Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin magistraturadoktoranturada təhsil alan gənclərə möhlət hüququnun verilməsi barədə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanuna təklif etdiyi əlavə müharibə aparan dünya ölkələrinin tarixində və ya gərgin münaqişəsi olan müasir dünya ölkələrində analoqu olmayan  mühüm tarixi hadisədir. Çünki müharibə problemi olan dövlətlərdə adətən hətta yaşından asılı olmayaraq çağırış, səfərbərlik məsələlərinin həll edilməsi diqqət mərkəzində dayanır. Azərbaycanda isə dövlət səviyyəsində gənclərin böyük bir ordusuna möhlət hüququ verilməsi barədə qərar qəbul edilir. Bu, həqiqətən böyük əhəmiyyəti olan mühüm tarixi hadisədir.

 

Bu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla, bacarıqla rəhbərlik etdiyi dövlətin müdafiə qüdrətinə möhkəm inamının ifadəsidir. Bədnam Ermənistanda isə hazırda qocaların və qadınların da, muzdlu xarici vətəndaşların da səfərbərliyə alınması həmin ölkənin hərbi vəziyyətinin və mənəvi-psixoloji halının nə qədər gərgin və aşağı səviyyədə olduğunu göstərir.

 

Möhtərəm Prezidentimizin gənclərə magistraturadoktorantura pillələrində hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair atdığı qətiyyətli və düşünülmüş addım, ilk növbədə, elmin və təhsilin inkişafına, yeni vətənpərvər elmi nəsillərin formalaşmasına göstərdiyi böyük qayğının növbəti parlaq ifadəsidir. Bu, həm də yaxın gələcəkdə Azərbaycanda magistraturadoktorantura təhsili almış, yüksək intellektual keyfiyyətlərə, geniş biliyə və dünyagörüşünə malik professional ordunun da yaradılmasına imkan verəcəkdir.

 

Dövlət başçısı səviyyəsində qəbul edilmiş qərar müasir gəncliyin, yüksək intellektual keyfiyyətlərə malik gənc nəslin elmdə təhsilini və axtarışlarını ardıcıl davam etdirməsinə normal şərait yaradacaqdır. Bu ardıcıl proses öz növbəsində Azərbaycan elmində yeni bir dalğanın, böyük bir hərəkatın əsasına çevriləcəkdir. Ölkə Prezidentinin elmin, elmi ziyalıların, yüksək ixtisaslı mütəxəssislərin yeni Azərbaycanda müasir cəmiyyət quruculuğu proseslərində daha yaxından iştirakına dair çağırışlarını yüksək səviyyədə, həm də dərin vətənpərvərlik düşüncəsi ilə həyata keçirə biləcək yeni nəsil formalaşacaqdır. Göstərilən dövlət qayğısının müqabilində ümumən alimlərin, xüsusən də gənc elmi nəslin müstəqil dövlətimiz, ölkəmiz və xalqımız qarşısında özünün vətəndaşlıq borcunu yerinə yetirmək baxımından məsuliyyəti və inamı daha artıb möhkəmlənəcəkdir.

 

Magistraturadoktorantura təhsili üzrə hərbi möhlət hüququnun təmin edilməsi ölkəmizdə fasiləsiz təhsilin də bütün mərhələlər əsasında ardıcıl həyata keçirilməsinə meydan açacaqdır. Fasiləsiz təhsilin, yəni bağçadan doktoranturayadək ardıcıl təşkil olunan təhsilin təmin edilməsi isə ölkəmizin bütün sahələr üzrə hərtərəfli inkişafına böyük təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə hərbi möhlət hüququ verməsi müstəqil dövlətimizin bütün istiqamətlərdəki inkişafına müsbət təsir göstərəcəkdir.

 

Elm sahəsində gəncləşdirmə kimi aktual problemin uğurlu həlli baxımından da hərbi möhlət hüququ müstəsna əhəmiyyətə malikdir. Bununla doktoranturaya qəbul planları tam yerinə yetiriləcək, elmlər doktorlarının orta yaş həddi 40 yaşa enmək imkanı qazanacaqdır. Elmdə və ali  təhsildə son illər problemə çevrilmiş, oğlanların kəskin azalması məsələsi də ortadan qalxmış olacaqdır.

 

Onu da qeyd etmək istəyirəm ki, ali məktəblərlə yanaşı, Milli Elmlər Akademiyasının da magistraturasında və doktoranturasında təhsil alan gənclər eyni səviyyədə hərbi möhlət hüququndan istifadə etmək imkanı qazanacaqlar. Bu, universitetlərə aid olduğu qədər Milli Elmlər Akademiyasına da bərabər səviyyədə aiddir.

 

Bütün bunlar həm ölkəmizdə elmin inkişafına, yeni elmi məktəblərin formalaşmasına, alimlərin cəmiyyət quruculuğunda rolunun artırılmasına, həm də hərtərəfli inkişaf proseslərinə möhkəm təminat verir.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası

Milli Məclisinin elm

təhsil komitəsinin sədri,

AMEA-nın vitse-prezidenti, akademik

Xalq qəzeti.- 2016.- 12 iyun.- S.2.