiz Azərbaycan
daha bir mötəbər idman hadisəsi ərəfəsindədir.
“Formula-1” Avropa “Qran-pri”sinin
startından bizi cəmi beş
günlük bir məsafə ayırır.
İyunun 17-dən 19-dək keçiriləcək
bu möhtəşəm
yürüş dövlətimizin
gündən-günə möhkəmlənən
qüdrətini bir daha bütün dünyaya nümayiş etdirəcək.
Təsadüfi deyil ki, Avropa
“Qran-pri”sinin Bakı mərhələsi dünyanın
diqqət mərkəzindədir. Artıq bir
çox ölkədə
azarkeşlərin qarşıdakı
yürüşün tamaşaçısı
olmaq üçün
bilet əldə etməsi də bunu təsdiq edir. Müxtəlif ölkələrdən minlərlə
insanın Bakı startlarına böyük maraq göstərməsi onların həm də paytaxtımız və ölkəmizlə yaxından tanış
olmaq üçün
Azərbaycana səfərə
çıxmaq arzusundan
irəli gəlir. Respublika gənclər və idman naziri
Azad Rəhimovun bu günlərdə bildirdiyi
kimi, “Formula-1”-in çox böyük tamaşaçı
auditoriyası var və inanırıq ki, Avropa “Qran-pri”si
Azərbaycanın bütün
dünyaya təqdimatında
əvəzsiz rol oynayacaq.
“Formula-1” sınaqlarının həyəcan dolu anlarını yaşadıqdan, Azərbaycan qonaqpərvərlyi və həqiqətlərini ən xoş məramlarla bir daha bütün dünyanın diqqətinə çatdırdıqdan sonra isə bu il Bakıda təşkil olunacaq növbəti böyük idman hadisəsi-42-ci Ümumdünya Şahmat Olimpiadasını gözləyəcəyik. Ən parlaq zəka sahibləri və ya qədim və müdrik oyunun ən mahir ustalarının yarışı öz miqyasına görə sürət ustalarının yarışından heç də geri qalmayacaq, 170-dən çox ölkənin kişi və qadınlardan ibarət komandalarının rəqabəti sentyabrın bütün birinci yarısı ərzində planetin hər yerində maraqla izlənəcək.
Dünya şahmat elitasının Bakı sammitinin təşkili hüququnun paytaxtımıza həvalə olunması Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Azərbaycana böyük etimadının təsdiqidir. Şəhərimiz ötən il Dünya kuboku turnirini yüksək səviyyədə təşkil etmiş və yarışın bütün iştirakçıları, qonaqları Bakını zəngin təəssüratla, onlara yaradılan ideal şəraitə və göstərilən qonaqpərvərliyə görə təşkilatçılara dərin minnətdarlıq hissi ilə tərk etmişdilər.
Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi həm də Azərbaycanda idmanın bu çox populyar növünün inkişafında yaranmış xoş ənənələrin, iki dəfə Avropa çempionu adını qazanmış milli komandamızın nailiyyətlərinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün Azərbaycanda şahmatın inkişafına göstərilən daimi dövlət qayğısı və bunun da sayəsində əldə olunan uğurlar göz qabağındadır.
Bir həftə əvvəl Şəmkirdə başa çatmış görkəmli qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnirdə baş mükafatı Şəhriyar Məmmədyarovun qazanması lap yerinə düşdü. Azərbaycan şahmatının liderinin qarşıdakı payızda dünya tacı uğrunda matçda hazırkı çempion norveçli Maqnus Karlsenlə oynamaq hüququ qazanmış rusiyalı Sergey Karyakin, dünya reytinqinin liderləri sırasında olan Fabiano Karuana (ABŞ), Aniş Giri (Hollandiya), habelə Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), qadınlar arasında dünya çempionu çinli Hou İfan kimi rəqiblərlə mübarizədə birinci yeri tutub XX kateqoriyaya aid edilən çox mötəbər bir yarışın qalibi olması bu günlər Qəbələdə Olimpiadaya hazırlıq prosesinə başlamış Şəhriyarı və onun komanda yoldaşları Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Arkadi Naydiçi daha da ruhlandıracaq. Məmmədyarovun xatirə turnirində böyük qələbəsi Azərbaycan komandasının “doğma divarlar” arasında Olimpiadanın medalları uğrunda gərgin mübarizədə baş rollardan birini oynayacağına ümidimizi bir qədər də artırmışdır.
Burada Şəmkir turnirindən dərhal sonra Sergey Karyakinin Rusiyanın “Sport-Ekspress” nəşrinə müsahibəsində Məmmədyarov haqqında söylədiyi fikrin hər bir azərbaycanlının qəlbində necə xoş hisslər oyatdığnı qeyd etməmək olmur: “Əgər indiyə qədər Şəhriyarı şahmat aləmində böyük hörmətlə Şah deyə çağırırdılarsa, indi onu cəsarətlə Padşah adlandırmaq olar”.
Bu arada Şahmat Olimpiadasına bir qədər də yaxınlaşmışıq. Sentyabrın 1-nə, açılış gününə üç aydan da az vaxt qalır. Dünya şahmatının say-seçmə ustaları tədricən Azərbaycana səfərə hazırlaşa bilərlər. Tezliklə Bakı dünya şahmat Məkkəsinə çevriləcək.
Olimpiada iştirakçıları Bakı ilə vidaşlaşdıqdan sona ön plana IV İslam Həmrəylik Oyunları çıxacaq. Gələn ilin may ayında keçiriləcək bu yarışlar öz miqyasına, iştirakçı ölkələrin sayına görə Avropa Oyunlarından geri qalmayacaq, hətta onu bir qədər üstələyəcək. Əgər bir il əvvəlki startlar 50 ölkənin idmançılarını öz bayrağı altına toplamışdısa, İslam Həmrəylik Oyunlarında 57 ölkə təmsilçilərinin iştirakı gözlənilir. Onların qəbuluna ən yüksək səviyyədə hazırlıq görülür. Əslində paytaxtımız qarşıdakı yarışların iştirakçılarını elə bu gün qəbul etməyə hazırdır. Bütün beynəlxalq standartlara cavab verən Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı və digər müasir idman obyektlərində ən mötəbər yarışlar üçün hər cür şərait vardır.
Lakin paytaxtımızda IV İslam Həmrəylik Oyunları təkcə gərgin mübarizə meydanı olmayacaq. Belə mötəbər idman hadisələri ilk növbədə dostluq, qardaşlıq, birlik, həmrəylik bayramı olaraq xalqlar, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 8-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşü zamanı öz çıxışında bu barədə çox dəqiq demişdir: “Ötən il Bakıda birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, İslam Həmrəylik Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda əminəm ki, bu Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır”.
Oqtay BAYRAMOV,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 12 iyun.- S.3.