Dünya Azərbaycanlılarının IV qurultayı

 

Perspektivlər və mövcud problemlər

 

Bu il diaspor sahəsində ən əhəmiyyətli hadisə dünya azərbaycanlılarının IV qurultayı oldu. Xatırladaq ki, iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başladı. İki gün davam edən Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi. Rəsmi açılışdan sonra qurultay öz işini panel iclasları ilə davam etdirdi.

Təbii ki, qurultay müsbət məqamları ilə yadda qaldı. Yadda qalan və müsbət addım kimi dəyərləndirən ən önəmli məsələlərədn biri Prezident İlham Əliyevin proqram xarakterli çıxışı oldu. Ölkə başçısı məsələyə həm də tənqidi yanaşdı. Dövlət başçısının bu sahədə detallı danışması, məsələyə tənqidi yanaşması və Azərbaycan diasporunun qarşısına yeni vəzifələr qoyması çatışmayan cəhətlərin aradan qaldırılmasına və diasporun inkişafına öz töhfəsini verəcək.

 

Prezidentin proqram xarakterli çıxışı və tövsiyyələri

 

Dünya Azərbaycanlılarının IV Qurultayının açılışı münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu qurultayın soydaşlarımızın birləşməsi üçün mühüm addım olduğunu bildirdi.

İnformasiya mənbələrinin genişləndirilməsinin, diasporun internet və yazılı mətbuat resurslarından daha geniş yararlanaraq münaqişə ilə bağlı həqiqətlərin geniş miqyasda yaymasının zəruriliyinə toxundu.

Prezident həmçinin xaricdə yaşayan zəngin, bizneslə məşğul olan soydaşlarımızı Azərbaycana sərmayə qoymağa çağırdı. O dedi ki, son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub. Onun yarısı xaricdən cəlb olunub. Bu da ölkəmizdə biznes mühitinin sağlam olmasının, şəffaflığın, bürokratik əngəllərin aradan qaldırılmasının göstəricisidir. Prezident dedi ki, xaricdəki azərbaycanlılar hər il, heç olmasa bir dəfə ailələri ilə Azərbaycana gəlməyə çalışmalıdırlar. Bu, həm vətənlə əlaqələrin qırılmaması üçün vacibdir, həm də ölkəmizə faydalıdır. Azərbaycanın hər cür turizm təsisləri var, istirahət üçün infrastrukturlar mövcuddur: “Qoy hər kəs öz ailəsi ilə istirahətini vətənində keçirtsin". Ökə başçısı həmçinin səfirliklərlə diaspor təşkilatlarının əlaqələrinin sıx olmasının vacibliyini vurğuladı.

Qeyd edək ki, tədbirdə diaspor təşkilatlarına görülməli olan işləri xatırladıldı. Prezident diaspor təşkilatlarının təşkilatlanmasına diqqət yetirdi. Bundan başqa müxtəlif ölkələrdə bir sıra diaspor təşkilatlarımızın arasında olan rəqabətin bəzən problemlər yaratdığını önə çəkdi. Bu da arzuolunmaz durumun aradan qaldırılmasının vacibliyi deməkdir.

Prezidentin tənqidi və proqram xarakteri daşıyan çıxışı diaspor təşkilatlarını daha effektiv, aktiv işləməyə, mövcud problemləri aradan qaldırmağa, bir sözlə ciddi nəticələr əldə etməyə çağırışla yanaşı, həm də Azərbaycan diasporunun üzərinə qoyulan məsuliyyət idi.

 

Diaspor nümayəndələri nə düşünürlər?

 

Prezidentin çıxışından çıxarığımız tezislər üzrə diaspor nümayəndələri ilə söhbətlşdik.

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri,

"Konrad" Şirkətlər Qrupunun prezidenti Vaqif Məmişov bildirdi ki, qurultay çox önəmlidir: “Xaricdə yaşayan azərbaycanlıların bir yerə yığılması adi iş deyil. Burada yığışmaq, problemlərin aradan qaldırılması yollarını müzakirə etmək, diaspor sahəsində olan boşluqların aradan qaldırılmasını araşdırmaq zəruri məsələdir. Bundan əlavə, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, o cümlədən biz, bir-birimizlə tanış olur, əlaqələr yaradırıq. Burada yaranan əlaqələr bəzən önəmli tədbirlərə imza atılmasına vasitə olur”.

