Milli Ordunun cəsur sərkərdəsi
general Həbib bəy Səlimov
70 ildən çox adı və şöhrəti
bağlı qapı arxasında qalan generallarımızdan biri
də Həbib bəy Səlimov olmuşdur. 1918-ci ildə
Milli Ordu yarananda polkovnik Həbib bəy Baş Qərargah və
Dəftərxana rəisi olmuşdur. O, Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı Səməd
bəy Mehmandarovun 26 fevral 1919-cu ildə 30 nömrəli əmri
ilə general-mayor rütbəsi ilə təltif olunmuşdur,
1920-ci ilin martında isə “Əsgəran müharibəsi”nin
qəhrəmanı kimi ad-san qazanmışdır.
1918-1920-ci
illərdə Milli Azərbaycan Ordusunun yaranmasında əvəzsiz
xidmətləri olan general Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan
olmuşdur. Gələcək generalın
atası Hacı Yusif İrəvan quberniyasında məhkəmə
iclasçısı vəzivəsində işləmişdir.
Birsinifli İrəvan Seminariyasını bitirən
Həbib bəy İrəvan gimnaziyasına qəbul olunmuş
və gimnaziyanı birinci dərəcəylə
qurtarmışır. 1900-cü il
avqustun 12-də orduya könüllü gedən Həbib bəy
156-cı Yelizavetpol süvari alyında 1 il 2 ay xidmət
etmiş, unter zabit rütbəsi almışdır.
Həbib bəy
Tiflisdəki süvari məktəbini 1902-ci il
sentyabrın 1-də əla qiymətlərlə bitirmişdir.
Üçüncü Qafqaz atıcı batalyonunda xidmət edən
Həbib bəy 1907-ci il avqustun 6-da
üçüncü rotanın komandiri təyin edilmiş, həmin
il sentyabrın 22-də “Müqəddəs Vladimir” ordeninin
dördüncü dərəcəsi ilə təltif
olunmuşdur. Sülh dövründə gənc
zabitin belə bir yüksək ordenlə təltif olunması
nadir hadisə idi.
Həbib
bəy 1906-cı il iyulun 16-dan dekabrın
4-dək Şuşada ezamiyyətdə olarkən atıcı
batalyonu ilə əhalini daşnaklardan qorumuşdur. Sonrakı illərdə (1908 – 1910) beşinci Qafqaz
atıcı batalyonunun sıralarında Culfa sərhədlərində
və İrandakı Qəzvin hərbi dəstəsində
xidmət edən Həbib bəy Tehranda “Kəşfiyyatın
məxfi tapşırığı” ilə fəaliyyət
göstərmişdir. 1912-ci il
avqustun 9-da Həbib bəy Səlimova ştabs-kapitan rütbəsi
verilmişdir. Həbib bəy Hacı Yusif oğlu Səlimov
1918-ci il martın 4-də Petroqrada Baş Qərargahın
Nikolayev Hərbi Akademiyasını bitirmişdir. Həbib bəy
Səlimov 1918 – 1920-ci illərdə milli ordumuzda xidmət edən,
milliyətcə Litva tatarı olan general-leytenant Məmməd
bəy Sulkeviçdən sonra ikinci general idi ki, ali hərbi təhsil almışdır. AXC Hərbi Nazirliyi
Baş Qərargahının rəisi kimi mühüm vəzifəyə
təyin olunan Həbib bəy nə kabinet, nə də məiyyət
generalı olmuşdur. Milli ordumuzun il
yarımlıq fəaliyyətində daim ön cəbhədə
olmuş, Azərbaycanın müstəqilliyinə təcavüz
etmək istəyən silahlı düşməni məhv
etmişdir.
Həbib bəy Səlimovun milli Azərbaycan Ordusunun
formalaşmasında tarixi xidmətləri vardır. Hələ
1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru
paşanın əmri ilə Azərbaycan korpusu yenidən
qurulmağa başlayanda hərbi təcrübəsinə və
biliyinə görə polkovnik Həbib bəy Səlimov bu
korpusun qərargah rəisi təyin edilmişdi.
Gəncə-Bakı dəmiryolu xətti ilə irəliləyən
cənub qrupunun komandanı kimi H. Səlimovun göstərdiyi
təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan
hökuməti tərəfindən layiqincə qiymətləndirildi
və elə bolşevik-daşnak qoşunlarına
qarşı döyüşlərin gedişində ona
polkovnik rütbəsi verildi.
