Azərbaycan iqtisad elminin görkəmli
nümayəndəsi Teymur VƏLİYEV – 90
AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor Teymur Süleyman oğlu Vəliyev onu tanıyanların, həmkarlarının, tələbələrinin xatirində çox yüksək mədəniyyətə malik ziyalı, təvazökar insan, olduqca zəhmətkeş, həmişə yenilik axtaran islahatçı alim kimi qalmışdır. Unudulmaz Teymur müəllim artıq 15 ildir ki, dünyasını dəyişib. Lakin 90 illik bir yubiley tarixindən dönüb onun həyatını bir daha vərəqləyəndə gəldiyimiz nəticə belədir: böyük elm və təhsil təşkilatçısı, unudulmaz müəllimimiz Teymur Vəliyevin həyatı və yaradıcılığı bir nümunə məktəbidir.
T. Vəliyev
1926-cı ildə Ağdam rayonunda anadan olmuşdur.
1944-1946-cı illərdə Ağdam ikiillik Müəllimlər
İnstitutunda, 1947-1951-ci illərdə K.Marks adına
Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunda təhsil almışdır. 1951-1954-cü
illərdə bu institutun aspiranturasında təhsilini davam
etdirmiş və əməksevər, yaradıcı tədqiqatçı
kimi yüksək keyfiyyətə malik olduğunu elmi əsərləri
və namizədlik dissertasiyası ilə təsdiq etmişdir.
İqtisad elmində öz dəsti-xətti, imzası ilə
tanınan Teymur müəllim respublikada iqtisadiyyat üzrə
doktorluq dissertasiyası müdafiə edən (1966) ikinci alim
olmuşdur. Bu vaxtdan etibarən Teymur müəllimin
geniş elmi-pedaqoji və ictimai fəaliyyəti
başlayır. O, uzun müddət respublikanın ali məktəblərində rəhbər vəzifələrdə
- kafedra müdiri, prorektor işləmiş, tədqiqatçılıq
fəaliyyətini tədris fəaliyyəti ilə üzvi
sürətdə birləşdirmişdir. 1966-1971-ci illərdə
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun tədris işləri üzrə prorektoru,
1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin
siyasi iqtisad kafedrasının müdiri, eyni zamanda, 1977-1989-cu
illərdə universitetin tədris işləri üzrə
prorektoru olmuşdur. 1992-2000-ci illərdə
yenidən Azərbaycan Dövlət İqtisad Universitetində
elmi işlər üzrə prorektor vəzifəsində
çalışmışdır. Alim ömrünün
axırınadək öz sevimli peşəsində
çalışmış, 2000-2002-ci illərdə BDU-nun
iqtisadiyyat kafedrasının professoru kimi fəaliyyətini
davam etdirmişdir.
T.Vəliyev
200-ə qədər
elmi əsərin (məqalə və kitabın) müəllifidir.
Onun elmi rəhbərliyi ilə 20 nəfərdən
çox elmlər doktoru və elmlər namizədi dissertasiya
müdafiə etmişdir. Bütün
bunlar görkəmli alimin çox zəngin, olduqca məhsuldar
olan həyat və fəaliyyətinin ancaq müəyyən səhifələridir.
O, Azərbaycan xalqının iqtisadi fikir tarixinə respublikada
nəzəri iqtisad elminin görkəmli nümayəndəsi
kimi düşmüşdür.
Teymur müəllimin elmi yaradıcılığında
diqqəti cəlb edən mühüm bir cəhət onun
müraciət etdiyi mövzuların miqyaslı, aktual,
günün tələblərindən irəli gələn
mövzular olmasıdır. Onun uzun müddət tədqiqat
obyekti olan iqtisadi inkişaf səviyyələrinin
tarazlaşması qanunauyğunluqları problemi sosial ədalətin
təməl problemi hesab oluna bilər. T. Vəliyev bu
mövzuda doktorluq dissertasiyası müdafiə etmiş
(1966-cı il) və çoxlu əsərlər
nəşr etdirmişdir. “Sovet respublikalarının iqtisadi
inkişaf səviyyələrinin tarazlaşması
qanunauyğunluqları” (1969-cu il) fundamental
monoqrafiyası və bu monoqrafiyanın ideyası əsasında
1973-cü ildə Moskvada dərs vəsaiti kimi çap olunan
eyniadlı kitabının məzmunca təhlili göstərir
ki, bu problem dünənin, bu günün və həmçinin
gələcəyin problemidir. Müasir dünya
iqtisadiyyatının real mənzərəsi bu faktı bir daha
təsdiq edir.