O, həmçinin əlavə etdi ki, dövlət başçısının tövsiyələrinin mühüm strateji əhəmiyyəti var və buna əməl olunmalıdır: “Prezident həmçinin iş adamlarına tövsiyələr verdi. Əlbəttə, biz də istəyərik ki, öz vətənimizdə də nə isə edək, yatırım qoyaq, biznes quraq...Çalışacağıq ki, onun tövsiyələrinə, məsləhətlərinə əməl edək...”.

İsveçrədə Azərbaycan-Türk İş Adamları Federasiyasının prezidenti Əkbər Gəncə dedi ki, diaspor fəaliyyəti ilə məşğul olanlar üçün bu cür qurultayların keçirilməsi çox mühümdür: "Qurultaylar bizə stimul verir”.

Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Təkin Atalar da bildirdi ki, qurultay Azərbaycanın xaricdə tanınması üçün çox önəmlidir: "Mənim Bakıya üçüncü gəlişimdir. Siyasi və iqtisadi baxımdan qurultayın əhəmiyyəti böyükdür. Prezident qarşımıza konkret vəzifələr qoydu. Bundan sonrakı fəaliyyətimiz ölkə başçısının tövsiyələrinə uyğunlaşdırılacaq”.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin sədr müavini Nəcəf Əhmədov da dedi ki, qurultayın çox böyük əhəmiyyəti var: "Çünki dünyada ayrı-ayrılıqda yaşayan bütün azərbaycanlıların əlaqəsi yaranır. Diasporun bütün xarici ölkələrdə, yəni Azərbaycan sərhədlərindən kənarda rolu mühümdür. Çünki erməni diasporu vaxtilə çox güclü olub. Amma bu gün Azərbaycan diasporu həqiqətən də böyük nailiyyətlər əldə edir”.

 

“Nöqsanları aradan qaldıracağıq...”

 

Ümumrusiya Azərbaycan Konqresinin İstra rayon yerli şöbəsinin sədri Ramil Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışından sonra bizə məlum oldu ki, yeni strategiyalar və mexanizmlər olacaq: "Hansı ki, bizlər informasiya müharibəsində zəif mövqe sərgilədik. Təbii ki, bundan sonra bizə bu kimi yeni texnologiyaların istifadəsini bildirəcəklər. Beləcə gələcəkdə yol verilən nöqsanları aradan qaldıracağıq...".

“Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli dedi ki, diaspor fəaliyyətimizin həm də lobbiçiliyə təkan verməsi üçün çatışmayan tərəflərimiz var: “Lakin düşünürəm ki, qısa zaman çərçivəsində bu problemlər də aradan qaldırılacaq. Qurultayda dövlət başçısı qeyd etdi ki, bu istiqamətdə yeniliklər lazımdır. Dünyanın bir çox yerində informasiya portalları yaratmaq zəruridir. Bu vasitələrlə ölkəmizin üzləşdiyi həqiqətlər haqqında dünyaya məlumat vermək çox vacibdir. Bu tədbirdən sonra biz fəaliyyətimizi daha da gücləndirəcəyik. Dövlət başçısı bu kontekstdə mühüm göstərişlər və mesajlar verdi. Hazırda vacib problemlərimizdən biri dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında müntəzəm əlaqələrin yaradılması ilə bağlıdır. Çünki zaman və fəaliyyətimiz buna imkan vermir. Vəsait də vacibdir. Qurultay dünyada fəaliyyət göstərən təşkilatlarımızı bir araya gətirdi. Çatışmayan cəhətlərimizi müzakirə etdik, bu istiqamətdə fəaliyyət göstərməyin vacib olduğunu bildirdik. Qurultayda anladıq ki, Azərbaycan lobbisi hələ istədiyimiz şəkildə qurulmayıb...”.

 

“Müzakirələr çox əhəmiyyətlidir”

 

Düzdür, 15 il əvvəki dövrlə müqayisdədə Azərbaycanın mövqelərinin möhkəmləndiyini demək olar. Amma həll olunası problemlərimiz də az deyil. Əsas diqqət yetirilməli məqam isə Prezidentin göstərdiyi hədəflərdir.

Millət vəkili, professor Musa Qasımlı bildirdi ki, Prezidentin nitqi diaspor təşkilatlarının gələcək fəaliyyəti üçün bir istiqamətdir: “Qurultayda keçirilən müzakirələr çox əhəmiyyətlidir. Bu diaspor təşkilatları arasında həm əlaqələrin güclənməsinə kömək edəcək, həm də diaspor təşkilatlarının olduqları ölkələrdə ictimai-siyasi həyatda fəal iştiraka gətirib çıxaracaq”.