1918-ci il avqustun 1-də təxribatçı polkovnik
P.İlyuşenko Lənkəranda qondarma “Muğan
Respublikası”nı elan etmişdi. 1919-cu il
iyul ayında briqada generalı Həbib bəy Səlimovun
komandanlığı ilə Muğanda və Lənkəranda
Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən
molokan və rus-erməni silahlı qüvvələri onun
gücü ilə darmadağın edildi. Düşməndən
qənimət götürdüyü bir təyyarəni, 24
topu və 60 pulemyotu general Azərbaycan ordusunun istifadəsinə
verdi. Muğan və Lənkəranı
yenidən Azərbaycana birləşdirən Həbib bəy
qısa müddətə bu bölgəyə vali təyin
edildi.
O zaman Azərbaycanda
olmuş türk podpolkovniki Rüştü bəy
“Böyük hərbdə Bakı yollarında” (“Əsgəri
məcmuə”, 1934-cü il ¹ 93) jurnalında Həbib bəyi
igid bir sərkərdə kimi xatırlayır. O yazır ki, cəsur
və döyüş taktikasını gözəl bilən
türk ordusunun yüksək rütbəli zabitlərinin
layiqincə qiymətləndirdikləri polkovnik Həbib bəy
rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir.
Döyüşlərdə cəbhə iki yerə
ayrılırdı: şimal və cənub qruplarına. Cənub qrupunun komandanı polkovnik Həbib bəy Səlimov
idi.
Cəsur general Həbib bəy Səlimovun müxtəlif
arxivlərdən vətənpərvər ruhda
yazılmış bir neçə məktub və
teleqramını əldə edə bilmişik. Bu məktub və
teleqramları Həbib bəy Qarabağ Ərazi
Qoşunlarının komandanı olarkən odlu
döyüşlər gedən Xankəndindən,
Laçından, Şuşa və
Ağdamdan göndərmişdir. Bunlar Həbib
bəy Səlimovun döyüş yolunu qismən də olsa
öyrənməyə imkan verir. Həbib
bəy Səlimovun Azərbaycan Xalq Cümhuriyyətinin ordu
quruculuğundakı xidmətləri geniş yazıların
mövzusudur. Generalın Qarabağda erməni-
daşnak qiyamını məharətlə yatırtması
milli hərb tariximizin öyünclü və unudulmaz səhifələrindən
biridir.
1920- ci il martın 22- də – Novruz bayramı
axşamı qaniçən daşnaklar Qarabağın
aranından yaylağına gedən baş yolu Əsgəranda
kəsdilər. Onlar bu keçidi kəsməklə
Qarabağın dağlıq hissəsini Azərbaycandan
ayırmaq istəyirdilər. Top və pulemyotlarla
silahlanan qiyamçılara İrəvandan gələn
daşnak generalı Dro Kanayan komandanlıq edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə
Nazirliyi Qarabağı düşməndən xilas etmək
üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd
bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə
güclü qüvvə ayrıldı. Martın
23- də Azərbaycan ordusunun əsas hissəsi-20 minə
yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi.
O cümlədən, Üçüncü Gəncə, Beşinci
Bakı, Birinci Cavanşir, Dördüncü Quba, Səkkizinci
Ağdam alayları general Həbib bəy Səlimovun
komandanlığı ilə Yuxarı Qarabağa yola
düşdü.
Aprelin 3-də başlayan ölüm-dirim savaşı 12
gün davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri
ana torpağın hər qarışı uğrunda mərdliklə
vuruşaraq Şuşa qalasına, Xankəndinə
daxil oldular. Yenilməz fədakarlıqla
döyüşən əsgərlərimiz daşnak ordusunu
darmadağın etdilər. 4 min nəfərlik
erməni süvari dəstəsinin başçısı
general Dəli Qazar döyüşlərdə
öldürüldü. Əsgəranın
böyür- başında gizlənən general Dro
Kanayanın piyada alayları isə xəndəklərdən
çıxıb qaçmağa başladılar.
Qarabağ dağlarında yenidən Azərbaycan
bayrağı dalğalandı. Bu vaxt cəbhəyə gələn
hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən
üzərində çalınan qələbəyə
görə əsgərlərimizi təbrik edərək
demişdi: “Qəhrəman əsgərlər, mən şəxsən
Almaniya cəbhəsində bir çox döyüşlərdə
olmuşam. Fəqət, sizin qədər qəhrəman əsgərlərə
az- az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz.
Siz canınızla gənc Azərbaycan ordusunun
namusunu müdafiə etdiniz”.
Hərbi tədqiqatçı, polkovnik-leytenant Mehman
Süleymanov 1998-ci ildə Türkiyədə
yaradıcılıq ezamiyyətində olarkən general
eloğlumuz Həbib bəy haqqında dəyərli məlumatlar
əldə etmişdir. Həmin faktlar əyani surətdə
göstərir ki, general Həbib bəy Səlimov daim ön cəbhədə
olmuş və Azərbaycanı bolşevik-daşnak hərbi
qüvvələrindən xilas etmək üçün mərdliklə
vuruşmuşdur.