Professor T. Vəliyev iqtisadiyyatın dinamik
inkışafını bütöv bir sistem şəklində
öyrənən ilk iqtisadçılardan biridir. Onun
monoqrafiyalarında dinamik inkişafın sadə və mürəkkəb,
obyektiv və subyektiv, nəzəri və praktiki cəhətləri,
formatsion və region xüsusiyyətləri aydın şəkildə
izah olunur, dinamik inkişafın daha dərin elmi
anlayışı müəyyənləşdirilir. Dinamik inkişaf anlayışı öz məna
yükünü indi də saxlamaqdadır. Deməli, problem aktuallığını heç də
itirməmişdir.
Teymur müəllimin elmi yaradıcılığında
xalqın iqtisadi fikir tarixinin araşdırılması
xüsusi bir istiqamət təşkil edir. Onun elmi
redaktorluğu və müəllifliyi ilə 1987-ci ildə rus
dilində “Azərbaycan iqtisadi fikir tarixinin oçerkləri”
kitabı nəşr olunmuşdur. Daha sonra onun müəllifliyi
ilə “XIX əsrin ikinci yarısında Azərbaycan iqtisadi fikir
tarixindən” (1994-cü il) kitabı,
1996-cı ildə isə A.Həsənovla birlikdə “Azərbaycan
iqtisadi fikir tarixi” kitabı işıq üzü
görmüşdür.
T.Vəliyev islahatçı iqtisadçı idi. O, yeniliyə tez adaptasiya edən
və yeniliyi yüksək qiymətləndirən
iqtisadçı kimi tanınırdı. Alimin
yaradıcılığında islahatçılıq meyilləri
hələ sovet dövründə (XX əsrin 80-ci illərindən)
müşahidə olunurdu. Bu fikri
çoxlu faktlarla sübuta yetirmək olar. Onlardan birinə
diqqət yetirək: T. Vəliyevin 1989-cu ildə EA-nın Xəbərləri
jurnalının iqtisadiyyat seriyasında “Sosializm şəraitində
rəqabət məsələsinə dair” məqaləsi
çap olunur. Artıq 1988-ci ildə SSRİ Ali
Sovetinin sessiyalarının birində sosializmdə rəqabətin
mövcudluğu etiraf olunmuşdu. O zamana qədər rədd
olunan və ancaq kapitalizmə aid edilən bu mühüm
iqtisadi hadisənin planlı iqtisadiyyat şəraitində elmi
şərhini vermək lazım idi. Bu vəzifəni yerinə
yetirən iqtisadçı alimlərdən biri də professor T.Vəliyev
oldu. O, rəqabətin əmtəə-pul münasibətlərinə
xas kateqoriya olmasını bir daha əsaslandırdı. Sosializmdə rəqabətin qəbul olunması
bazarın obyektiv rolunu qiymətləndirmək demək idi.
Teymur müəllimin elmi fəaliyyətində müstəqillik
illərini xüsusi bir mərhələ kimi qiymətləndirmək
lazımdır. Bu baxımdan “İqtisad elminin nəzəri əsaslarının
tarixi təkamülü” (1999-cu il)
kitabını xüsusi qiymətləndirmək və təhlil
etmək lazım gəlir. Bu kitab hər şeydən
əvvəl zəngin ədəbiyyat mənbələrinin təhlili
və şərhi ilə diqqəti cəlb edir. Kitabda
metod, metodologiya məsələlərinə dair mövcud
baxışların nəinki ümumiləşdirilmiş ifadəsi, həmçinin bu
baxışların inkişafına bir nəzər,
onların müasir elmin tələblərinə uyğunluq dərəcəsinə
müəllif münasibəti var. Kitabın ən
böyük məziyyətlərindən biri odur ki, burada iqtisad elminin təməl
anlayışları - ictimai-iqtisadi formasiya, mülkiyyət,
kapital, dəyər, məhsuldar qüvvələr, əmək
bölgüsü, qiymət hadisələrinə dair nəzəri
baxışların təkamülü
araşdırılmışdır.