Millət vəkli Nizami Cəfərov söyləydi ki, bu qurultay Azərbaycanın beynəlxlaq imicinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, indiki mürəkkəb şəraitdə soydaşlarımız Azərbaycan dövləti və xalqının beynəlxalq aləmdə mənafeyinin qorunmasında bir elçi olmalıdırlar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dedi ki, dövlət başçısının verdiyi mesajlar içərisində ən önəmlisi diaspor təşkilatları ilə səfirliklər arasında olan münasibətlər və xaricdə yaşayan azərbaycanlıların ölkəyə investisiya yatırımı ilə bağlı idi: “Rusiya, Almaniya və Türkiyədə yaşayan iş adamları arasında çox güclü biznesmenlərimiz var. Təəssüf ki, onlar Azərbaycana investisiya qoymaqda o qədər də maraqlı deyillər...”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov isə hesab edir ki, Dünya Azərbaycanlılarının hər bir Qurultayı özlüyündə tarixi bir hadisədir: "Hər bir Qurultaydan sonrakı müddət ərzində Azərbaycan diasporu qarşıya qoyulmuş vəzifə və məqsədlərə çatmaq üçün daha inamla çalışır. Bu mənada son Qurultaydan da gözləntilərimiz böyükdür. Düşünürəm ki, Dünya Azərbaycanlılarının IV Qurultayı artıq yaxşı təşkilatlanmış diasporumuzun qarşısında duran akademik fəaliyyət planlarının gerçəkləşməsi istiqamətində öz töhfəsini verəcək".

 

Çatışmayan cəhətlər...

 

Qurultay bir çox məqamlarla, eyni zamanda, bəzi çatışmayan tərəfləri ilə yadda qaldı. Qurultaya qatılan 500 nümayənənin çox az hissəsi – barmaqla sayıla biləcək qədəri təkliflər paketi hazırlamışdılar. Belə nümayəndələrin sayı az olsa da əvvəlki qurultaylarla müqayisədə bunu müsbət tendensiya kim qiymətləndirmək mümkündür. Digər qüsurları da qeyd etməliyik. İlk öncə daha dəyərli və Azərbaycan üçün kifayət qədər iş görən, uzun illər bu sahədə çalışan və potensialı olan bəzi nümayəndələr tədbirə dəvət olunmamışdılar. Konkret olaraq Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azərini misal göstərə bilərik. Bu siyahını genişləndirmək də olar.

 

Bir çox dəvətlilər isə panellərdə aktiv iştirak etmədilər. Daha bir mənfi tendensiya əvvəlki qurultaylarda olduğu kimi əksər diaspor üzvlərinin özünütərif və hesabat xarakterli çıxışları bu qurultayda da üstünlük təşkl etdi. Diqqətimzi çəkən və diaspor sahəsindəki problemlərin aradan qaldırılmasına xidmət etməyən bir mənfi hal da panellərin təşkilində yol verilən qüsurlarla bağlı idi. Bəzi panellərdə moderatorların düzgün seçilməməsi maraqlı diskussyaların qarşısını aldı və bununla da yeni fikirlərin ortaya çıxma şansı azaldı. Bəzi moderatorların bu sahəni bilməməsi və diaspor nümayəndələrini tanımaması işin daha keyfiyyətli alınmasına xidmət etmədi. Az iş görən, reklamı sevən və mənasız danışan adama 30 dəqiqə vaxt vermək, bunun əksinə isə potensialı olan, qurultaya hazırılıqlı gələn, təkliflər paketi hazırlayan nümayəndəyə 3 dəqiqə vaxt verib, çıxışını yarımçıq kəsmək normal hal deyil. Bu baxımdan da panellərin moderatorlarının hamısı diasporu bilən şəxslərdən seçilməli idi. Hesabatlar bir kənara qoyularaq, daha aktiv müzakirələrə, bunun nəticəsində yeni taktiki mexanizmlərin ortaya çıxmasına, bu məsələlərlə bağlı təkliflərin səsələndirilməsinə daha çox şərait yaradılmalı idi. Əgər bu gün Almaniya soyqırım aktını qəbul edirsə, bir çox məsələlərdə erməni diasporuna uduzuruqsa, o zaman özünütərif xarakterli hesabatlar bir kənara atılmalı və real, effektiv nəticələr verəcək məsələlər ətrafında fikir mübadiləsi aparılmalıdır. Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılsa da bu baş vermədi...

 

Əli Zülfüqaroğlu

Xalq Cəbhəsi.- 2016.- 14 iyun.- S.9.