Təəssüf ki, bu şöhrətin ömrü
uzun çəkməmişdir. Həmin 1920- ci ilin
aprelində ölkəmizə basqın edən
bolşevik-daşnak qüvvələri mərd və yenilməz
general Həbib bəy Səlimovu məhv etmək
üçün minbir fəndgirliyə əl
atmışdılar. Bütövlükdə,
bolşevik-daşnak ordu birləşmələri vətənpərvər
oğullarımızı qan içində boğmuşdular.
Azərbaycan Milli Ordusunun 1200- dən çox əsgər
və zabiti Arazı keçərək otaylı
qardaşlarımıza pənah aparmışdı. Təqib olunan minlərlə ziyalımız
Türkiyə, Fransa və Almaniyaya mühacirətə
getmişdir.
Bolşevik-daşnak
təqibinin əzabkeşlərindən biri – zabit Ələsgər
Ələsgərov- Kəngərlinski şahidlik edirdi: “Şəxsən
özümün
yoxladığım siyahıya görə,
bolşeviklərin Azərbaycandakı ağalığı
dövründə ancaq hərbi rütbəlilərdən məhv
edilənlər: generallar – 12, polkovnik və podpolkovniklər –
27, kapitan və ştabs-kapitanlar-poruçik və
podporuçiklər – 46, praporşik və podpraporşik – 148,
qalan 266 (hamısı müsəlmanlar). 1920-ci ilin aprelindən
1921-ci ilin avqustunadək Azərbaycanda qırmızı
terrordan 48 min adam
öldürülmüşdü ki, bunun da çox hissəsi
ziyalıların payına düşürdü”.
Milli Təhlükəsizlik
Nazirliyinin arxiv sənədlərindən öyrənirik ki, may ayında Həbib bəy Səlimov
Naxçıvana hərbi komissar təyin olunur. 1920-ci il iyulun
19-da Naxçıvan şəhər general-qubernatorunun 3402
saylı möhürlü rəsmi sənədi ilə Təbriz
şəhərinə ticarət məsələləri ilə
məşğul olmaq üçün 14 günlüyə
ezam olunur. Avqustun 26-da Naxçıvan İnqilab Komitəsinin
sədri XI ordunun xüsusi şöbə rəisi, cəllad
Semyon Pankrotova yazılı məlumat verir ki, Həbib bəy Səlimov
iyunun 30-da qayıtdı. Qızıl ordunun
ehtiyacı olduğu ticarət məhsullarından kifayət qədər
gətirə bilmişdir.
Sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimov
üçün 2017 saylı həbs vərəqəsi
yazılır.
Adamı sarsıdan odur ki, Qubin soyadlı rusdan
başqa, yalançı ittihamların əksər müəllifləri
öz dindaşlarımızdır. Onlar
deyirlər ki, 1918-ci ildə türk generalı Nuru Paşa Azərbaycana
gələndə Həbib bəy Səlimov onun ordusunda
bolşeviklərə qarşı döyüşlər
aparmışdır. Qəribə
burasıdır ki, bolşeviklərə quyruq bulayıb Həbib
bəy Səlimov haqqında iftira, yalançı ittihamlar verən
dindaşımız rotmistrin özü də türklərlə
birgə döyüşlərdə iştirak etmişdi.
Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədələrindən
öyrəndim ki, 1926-cı ildə bolşevik ÇK-sı
bu satqının özünü də Solovetsk adalarına
ömürlük sürgünə göndərib.
General Həbib bəy Səlimova qarşı yönəlmiş
ittihamlarda yazılır ki, Tiflisdə və Bakıda təşkilat
fəaliyyət göstərir. Onlar üsyana
hazırlaşırlar. Tiflis və Batumda əksinqilabçılara
general Vrangel, general Səlimov vasitəsilə silah göndərir.
Bakı quberniyasının Cavad qəzası
İranın Şahsevən quldurlarının köməyi ilə
üsyana hazırlaşır, köməyi general Səlimovdan
alırdı. Sonrakı ittihamlardan məlum olur ki, niyə
məhz general Səlimovu, Naxçıvan hərbi
komissarını onun vəzifəsinə, sənətinə
heç bir dəxli olmayan ticarət malı
gətirməyə İrana göndərmişlər. Bunların hamısı mərd general Həbib bəy
Səlimovu şərləyib həbs etmək
üçün hazırlıq idi.
Üç
ay yarım həbsxanada üzünə oxunan yalançı
ittihamları və üzləşmələri yazılı
şəkildə rədd edən milli ordu generalı Həbib
bəy Səlimovu güllələmək üçün
“İran məsələsi”, 1919-cu ildə Lənkəran
yürüşündə yerli Muğan əhalisini, guya,
soyub-talaması, ağqvardiyaçı praporşik Dubininlə,
Nuru Paşa və Zeynalovla əlaqəsi, AXC vaxtı sovet
hökumətinə nifrəti, sovet vaxtı Naxçıvanda
xan və bəylərlə oturub-durması bolşeviklərin
əlində daha “əsaslı” faktlar olub.