T. Vəliyevin
əsərləri nəinki elmi məzmununa görə, həm
də istinad mənbələrinə görə kifayət qədər
dünyəvilik və millilik elementlərinə malikdir. Elə infrastrukturlar haqqında olan kitabı
götürək. Burada ən vacib məqamlarda fikrin izahı və əsaslandırılması
üçün dünya miqyaslı iqtisadçıların
- A.Smit, K.Marks, A.Marşal, P.Samuelson, R.Kouz, U.K.Mitçel,
T.Veblen və onlarca başqalarının
yaradıcılığına müraciət etməklə bərabər, N.Tusi, İbn Xəldun,
M.K.Atatürk, Ş.M.Xiyabaninin də əsərlərindən
yerli-yerində istinadlar gətirilir. Bu
istinadların hamısı ibrətamizdir və oxucunun
dünyagörüşünü artırır.
Teymur
müəllim 1953-cü ildən başlayaraq
ömrünün axırınadək respublikamızın
müxtəlif ali məktəblərində
siyasi iqtisad fənnindən mühazirələr oxumuşdur. Əlli illik bir dövr ərzində dərs demək,
dərsliklər, lüğətlər, monoqrafıyalar nəşr
etdirmək, iqtisad elminə təşkilati rəhbərlik etmək
sahəsində onun müstəsna rolu olmuşdur. Teymur müəllimin dərslik
yaradıcılığı sahəsində xidmətlərini
xüsusilə qeyd etmək lazımdır. Alim hələ 1955-ci ildə SSRİ-də ilk siyasi
iqtisad dərsliyinin hazırlanmasında iştirak etmişdir.
Sovet dövründə siyasi iqtisad hakim partiyanın bilavasitə
diqqətində və nəzarətində olan ideoloji bir fənn
hesab olunduğundan uzun müddət müttəfiq
respublikalarda bu fənn üzrə dərslik yazılması
çox məsuliyyətli və çətin bir iş hesab
olunurdu. Ona görə də, mərkəzdə
nəşr olunan dərslikləri tərcümə etmək
lazım gəlirdi. Professor T. Vəliyev XX əsrin
70-80-ci illərində Moskvada nəşr olunmuş siyasi
iqtisad dərsliklərinin ana dilinə tərcüməsini təşkil
etmiş, onların elmi redaktoru olmuşdur. Bu dərsliklər öz dövrü
üçün nəzəri iqtisadın öyrənilməsində
böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan
dilində siyasi iqtisad terminlərinin düzgün işlədilməsinə
nail olmaq və tərcümə işlərini uğurla yerinə
yetirmək üçün professor T. Vəliyev A.Həsənovla
birlikdə ilk dəfə olaraq “Rusca-azərbaycanca siyasi iqtisad
terminləri” (1983-cü il) sözlüyünü
hazırlamışdır. İqtisadiyyat ixtisasını
seçmiş gənclər üçün bu gün də
stolüstü kitab olan A.V.Anikinin “Elmin gəncliyi” (1986-cı
il) kitabının Azərbaycan dilində çap olunması da T. Vəliyevin
təşəbbüsü və redaktorluğu ilə
mümkün olmuşdur.
