Heydər Əliyevin 1993-cü ilin iyununda Gəncəyə
səfəri Azərbaycanı parçalamaq
istəyənlərin məkrli planlarını alt-üst etdi
SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanda ilk illər hakimiyyəti ələ alan dairələrin dövlət idarəçiliyindəki naşılığı, hələ də keçmiş Sovet İttifaqının təsirindən ayrıla bilməməsi, xalqın hakimiyyətə etimadsızlığı daxili və xarici düşmənlərimiz tərəfindən müxtəlif məkrli planların ortaya atılmasına rəvac verirdi.
Ölkədə yaranmış özbaşınalıq və anarxiyadan istifadə edən müxtəlif vəzifəli şəxslərin himayədarlıq etdikləri qeyri-qanuni silahlı qruplaşmalar daxildə süni qarşıdurmalar yaradır, hakimiyyətdə birincliyi ələ almaq üçün min bir oyundan çıxırdılar. Tez-tez bir-birini əvəz edən hakimiyət dairələrinin səbatsızlığı müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir dövrün başlanğıcına gətirib çıxarmışdı. AXC-Müsavat cütlüyü hakimiyyəti ələ aldıqdan sonra ölkədə baş verən proseslər Azərbaycanı ikinci dəfə qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoyurdu. Dövlət idarəçiliyində bir-birinin ardınca buraxılan kobud səhvlərin nətıcəsi ölkəni uçuruma daha da yaxınlaşdırır, sosial-iqtisadi vəziyyəti gərginləşdirir, qarşıdurmanı daha da gücləndirirdi. Bu səriştəsizlik cəbhə bölgəsində də özünü açıq şəkildə büruzə verirdi.
AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki naşılığı respublikamızı gündən-günə parçalanmağa daha da yaxınlaşdırırdı. 1993-cü ilin iyun ayının əvvəllərində hadisələr artıq kuliminasiya nöqtəsinə çatdı. Həmin günlər müstəqillik tariximizin ən ağır səhifələrindən biri kimi yadda qaldı. Çünki Azərbaycan mərd oğul və qızlarımızın qanı bahasına qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə baş verən silahlı qarşıdurma düşmənlərimiz tərəfindən zəbt edilmiş əraziləri də unutdurmuşdu. Cəbhə bölgəsindən gələn məyusedici xəbərlər arxa plana keçmiş, əvəzində isə Gəncədə baş verən silahlı qarşıdurma, qardaş qırğını qlobal problemə çevrilmişdi.
Bu məsələ 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının hazırladığı qərarda da öz əksini tapmışdı. Komissiyanın arayışında qeyd olunurdu ki, 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayətkar hərbi əməliyyatların ağır nəticəsidir. Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclaslarındakı çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın olmuşdur ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin və onun ətrafındakıların səbatsız siyasətinin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur.
Göründüyü kimi, AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti komissiyanın gəldiyi rəydə öz əksini tapmışdır. Qeyd edilirdi ki, respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmışdı.
Belə
bir vaxtda respublikada
prezidentliyə daha bir iddialı peyda olmuşdu. Bu, AXC-nin yetirməsi,
Prezident Əbülfəz
Elçibəyin fərmanı
ilə Milli Qəhrəman adı verilmiş və Prezidentin Dağlıq Qarabağda səlahiyyətli
nümayəndəsi təyin
edilmiş Surət Hüseynov idi. O, AXC-Müsavat iqtidarının
istefasını tələb
edən ultimatum vermişdi.
Ordunun bir qismi onun
nəzarətində idi.
Həmin
qüvvələrlə sərhədlərimizi
qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək əvəzinə, Bakını
ələ keçirmək,
hakimiyyətə yiyələnmək
barədə düşünürdü.
Hərbi-siyasi məsələlərdən
başı çıxmayan o vaxtkı bacarıqsız hökumət
rəhbərliyinin Surət
Hüseynovun nəzarətində
olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirdiyi əməliyyatın uğursuzluqla
nəticələnməsi, iqtidarın onsuz da sarsılan mövqelərini heçə
endirdi.