Həmin vaxtlarda Naxçıvandan Azərbaycan Kommunist
Partiyasına Az. ÇK-nın mühüm şöbə
katibinin tarixsiz və imzasız danos- məktubu general-mayor Həbib
bəy Səlimovun cavan ömrünə son qoymaq
üçün canfəşanlıqla təşkil olunurdu. Danos-məktubda oxuyuruq:
“Əksinqilabçı general Həbib bəy Səlimov
Naxçıvan əhalisi arasında şayiələr
yayır, xan və bəylərlə sovet hökumətinin əleyhinə
işləyir. O, ilk dəfə Naxçıvana gələndə
inqilabçı Türk hökumətinə məktub göndərib
ki, yerli Azərbaycan əhalisi Qırmızı ordu tərəfindən
əzilib qul halına salınır.
Bu məktub barədə general H. Səlimovun özü
bizimlə birgə işləyən ermənilərlə
söhbətində açıq deyib. O, İranda olanda da burdan
qaçıb getmiş, xan və bəylərlə
oturub-dururmuş. Bu gün onun əhval-ruhiyyəsi
yerli əhalinin və komandiri olduğu əsgərlərin
daşnaklara qarşı döyüş ruhunu məhv edir.
Onun belə yaramaz hərəkətlərinə
dözmək mümkün deyil. Xahiş
edirik, fövqəladə halda onu buradan Bakıya göndərəsiniz.
Az. ÇK-nın mühüm şöbə
katibi".
General Həbib
bəy Səlimova məxsus 1920-ci il 19
dekabr tarixli “İstintaq işi”nin doxsan doqquzuncu səhifəsindən
“Üçlü”yün çıxarışı:
“Əksinqilabi fəaliyyətdə
günahlandırılan sabiq general-mayor Həbib bəy Yusif
oğlu Səlimovun 1241 saylı işinə baxıldı. Onun
günahları aşağıdakılardan ibarətdir.
1. Sovet
hökumətinə qarşı əksinqilabi mübarizəsi.
Müsavat ordusunun döyüş
hazırlığında saxlaması və rəhbərliyi.
2. Gəncə
üsyanı zamanı Sovet Azərbaycanından qaçmaqda və
İrandan gəlmiş qiyamçı dəstələrin
Muğanda Qızıl orduya qarşı döyüşlərə
rəhbərlikdə.
3. 1919-cu
ildə Muğanda inqilabçı kəndliləri tərk-silah
etməkdə və qarətdə
günahlandırılır.
Səlimova qarşı yürüdülən ittihamlar və
bir sıra başqa cinayətlər istintaq zamanı təsdiq
olunmuşdur.
Qərara
alındı: Sovet hökumətinə qarşı
çıxan Həbib bəy Yusif oğlu Səlimov güllələnsin.
Ondan alınan əmlak müsadirə olunsun və
respublikanın gəlirinə keçirilsin. Cinayət işi və aktlar arxivə təhvil
verilsin.
Əslini
imzaladı: XI Ordunun xüsusi şöbə rəisi Semyon
Pankratov və böyük müstəntiq Qubin".
Naxçıvan
Mərkəzi Dövlət Arxivində saxlanan 82 nömrəli
protokol da cəsur general haqqında ağ
yalanla doludur. 1920-ci il avqustun iyirmi ikisində
Naxçıvan “Komyaçeykası”nın iclasında hərbi
komissar Starovun sədrliyi və Fyodorovun katibliyi ilə 7 nəfər
boşevik müsavat generalı Həbib bəy Səlimovun fəaliyyəti
barədə işə baxıblar. Lakin cəmi
3 nəfər – “Troyka” dindirilmişdir.
Bütün
bu yalançı ittihamlardan sonra bolşeviklər general Həbib
bəy Səlimovu 1920-ci il dekabrın 30-da,
saat 10.30 dəqiqədə güllələdilər. İstintaq işində Həbib bəyə
yürüdülən ittihamlardan biri də onun əmlakının
müsadirə olunmasıdır. Bəs nəyi
vardı Həbib bəy Səlimovun? Sənədlərdə
göstərilir ki, subaydır, 39 yaşı var.
Qardaşı ilə birgə yaşayır, iki desyatin
torpağı və üç desyatin dədə-baba bağ
sahəsi. Vəssalam.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin cəsur
sərkərdəsi də yerli xəyanətin və qanlı
bolşevik işğalının qurbanı oldu.
Şəmistan
NƏZİRLİ,
hərbi tədqiqatçı
Xalq qəzeti.- 2016.- 12 iyun.- S.6.