Azərbaycan dilində yeni dövrün tələblərinə
cavab verən dərslik yazmaq zərurətini dərk edərək
professor T.Vəliyevin təşkilatçılığı,
redaktorluğu və bilavasitə müəllifliyi ilə Azərbaycanın
bir qrup iqtisadçı alimi tərəfindən iqtisadi nəzəriyyə
dərsliyi yazılır. 1995-ci ildə nəşr
olunan bu dərsliyin sonralar təkrar nəşrləri
çap edilir. Qeyd edək ki, bu gün Azərbaycanda nəzəri
iqtisadın tədrisində Teymur müəllimin ümumi
redaktorluğu ilə hazırlanan iqtisadi nəzəriyyəyə
dair iki dərslik (ADİU və
BDU-da hazırlanan dərsliklər), həmçinin N.Məmmədovla
birlikdə yazdığı
orta məktəblərin IX-XI sinifləri
üçün “İqtisadiyyatın
əsasları” (1997-ci il) dərsliyi iqtisadi elmi
dünyagörüşünün formalaşmasında
mühüm rol oynayır.
Professor
T. Vəliyevin həm elmi yaradıcılığında, həm
ali təhsil müəssisələrində
yüksək vəzifələrdə fəaliyyətində
humanizm, saflıq, xeyirxahlıq, zəhmətsevərlik kimi
keyfiyyətləri aydın şəkildə özünü
göstərirdi. Onun öz millətinə,
xalqına bağlılığını, millət təəssübkeşliyini
xüsusilə qeyd etmək lazımdır. Bir neçə
fakt gətirmək yerinə düşər: 1980-ci illərin
axırlarında keçmiş Sovetlər İttifaqında
ayrı-ayrı millət və xalqların ictimai təfəkkürünü
doğru-düzgün qiymətləndirmək
üçün nisbətən münbit bir şərait əmələ
gəlmişdi. Teymur müəllim təcili olaraq bir qrup
yaradır, ona rəhbərlik edir və 1987-ci ildə Azərbaycan
xalqının iqtisadi fikir
tarixini ilk dəfə olaraq sistemli və tam əks etdirən
kitab işıq üzü görür. İkinci fakt: 1988-ci
ildə Qarabağ münaqişəsi başlandı.
Münaqişənin ilkin səbəbi kimi Dağlıq Qarabağın sosial-iqtisadi
cəhətdən Azərbaycanın digər ərazilərindən
geri qaldığı göstərilirdi. Respublikanın
o vaxtkı rəhbərliyi tərəfindən məqsədəuyğun
hesab edilməsə də, buna tutarlı faktlar və elmi
araşdırmalarla cavab vermək lazım gəlir. T. Vəliyevin
başçılığı və təşəbbüsü
ilə respublikada “Azərbaycan SSR-in xalq təsərrüfatı
kompleksinin formalaşması və inkişafı” mövzusunda
elmi konfrans keçirilir. Konfransda Dağlıq
Qarabağın sosial-iqtisadi cəhətdən Azərbaycanın
digər əraziləri kimi tarazlı inkişaf etdiyi elmi,
statistik dəlillərlə bir daha təsdiqlənir. Konfransın rus dilində çap olunan
materialları bütün keçmiş Sovetlər
İttifaqına yayılır.
İqtisadçı alimlər, necə deyərlər,
sözlərini vaxtında deyirlər.
Teymur müəllim elm və tədrisi qovuşduran, bunu
çox yaxşı bacaran, bu sahədə böyük
uğurlar əldə edən alim idi. Onun zəhmətsevərliyini
bir nümunə kimi qiymətləndirmək lazımdır.
İşdə intizamlılığı, səmimi
ünsiyyət qaydalarını, kollektivi birləşdirmək,
idarə etmək yollarını, yaranan narazılıqları
yoluna qoymağı, gözəl ailə
başçısı olmağı və ümumiyyətlə,
həyatda çox mətləbləri ondan öyrənmək
mümkün idi. O, bütün məsələləri
səbrlə, təmkinlə, özünəməxsus
mülayimliklə həll edərdi. Azərbaycan
iqtisad elminin görkəmli nümayəndəsi, gözəl
insan və əsl ziyalı olan sevimli müəllimimiz Teymur
müəllimin xatirəsi onu tanıyanların qəlbində
əbədi yaşayacaqdır.
Amil MƏHƏRRƏMOV,
professor,
Xosrov KƏRİMOV,
Dosent
Xalq qəzeti.-
2016.- 12 iyun.- S.7.