Bütün bunlar Gəncədə
baş verən hadislərlə–qanlı toquşmalarla,
insan tələfatı
ilə nəticələndi . Hər iki
tərəf itki vermiş, Azərbaycanda
qardaş qanı axıdılmış, ölkəmiz vətəndaş müharibəsi
həddinə çatmışdı.
Surət Hüseynov isə xarici havadarlarının diktəsi
ilə silahlı mübarizəsini davam etdirir, respublikada hakimiyyəti ələ keçirmək niyyətindən
əl çəkmək
istəmirdi.
Təəccüblüsü o idi ki, 1993-cü ilin iyununda Gəncə şəhərində qardaş
qırğını baş
verdiyi halda, Azərbaycan Respublikasının
Prezidenti Əbülfəz
Elçibəy, Ali Sovetin
sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli
şəxsləri qorxularından
hadisə yerinə getməmiş və vəziyyətin sabitləşdirilməsi
üçün heç
bir əməli tədbirlər həyata keçirməmişdilər.
Azərbaycanın üzləşdiyi dərin siyasi böhran şəraitində ölkənin başı üzərini qara buludlar aldığı və vətəndaş müharibəsinin bir addımlıqda olduğu vaxtda vəziyyəti yalnız qətiyyətli, iradəli, dövlət idarəçiliyində zəngin təcrübəsi olan bir siyasi lider nizamlaya bilərdi. Bütün bunlardan sonra Azərbaycan xalqı öz xilaskarına—ulu öndər Heydər Əliyevə üz tutdu.
Ömrünün qalan hissəsini xalqına, Vətənin çiçəklənməsinə, müstəqil Azərbaycanın inkişafına həsr etməyə hazır olan Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisinin gələcəyə ola ümidlərini artırdı, gəlişi ilə daxili və xarici düşmənlərin bütün
planlarını alt-üst etdi.
Bir vaxtlar ulu öndər Heydər Əlyevin Azərbaycana gəlişinə min-bir hiylə ilə mane olmağa çalışan, hətta Naxçıvanda yaşadığı vaxtlarda oraya hücum etmək barədə düşünən AXC-Müsavat iqtidarı indi son ümid yeri kimi, həm də ilk növbədə öz canlarını Surət Hüsyenovdan qurtarmaq üçün Heydər Əliyevə müraciət edərək onu təkidlə Bakıya dəvət etdi. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq demişdir: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlanan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki ağır vəziyyətə görə məsuliyyət daşıyan AXC-Müsavat iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, ulu öndər mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Əlbəttə, bu, çox riskli və qorxulu bir səfər idi. Çünki həmin vaxt Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstə ulu öndərə qarşı hər an sui-qəsd təşkil edə bilərdi. Sonradan məlum oldu ki, bu səfər zamanı ulu öndərin fiziki məhvi barədə cəhdlərin olması barədə düşünülübmüş.
Ulu öndərin 30 nəfər jurnalistin iştirakı ilə Gəncəyə baş tutan səfəri tədricən ölkədə yaradılmış daxili sabitliyin təməlinə çevrildi. Heydər Əliyev gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, yaranmış vəziyyəti cəncəlilərlə birlikdə təhlil etdi. Yerli sakinlər öz xilaskarını gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar. Əhali küçələrə çıxır, ulu öndərə inamını nümayiş etdirir, onunla görüşür, səfərin gəncəlilərə hədsiz sevinc bəxş etdiyini səmimiyyətləri ilə büruzə verirdilər.
Heydər Əliyev o ağır günlərdə Gəncəyə səfər etməsi barədə jurnalistlərin sonradan ona ünvanladıqları sualları cavablandırarkən demişdir: “Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun, hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika Baş nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim... Mən onu yenə də tanımırdım. Sonra– iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır”.
Heydər Əliyevin Gəncəyə səfəri Azərbaycanı parçalamaq, bəlalara düçar etmək, dünya xəritəsindən silmək istəyənlərin arzusunu ürəyində qoydu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamın göstəricisi idi.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2016.- 14 iyun.- S.4.